525.Az

“Bakıdan türk dünyasına” layihəsi uğurla gerçəkləşib - Fotolar


 

“Bakıdan türk dünyasına” layihəsi uğurla gerçəkləşib - <b style="color:red">Fotolar</b>

Dekabrın 1-dən 5-dək Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Gənclər Fondunun dəstəyi ilə “Bakıdan türk dünyasına” adlı layihəsi həyata keçirilib.

Layihə çərçivəsində türkdilli ölkələrdən paytaxtımıza təşrif buyuran yazar və jurnalistlər, eləcə də Azərbaycanın bir sıra tanınmış yeni nəsil yazarı, alim və araşdırmaçıları tədbirlərə, konfranslara, rəsmilərlə görüşlərə qatılıblar. Layihədə, həmçinin, Bakıda işıq üzü görmüş “Yeni qazax şeiri antologiyası” da təqdim edilib.

Layihə çərçivəsində keçirilən tədbirlərə rəsmi şəxslər, millət vəkilləri, şair və yazıçılar, QHT başçıları və media nüməyəndələri qatılıblar.

Layihə üzrə ilk görüş dekabrın 2-də Mətbuat Şurasında (MŞ) baş tutub. MŞ sədri Əflatun Amaşov qonaqları salamlayaraq rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.

O bildirib ki, Şura indiyədək türk dünyasının media qurumlarının, eləcə də ayrı-ayrı jurnalistlərin, yaradıcı adamların bir-birilə sıx təmaslar qurması üçün çoxsaylı tədbirlər reallaşdırıb. Bu və digər təşkilatların xətti ilə gerçəkləşdirilmiş təşəbbüslər də səmərəli nəticələr verib. Artıq türk dünyasının sənət adamları arasında möhkəm əməkdaşlıq var. Bu isə ortaq dəyərlərimizin təkcə yaşadığımız arealda yayılması deyil, eləcə də bütövlükdə dünyaya türk mədəni varlığının çatdırılması baxımından son dərəcə önəmlidir.

Ə.Amaşov həmçinin nümayəndə heyətinin rəhbəri Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-dramaturq Danil Salihə xatirə hədiyyəsini təqdim edib.

Layihənin rəhbəri, DGTYB-nin Məsləhət Şurasının sədri, şair Əkbər Qoşalı qonaqları təqdim edərək onların səfərinin məqsəd və məramını açıqlayıb.

Bildirib ki, rəhbərlik etdiyi təşkilatın reallaşdırdığı layihə türk dünyasında ədəbi-mədəni əlaqələrin inkişafını hədəf seçib. O, qonaqların rəsmi şəxslərlə, millət vəkilləri ilə, şair və yazıçılarla, QHT və KİV rəhbərləri ilə görüşlərinin nəzərdə tutulduğunu bildirib, ilk görüşün Azərbaycan Mətbuat Şurasından başlanmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, 1926-cı ildə I Türkoloji Qurultayın da Bakıda keçirildiyini vurğulayaraq türk gənc ədəbi qüvvələrini birliyə çağırıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl, həmçinin “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və başqaları çıxışlarında bildiriblər ki, türk dünya xalqlarının bir-birinə daha sıx şəkildə konsolidasiyası günün qlobal tələbidir. Prosesdə isə siyasətçilərdən də çox sənət və yaradıcılıq adamlarının böyük rolu var. Onlar bu baxımdan səfərin əhəmiyyətli tərəfləri ilə bağlı fikirlərini ifadə ediblər.

“Bakıdan türk dünyasına” layihəsinin açılış mərasimi eyni gün Atatürk Mərkəzində keçirilib.

Tədbirdə mərkəzin direktoru, Əməkdar elm xadimi, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, ədəbiyyat xadimlərinin dostluq və qardaşlığı xalqlar arasında anlaşmanın, dinc yanaşı yaşamanın, birliyin möhkəmlənməsinə töhfələr verir.

Milli Məclisin deputatı Sona Əliyeva türkdilli yaradıcı gənclərin birlikdə olmasını alqışlayıb, onlara uğurlar arzulayıb. Buraya toplaşan gənclərin nəinki öz ədəbiyyatını, yaradıcılıqlarını, ümumən türk xalqlarının ədəbiyyatının inkişafı üçün çalışacaqlarını, türklərin soykökünə xas müsbət keyfiyyətləri öz əsərlərində əks etdirəcəklərini, gələcək nəsillərə ötürəcəklərinə inandığını vurğulayıb.

Tədbirlərdə Qarabağ müharibəsində erməni faşistlərin xalqımızın başına gətirdiyi bəlalardan da söz açılıb.

Danil Salih Sona Əliyeva və Əkbər Qoşalıya Tatarıstandan gətirdiyi hədiyyələri təqdim edib.

Qazaxıstanın Əməkdar mədəniyyət işçisi Almas Ahmetbekoğlu (Sakbayev) qeyd edib ki, türkçülük çətin tarixi sınaqlardan keçib bu günümüzə qədər gəlib çıxıb. Bundan sonra onu qorumaq və gələcək nəsillərə ötürmək öhdəliyi gənclərin üzərinə düşür.

Fərid Əlizadə, Pərvanə Məmmədli, Almaz Ülvi və digər qonaqlar da birgə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Dekabrın 3-də Sumqayıt Poeziya Evində layihə çərçivəsində “Yeni qazax şeiri antologiyası”nın imza və kitabxanalara bağışlanması mərasimi keçirilib,“Türk dünyasında ədəbiyyat… Ədəbiyyatda türk dünyası…” mövzusunda türk ölkə və topluluqlarından gəlmiş yazarların məruzə və çıxışları dinlənilib.

