525.Az

Bakı Slavyan Universitetinin rektoru tələbələrlə görüş keçirdi


 

NURLANA ƏLİYEVA: "TƏLƏBƏLƏRDƏN YALNIZ OXUMAQ TƏLƏB OLUNUR"

Bakı Slavyan Universitetinin rektoru tələbələrlə görüş keçirdi<b style="color:red"></b>

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva qış imtahan sessiyası ərəfəsində I və II kurs tələbələri ilə görüşlər keçirib.

Əvvəlcə I kurs tələbələri ilə görüşən rektor dövlətin təhsil siyasətindən, prezident İlham Əliyevin gənclərə qayğısından, tələbələr üçün hər cür şərait yaradılmasından, universitetlə bağlı nəzərdə tutulmuş mühüm layihələrdən söz açıb. N.Əliyeva bu gün yeraltı sərvətlərimizin insan kapitalına çevrilməsi istiqamətində ciddi işlər getdiyini bildirib. O, tələbələrə müraciət edərək Azərbaycan dövlətçiliyinin keşiyində durmağı, öz elmi potensialları ilə respublikamızın adını ucaltmağı tövsiyə edib.

Rektor gənclərin milli-mənəvi dəyərlərə ehtiramla yanaşmasının önəmini qeyd edərək gənclərimizi ölkəmizin adını və nüfuzunu aşağı salmağa çalışan bədxahların təbliğatına uymamağa çağırıb. O, Azərbaycan gənclərinin ana dilini, ölkəmizin tarixini, mədəniyyətini, ədəbiyyatını dərindən öyrənməsini tövsiyə edib. Ölkə gənclərimizin vətənpərvər ruhda yetişməsində, yüksək təhsil almasında dövlətin gənclər siyasətinin xüsusi önəmini qeyd edən rektor onları da öz hərəkət və davranışlarında nümunəvi olmağa çağırıb.

N.Əliyeva tələbələrə düzgün peşə seçməyin əhəmiyyəti barədə, eyni zamanda, onların asudə vaxtlarını səmərəli keçirmələri üçün bir sıra tövsiyələr verib. O bildirib ki, müasir texnologiya əsrində yaşayan gənc nəslin texnologiyadan düzgün yararlanması, vətənə yeni töhfələr verməyə can atması, dövlətin həyata keçirtdiyi əhəmiyyətli layihələrdə fəal iştirak etməsi gənclər üçün yaradılan münbit şəraitin göstəricisidir. Azərbaycanın bir çox alimlərinin dünya səviyyəsində tanınmasını xüsusi vurğulayan Nurlana Əliyeva Bakı Slavyan Universitetində gənclərin inkişafı üçün beynəlxalq səviyyədə, o cümlədən, dövlət səviyyəsində həyata keçirilən layihələrdən də söhbət açıb.

Universitetin II kurs tələbələrilə görüşdə isə rektor bu cür tədbirlərin universitet rəhbərliyi ilə tələbələr arasında körpü yaradılmasında mühüm rol oynadığını qeyd edib. N.Əliyeva I kurs tələbələrindən fərqli olaraq, II kurs tələbələrinin universitet həyatına, təhsil müəssisənin daxilində qayda-qanunlara daha yaxşı bələd olduqlarını bildirib. N.Əliyeva bu gün BSU-da istedad və qabiliyyətləri ilə fərqlənən xeyli sayda gəncin olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın gələcəyinin, dövlətçiliyimizin bir çox uğurlarının gənclərdən asılı olduğunu vurğulayıb.

N.Əliyeva universitetdə tələbələrin inkişafı, uğurlu gələcəyi üçün hər cür şərait yaradıldığını deyib. O, BSU-nun dünyanın bir sıra aparıcı universitetləri ilə sıx əlaqəsinin olduğunu, beynəlxalq layihələr əsasında tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edib. Rektor universitetdə keçirilən bütün tədbirlərin başlıca məqsədinin tələbələrin intellektual və mənəvi baxımdan inkişafını hədəflədiyini nəzərə çatdırıb: "Biz tələbələrin asudə vaxtının səmərəli keçirilməsi, təhsil şəraitinizin yaxşılaşdırılması, sosial problemlərinizin imkan daxilində həlli üçün əlimizdən gələni edirik. 70 nəfərdən artıq tələbənin yeməkxanadan pulsuz istifadəsinə şərait yaratmışıq. Yatmağa yeri olmayan tələbələrimiz üçün yataqxananın bərbad vəziyyətdə olan otaqlarını təmir etmişik. Məqsədimiz bu ölkəyə, bu millətə xidmət edə biləcək vətənpərvər, hazırlıqlı gənclər yetişdirməkdir".

Qarşıdan sessiyanın gəldiyini vurğulayan rektor biliyin yeganə meyar olacağını bəyan edib. N.Əliyeva tələbələrdən yalnız oxumaq, dərslərə yaxşı hazırlaşmaq, imtahanın nəticələri ilə həm müəllimlərini, həm də valideynlərini sevindirmək tələb olunduğunu bildirib.

CEYHUN

 





20.12.2017    çap et  çap et