525.Az

"Jurnalist" - Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin qəzeti


 

"Jurnalist" - <b style="color:red">Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin qəzeti </b>

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

AZƏRTAC

Redaksiyadan

Milli azadlıq mübarizəs

inin nəticəsi kimi 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli, demokratik respublika quruldu: Azərbaycan Xalq Cümhuriyyəti. 23 ay yaşamasına baxmayaraq, bu qısa vaxt ərzində AXC böyük işlərə imza atdı: 155 parlament iclası keçirildi, onun müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı, 230-a yaxını qəbul olundu, Bakı Dövlət Universitetinin əsası qoyuldu, gənclər (100 nəfər)  xarici ölkələrə təhsil almağa göndərildi və s.

1991-ci ildə Şimali Azərbaycanda ikinci dəfə dövlət müstəqilliyi bərpa olunduqdan sonra  Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirən bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan yaradıldı.  Bu gün tariximizin həmin şərəfli dövrünü xatırlamaq, yaşatmaq, qorumaq hər kəsin borcudur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamı ilə AXC-nin 100 illik yubileyinin respublika səviyyəsində geniş şəkildə qeyd edilməsi və buna uyğun olaraq, bir sıra tədbirlərin həyata keçirilməsi təsdiq olunub. Biz də bu cərgədə özümüzü görərək qəzetimizin Cümhuriyyətin 100 illiyi ilə bağlı xüsusi nömrəsini nəşr etməyi borc bildik. Çünki hər kəs bu irsə, dəyərə müxtəlif yollarla, formalarla sahib çıxdığı kimi jurnalistlərin də öhdəsinə düşən ən böyük vəzifə, keçirə biləcəyi tədbir yazmaqdır. Cümhuriyyətimiz həm də bizə Bakı Dövlət Universitetini yadigar qoyub. Bizim bu təşəbbüsü göstərməyimiz, iş görməyimiz üçün başlıca səbəblərdən də biri məhz BDU-nun tərkibində bir mətbuat orqanı olmağımız və universitetlə AXC-nin bağlılığını unutmamağımızdır.

"Jurnalist" qəzetinin Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tribunasına çevrilməsindən artıq 52 il ötür. Bu gün, müasir "Jurnalist" təkcə BDU Jurnalistika fakültəsi tələbələrinin deyil, həm də digər fakültələr, o cümlədən, müxtəlif yerli və xarici ali təhsil müəssisələri nümayəndələrinin çıxış etdiyi bir qəzetdir. "Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı xüsusi buraxılışımızın hazırlanmasında da müəlliflərin müxtəlifliyi özünü göstərib. Burada fakültəmiz, eləcə də  universitetimizin digər fakültələri, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası da tələbələr, magistrant, doktorant və dissertantların imzaları ilə təmsil olunub.

AXC-nin 100 illik tədbirləri sırasında bizim də kiçik bir rolumuzun olması çox qürurvericidir. Buna görə də həvəs və sevgi ilə yazı göndərib bizimlə əməkdaşlıq edən hər kəsə, eyni zamanda, qəzetimizə yer verdiyi üçün "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və kollektivinə dərin təşəkkürümüzü bildiririk!

 Azərbaycanın fədakar qurucularının hər birini hörmət və sevgi ilə anır, xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik edirik. Həmçinin, gələcək nəsillərə müstəqil və şanlı Azərbaycanın neçə-neçə 100 illiklərini qeyd etmələrini səmimi qəlbdən arzulayırıq!

Qafqaz dağı, yol ver bizə! Biz Bakıya çatacağıq!

Şəbnəm ZAHİRQIZI
Jurnalistika fakültəsi, ll kurs
 

Torpaqlarının yarısı Rusiya, yarısı İran tərəfindən zəbt edilmiş, çarizmin   müstəmləkəsi  altında  yaşamış, ruslaşdırma  siyasətinin qurbanına çevrilmiş xalqın  istiqlal günəşinin parladığı gün - 28 may 1918-ci il.  Milli Şuranın qərarı ilə  həmin gündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edildi. Artıq  Azərbaycan  xalqı azadlığın göstəricisi olan hakimiyyətə,  milli orduya, bayrağa, himnə, doğma ana dilinə və ən əsası özünə, öz milli kimliyinə qovuşdu. Bu daha çox qonşuluğunda müstəqil türk-islam dövlətinin var olmasını qəbul etməyən Rusiyanı narahat  edirdi.

Azərbaycanın ən böyük dəstəkçisi, əsl böyük qardaşı Osmanlı oldu.  Birinci  Dünya  müharibəsində Fələstin və Suriya ərazisində getmiş döyüşlərdə türk ordusu məğlub oldu. Beləliklə, "Üçlər İttifaqı"nın digər üzvləri kimi Osmanlı da məğlub dövlətlər sırasında idi. Dövlət daxilində  hakimiyyət uğrunda mübarizə, xarici aləmdə münaqişələrin olması Osmanlı-Azərbaycan münasibətlərinə təsir göstərməyib. İstər hərbi, istərsə də digər məsələlərdə Osmanlı hökuməti öz köməyini əsirgəməyərək imdadımıza çatıb. 1918-ci ilin 4 iyununda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda ikitərəfli müqavilə bağlandı. Müqavilənin 4-cü maddəsində  qeyd edilir: "Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən tələb hasil olduğu təqdirdə Osmanlı hökuməti daxili intizam və asayişin təmini üçün gərəkli silahlı qüvvə ilə yardım edəcəkdir".

