525.Az

Tarixin daş yaddaşı - daşlaşmış poeziya


 

Tarixin daş yaddaşı - <b style="color:red">daşlaşmış poeziya</b>

Lerik rayonunun ərazisində tapılan nadir maddi-mədəniyyət abidələri bəşər sivilizasiyasına hədiyyələrdir. "Lerik" qəzetinin baş redaktoru, Azərbaycanın Əməkdar jurnalisti, bir neçə ali media mükafatı laureatı, tanınmış yazıçı-publisist İdris Şükürlü ilə bu mövzuda söhbətləşdik. 

- İdris müəllim, qədim abidələr uzaq əsrləri bizimlə görüşdürən daşlaşmış tariximizdir. Bu mövzuda respublika və rayon mətbuatında çoxlu araşdırma məqalələri yazmısınız. Gəlin söhbətimizə də burdan başlayaq.

 - Düz buyurursunuz, ulu babaların barmaqları ilə yaradılmış maddi-mədəniyyət abidələri çox əhəmiyyətlidir, bəşər sivilizasiyasında tarixi yerimizi, ibtidai insanların mədəniyyətinin ayrı-ayrı dövrlərini özündə əks etdirir. Azərbaycanın ən qiymətli abidələri sırasında müxtəlif dövrlərin dünyagörüşünü, adət və təsəvvürlərini özündə yaşadan qəbir daşları, xanəgah və türbələr, qiymətli kitabələr, günbəzli və günbəzsiz məqbərələr, dahi tarixi şəxsiyyətlərin məzarları böyük əhəmiyyət daşıyır.

Rayonun ərazisindəki Büzeyir mağarası, Xoca Seyid türbəsi, Babagil türbəsi, Akküşa ocağı, Sağ Seyid ocağı, Oğlan qalası, Qız qalası, Cabir türbəsi, Tülü-Conu, Divəlona abidələri, dağlarda tədqiq edilmiş qədim qəbiristanlıqlar, ibtidai insanların məskunlaşdığı qədim düşərgələr çarizm və sovet dövründə xarici ölkə səyyahlarının, arxeoloqlarının, tarixçi alimlərin, etnoqrafların diqqətini cəlb etmişdir. Onlar təkcə tarixi abidələrlə deyil, yurdumuzun fauna və florası, təbiəti, dərman bitkiləri, xalqın adət-ənənəsi, folkloru, mətbəxi ilə də yaxından maraqlanmış, bu barədə qiymətli əsərlər yazmışlar. Uzun müddət elmi tədqiqatlardan kənarda qalmış Lerik abidələrinə arxeoloq alimlərimizin maraq göstərməsi, sanballı, əvəzsiz elmi dəyəri olan əsərlər yazması bir vətəndaş kimi bizi çox sevindirir və araşdırma məqalələr, müsahibələr, oçerklər yazmağa səbəb olub.

- Siz məşhur fransız arxeoloqu və səyyahı Jak de Morqan və qardaşı Henri de Morqanın respublikamızın ərazisində, xüsusilə də Lerik, Mastail, Hamarat, Rəzgov, Kerəvelədi, Aspahiz, Veri, Hoveri, Tülü-Conu, Tatoni, Monidigah, Cəngəmiran və s. yaşayış məskənlərində apardığı arxeoloji-kəşfiyyat işlərini həmişə diqqətə çatdırırsınız. Bu barədə bir qədər danışmaq yerinə düşər.

- Təkcə Morqan qardaşları deyil, onun həmyerlisi K.Şaffer də Talış dağlarında, qədim yaşayış məskənlərində arxeoloji tədqiqat işləri aparmışlar. Bir ingilis arxeoloqunun öldürülməsi onun uğursuz axtarışları ilə nəticələnir. Morqan qardaşları K. Şafferlə birlikdə 1890-cı ildə Lənkəran, Lerik, Yardımlı rayonlarının ərazilərində 250-yə qədər qəbir abidəsi açmışlar. Qiymətli maddi-mədəniyyət nümunələri Fransanın məşhur Sen-Jermen muzeyinə təhvil verilmiş, indi də mühafizə olunur. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri əsasında 1894-cü ildə "İrana elmi səfər" adlı beş cildlik əsər yazılıb. Əsərdə Azərbaycanın ərazisində tapılan eksponatların tədqiq etməsinə xüsusi yer ayrılmışdır.

