525.Az

Azərbaycan multikulturalizmi amerikalı politoloqun təqdimatında


 

Azərbaycan multikulturalizmi amerikalı politoloqun təqdimatında <b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) tədqiqat təcrübəsi keçən ABŞ-dan olan jurnalist və siyasi araşdırmaçı Peter Teys Bosniya Herseqovinanın Travnik Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirə ilə çıxış edib.

Tədbir Universitetin 10 illik yubileyi ilə əlaqədar BBMM-in təşkilatçılığı və professor Sabahudin Hadzialicin təşəbbüsü ilə baş tutub. P.Teys mühazirəsində Azərbaycanın multikultural dəyərləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edib. Mühazirədə eyni zamanda Azərbaycanın qədim arxitektura ənənələrinə, Memar Əcəmi Naxçıvani tərəfindən yaradılan abidələrin arxitektur baxımından unikallığı vurgulanıb.

O, Azərbaycanın 25 ildən çoxdur işğal olunmuş ərazilərində aparılan ətraf mühitin məhv edilməsi, mədəni və dini abidələrin tamamilə dağıdılmasına yönəldilmiş fəaliyyət və Azərbaycanın mülki vətəndaşlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən 1987-ci ildən bugünə qədər öldürülməsi həqiqətlərindən danışıb:

“Ermənistan və Azərbaycan arasında münaqişənin müasir mərhələsi 1987-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xankəndi ərazisindəki hücumları ilə başlayıb, daha sonra Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 7 ətraf rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Bütün bu ərazilər etnik təmizləməyə məruz qaldı, Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyinetmə ilə bağlı iddialarına baxmayaraq 1 milyonayaxın azərbaycanlı öz dogma torpaqlarından zorla çıxarılıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər”.

P.Teys müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgəyaşayışı, eləcə də yəhudilərin Azərbaycanda məskunlaşması üçün şəraitin yaradılması, kompakt halda məskunlaşdıqları Quba rayonu Qırmızı Qəsəbəsinin unikallığı, eləcə də Azərbaycanda antisemitizm mövcud olmamasını, buranın onlar üçün təhlükəsiz məkan olduğunu qeyd edib.

Mühazirədə eyni zamanda Sarayevo və Bakı şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında sazişin 42 illik yubileyi xüsusi vurğulanıb. 200-ə yaxın tələbənin, həmçinin Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndiliyinin müşaviri Elnur Quliyevin də iştirak etdiyi mühazirədə P.Teys adıçəkilən hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söz açıb, 2017-ci ilin mart ayında Azərbaycan prezidenti İlham Əliyev ilə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniç və 2017-ci ilin sentyabrında Astanada Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə yaddaqalan görüşünü xatırladıb.

ABŞ-dan olan siyasi araşdırmaçı Universitetin tələbələri ilə görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi tədbirlər, eləcə də Mərkəzin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin rəhbərliyi ilə universitetdə mövcud təcrübə, Amerikan Mərkəzi, Çin mədəniyyət mərkəzi və müxtəlif dillərdə tədqiqat aparmağın mümkünlüyü barədə məlumat verib. Universitetin kitabxanasına Azərbaycan multikulturalizminə dair kitablar hədiyyə olunub.

Sarayevo şəhərinə səfəri zamanı P.Teys eyni zamanda şəhər federal radiostansiyasının səhər proqramına müsahibə verib və Azərbaycan həqiqətləri barədə geniş söhbət açıb.

 





24.10.2017    çap et  çap et