Hökumətin Tiflisdə yerləşməsi mərkəzi hakimiyyətin narazılığına səbəb olmuşdu. Tiflisdən Gəncəyə köçmüş idarə heyətinin istəyi Bakıya doğru irəliləmək idi. Məhəmməd Əmin Rəsulzadə "Bakısız  Azərbaycan başsız bədəndir" deyərək  Osmanlı ordusunu köməyə çağırmağın vacib olduğunu bilirdi. Bakı olmadan qüdrətli Azərbaycan yaratmaq olmazdı.  "İttihad və Tərəqqi" partiyasının bir qrup üzvü Osmanlılara belə bir müraciət etmişdilər: "Ey türk ordusu, gəl! Gəl, Çingiz xan və Teymurləngin izləri buradadır. Biz böyüklərlə gənclər sənə ilhaq etmək və səninlə bərabər  əcdadlarımızın yurduna yürümək üçün müntəzirik". Nuru  paşanın  başçılığı ilə Gəncəyə daxil olmuş Qafqaz İslam Ordusu bir neçə  hücumdan sonra  Bakıya yaxınlaşdı. Şəhərə uğurlu hücum təşkil etmək və tezliklə azad etmək üçün  güclü orduya ehtiyac var idi. Nuru paşa ordu  komandanlığına  müraciət  edərək  dərhal  yardım  göndərilməsini  xahiş etdi. Çünki  əlavə  qüvvələr  göndərilməsə,  Bakını azad  etmək çətin olacaqdı. Bakı  ətrafındakı  kəndlərdən  könüllü  toplanmağa  başlanıldı. "Sentrokaspi" ordusu belə  Qafqaz  İslam  Ordusunun  qətiyyətini  və  əzmkarlığını  qıra  bilmədi.  Böyük  hazırlıqlardan sonra  Bakı  üzərinə  həlledici  hücum 14  sentyabr tarixinə təyin  edildi. Bütün  hərbi  qüvvələr  şəhər  üzərinə  hücum  üçün  hazırlıqlı  idi. 36 saat davam etmiş şiddətli  döyüşdən sonra  "Sentrokaspi" nümayəndəliyi  şəhəri   təslim  etmək  qərarına  gəldi.  Beləliklə,  Bakı  şəhəri  Qafqaz  İslam  Ordusunun  tam nəzarətinə  keçdi.  Nuru paşa  Bakının  azad  edilməsi  ilə  Gəncədəki   Azərbaycan  hökumətinə  teleqraf  göndərdi.  Sentyabrın  16-sı  Nuru  paşa,  Xəlil paşa, Əliağa  Şıxlinskinin  iştirakı  ilə  rəsmi keçidlə  şəhərə  daxil  olundu. Şəhər  əhalisi  Qafqaz  İslam  Ordusunun  döyüşçülərini  salamlayır,  onları  böyük  coşğu  və  sevinclə  qarşılayırdılar.

Bakının azad edilməsi, Türk ordusunun və diplomatiyasının qələbəsi Azərbaycan üçün tarixi hadisə idi.  Osmanlı  dövlətinin  baş vəziri  Tələt  paşa  Əlimərdan  bəy  Topçubaşovla görüşündə qeyd edir: "Niyyətimizə çatdıq.  Azərbaycanın  paytaxtı   Bakının azad   edilməsi  Osmanlı  dövləti  üçün  siyasi-iqtisadi,  mənəvi  dəyərə  malikdir".  Türk  ordusunun  Bakının  azad  edilməsindəki siyasi səbəbi Batum  müqaviləsinin 4-cü maddəsi, mənəvi səbəbi isə Azərbaycan türklərinə qarşı törədilmiş 31 mart soyqırımıdır.

Türkiyə  mətbuatı  Bakının azad edilməsinə xüsusi önəm verib. "Yeni gün" qəzeti yazır: "Azərbaycanlı qardaşlarımız Bakını azad etmişdir. İndi Bakı meydanlarında  Azərbaycan  bayraqları  dalğalanır".  Bakı  azad  edilərkən  Məhəmməd Əmin Rəsulzadə İstanbulda idi.  O, Fətəli xan Xoyskiyə teleqram göndərərək  Azərbaycan  nümayəndəliyini  təbrik  etdi: "Hürriyyət  və  istiqlaliyyət  uğrunda  çarpışan  türk  millətinin  istinadgahı  olan  Bakının  qurtuluşu   münasibətilə  rəisi  bulunduğunuz  hökuməti  candan  təbrik  edər  və salamlaram". Qafqaz İslam Ordusu təkcə Bakının yox, Qarabağ, Naxçıvan, Zəngəzur   torpaqlarının müstəqilliyi naminə də mübarizə aparıb.

Azərbaycanın   müstəqillik  qazanması ilə erməni separatizmi daha da  genişləndi.  Azərbaycan türklərinin  Qarabağı  idarə  etməsi  ilə  barışmayan  ermənilər əhalini  məcbur  edirdilər ki,  Qarabağı  Azərbaycandan ayrı bölgə kimi  tanısınlar. Elə  həmin  gün  Nuru paşanın əmri ilə  bura  hərbi  qüvvələr  göndərildi. Cəmil Cahid  bəy ermənilərə  Azərbaycan   hökumətinin  qanunlarına   tabe  olmaları  barədə ultimatum  verdi. Erməni silahlılarının  göstərdiyi  cəhdlərə  baxmayaraq, Qafqaz İslam Ordusu Şuşaya daxil oldu. Azərbaycan və Qafqaz İslam Ordusunun  tarixində  böyük  önəmi olan bu qələbədə  Cəmil  Cahid   bəy   böyük  xidmətlər göstərib.

Birinci Dünya müharibəsində məğlub  olmuş  Osmanlılar ABŞ  və  İngiltərənin tələblərini yerinə yetirməyə məcbur idilər. Əlimərdan  bəy  Topçubaşov  sədrəzəm  İzzət  paşaya  Azərbaycan  Xalq  Cümhuriyyətinin   müstəqilliyinin  qorunması  üçün  göstərdikləri  qəhrəmanlığa görə minnətdarlığını bildirərkən, o, belə  cavab verir: "Böyük  qardaş kiçik  qardaşa  kömək  etməlidir  və  edəcək. Lakin  siz özünüz də  görürsünüz  ki,   şərait  dəyişmişdir. İndi   məsələləri  biz  yox, Vilson  həll  edəcək". Bakının azad  edilməsində, Azərbaycanda asayişin yaradılmasında mərdliklə mübarizə aparmış  Nuru paşa və  silahdaşları  bir daha tarix qarşısında  sübut etdilər ki,  vəfalı  türk  öz qardaşı  uğrunda  ölümə də hazırdır. AXC-nin müstəqilliyi naminə  şəhid olmuş 1030 türk əsgərini sayğı və qürurla  anır, milli qürurumuz - istiqlalı bizə bəxş etmiş həmvətənlərimizin  ruhları önündə baş əyirik!                                                                                 

Türk dünyasının ilk Cümhuriyyəti

Bəşəriyyət yarandığı zamanlardan bəri dünyada bir çox dövlətlər mövcud olub. Bu, sanki əsrlərdir davam edən bir prosesdir. Həyatda heç nə ölümsüz və sonsuz deyil. Hər şeyin bir başlanğıcı və sonu  olduğu kimi, tarixən mövcud olmuş hər bir dövlətin yaranması və süqut dövrü olub. Yaranmış hər dövlət müəyyən xalqın adət-ənənələri, mədəniyyətini özündə ehtiva edir və  həmin xalqın mədəni irsi hesab olunur.

