525.Az

Tariximizin təkrarsız qəhrəmanlıq səhifələri


 

1918-1920-ci İLLƏRDƏ NAXÇIVANIN MÜDAFİƏSİNDƏ ŞAHTAXTİNSKİLƏRİN XÜSUSİ ROLUNA DAİR QEYDLƏR

Tariximizin təkrarsız qəhrəmanlıq səhifələri<b style="color:red"></b>

1918-1920-ci illərdəki hadisələr, xüsusən Naxçıvanın yağılardan müdafiə olunması tariximizdə taleyüklü, zəfər dolu səhifələrdir.

Bu illərdə hər bir naxçıvanlının hünəri təqdirəlayiqdir. Amma burası da var ki, xalqı başına yığa biləcək hərbçilərin, döyüşçülərin, həyatını onların mənsub olduqları sülalələrin keçdikləri tarixi yolları daha dərindən araşdırmaq lazım gəlir. Çünki hər tərəfdən mühasirəyə alınmış Naxçıvanı yağılardan müdafiə etmək, xalqı arxasınca apara bilmək bütün zamanlarda əsl qəhrəmanlıq sayıla bilər. Ona görə də artıq neçə illərdir ki, Naxçıvanskilər, Şahtaxtinskilər, İrəvanskilər və Makinskilər haqqında yazmağı vacib sayırıq.

Naxçıvanskilər və ŞahtaxtinskilərKəngərlilər, İrəvanskilər Ziyadoğlu Qacarlar, Makinskilər isə Bayatlardır. Bunlar hamısı qədim oğuz türk tayfasıdır. Bu qədim türk sülalələri çox qədim zamanlardan Naxçıvanın və İrəvanın sakinləridir. Onları dünyanın harasına məcburi surətdə köçürüblərsə, fürsət tapan kimi döyüşə-döyüşə yenə də öz vətənlərinə qayıtmış və doğma Naxçıvanın müdafiəsində qəhrəmanlıq səhifələri yaratmışlar. Bəzən bir-birini əvəz edən hakimiyyət dəyişiklərində torpağı müdafiə edən cəsur, mətin hərbçilər haqqında iftira yazanlar tapılsa da, yel qayadan heç nə apara bilməyib. Zaman hər bir qaranlıq məsələni vaxtı çatınca aydınlaşdırıb, biz tədqiqatçılara isə qələmə almaq nəsib olub.

Yenə də zəfər dolu doğma tariximizin axtarış yollarındayıq... 2010-cu il may ayının 13-də bir daha tariximiz sevincli bir günü təqvimə yazdı: Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilərin ev-muzeyi istifadəyə verildi. 2010-cu il fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı tarixi sərəncamı Şahtaxtinskilərə əbədilik, həm də ikinci ömür  bağışladı.

26 fevral 2006-cı ildən başlayaraq bu nəslə mənsub olan görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmmədağa Şahtaxtinskinin elmi irsi çap olunmaqdadır.

Zəfər və faciə dolu yolları olan Şahtaxtinskilər haqqında axtarışlarımızı dərinləşdirdikcə tariximiz daha da zənginləşir. Dövlətimizin tariximizə və onun öyrənilməyən səhifələrinin araşdırılmasına göstərdiyi böyük qayğını bir daha mayın 13-də ürəkdolusu sevinclə yaşadıq.

Belə bir sevincin aurasında mətləbimizi yazmaq üçün tariximizin qəhrəmanlıq dolu səhifələrindən birini vərəqləyək. Birinci Dünya müharibəsi başlayanda Naxçıvanda Şahtaxtının və Culfanın mövqeyi əvəzsiz idi. Çünki Yaxın Şərqi və Orta Şərqi birləşdirən körpülər, rahat keçidlər burada yerləşirdi. Bundan savayı Qafqazı bu Şərq ölkələri ilə birləşdirən ən kəsə, etibarlı hərbi yollar Naxçıvandakı Şahtaxtı və Culfa körpülərindən istiqamətlənirdi. Şahtaxtının həm də tarixi mövqeyi vardı. Onun sinəsində dünyaya göz açan Şahtaxtinskilər həm Qərb və həm də Şərq ölkələrində bu tarixi mövqeyi uca zirvələrə qaldıra bilmişdilər. Ən maraqlısı isə onlar bu tarixi mövqeyi bir neçə sahələrdə qoruyub saxlaya bilmişlər.

1914-1917-ci illərdə Şahtaxtinskilərin Rusiyanın və Qərbi Avropanın ən məşhur elm ocaqlarında təhsil alan gənc övladları yeni bir demokratik ruhla doğma yurdlarına tətilə gəlir və buradakı siyasi  hadisələrin əsl iştirakçısına çevrilirdilər. Onu da deyək ki, onlarda bu azadlıq duyğusu ulu əcdadlarından gəlirdi. Bu işdə onlara nümunə ola biləcək məşhur qohumları Məhəmməd ağa və onun əmisi Nəcəfqulu ağanın oğlu II İsa Sultan mənəvi ataları idilər. II İsa Sultan 1894-cü ildə Qarsda vəfat edib, Tiflisdə dəfn olunmuşdusa da, əməlləri doğma kəndi Şahtaxtında davam edirdi.

