525.Az

“YARAT!” Beynəlxalq Venesiya Biannalesində iştirak edəcək


 

“YARAT!” Beynəlxalq Venesiya Biannalesində iştirak edəcək<b style="color:red"></b>

Qeyri-kommersiya təşkilatı olan “YARAT!” Müasir İncəsənət Məkanı, incəsənətimizin ölkəmizdə və xaricdə etibarlı platforması kimi, “Beynəlxalq Venesiya Biannalesi-2013”də iştirak etməsi barədə məlumat yayıb. “Sevir – Sevmir” adlanan, miqyasına görə misli görünməmiş sərgi özündə Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstandan olmaqla 17 müasir rəssamın işini toplayıb. Onun iştirakçıları və müəllifləri qismində Faiq Əhməd, Rəşad Ələkbərov, Əfruz Amiqi, Kutluq Ataman, Şoja Azari, Rəşad Babayev, Mahmud Baxşi, Əli Banisadr, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova, Taus Maxaçeva, Fərhad Moşiri, Fərid Rəsulov, “Slavyanlar və Tatarlar” art-kollektivi və İliko Zautoşvilidir.

Sərgi 55-ci Beynəlxalq Venesiya Biennalesi çərçivəsində keçiriləcək və tamaşaçıların üzünə 1 iyun – 24 noyabr tarixləri arasında, Tesa 111, Arsenale Nord ünvanında açıq olacaq.

Sərgiyə Yaxın Şərq və İran üzrə mütəxəssis, əvvəllər Kristis hərrac evi ilə əməkdaşlıq etmiş Dina Nassir–Xadivi kuratorluq edəcək.

“Hazırda Azərbaycan və ona qonşu ölkələrə qarşı eyni dərəcədə maraq və bu ölkələr haqqında səhv təsvvürlər vardır” – deyən kurator Dina Nassir-Xaddivinin fikrincə, sərgilənən işlər hər millətin dinamikasına yaxından baxmağa, unudulmuş, yaxud naməlum tarixin gizlin tərəflərini açmağa və bu ölkələrdə olan baxış tərzi və yaradıcılığı göstərməyə kömək edəcək.

Sərgi geniş çeşiddə media və əşya xarakterli materallar, həmçinin video instalyasiyalar və rəsm əsərlərini əks etdirir. Eksponatlar şəxsi təcrübədən təsirlənmiş tarixi mövzulardan müasir həyatı əks etdirən əsərlərə qədər olan geniş çərçivəni əhatə edir. Bu baxımdan Faiq Əhməd dayaq nöqtəsi kimi Azərbaycan xalçalarının naxışlarından bəhrələnir, onların təsvirində Azərbaycanın müasirliyə doğru sürətli hərəkətini verməyə çalışır. Onun ip üzərindəki adsız (2012) instalyasiyası ənənəvi xalçaçılıq haqqında olan təsəvvürlərin üzərindən xətt çəkir, hər şeyi ikiölçülü müstəvidən üçölçülü fəzaya keçirir. Kutluq Atamanın video instalyasiyası olan “Mesopotamiya dramaturgiyası/ Sütun” (2009) Roma şəhərində olan Trayan Sütünundan ilhamlanaraq hazırlanıb. Sütunun ibarət olduğu 42 televizor ekranında şərqi Türkiyənin Ərzincan əyalətindən olan bir kəndlinin səssiz siması göstərilir, Ataman özü də bu əyalətdə doğulub. Bu əsərin əsas məqsədi susmuş bir tarixi göstərmək və Anadolu insanını xatırlamaqdır. Bu günə qədər özünün ən iddialı işlərindən birində Şoja Azari xüsusi olaraq sifariş edilmiş bir film göstərəcək və orada Nizami Gəncəvinin “Yeddi gözəl”i canlandırılacaq.

Ali Banisadr triptix formasında olan özünün ən böyük işini təqdim edəcək, burada o, alovun və işığın dərin simvolik mənasından təsirlənib. Rəngləri və rəssamlıq texnikasını effektiv formada istifadə edən Banisadr kətan üzərində öz uşaqlıq illərindən gələn təsviri məlumatı, incəsənət tarixi haqqında olan dərin biliklərini və gündəlik həyatla bağlı iti müşahidələrini əks etdirir, həmçinin insan təbiətinə məxsus hərəkət detallarını, energetika və abstraksiyanı təsvir edir. Banisadrın işləri bir çox kolleksiyalara, eyni zamanda Nyu-Yorkdakı “Metropoliten” muzeyinin, Los-Ancelesdəki müasir incəsənət muzeyinin, Saatçi Qalereyasının və Londondakı Britaniya muzeyinin kolleksiyalarına daxil edilib. Əli Həsənov – Azərbaycan təmsilçisi gündəlik materialların müasir tətbiqini tapır. Onun “Sahiblər” (2012) adlı işində bir-birinə bərkidilmiş yüzlərlə “süpürgə” təqdim olunur, bunlar birlikdə vahid heykəltəraşlıq nümunəsini təşkil edir. Taus Maxaçeva təzəlikcə Liverpul Biennalesində təqdim etdiyi, İpəkyolu üzərində yerləşən və insanlar tərəfindən tərk edilmiş Hamsutl (2012) şəhəri haqqında filmi nümayiş etdirəcək, burada gənc qəhrəman öz rəqsləri ilə unudulmuş şəhərin tarixini canlandırmağa çalışır. “Slavyanlar və Tatarlar”ın instalyasiyası olan “Molla Nəsrəddin – Antimodernist” (2011) böyüklər və uşaqlar üçün olan oyun meydançasındakı “sürüşmə attraksionunu” tam ölçüdə təqdim edir və bunu qədim Şərq müdriki ilə əlaqələndirilir.

Azərbaycanın və qonşu regionların sənət xadimlərini bir yerə toplayan “Sevir–Sevmir” sərgisinin müasir incəsənət üçün yeni perspektivlər yaradacağına ümid bəslənilir.

Qeyd edək ki, “YARAT!” təşkilatı 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilib, bu qeyri-kommersiya təşkilatı Azərbaycan müasir təsviri incəsənətinin inkişafına yönələn işlərlə məşğul olur, eyni zamanda Azərbaycan incəsənətini həm ölkədə, həm də xaricdə nümayiş etdirməyə çalışır.

Baş ofisi Bakıda yerləşən “YARAT!” təşkilatı öz missiyasını müxtəlif sərgi proqramları, maarifləndirici tədbirlər və festivallar vasitəsi ilə həyata keçirir. “YARAT!” yerli və xarici bədii şəbəkələr, fondlar, qalereya və muzeylər arasında dialoqun yaranmasında vasitəçi rolunu oynayır.

“YARAT!”ın təhsil təşəbbüslərinə mühazirələr, seminarlar, master-klasslar, həmçinin gənc rəssamlar üçün “ARTIM” adlı layihə daxildir. “ARTIM” layihəsindən məqsəd Azərbaycanın gənc nəslinin istedadlı, kreativ nümayəndələrini təsviri incəsənət sahəsinə istiqamətləndirmək, gənc rəssamlara işlərinin peşəkar sərgilərdə nümayiş olunması imkanı yaratmaqdır.

GÜNEL

 





31.05.2013    çap et  çap et