Bir çox xalqların tarix səhifələrində şanlı inkişaf  yolu keçmiş dövrlər var. Həmin dövrlər ki, gələcək nəsillərə nümunə olacaq şəxslər yetişdirib, əsrlərdir danışılacaq xəzinə yadigar qoyub. Bu prosesin baş verməsi bir sıra amillərin formalaşmasından asılıdır. Azərbaycan xalqı üçün də həmin formalaşma prosesi məhz AXC dövrünə təsadüf edir.

AXC-nin qurulmasında dövrün görkəmli şəxlərinin rolu böyükdür. Bu şəxslər həmin zamanın düşünən beyinləridir. O beyinlər ki, xalqın gözünü açıb onlara qaranlıq yolda işıq saçıblar. Axı dövlətin mənbəyi də məhz xalqdır. İnkişaf, yenilik, tərəqqi məhz onun sayəsində mövcud ola bilər. Bu mənada azadlığın mənbəyini də xalq hesab etmək olar. Dünya tarixinə və təcrübəsinə nəzər yetirdikdə görə bilərik ki, hər bir xalqın tarixini dəyişməkdə dövrün ziyalı şəxslərinin rolu böyük olub. Azərbaycan xalqı da AXC dövründə müstəqilliyi heç də asan əldə etməyib. O zaman Azərbaycan istər coğrafi, istərsə də yeraltı və yerüstü sərvətləri ilə digər qonşu dövlətlərin maraq obyektinə çevrilmişdi. Belə vəziyyətdə xalqımız və onun liderləri müstəqillik yolunda əlindən gələni əsirgəməyiblər. Bu baxımdan istiqlaliyyətimizin banisi, AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin xidmətləri danılmazdır. O, yüksək vətənpərvərlik hissi ilə bu vəzifəni öz üzərinə götürdü. Vəziyyət nə qədər çətin olsa da, bizim üçün tək çıxış yolu istiqlaliyyət idi.

XX əsr dünyada baş vermiş müharibələr və bir sıra mürəkkəb proseslərin olduğu dövr kimi tarixə yazılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan qısa  da olsa M.Ə.Rəsulzadə və onun ideya yoldaşları ilə birlikdə  öz istəklərinə, yəni  müstəqil Cümhuriyyəti qurmağa nail olub. 28 may 1918-ci il Türk dövlətləri içərisində ilk Cümhuriyyət məhz Azərbaycanda qurulub. Kənar basqılar, digər iri dövlətlərin hegemonluğu və s. səbəblərdən bu dövlət uzun  müddət yaşamayıb. Lakin bu dönəmdə bir çox vacib işlər görülüb. AXC dövründə həyata keçirilmiş yeniliklərə aşağıdakıları nümunə göstərmək olar:

1. Azərbaycan adı ilk dəfə coğrafi deyil, siyasi-inzibati məna daşımağa başladı;

2. XIX əsrin əvvəllərində itirilmiş dövlətçiliyimiz yenidən bərpa olundu və Şimali Azərbaycan torpaqlarının bütövlüyü qismən də olsa qorundu;

3. AXC müsəlman Şərqində ilk xalq cümhuriyyəti idi. O, müstəqil dövlətin bütün atributlarına - bayraq, himn, gerb, paytaxt, sərhədlər, pul nişanı, orduya malik idi. Müasir AR-ın üçrəngli bayrağı, gerbi və himni AXC yadigarıdır;

4. 1918-ci il mayın 28-də AXC qəbul etdiyi müstəqillik haqqında bəyannamədə müsəlman Şərqində ilk dəfə olaraq dinindən, irqindən asılı olmayaraq, ölkə ərazisində yaşayan bütün millətlərin hüquq bərabərliyi tanındı;

5. Parlamentimizdə müsəlman Şərqində ilk dəfə sayca az olmalarına baxmayaraq, ölkə ərazisində yaşayan bütün xalqlar və fəaliyyət göstərmiş siyasi təşkilatlar təmsil olundu;

6. Şərqdə ilk dəfə qadınlara seçki hüququ verildi və kişilərlə bərabər, qadınlar da ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək imkanı qazandılar;

7. Xalqımız Azərbaycan hüdudlarında olan milli sərvətlərə sahib olmaq və onu xalqın inkişafı yolunda istifadə etmək imkanı əldə etdi;

8. İlk dəfə AXC hökumətinin təşəbbüsü ilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası 1918-ci ilin yazında Bakı quberniyasında Azərbaycan xalqına qarşı bolşevik-daşnak hərbi birləşmələri tərəfindən törədilmiş soyqırımına siyasi və hüquqi qiymət verdi;

 9. İlk dəfə olaraq AXC Nazirlər Şurasının 1918-ci il 27 iyun qərarı ilə Azərbaycan dili dövlət dili elan edildi;

10. Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında 1919-cu ilin sentyabrın 1-də təsis edilmiş Bakı Dövlət Universitetinin rolu misilsizdir;

11. Azərbaycan xalqının müstəqilliyini elan etmiş AXC ilk dəfə olaraq ölkəmizi beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevirdi.

Bütün bunlar həmin dövr üçün çox əlamətdar və fövqəladə hadisələr idi. İndiki müstəqil Azərbaycan Respublikası 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyətinin davamçısıdır. Bu il Cümhuriyyətimizin 100 ili tamam olur. Həmin münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ili "Cümhuriyyət İli" elan edib.