II İsa Sultanın əmisi Məhəmmədtağı Sultanın oğlu Baxşəli ağa 1859-cu ildə Qafqazın mötəbər, zəngin şəxslərindən və məşhur hərbçilərindən olan Məhəmmədtağı Sultanın ailəsində, Şahtaxtı kəndində doğulub. Hələlikdə öyrəndiyimiz dəqiq məlumatlar budur ki, o, 1898-ci ildə sosial-demokrat partiyanın üzvü olub. Həştərxanda və Culfada gömrükxana məmuru vəzifəsində çalışmışdı. 1908-ci ildə çar hökuməti onu həbs etmiş və işdən çıxartmışdı. 1914-cü ildə İrəvan şəhərində Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilmişdi. Öyrəndiyimiz arxiv sənədlərindən görünür ki, Baxşəli ağa 1917-1918-ci illərdə yenə də Culfa gömrükxanasında işləyirmiş. Culfada işləməsinə baxmayaraq, onun Şahtaxtı kəndində və İrəvan şəhərində mülkləri var idi.

Tarixi mənbələrə görə, Baxşəli ağa əmisi Hacı Vəli ağanın qızı Sona xanım  ilə ailə qurub. Çünki bir çox sənədlərdə Sona xanımın adı tez-tez çəkilir. İrəvanda və Naxçıvanda yaşaması haqqında məlumatlar vardır. Onların nikahından Nemətulla ağa (1885-1954), Əsədulla ağa (1885-1939), Məmmədtağı Sultan (1892-1918), Həbibulla ağa (1900-1986), Ətaulla ağa (1901, yaxud 1904-1974), Hüseyn ağa (1893-1918) adlı oğlanları, Məhcəbin və Məhluqə adlı qızları olmuşdur.

Nemətulla ağa Peterburq Ali Politexnik məktəbində Skryabinlə (Molotovla) 1916-cı ildə bir yerdə oxumuşlar. 1917-ci ildə Naxçıvana gəlmiş və Naxçıvanın ermənilərdən müdafiə olunmasında yaxından iştirak etmişdir. O, sovet hökuməti illərində Azərbaycan Sənaye İnstitutunda metalların texnologiyası kafedrasının müdiri olmuşdur. Qeyd edək ki, bu sahə üzrə Azərbaycanda ilk mütəxəssis olub.

Əsədulla ağa 1885-ci ildə Şahtaxtı kəndində doğulub. Kiyev Tibb İnstitutunu bitirib. Uzun illər Gəncədə işləmişdir. O, həm də folklorçu və tərcüməçi olmuşdur.

Məmmədtağı Sultan 1892-ci ildə doğulub. Tiflisdə və Rusiyanın hərbi məktəblərində təhsil alıb. Tiflisdə oxuyarkən çex qızı Olqa Stefanovna Bosiko (Kuzmina) ilə ailə qurmuş və Gülnaz adlı qızları olmuşdur. Naxçıvanın daşnaklardan müdafiə olunmasında fəal iştirak edən Məmmədtağı Sultanı quldurlar ataları Baxşəli ağanın gözləri önündə amansızcasına Dərəlikdə (Culfa)  öldürmüşlər.

Hüseyn ağa 1893-cü ildə Şahtaxtı kəndində dünyaya gəlmiş, İrəvan gimnaziyasında, sonralar isə Sankt-Peterburqda oxumuşdur. Hüquqşünas kimi Naxçıvana dönən  Hüseyn ağa da digər Şahtaxtinskilərlə birlikdə Naxçıvanın müdafiəsində cəsurluqla döyüşənlərdən biri olmuşdur. O, sosial-demokrat olmuş və dostu Hüseyn Mamayevin yazdığına görə, 1915-ci ildə Moskva universitetində oxumuşdur. Sənədlərin dili ilə desək, 1917-ci ildə Peterburqdan İrəvana dönmüş və burada "Gecə kursları"nda dərs demişdir. Onu sovet hakimiyyəti illərində bolşevik kimi təqdim etsələr də, bu, doğru deyil. Çünki o, müstəqilliyin əsl təbliğatçılarından biri olmuşdur. Hüseyn ağa İrəvanda, Şahtaxtıda xalqa izah edirdi ki, oktyabristlərin və kadetlərin qurduqları Tuçkovlar və Milyukovlar hökumətinə inanmayın, sözlərində səmimi olsalar da, onlar müharibə hökuməti qurmuşlar. "Müharibə hökuməti isə xalqa sülh və çörək, həmçinin azadlıq verə bilməz. Bu hökumət "Polesyeni, Türkiyəni talan etmək, İstanbulu ələ keçirmək, Polşanı, Hollandiyanı, Litva ölkəsini və başqa ölkələri işğal etmək istəyən soyğunçuluq hökumətidir" - deyən Hüseyn ağanı hər yerdə çar tərəfdarları və xəfiyyələri təqib edirdilər. O, Şahtaxtı kəndinin mərkəzində təşkil etdiyi çıxışlarda belə şüarları tez-tez səsləndirirdi: "Yox olsun müharibə! Yaşasın sülh!"

