525.Az

Cümhuriyyətin milli yadigarı


 

BAKI DÖVLƏT UNİVERSİTETİ 100 İLİN ASTANASINDA

Cümhuriyyətin milli yadigarı<b style="color:red"></b>

Xalqın, millətin tarixi yaddaşı deyilən bir anlayış var. Bu anlayış öz mahiyyətində hər bir xalqın həyatında tarixən baş vermiş və özünün tale yüklü olması ilə yaddaşlara çökən hadisələri nəzərdə tutur.
 
Belə hadisə və faktlar haçansa, hansı ictimai-ideoloji mühitin diqtəsi ilə unudulsa da, tarix onu yenidən yaşatmaq üçün öz missiyasını görməli olur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürdü, imperiya siyasətinin qurbanı oldu, sovet ideologiyasının qadağaları altında sıxıldı, uzun müddət haqqında danışmağa qoymadılar. Amma Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq dövründə elə işlər gördü ki, nəinki tarixin, habelə millətin yaddaşına  çökdü. Belə müqəddəs faktlardan biri Azərbaycanda universitetin yaradılması hadisəsidir. M.Ə.Rəsulzadə Xalq Cümhuriyyəti Parlamentinin 21 avqust 1919-cu il tarixli iclasında universitetin açılması haqqında müxtəlif rəyləri şərh edir və göstərirdi ki, belə bir elm-tədris müəssisəsi üçün professor heyətinin əsası da hazırdır. Onun fikrincə, əlbəttə, “yaxşı olardı ki, bu elm və mədəniyyət mənbəyi türkcə olaydı”.  M.Ə.Rəsulzadə göstərirdi ki, “bu universitet tezliklə mütləq türkcə olacaq. Ancaq indiki şəraitdə bütün maneələri dəf edib darülfünu açmaq lazımdır”. O, universitetin və orada tədrisin təşkili sahəsində Rusiya, Yaponiya, Türkiyə təcrübəsini misal gətirərək çətinliklərdən qorxmamağa çağırırdı. Bu çağırış və cumhuriyyətin fəallığı ilə ilk müstəqil dövlətimizin milli universiteti yarandı.

İllər ötdü və xalqımız ağır məşəqqətlərdən keçib öz müstəqilliyini yenidən qazandı. Yenidən qazandı və Xalq Cümhuriyyətinin 70 il qadağan edilmiş üçrəngli bayrağını ilk dəfə Naxçıvanda Dövlət bayrağı kimi qaldıran Ümummilli liderimiz Heydər Əliyev bu müstəqil dövlətin bütün atributlarını, arxitektonikasını qurandan sonra dedi: “Müstəqilliyimiz dönməzdir, əbədidir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu dövlətin həmin bayrağını ən böyük beynəlxalq təşkilatlarda, bu ölkənin sözünü dediyi mötəbər yığıncaqlarda söz kürsüsünün önünə çıxardı və fəaliyyətinin bütün istiqamətlərində qürur hissilə Xalq Cümhuriyyətinin qiymətini verdi. Həmin qiymətlər silsiləsində Prezidentimizin bu yaxınlarda dediyi bir fikri tarixi cümhuriyyəti yenidən elmi, ictimai, siyasi düşüncəyə qaytardı: “Biz bu il müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktik fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”. Dövlət başçımızın cümhuriyyətə bu qiymətini yüzlərlə fakt şərtləndirir. Və bu faktlar içərisində biri də mövcuddur ki, həmin fakt xalqın, millətin taleyində yarandığı gündən misilsiz rol oynamaqdadır. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin bütov bir millətə yadigarı olan Bakı Dövlət Universitetidir. Bu universitetin adı gələndə Ulu Öndərimizin sözlərini xatırlamalı oluruq: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir. O, yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilmişdir. Ölkəmizdə yaranan elmi-tədqiqat  institutlarının əksəriyyəti, elm ocaqlarının hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür. Bakı Dövlət Universiteti elm və təhsil məbədi olmaqla yanaşı, hər zaman Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında böyük xidmətlər göstərmiş bir məktəb rolunu oynamışdır”.

Bakı Dövlət Universiteti əslində, elə bu məqsədlə yaradılmışdı. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti müstəqillik mücahidi M. Ə. Rəsulzadənin başçılığı ilə universiteti təsis edəndə bu xalqın, bu millətin sabahını nəzərdə tutmuşdu. Azərbaycanın XX əsr boyu keşməkeşli tarixi universitet missiyasının real gerçəkliyini yaddaşlara yazdı. “Azərbaycan dövlətçiliyinin etibarlı sosial dayağı olan Bakı Dövlət Universiteti” (akademik Abel Məhərrəmov) öz inkişafının müasir mərhələsində böyük uğurlara imza atmışdır.

Müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev bu müqəddəs məbədin müasir fəaliyyətini belə qiymətləndirir: “Bakı Dövlət Universiteti yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaradılması yolunda boynuna düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına yeni töhfələr verir”. Prezident bu bir neçə sətirlik fikirlərində Bakı Dövlət Universitetinin fəaliyyətini ümumiləşdirmişdir. Həqiqətən, Bakı Dövlət Universiteti bu gün üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir.  Qeyd olunmalı ən vacibi isə odur ki, müasir universitet öz şərəfli tarixinin uğurlu davamı yönündə çalışır. Belə bir yol isə istiqamətini həmişə öz rəhbərliyindən, bu rəhbərliyin Vətənə, millətə, elmə, təhsilə, dünyaya inteqrasiya ideallarına bağlılığından alır.