57 gənc qazax şairinin şeirlərindən ibarət “Yeni qazax şeiri antologiyası”nın təqdimatı isə “Kaspi” qəzetinin təşkilatçılığı ilə dekabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində olub. Qəzetin təsisçisi, yazıçı və alim Sona Vəliyeva bu cür layihələrin Türk dünyasının inkişafında, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsindəki rolundan söz açıb, DGTYB-nin keçirdiyi layihələri yüksək qiymətləndirib. Qeyd edək ki, S.Vəliyeva antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazıb.

Həmin gün qonaqlar AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda akdemik İsa Həbibəyli ilə görüşüb, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk dünyası şeir axşamı”na qatılıblar. Burada qardaş xalqların nümayəndələri öz şeirlərini oxuyublar.

Milli Məclisin deputatı Qənirə Paşayeva türk əsilli bütün ziyalıların türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərmələrinin vacibliyindən danışıb.

Dünən isə qonaqlar Milli Məclisdə olub, deputat Cavanşir Feyziyevlə fikir mübadiləsinə qatılıblar. Layihə son dəyərləndirmə toplantısı ilə yekunlaşıb. Görüşlərdə İ.Həbibbəyli, S.Vəliyeva, Ə.Qoşalı, S.Əliyeva, Q.Paşayeva və antologiyanın tərcüməçilərinə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşəkkürnaməsi və müxtəlif hədiyyələr təqdim olunub.

Qazaxıstan Dövlət Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, Ə.Yasəvi adına Türk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçi Gülnaz Faizulla, “Yeni qazax şeiri antologiyası”nın tərtibçiləri Tanagöz Tolkınqızı, Dauren Berikkajıoğlu və Qazaxıstanın müxtəlif ədəbi ödülləri ilə təltif olunmuş daha 13 şair-publisisti, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyi Gənc Şairlər Bölümünün başçısı, şair-tərcüməçi Qavril Andros, yenə Saxa (Yakutiya) Respublikasından Rüstəm Kazhenkin, Türkiyədəki “DünyaDER” ədəbi qurumunun təmsilçisi, gənc şair Özgür Bacaksız, Qırğız Respublikasının gənc şairi Bekbolat Sarıbay, Təbriz gənc şairlərinin nümayəndəsi Ümid Nəccari və başqaları çıxışlarında ortaq türk mədəni-mənəvi yaxınlığının müxtəlif aspektlərindən söz açaraq qarşılıqlı səfərlərin birgə əməkdaşlığın daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcəyini vurğulayıblar.

Qonaqlardan bəziləri Bakı təəssüratları və layihə haqqında düşüncələrini qəzetimizlə bölüşüblər.

“Yeni qazax şeiri antologiyası”nın tərtibçilərindən Tanagöz Tolkınqızı antologiyanın yaranma ideyasından söz açıb. O deyib ki, türkdilli ölkələr arasında Azərbaycanla əməkdaşlıq etmək xüsusilə xoşdur: “Bu antologiyanın daha bir təqdimatını gələn ilin mart ayında Astanada keçirməyi düşünürük. Gələcəkdə belə bir layihənin Qazaxıstanda da keçirilməsini, Azərbaycan poeziyası antologiyasının orada çap edilməsini istərdim”.

Qazaxıstanlı yazar və jurnalist Sağınış Namazşamova deyib ki, Bakıda işıq üzü görmüş Qazax şeir antologiyası xalqlarımız və ədəbiyyatlarımız arasındakı əlaqəni daha da genişləndirəcək: “Gələcəkdə Azərbaycan dilini öyrənməyi düşünürəm. Çünki buraya gəldiyim iki gün ərzində az da olsa bu dili başa düşdüyümü gördüm. İndiyə qədər biz digər türkdilli xalqların ədəbiyyatlarını rus dili vasitəsilə oxuyurduq. Bundan sonra isə bu dilləri öyrənərək həmin əsərləri orijinaldan oxumaq istəyirəm”.

G.Faizulla antologiyanı türk xalqları arasında körpü adlandırıb, mədəni əlaqələrin bu cür layihələrlə inkişafının onu çox sevindirdiyini deyib: “Azərbaycanlı qardaşlarımın öz milli kimliyinə, soyuna bağlılığı məni çox sevindirdi”.

Ö.Bacaksız burada özünü yad hiss etmədiyini, Türkiyənin hansısa bir yerindəymiş kimirahat olduğunu deyib: “Dil, mədəniyyət gələcək nəsillərə ədəbiyyatla, şeirlə ötürülür. Bunun üçün Ankarada Azərbaycan şeiri antologiyasının, bu gün isə Bakıda Qazax şeiri antologiyasının təqdimatına qatılmağım mənim üçün çox böyük önəm kəsb edir”.

Təbriz gənc şairlərinin nümayəndəsi Ümid Nəccari antologiyanı türk dünyası ədəbi əlaqələrinin genişlənməsində böyük uğur adlandırıb, Bakıda keçirilən bu cür toplantıların ən böyük önəminin ortaq türk dili haqqındakı müzakirələr olduğunu vurğulayıb.

Şahanə MÜŞFİQ

 





05.12.2017    çap et  çap et