O da digər qardaşları kimi əyninə əsgər paltarı geyinərək erməni daşnakları ilə döyüşürdü. Tarixi sənədlərə görə, "Müdafiye-məzluman təşkilatı"nı yaratmışdı. Onu da atası və qardaşı ilə birlikdə Dərəlikdə amansızlıqla qətlə yetiriblər. Qeyd etmək yerinə düşər. 1919-cu ildə Bakıda nəşr edilən "Zəhmət" qəzeti (oktyabr) böyük ürək ağrısı ilə onların faciəli qətlə yetirilməsi ilə bağlı yazı dərc edib. Hüseyn ağanın tələbəlik dostu M.Ə.Nasir adlı bir nəfər sonralar onun haqqında 1967-ci ildə "Şərq qapısı" qəzetində kiçik bir xatirə dərc etdirib.

Bir sıra tədqiqatçılar Baxşəli ağanın Culfanın Yaycı kəndində, oğlanlarının isə Ərəzində dəfn olunmasını yazmışlar. Amma axtarışlar göstərdi ki, bu həqiqət deyil. Buna aydınlıq gətirmək istərdik. Bu hadisə ilə bağlı axtarışlardan sonra təkrar yazımız olacaq. Çünki bu hadisə haqqında müxtəlif versiyalar bəzi kitablarda yazılıb. Axtarışlar aparıb əsl həqiqəti demək daha düzgün olardı. Culfadan Naxçıvana faytonla qayıdan atanın və üç oğulun qarşısını quldurlar kəsərək (muzdlu, xüsusi hazırlanmış) Dərəlikdə, Darbənd deyilən bir yerdə qətlə yetiriblər. Onların ailəvi dostları Qurbanəli Şərifzadənin oğlu Əziz Şərif bu amansız faciə haqqında ilk dəfə yazıb. Amma o da onların dəfn olunduqları yer haqqında heç nə yazmayıb. Bu məsələdə Kamil ağa Şahtaxtinski bizə köməklik elədi. Onun anasının dediyinə görə, iki oğulu və atanı birlikdə Culfanın Camaldın kəndində torpağa tapşırıblar. Hətta sonralar Baxşəli ağanın nəvəsi məşhur rəssam Elmira xanım Şahtaxtinskaya da oraya - əzizlərinin məzarları üstə gəlirmiş.

Bunları öyrənəndən sonra Camaldın kəndinə gedib bu əhvalatı ata-babalarından eşidən 76 yaşlı Tarqulu müəllimi axtarıb tapdıq. Onun söhbətindən məlum oldu ki, ana babası Əhməd Xudaverdi oğlu əhvalatı bilən kimi öküz arabasında ata və oğulları kəndə gətirib və köhnə qəbiristanlıqda dəfn ediblər. Naxçıvanda qızğın  döyüşlər getdiyindən cənazəni Şahtaxtı kəndinə aparmaq mümkün olmur. Kəndin ağsaqqalları bu qətlə yetirilənlərin çox məşhur və zəngin olduqlarını bilirmişlər. Tarqulu müəllimin dediyinə görə, faytonda olan oğlanlardan biri Nehrəm tərəfə, dağlara qaçdığından onu öldürə bilmirlər. Kamil ağanın dediyinə görə bu, Baxşəli ağanın oğlu Əsədulla, yaxud Nemətulla ağa olub. Onlar əkizdirlər.

1990-cı ilə qədər məzarlar dururmuş. Sonralar üstü uçub dağılıb. Mənim xahişimlə Tarqulu müəllimlə və Nəbi Mehdiyevlə məzarın olduğu yerə getdik. Amma müəyyən etmək çətindir. Yazını çapa hazırlayarkən Nəbi akademiyaya gəlib bildirdi ki, kənd ağsaqqalları köhnə qəbiristanlıqda məzarların yerini tapıblar. Bu xəbər bizi çox sevindirdi. Baxmayaraq ki, keçən yüzilliyin 60-cı illərinə qədər quldurların varisləri Şahtaxtinskilərə məxsus qızıl, gümüş əşyaları gizlində satırmışlar. Amma həyatlarını xalqına həsr edən Şahtaxtinskilərə insanlar o qədər ehtiram göstərirlər ki, onların uyuduğu məzarların yerini axtarıb tapırlar. Bizcə, bu, tariximizə böyük sevgi və ehtiramdır. Hər bir kənddə, eldə-obada Naxçıvanın müdafiəsi üçün döyüşənlərin xatirəsi əziz tutulur və sevgi ilə anılır.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





17.10.2017    çap et  çap et