"Vətən uğurunda ölən varsa vətəndir"

Bu mənada Azərbaycan bütün dünyaya nümunə olacaq  neçə-neçə igid oğul və qızlar yetişdirib. Vətənimin məğrur övladları  bizim şərəf mənbəyimizdir və onlara daim borclu olacağıq. Bu gün Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, öz mübarizəsini davam etdirir. Unutmaq olmaz ki, sonda çalınacaq qələbə hamımızındır, bu Vətən bizimdir və ona sahib çıxaraq Vətənə, millətə faydalı övladlar olmalı, həmin yolda hər birimiz üzərimizə düşəni edərək şəxsi məsuliyyət hissini itirməməliyik.

Cümhuriyyətin qutlu olsun, Azərbaycan! Həmişə zirvələri fəth et və azad yaşa!!!

Lalə CƏFƏROVA
Jurnalistika fakültəsi, II kurs

Unudulmaz gün

Gözlənilən sehrli gün gəlib çatmışdı. Bu səhər günəşin şüaları dünyaya daha parlaq yansıyırdı. Bu səhər rəngarəng çiçəklərin ətri daha uzaq diyarlara yayılırdı. Bu səhər bütün gözəlliklər gizləndiyi yerdən çıxıb insanlarla tanış olurdular və məhz bu səhər hamı "müharibə" sözünü deyil, "sevirəm" sözünü müxtəlif dillərdə öyrənirdi. Çünki bu gün Azərbaycanda körpənin ilk təbəssümünün ən məsum sevinci yaşanırdı. Elə o gündən etibarən 100 il boyunca may ayının 28-i insanlara bir başqa sevinc, xoşbəxtlik gətirirdi. Buna görə də hamı uzun müddət öncədən hazırlıqlar görür, böyük sevinclə Respublika gününü qarşılayırdılar.

 O isə hər kəsin dilindəki təbrikləri, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı söhbtləri eşidir, onların gözlərindəki parıltılı ulduzları görür, amma nə olduğunu anlamırdı. Elə buna görə də ətrafda baş verənlər, insanların hərəkətləri balacanın yaşına qalib gəldi. O, həyəcanla babasının kitab rəfinə cumdu. Bəlkə də ilk dəfə idi ki, kitablara maraq duyurdu. Bu marağı da onda anlamağa çalışdığı vəziyyət yaratmışdı. Kiçicik əllərilə qalın kitabları qucağına alır, üzərindəki yazını oxuyub kənara atırdı. Anidən balacanın üzündəki təbəssüm gözlərinə qədər səyahət etdi. Kitabın üzərindəki yazını sevinclə oxudu: "Məhəmməd Əmin Rəsulzadəensiklopediyası"...

İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL

(M.Ə.Rəsulzadə)

"... Bir gün həyatınızı yazacaq bəxtli bir Türk gənci, yaxud da şəxsiyyətinizi canlandıracaq bir Türk sənətkarı, ömrünüzün hər dövrünü qavrayıb anladıqca "nə şərəflidir mənə ki, bu yaşamağa dəyər səhifələri canlandırıram" - deyə sevinəcəkdir, bunların əsərlərini oxuyan və ya seyr edənlər də Sizi daima sonsuz məhəbbət, hörmət və rəhmətlə anacaqlardır".

Elə ilk sətirlər balacanın diqqətini cəlb etdi. Görəsən, onlar bütün insanların sevgisini, hörmətini qazanacaq nə ediblər ki?! - deyə düşünərək qaldığı yerdən oxumağa davam etdi. Bütünlükdə kitaba elə aludə olmuşdu ki, imkanı olsa vərəqləri aralayıb kitabın içinə girəcəkdi. Anidən balacanın təsəvvüründə hər şey hərəkətə gəldi. Pəncərələrdən üçrəngli bayraqlar dalğalanmağa başladı. İstiqlal bayramı insanları birləşdirdi. İlk təbəssümü ilə ətrafa işıq saçan körpə isə artıq ilk addımını da atmışdı. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və s. sahələrdə həyata keçirdiyi işlər Azərbaycan adlı məmləkətin həyatında parlaq səhifələrinə yol açırdı.Bütün bunlar gözünün önündə canlandıqca qeyri-ixtiyari gülümsəyən azyaşlı, artıq digər insanların sevincini duymağa başlayırdı.

Eyni zamanda, balaca kitabı oxuduqca ilk sətirlərdə yazılanları, onların sonsuz hörməti qazanacaq nələr etdiyini anlayırdı. Bəli, Onlar Vətənlərini böyük bir məhəbbətlə sevmiş, onun üçün var qüvvələrilə çalışaraq gələcək nəsillərə örnək olmuş, xalqa, dövlətə qayğı göstərməyi öyrətmişdilər. Onlar 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət, ilk parlament respublikası kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoymuşdular. Onlar Şərqdə ilk dəfə qadına seçki hüququ vermişdilər. Bir sözlə, Azərbaycan vətəndaşlarına hüriyyəti, istiqlalı bəxş etmişdilər. Məhz bu Cümhuriyyətdə xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Bütün bunlar, kitablarda cəmlənən saysız - hesabsız məlumatlar, hadisələr Azərbaycan Xalq Cümhuriyyətini yaratmış və yaşatmışdı. Ən əsası isə həmin sevginin sonsuza uzanması nəticəsində İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü olaraq bu gün də tariximizi işıqlandırır. Balaca Azərbaycan Xalq Cümhuriyyətinin və M.Ə. Rəsulzadənin, F.Xoyskinin, Ə.Topçubaşovun, N.Yusifbəylinin, M.B.Məmmədzadənin və neçə-neçə Cümhuriyyətçlərin bizlər üçün, bu günümüz üçün necə böyük addımlar atdıqlarını düşündüyü anda gözünə iri hərflərlə yaılan bir cümlə sataşdı:

BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ...

Bu an balaca həyəcanla başını qaldırdı və yüksələn üç rəng onun gözlərinə doğru yol aldı. Anladı ki, bir zamanlar ilk təbəssümü ilə əvəzsiz hislər bəxş edən körpənin böyüyərək böyütdüyü 100 ildən bizə qalan izlər təkcə kitablarda deyil, bütövlükdə Azərbaycanın və azərbaycanlıların ruhunda, Vətən üçün atdıqları hər addımda, milliyətləri ilə fəxr etdikləri bütün məqamlarda yaşayır və yaşayacaq...