Fransız arxeoloq alimi Jak de Morqanın əldə etdiyi arxeoloji abidələr böyük elmi-texniki əhəmiyyətə malikdir. Lakin Morqan qardaşları tədqiqat işlərini kortəbii aparmış, abidələrin dövrləşməsində və ümumi tədqiqində tələskənliyə yol vermişlər, işi yarımçıq saxlamışlar. Qəbir abidələri dağıntılara, lüzumsuz qazıntılara, daha doğrusu, talançılığa məruz qalmışdır.

 - Arxeoloq Jak de Morqan qədim Veri kəndinin ərazisində daş-qutu qəbirlərinin tədqiqi ilə məşğul olmuş, zəngin maddi-mədəniyyət nümunələri onu heyrətə gətirmiş, o, maraqlı nəticələrə gəlmişdir. Siz bu barədə "Qədim Veri kəndinin abidələri" adlı məqalə ilə çıxış etmisiniz.

 - Yəqin ki, siz 30 oktyabr 2013-cü il tarixində "Lerik" qəzetində dərc edilmiş geniş məqaləmə toxunursunuz. Bu mövzu çox genış, dəyərinə görə aktualdır. Lerik rayonunun ərazisində daş-qutu qəbirlərə daha çox təsadüf olunur. Arxeoloq Fərman Mahmudov rayonun ərazisində 3 xüsusi qrupda tikilmiş daş-qutu qəbirlərin olduğunu qeyd etmişdir. Bu tipli qəbirlərin bir qismi Jak de Morqanın apardığı qazıntılardan məlumdur. Tarix üzrə fəlsəfə doktoru Samir Kərimov "Lerik rayonunun arxeoloji abidələri" adlı elmi əsərində maraqlı elmi nəticələr irəli sürmüşdür. "Daş-qutu qəbirləri" bölməsində o, yazır ki, Ulon adlı ərazidəki qəbiristanlıqdan zəngin arxeoloji materiallar - tunc qılınc və xəncərlər, ox və nizə ucluqları, şüyərli qara gil qabları, qızıl lövhəciklərdən asmalar tapılmışdır. Tədqiqatçı əsərində yazır ki, Lerik rayon ərazisindən qazıntılar zamanı tapılmış disklər yalnız Veri kənd qəbiristanlığında Jak de Morqanın qazıntılarından məlumdur. Veri qızıl disklərin oxşarları Suriyanın zəngin Mari qəbirlərdən aşkar olunmuşdur. Fransız arxeoloqu K. Şaffer Veridə aşkar olunmuş qızıl muncuğu Erkən Assuriya dövrünə aid Mari qəbrindən tapmış eksponatlarla müqayisə etmişdir. Metaldan hazırlanmış üçbucaq şəkili tiyəsi və çərçivə şəkili dəstəyi olan, üzərində ay şəkilli relyeflə dairələnmiş xəncərləri ilk dəfə Jak de Morqan Hovil, Veri, Codikəş kəndlərinin ərazisində aşkar etmişdir. Tiyəsinin formasına görə birinci qrup xəncərlərə aid edilir. Morqanla yanaşı, arxeoloq alim İdeal Nərimanov birinci mərhələyə aid Veri kəndinin ərazisindən çoxlu saxsı qab əldə etmişdir. Qədim Veri kənd ərazisinin bu gün də ciddi arxeoloji tədqiqatlara ehtiyacı vardır.

- Lerikin ərazisində arxeoloji ekspedisiyalar beynəlxalq tərkibdə davam edir. Bunun əhəmiyyəti nədən ibarətdir?