Universitetin akt zalı adlandırdığımız böyük salonunun girişində-geniş foyedə diqqəti çəkən bir lövhə var. Bu lövhə Bakı Dövlət Universitetinə yaranış tarixindən bu günədək rəhbərlik etmiş rektorların və universitetimizin fəxri doktoru dərəcəsini almış bir çox dövlət, elm və ictimai xadimin, habelə görkəmli xarici dövlət xadimlərinin şəkillərini əks etdirir. Lövhədə 24 rektorun şəkili var. Və həmin o 24 rektorun hər biri universitetimizə ləyaqətlə başçılıq etmiş, hətta bəziləri (T.A. Şahbazi, B.C.Həsənbəyov) 1930-cu illərin sovet repressiyasının qurbanları olmuşdur. Ancaq universitetimizin bəxti bir də onda gətirmişdir ki, ona rektorluq etmiş böyük elm, təhsil, mədəniyyət xadimlərinin hər biri xalqın, min-min universitet məzununun qəlbində əbədi yuva qurmuşdur. Bu gün bu böyük və müqəddəs məbədə rəhbərlik edən Abel Məhərrəmov sələflərinin ləyaqətli davamçısı kimi Bakı Dövlət Universitetini bütün istiqamətlərdən yüksək inkişaf səviyyəsinə çatdırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qayğısı universitetin yüksək inkişafını təmin edir. Prezidentin 2009-cu il 24 noyabr tarixli sərəncamına əsasən, BDU-nun 90 illiyinin qeyd olunması mərasimində İlham Əliyev öz çıxışında bu böyük elm və təhsil müəssisənin inkişaf tariximizdəki yerini yüksək qiymətləndirdi və sanki universitetin portretini cızdı: “Bakı Dövlət Universitetinin çox gözəl və böyuk tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ümrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o, zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq,  Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün də bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənləri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxuması və təhsilə verdikləri önəm vardır”.

Başa düşürəm, bir qəzet məqaləsi üçün bu sitat böyük görünə bilər. Lakin o da var ki, Prezidentin çıxışındakı bu məqam Bakı Dövlət Universitetinin tarixi inkişaf  yolunu çox dəqiq ifadə edir. Və burada universitetin müasir inkişafı ilə bağlı fikirlər bir daha qürur doğurur.

İndi Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident sərəncamından irəli gələn vəzifələrin icrasına başlanıb. Universitet Elmi Şurası bu sərəncamla bağlı tədbirlər planı hazırlayıb və təsdiq edib. Xalqımızın qürur mənbəyi olan Universitetimizin  bu gün dünya universitetləri sistemində özünün layiqli yeri var. Bakı Dövlət Universiteti son 15 ildə dünyanın 100-dən çox adlı-sanlı universiteti ilə qarşılıqlı yaradıcılıq məqsədi daşıyan memorandum-niyyət protokolu imzalamışdır. Bu qarşılıqlı münasibətlər sayəsində həmin universitetlərin təmsil olunduğu ölkələrin bir çoxunda BDU-nun diplomu tanınır. Xarici universitetlərlə bu münasibətlər elmin, təhsilin inkişafı ilə bərabər, ölkəmizin beynəlxalq aləmdə tanınması prosesinə də təkan verir.

Yuxarıda qeyd etdiyim kimi, Bakı Dövlət Universitetinin tarixi inkişafı həm də ona rəhbərlik etmiş və etməkdə olan rektorların xalq, dövlət, vətən qarşısında öhdəliklərinə necə əməl etməsindən çox asılıdır. BDU rektorlarının tarixən hamısının yüksək vətəndaşlıq ləyaqəti, elmi səviyyəsi olmuşdur. Ümumilli Liderimiz Heydər Əliyevin 11 yanvar 1999-cu il tarixli sərəncamı ilə Bakı Dövlər Universitetinə rektor təyin edilmiş Abel Məhərrəmovun böyük təşkilatçılıq qabiliyyəti, elmi nüfuzu sayəsində universitetimizin beynəlxalq səviyyədə qəbul olunması prosesi özünün yüksək zirvəsinə çatmışdır. A.Məhərrəmov AMEA-nın və Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür. Ayrıca qeyd edək ki, Azərbaycan elmi mühitində A.Məhərrəmov Rusiya Elmlər Akademiyasının yeganə həqiqi üzvüdür.

Abel müəllim Əməkdar Elm xadimidir. Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltib edilib. O, bir sıra beynəlxalq qurumların rəhbəri və üzvü kimi də böyük nüfuza malikdir. Bütün bunlar təkcə rektorun şəxsi uğurları kimi deyil, həm də Azərbaycanın elmi potensialının gücünü beynəlxalq müstəviyə çıxaran faktlardır.

İndi ötən hər gün Bakı Dövlət Universitetinin yüz illik yubileyini bizə yaxınlaşdırır. Bu gün təkcə bu möhtəşəm universitetin 22 minlik kollektivi deyil, bütün Azərbaycan xalqı, Vətənə, millətə bağlı, elmə, təhsilə, inkişafımıza bağlı hər kəs öz əməli və düşüncələri ilə bu yubileyə hazırlaşır. Şərqdə ilk demokratik dövlət kimi tarixdə öz izini qoyub getmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli yadigarı olan Bakı Dövlət Universitetinin 100 illik  yubileyinin xalqımız, dövlətimiz tərəfindən ləyaqətlə qarşılanacağı faktı hər gün özünü göstərməkdədir.

 





12.02.2018    çap et  çap et