Günel İLQAR
Jurnalistika fakültəsi, III kurs

Yüz illik dünən

Telli ƏZİZOVA
Jurnalistika fakültəsi, II kurs
 

Azərbaycan Xalq Cümhuriyyəti  dövlətçilik tariximizdə silinməz izlər nəqş edib. Cənubi Qafqazın ən gözəl guşələrini köksündə bəsləyən ana yurdumuz ta əzəl gündən bu torpaqlar uğrunda dəfələrlə döyüş meydanına çevrilib. Xalqımızın keçdiyi bu ağır sınaqlara, keşməkeşli  həyat yoluna yaxşıca bələd olan görkəmli Azərbaycan maarifçiləri, ürəkləri hürriyyət  uğrunda çırpınan yurdun mərd oğulları vahid  məfkurədə birləşib, istiqlala qovuşmaq üçün hər vəchlə çarpışıblar.  Təsadüfi deyil ki, 1906-cı ildə Dövlət Dumasında iştirak etmiş İsmayıl bəy Ziyadxanov öz çıxışında mərdliklə qeyd edib: "Biz buraya qan gölünə çevrilmiş vətənimizdə insan cəsədlərinin üzərindən keçib gəlmişik!"

"Məhz buna görə də, AXC o zamana qədər qurulmuş demokratik dövlətlərin hamısından demokratik idi. Çünki Cümhuriyyətimizin  qurucuları zülmün dadına yaxşı bələd idilər" (Yaqub Mahmudov).

1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin buraxılması nəticəsində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası bəyan etdi və ertəsi gün, mayın 28-i Tiflisdə AXC-nin yaradılmasını 6 bəndlik  "Milli İstiqlal Bəyannaməsi"nin imzalanması ilə təsdiqlədi.

AXC dünya ictimaiyyətinə özünün demokratik quruluşunu çatdırmaq  və beynəlxalq aləmdə tanınmasına nail olmaq istəyirdi. Bütün bu səylər nəticəsində  o, Əlimərdan bəy Topçubaşovun  timsalında idarə heyətinin Paris sülh konfransında iştirakını, 1920-ci ilin yanvarında Cümhuriyyətin dünya dövlətləri tərfindən  de-fakto taınmasını təmin etdi. Yenicə addım atmış körpə Cümhuriyyətimiz  üçün bu uğurlar  ağılasığmaz dərəcədə  böyük və danılmaz  idi. 1918-ci il 7 dekabrda  H.Z.Tağıyevin keçmiş Qızlar məktəbinin binasında müsəlman Şərqində demokratik prinsiplər əsasında ilk parlamentin fəaliyyətə başlaması da AXC-nin demokratik dövlət quruluşunun sübutlarından biridir.

"Lakin Azərbaycanın parlament tarixi Tiflisdən başlayır.  Zaqafqaziya Seyminin müsəlman fraksiyasındakı 44 deputat bizim parlamentimizin ilk rüşeymləri idi" (Y. Mahmudov).

Xalq Cümhuriyyəti apardığı uğurlu xarici siyasətin yekununda qonşu  və eləcə də digər xarici ölkələrlə dostluq əlaqələri qura bilmişdi. Amma maarifin olmadığı, cəhalətin hökmranlıq etdiyi bir torpaqda demokratiyadan bəhs etmək qəliz məsələ olardı. Bu səbəbdən ziyalıların dəstəyi ilə 100 tələbə xaricə təhsil almağa göndərildi. AXC parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı əsasında Bakıda ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti fəaliyyətə başladı.

"Universitetin ilk rektoru Kazan universitetinin professoru  V.İ. Razumovski təyin olundu. Onu Bakıda qalmağa razı salan əsas şəxsiyyət Behbud bəy Şahtaxtlı idi" (Nəsiman Yaqublu).

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarındn biri, Milli Şuranın sədri olmuş M.Ə.Rəsulzadə bu universitetdə  ana  dilində  təhsil alanlar cərgəsində idi.

AXC cəmi 23 ay yaşasa da, bu qısa zaman kəsiyində misilsiz uğurlara imza atdı, xalqı azadlıq, hürriyyətə qovuşdurdu. Bu səbəbdən, yüz il də keçsə, min il də keçsə, Əli bəy Hüseynzadə, Məhəmmədhəsən Hacınski, Fətəli xan Xoyski,  Əlimərdan bəy Topçubaşov,  Məhəmməd Əmin Rəsulzadə  və daha yüzlərlə istiqlaliyyət  carçılarının  adları çəkildiyində qəlbimizdə azadlıq, istiqlaliyyət  eşqi  bu gün də coşmaqda davam edir. Yüz ili başa vuracaq bu tarix ona görə "dünən"dir ki, bu şanlı səhifələri yazanlar bizə dünən qədər yaxındırlar. Bizə 100 illik miras qoyub getsələr belə... 

