525.Az

Yunanıstanın səfiri BSU-da oldu


 

Yunanıstanın səfiri BSU-da oldu <b style="color:red"></b>

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos noyabrın 21-də Bakı Slavyan Universitetində (BSU) olub. 

Qonaq əvvəl BSU-da fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzində yunan dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, keçdiyi həyat yolundan, diplomatik fəaliyyətindən, incəsənətə marağından söhbət açıb və gənclərə tövsiyələrini verib.

Sonra səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək, Yunanıstanla Azərbaycan Respublikası arasında bütün zamanlarda səmimi dostluq və qardaşlıq münasibətlərinin olduğunu bildirib. O, səfirin çoxillik diplomatik fəaliyyəti barədə məlumatlı olduğunu qeyd edərək, onun uzun zaman müxtəlif ölkələrdə Yunanıstanı təmsil etməklə bərabər, həm də istedadlı rəssam, sənət adamı olmasını da diqqətə çatdırıb.

Rektor Bakı Slavyan Universitetində Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, burada 46 nəfər tələbənin qədim ellada xalqının dilini, tarixini, mədəniyyətini, etnoqrafiyasını öyrəndiyini deyib. N.Əliyeva BSU-nun Yunanıstan Respublikasının bir çox universitetləri ilə yaxın əlaqələrə malik olduğunu, tələbə -müəllim mübadiləsi apardığını, Yunanıstan səfirliyinin Bakı Slavyan Universitetində keçirilən "Səfir saat"larında fəal iştirak etdiyini nəzərə çatdırıb. Yunanıstanın Azərbaycandakı səfirliyinin keçirmək istədiyi tədbirlərə ev sahibliyi etməyə hazır olduqlarını bildirən rektor  həm də BSU-nun Yunanıstan universitetlərindən biri ilə beynəlxalq elmi konfrans keçirmək arzusunu  dilə gətirib.

Səfir Nikolaos Kanellos  Azərbaycanda olmasından  şərəf  duyduğunu  bildirib. O, sentyabr  ayından Bakıda olsa da, artıq Azərbaycan təhsilinin əsas prinsipləri ilə tanış olduğunu, onun  mütərəqqi bir sistemi özündə ehtiva etdiyini qeyd edib. Diplomat BSU-da 11 ölkənin mədəniyyət mərkəzinin olmasını yüksək dəyərləndirərək, həmin ölkələrin səfirlərinin BSU-da bir araya gələrək "Təhsilin gələcəyi-Azərbaycanın gələcəyi" mövzusunda bir dəyirmi masanın keçirilməsinin arzuedilən olduğunu vurğulayıb. O, bunu birbaşa səfirlik və ya BSU-da fəaliyyət göstərən Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi vasitəsilə etməyin mümkünlüyünü qeyd edib.

Səfir BSU rəhbərliyini öz ölkəsinə dəvət edib.

Görüşün sonunda BSU-nun rektoru qonağa hədiyyələr bağışlayıb. Səfir isə öz rəsm əsərlərindən ibarət kitabı universitet rəhbərliyinə təqdim edib.   

 





23.11.2017    çap et  çap et