- Qeyd etdiyim kimi, kəşfiyyat xarakterli arxeoloji-qazıntılar zamanı arxeoloqlar Monidigah kəndinin ərazisində daş-qutu qəbirlərdən çoxlu elmi əhəmiyyətli nümunələr aşkar etmişlər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji abidələrin külliyyat şöbəsinin rəhbəri, Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyasının və Azərbaycan-Fransa beynəlxalq ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovla Lerikin ərazisində arxeoloji tədqiqat işi apararkən görüşdük. O dedi ki, cənub bölgəsində tədqiqat işi iki istiqamətdə aparılır: bölgənin həm arxeoloji xəritəsi hazırlanır, həm də arxeoloji tədqiqat işləri aparılır. XIX əsrin sonlarında Jak de Morqan və qardaşı Henri de Morqan Lerikin ərazisində kəşfiyyat işləri aparıblar. Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası 2011-ci ildə Fransa Respublikasının təşəbbüsü ilə yaradılıb. AMEA Etnoqrafiya İnstitutu Fransa Elmi Araşdırmalar Mərkəzi, Leon Universiteti və Sen-Jerman muzeyi ilə birlikdə 120 il bundan əvvəl Lerikin ərazisində arxeoloji tədqiqat aparmış Morqan qardaşlarının irsini öyrənmək məqsədi ilə müqavilə imzalanıb. Əsas məqsəd Morqan qardaşların apardığı yarımçıq işi davam etdirməkdir.

Azərbaycan tarixinin mədəni irsinin dünyaya tanıdılması üçün böyük layihələr həyata keçirilir. Qədim yaşayış yerlərində aşkar edilən arxeoloji abidələr əcnəbi mütəxəssislərin gözləri qarşısında ortaya çıxır. Bu, azərbaycanlıların minilliklər boyu doğma torpaqlarda məskunlaşmasını təsdiqləyir, dünya ictimaiyyətinə çatdırır. Abidələr zəngin mədəni irsimizin daşıyıcılarıdır, Azərbaycanın dünyaya tanıdılması baxımından misilsiz əhəmiyyətə malikdir, gələcək nəsillərə çox lazımdır.

- Paleolit arxeoloji ekspedisiyasının apardığı tədqiqat işlərinin ilkin nəticələri barədə birinci dəfə siz  “Lerik" qəzetində geniş məqalələrlə  çıxış etmisiniz...

- Həm bir jurnalist, həm də bir vətəndaş kimi maraq dairəmə daxil olan məsələlərdən yazmağı üstün tuturam. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun paleolit arxeoloji ekspedisiyası 2015-ci ilin iyul-avqust aylarında tarix elmləri doktoru Əsədulla Cəfərovun rəhbərliyi altında Lerik rayonunun ərazisində arxeoloji işlərini davam etdirmişdir. Zuvandçay paleolit düşərgəsi, 2007-ci ildə paleolit arxeoloji ekspedisiyasının Lerikin ərazisində apardığı arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınmışdır. Düşərgənin dörd və beşinci təbəqələrində tapılmış daş məmulatlarının texniki və tipoloji tədqiqat zamanı onların Mustey mədəniyyəti dövründə, yəni 120-130 min illər əvvəllərdə hazırlandıqları müəyyən edilib. Zuvandçay paleolit düşərgəsi Azərbaycanın cənub ərazisində - Talış dağlarında qeydə alınmış ən böyük qədim insan düşərgəsidir. Yaşayış sahəsinə görə Zuvandçay paleolit düşərgəsi Azərbaycanda qeydə alınmış Azıx paleolit düşərgəsindən sonra ikinci ən böyük qədim insan düşərgəsi hesab olunur. İndi bu düşərgənin tarix kitablarında Azıx, Tağlar, Damcılı, qədim insanların sığındıqları düşərgələrin adı ilə birlikdə çəkilir.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





16.11.2017    çap et  çap et