AXC-nin xarici siyasətinə dair

Jalə VAQİFLİ
Azərbaycan Dövlət İqtisad Universiteti, magistrant
 

XX əsrin əvvəllərində dünyadakı gərgin siyasi proseslər fonunda Azərbaycan hər dönəm olduğu kimi böyük güclərin maraq dairəsində dayanırdı. Xüsusilə, I Dünya müharibəsi illərində ölkə Yaxın və Orta Şərqə nəzarət, enerji qaynaqlarının zənginliyi, Rusiyaya qarşı önəmli strateji mövqedə olması baxımından çox önəmli yer tuturdu. Təsadüfi deyil ki, Rusiyanın sahiblik etdiyi neftin 83%-i məhz Azərbaycandan çıxarılırdı. Müharibənin sonlarına doğru böyük güclərin dünyanı maraq dairələrinə bölmək istəyi, Rusiyanın Qafqazda nəzarəti itirmək qorxusu, Osmanlı imperiyasının regionda maraqları, regiondaxili separatçı qüvvələrin təzyiqi, enerji mənbələri uğrunda dünyada gedən mübarizə Azərbaycanda əsrin əvvəllərindən güclənmiş siyasi proseslərin qarşısında sədd ola bilmədi və nəhayət, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Yarandığı gündən etibarən beynəlxalq münasibətlər sistemində özünə yer tutmağa çalışmış Azərbaycan bir sıra diplomatik uğurlar qazanmışdı. Qısa zaman kəsiyində daxili siyasətdə ərazi bütövlüyü uğrunda mübarizə, daxili sabitliyin qorunması, bir sıra xarici qüvvələrin, xüsusilə ingilislərin ölkədən çıxarılması, bir sıra iqtisadi, siyasi, mədəni islahatların aparılması kimi çətinliklər mövcud idi. Xarici siyasətdə isə əsas hədəf Azərbaycan istiqlalının dünya ölkələri tərəfindən tanınmasına, qonşularla münasibətlərin normallaşdırılmasına çalışmaq idi. Bütün bu problemlərə baxmayaraq, AXC 23 aylıq şərəfli müstəqillik dönəmində istər daxili, istərsə də xarici siyasətdə inanılmaz uğurlara nail oldu. AXC-nin ilk xarici siyasət uğuruna 1918-ci ilin iyununda Osmanlı dövləti ilə ilk beynəlxalq müqavilə olmuş Batum sülh müqaviləsinin imzalanmasını nümunə göstərə bilərik. Bu, bərpa edilmiş Azərbaycan dövlətçiliyinin müdafiəsi üçün etibarlı hərbi-siyasi dəstək idi. Bundan başqa, dövlətin tanınması uğrunda Ə.Topçubaşovun rəhbərliyi ilə yaradılmış nümayəndə heyəti AXC-nin ən böyük xarici siyasət uğurlarından hesab edilməlidir. 1918-ci ilin sentyabrından uzun sürən mücadilədən sonra 1920-ci ilin yanvar ayında sülh nümayəndəliyinin səyləri nəticəsində AXC böyük dövlətlər tərəfindən de-fakto tanındı və Paris sülh konfransının bərabərhüquqlu iştirakçısı kimi müəyyən əlavə səlahiyyətlər qazandı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 aylıq dövr ərzində qonşu dövlətlərlə sıx münasibətlər yaratdı, Dağlı Respublikaları ilə qarşılıqlı müqavilələr imzalandı, ərazi münaqişələrinin olmasına baxmayaraq, Gürcüstanla münasibətlər normallaşdırıldı, Ermənistanın ərazi iddialarına layiqincə cavab verildi. Həmçinin, İranla diplomatik münasibətlər quruldu, AXC İran tərəfindən de-yure tanındı, 1920-ci ildə Adil xan Ziyadxan səfir kimi Tehranda fəaliyyətə başladı. 15-dən çox ölkənin Bakıda nümayəndəliyi açıldı. Bunlar hamısı Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlar kimi qiymətləndirilməlidir. Təəssüf ki, bütün bu uğurlar 1920-ci ilin aprel ayınadək davam etdi. XX əsrin sonlarında AXC-nin hüquqi, siyasi varisi kimi Azərbaycan çətin beynəlxalq şəraitdə yenidən öz müstəqilliyini elan etdi və biz bu gün müstəqil Azərbaycan Respublikasının vətəndaşıyıq.

"Cümhuriyyətimizin keşiyində ayıq-sayıq durmalıyıq"

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 ili tamam olur. Həmin münasibətlə AXC dövrü jurnalistikasının tədqiqatçılarından olan, Bakı Dövlət Universiteti (BDU) Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti, Əməkdar jurnalist Qərənfil Dünyamin qızından (Quliyeva) müsahibə aldıq:

- Qərənfil xanım, əvvəla, sizi "Ali Media Mükafatı"na layiq görülməniz münasibətilə təbrik edirik.

- Sağ olun! Sizə də qismət olsun.

- Təşəkkürlər!  Bu il AXC-nin 100-cü ildönümüdür. Siz Cümhuriyyət dövrünün tədqiqatçısı kimi hansı işləri görürsünüz?

- Əvvəlcə, onu qeyd edim ki, hələ Cümhuriyyətin yüz illiyindən bir neçə il əvvəl "Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)" adlı (I hissə 2005-ci il, II hissə 2011-ci ildə) monoqrafiyam işıq üzü görüb. Hazırda əməkdaşı olduğum "Kaspi" qəzetində "Cümhuriyyət -100" rubrikası altında silsilə şəkildə Cümhuriyyətin qurucuları və BDU-nun yaranmasında, idarə edilməsində böyük əməyi olan şəxslərlə bağlı "BDU rektorları" sərlövhəsi ilə məqalələrim dərc olunur. Bu məqalələr 2018-ci ilin son ayına kimi davam edəcək. Sonra həmin yazılar yığılaraq toplu şəklində nəşr olunacaq. Hazırda "İstiqlal bəyannaməsi"nə imza atmış 26 Cümhuriyyət qurucularından 11-ci, "BDU rektorları"ndan isə səkkizinci ilə bağlı yazı çap prosesindədir. Bu dövrlə əlaqədar tədqiqat apararkən hər dəfə çox maraqlı, dəyərli faktlarla rastlaşıram. Bu illər xalqımızın tarixində və taleyində çox şərəfli bir mərhələdir.

- Qərənfil xanım, 20-ci yüzillikdə xalqımız iki dəfə öz müstəqilliyinə qovuşdu. Tarixin səhifələrini vərəqləsək, hansı yolun daha çətin olduğunu görərik? 1918-20-ci illər, yoxsa 1988-1991-ci illər?

