525.Az

Azərbaycanı Ümumdünya Demokratiya Forumunda Rafael Hüseynov təmsil edəcək


 

Azərbaycanı Ümumdünya Demokratiya Forumunda Rafael Hüseynov təmsil edəcək<b style="color:red"></b>

Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə Strasburqda hər ilin sonunda keçirilən Ümumdünya Demokratiya Forumu artıq ənənəyə çevrilib.

Noyabrın 8-dən 10-dək keçiriləcək növbəti Forum "Populizm problemdirmi?" devizi altında təşkil olunacaq.

Forumda mətbuatda getdikcə daha çox artan populizm təmayülləri kontekstində partiyaların rolu xüsusi müzakirə ediləcək. Bu baxımdan Forumda dünyanın müxtəlif ölkələrindən çox sayda mətbuat nümayəndələri və mütəxəssislərin iştirakı gözlənilir.

"Partiyaların demokratiyasından vətəndaşların demokratiyasına", "Media demokratiyanın dostu, ya rəqibidir?", "Korrupsiya və populizm: beynəlxalq birlik nə kömək göstərə bilər?" mövzuları və digər aktual problemlər ətrafında müzakirələr aparılacaq.

AŞPA-nın Bürosunun qərarı ilə Ümumdünya Demokratiya Forumunda yaxından iştirak etmək məqsədilə xüsusi alt komitə təsis olunub. Parlament Assambleyasının altı komitəsini təmsil edən deputatlar ayrı-ayrı mövzularla bağlı çıxışlarından əlavə dəyirmi masaların təşkilinə də kömək göstərəcəklər. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Ümumdünya Demokratiya Forumuna qatılacaq alt komitənin üzvlərindəndir.
 
R. Hüseynov AŞPA-da hazırladığı və müvəffəqiyyətlə qəbul edilmiş "Avropa jurnalistlərinin peşəkar təhsili və treninqi" mövzusunun davamı olaraq Ümumdünya Demokratiya Forumunda jurnalistika məktəblərinin fəaliyyəti, Avropa Şurasının bu istiqamətdə dəstəyi barədə çıxış edəcək.

KAMİL

 





26.09.2017    çap et  çap et