525.Az

"Muzeylər haqqında" və "Mədəniyyət haqqında" qanunlara dəyişikliklər edilir


 

TARİXİ 1960-cı İLDƏN ƏVVƏLƏ AİD MUZEY ƏHƏMİYYƏTLİ ƏŞYALAR MƏDƏNİ SƏRVƏTLƏR HESAB OLUNACAQ

"Muzeylər haqqında" və "Mədəniyyət haqqında" qanunlara dəyişikliklər edilir<b style="color:red"></b>

Dünən Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin ilk iclası keçirilib.

Komitənin sədri, akademik Rafael Hüseynov bildirib ki, yaşadığımız günlərin hamısı ictimai-siyasi mənalı günlərdir.
Onun sözlərinə görə, çünki qarşıdan istiqlalımızın 100 illiyi gəlir: "1918-ci ildə müsəlman-Şərq aləmində ilk müstəqil dövlətimiz yarandı və gələn il istiqlalımızın 100 ili tamam olur. Bu, çox böyük tarixi və əlamətdar hadisədir".  Komitə sədri bildirib ki, ancaq təəssüf ki, biz həmin istiqlalın cəmi 28 ilini müstəqil dövlət kimi yaşamışıq: "Yəni, 1918-20-ci illərdə 23 aylıq dövrü və 1991-ci ilin avqustundan bu yana olan dövrü çıxsaq, qalan illəri başqa bir dövlətin tərkibində yaşamışıq. Ancaq çox sevindirici haldır ki, 1991-ci ilin avqustunda müstəqilliyimiz yenidən bərpa olundu və bu günə kimi də müstəqil dövlət kimi yaşayırıq. Qeyd etdiyim kimi, gələn il də istiqlalımızın 100 ili tamam odur. Bu, çox məsuliiyətli və həssas məsələdir. Ona görə də bizim hər birimiz bu məsələdə fəal olmalıyıq, istiqlalımızın 100 illiyinə ciddi hazırlaşmalıyıq". Komitə sədri eyni zamanda, bir neçə gün öncə "Əsrin müqaviləsi"nin müddətinin uzadıldığını və bunu Azərbaycanın inkişafı baxımdan çox əhəmiyyətli hadisə olduğunu bildirib: "Bildiyiniz kimi,  həmin müqavilənin imzalanması çox çətin bir mərhələdən keçdi. Müstəqilliyimizi, inkişafımızı istəməyən dairələr həmin  müqavilənin imzalanmasına qarşı dirəniş göstərirdilər, onun baş tutmaması üçün əllərindən gələni edirdilər. Ancaq mərhum dövlət rəhbərimiz Heydər Əliyevin müdrik siyasəti və siyasi iradəsi nəticəsində  tarixi "Əsrin müqaviləsi" imzalandı və Azərbaycanımızın inkişaf, müstəqillik tarixində yeni bir mərhələ başlandı. İndi də çox sevindirici haldır ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçı ölkə Prezidenti  cənab İlham Əliyvevin Azərbaycan naminə fəaliyyəti nəticəsində həmin müqailənin müddəti uzadıldı, yeni saziş imzalandı. Elə son günlərdəki hadisələr, Azərbaycanı sevməyən, uğurlarımızı gözügötürməyən dairələrin  addımları, fəaliyyətləri də təsadüfi və səbəbsiz deyil. Anti-Azərbaycan dairələr yenidən ölkəmizə qarşı fəallaşıblar, onlar uğurlarımızı, inkişafımızı heç cür qəbul edə bilmirlər. Ancaq onların bu "fəallığı" da səmərəsiz, nəticəsiz qalacaq. Azərbaycanı müstəqil siyasət kursundan, öz inkişaf yolundan döndərə bilməyəcəklər".

Daha sonra komitə sədri iclasın gündəliyinə daxil edilən "Muzeylər haqqında" və "Mədəniyyət haqqında" qanuna dəyişikliklərə toxunub. R.Hüseynovun dediyinə görə, dəyişikliklərə əsasən, Azərbaycanda tarixi 1960-cı ildən əvvələ aid olan muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab ediləcək.  Ümumiyyətlə, "Mədəniyyət haqqında" qanuna təklif edilən yeni dəyişikliyə görə, qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) mədəni sərvətlər hesab ediləcək. Qanunun hazırkı variantına görə isə qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) hesab olunur. Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanı mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirməklə onun mütəmadi yenilənməsini və rəsmi nəşrlərdə dərc edilməsini təmin etməlidir. Qanuna təklif edilən yeni əlavəyə əsasən, kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, bu qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən, mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilmir. Layihədə qeyd edilir ki, təsviri sənət əsərləri, o cümlədən, lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajların üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsasdır.

Kamil HƏMZƏOĞLU

 





20.09.2017    çap et  çap et