- Azadlıq qan-qada bahasına başa gəlir, qurbanlar tələb edir, bu, təlatümlü, ziddiyyətli hadisələrlə "zəngin" olan 20-ci yüzilliyin əvvəllərində də belə olub, sonunda da. 1918-20-ci illər Azərbaycan xalqının müstəqil dövlətçilik, azadlıq, istiqlal tarixində ən fərəhli, ən munis bir dövrdür. Xalq azadlığına qovuşmaq üçün mübarizəyə qalxdı və buna nail oldu. İstər 1918-20-ci illərdə, istərsə də 1988-1991-ci illərdə. 1988-91-ci illərdə başlanmış milli azadlıq uğrunda mübarizənin başında bilavasitə 1918-20-ci illərdə olduğu kimi mətbuat durdu. Bu imtahandan üzü ağ çıxmaq üçün xalq öz klassiklərinə üz tutdu və onlardan bəhrələndi, xüsusən də 1918-20-ci illərdə. Beləliklə, hər iki dövrdə azadlığımıza nail olmaqda milli demokratik mətbuatın ölçüyəgəlməz dərəcədə böyük yeri və rolu var. Və bu gün Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, inkişaf etdirmək üçün müstəqilliyimizin ilk illəri olan 1918-20-ci illərin təcrübəsinə dönə-dönə müraciət etməliyik. Çünki bu illərin gənc Cümhuriyyətimizin yaranmasında, dövlətçilik prinsiplərinin əldə olunmasında tarixi rolu danılmazdır.

- Tələbələrinizin Cümhuriyyətə hədiyyəsi varmı?

- Əlbəttə. II və III kursun tələbələrindən bir neçəsi Cümhuriyyətin yubileyinə hədiyyə olaraq müxtəlif janrlarda yazılar hazırlayıblar. May ayında həmin yazılar "Kaspi" qəzetində silsilə şəkildə dərc olunacaq. Mən hər dəfə auditoriyada tələbələrimə tövsiyə edirəm ki, klassiklərimizin bizə əmanət etdikləri Cümhuriyyəti onların adına-sanına layiq qoruyaq və yaşadaq. Həmçinin, BDU Jurnalistika fakültəsinin qəzeti olan və auditoriyasında tələbələr təmsil olunan "Jurnalist"in AXC-nin 100-cü ilinə həsr olunmuş xüsusi buraxılış hazırlamağı təqdirəlayiq təşəbbüsdür.

- Sizi yubiley münasibətilə təbrik edir və uğurlar arzulayırıq!

- Sağ olun! Mən də bütün xalqımızı Cümhuriyyətimizin keşiyində ayıq-sayıq durmağa çağırıram.

Xəyalə MƏZAHİRQIZI
Jurnalistika fakültəsi, magistrant

"Övraqi-nəfisə" jurnalı

Gülnar NƏZƏROVA 

28 may 1918-ci il Azərbaycan dövlətinin tarixində silinmiz bir izdir. Bu tarix cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün başlanğıc tarixi idi. 1918-1920-ci illər ərzində həmin dövrün ziyalıları tərəfindən müəyyən maarifçilik işləri təşkil edilib. Bu uğurda başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və digər maarifpərvər vətəndaşlarımız çox cəfa çəkiblər. Keçilmiş çətin yolda maarifçilərimiz mətbuat vasitəsilə öz sözlərini insanlara çatdırırdılar. "Zənbur", "Şeypur", "Övraqi-nəfisə", "Azərbaycan", "İstiqlal" kimi mətbu orqanları bu yolda böyük əhəmiyyətə malik olub.

"Övraqi-nəfisə" jurnalı özünəməxsus fəaliyyət istiqaməti ilə seçilir. Jurnalın ömrü çox qısa olub, lakin dərc olunmuş yazılar bütövlükdə həmin dövrün mədəni proseslərini geniş surətdə əks etdirib. "Övraqi-nəfisə", həmçinin, ədəbiyyat və incəsənət sahələrinə dair mövzuları işıqlandırmış ilk dövri mətbuat orqanımızdır. 1919-cu ildə fəaliyyətdə olmuş jurnalın redaktoru şair, ədəbiyyatşünas Əliabbas Müznib, naşiri isə Zülfüqar Hacıbəylidir.

Təəssüf ki, ədəbi-bədii məsələlərə yer vermiş mətbu vasitəsinin Bakı şəhərində çox az - cəmi altı nömrəsi nəşr olunub.

O dövrdə müxtəlif jurnallara rəsmlər çəkmiş rəssam Əzim Əzimzadənin yaradıcılıq fəaliyyətində "Övraqi-nəfisə"nin xüsusi yeri var. Görkəmli rəssam jurnalın səhifələri üçün biri-birindən maraqlı rəsm əsərləri yaradıb.

Mədəniyyətimizin nüfuzlu şəxsiyyətləri - Firidun bəy Köçərli,  Əmin Abid, Cəmo Cəbrayılbəyli, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları jurnalla əməkdaşlıq edərək onun inkişafı üçün xüsusi rol oynayıblar. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Bədri Seyidzadə, Rəşid bəy Əfəndiyev,  Əliağa Vahid, Xədicə xanım Ədvi, Əbdülqasım Nəbati, Hacı Səlim Səyyah kimi bədii yaradıcılığımızın əvəzedilməz şəxsiyyətləri barədə məlumatların dərc olunması xalqımızın ədəbiyyat tariximiz haqqında informasiya almasına xidmət göstərib.

"Övraqi-nəfisə" jurnalı bir tərəfdən bədii yaradıcılığımızın çoxşaxəliliyindən xəbər verərkən, digər tərəfdən də maarifçilik xarakteri daşıyır. Burada xalqın maariflənməsinə, savadlanmasına yönəlmiş publisistik yazılar da işıq üzü görüb.

Təbii ki, jurnal yalnız bu mövzularla kifayətlənməyib, incəsənətin müxtəlif növlərinə həsr olunmuş yazılara da geniş yer verib. Teatr, musiqi kimi mədəniyyət sahələrinə əsaslanan məqalələr də mətbu orqanına rəng gətirib. Jurnalda yer üzündə şöhrət əldə etmiş memarlıq nümunələri haqqında məlumatlar da yer alıb. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaşayıb-yaratmış şəxsiyyətlərimizin mədəni-tarixi abidələr barədə maraqlı mülahizələri qeyd edilib. Jurnal hər sayında fərqli mövzulara açıqlıq gətirib.

Bütün bu sadalanan cəhətlərinə görə, "Övraqi-nəfisə" dövrün digər mətbu orqanlarından fərqlənir. O həm AXC dövrü, həm də o zamanın ümumi mədəni fəaliyyətinin öyrənilməsi baxımından yaşadığımız zəmanə üçün olduqca əhəmiyyətlidir. "Övraqi-nəfisə" jurnalı Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mədəni zənginliyinin bir ifadəsidir. 

71 illik ömrün 100 illik hədiyyəsi

Müxtəlif əsrlərdir bu coğrafiyada yaşayan toplum bir çox dövlətlər və imperiyalar qurub. XX əsrin payına da Azərbaycan düşdü. Çar imperiyası dağıldıqdan sonra dövlət qurmağa, xan babalarımızın səhvini düzəltməyə məqam yetişdi. Bu böyük missiyanı Allah-təala Rəsulzadə və onun yoldaşlarına nəsib etdi. Təbii ki, dönəmin siyasi vəziyyəti çətin, bir çox şeyləri güzəştə getmək labüd idi. Ya güzəştə getməli idik, ya da müstəqilliyimiz sual altında qalacaqdı. Çar imperiyası dağılmışdı, gürcü və erməni millətləri dövlət qurmağa çalışırdı. Yeni qurulacaq Ermənistanın ərazilərindən biri də Gümrü şəhəri olacaqdı. O dönəm Osmanlı imperiyası Gümrünü tutmuşdu və orada yeni dövlətin qurulmasını istəmirdi. Buna görə Ermənistanı İrəvanda qurmağa qərara gəldilər. Rəsulzadə və onun yoldaşları bunu qəbul etməyə məcbur idilər, çünki Osmanlı imperiyası Azərbaycanın müsəqilliyini tanımayacaqdı və tanımasa, heç bir köməklik etməyəcəkdi. Bilirik ki, Osmanlı Azərbaycandan düşmən qoşunlarının çıxarılmasında böyük rol oynayıb. Nuru paşanın rəhbərliyi ilə ölkəyə gəlmiş Osmanlı ordusu 1450 şəhid verib və Azərbaycanın qurulmasına kömək edib.

Nəhayət, Rəsulzadənin rəhbərliyi altında Azərbaycan səmasında azadlıq günəşi doğdu. O günəş ki, adı Məhəmməd Əmin Rəsulzadə idi. Müstəqillikdən əvvəl,  müstəqillikdən sonra da bu günəş bütün Azərbaycanı şimallı-cənublu əhatə edib. İran Demokratik partiyasının qurulmasında yaxından iştirak etmək, "İrani-nov" qəzetini açmaq bunun təsdiqidir.  Rəsulzadə  bütün xəyanətlərdən uzaq insan idi. Tək dərdi Azərbaycanı müstəqil görmək idi.

Cümhuriyyətin elan olunmasından sonra 270 qanun qəbul edildi və qısa müddət ərzində 230-u icra edildi. Ən önəmli addımlardan biri də 1920-ci il yanvarın 12-də müstəqilliyimizin 23 dövlətə qəbul etdirilməsi oldu və  türk dünyasının ilk demokratik cümhuriyyəti quruldu. Bu işlərin hamısı böyük liderlik qabiliyyəti olan  Rəsulzadənin rəhbərliyi ilə olub. Onun haqqında keçmişdə də, indi də mənfi fikirlər söylənilib. Amma görünən dağa nə bələdçi. Hətta Rəsulzadəyə əks mövqedə olan siyasətçilərdən biri olmuş Sovet imperiyasının rəhbəri Stalin onunla bağlı deyib: "Sən nə həbsdə qalmağa, nə də öldürülməyə layiq bir insan deyilsən. Ya bizimlə əməkdaşlıq et, ya da gəl mənimlə Moskvaya, oradan da azad yaşamaq üçün hara istəsən get".

Türk  xalqının dəyərli oğlu, böyük öndərlərimizdən olan Mustafa Kamal Atatürk Rəsulzadə haqqında çox yüksək fikirdə idi. O, Rəsulzadənin Azərbaycan Cümhuriyyəti haqqında olan kitabının arxa səhifəsinə belə bir qeyd edib: "Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Lakin bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!"

Ən böyük qiyməti isə Rəsulzadəyə xalqı verib. Neçə-neçə insanların ürəyində özünə yer etmiş Məhəmməd Əmin Rəsulzadə Azərbaycan var olduqca müstəqillik yolunda sönməyən bir günəş olacaq.

Xətai Azayev
Jurnalistika fakültəsi, II kurs

Azərbaycan Cümhuriyyətinin fəaliyyətində qadınların rolu

Zahid Qasımov
Tarix fakültəsi, III kurs 

1918-ci il mayın 28-də istiqlalını elan etmiş Azərbaycan Cümhuriyyətinin 23 aylıq mövcudluğu dönəmində xalqın içərisindən çıxmış ziyalılar xalq, millət, müstəqillik naminə gənc dövlətin fəaliyyətində əllərindən gələni əsirgəməyiblər. Bu cəhətdən kişi nümayəndələrlə yanaşı, müxtəlif vəzifələrdə çalışmış qadınlar da seçiliblər.

Şəfiqə xanım Qaspiralı (1886-1975) - Türk dünyasının böyük ideoloqu İsmayıl Qaspıralının qızı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım Azərbaycan Cümhuriyyəti dönəmində uşaq bağçaları üçün tərbiyəçilər hazırlamış kursların təşkilində böyük rol oynamış, üç aylıq kurslara 40-a qədər gənc qız və qadın cəlb edə bilmişdi. Gələcəkdə bu kurslar əsasında ayrıca pedaqoji məktəb yaradılması da nəzərdə tutulmuşdu. Qeyd edək ki, Türkiyədə bu tipli tərbiyə müəssisələrinin təşkilinə 1950-ci illərdən etibarən başlanılıb.

Badisəba xanım Vəkilova (1881-1954) - Firidun bəy Köçərlinin həyat yoldaşı olmuş Badisəba xanımın bir maarifçi kimi yetişməsində Firidun bəyin böyük rolu olub. Xüsusilə, Qori Müəllimlər Seminariyasında, sonradan Azərbaycan Cümhuriyyəti dövründə isə seminariyanın Qazaxa köçürülməsində Badisəba xanım da iştirak edib. 1918-ci ildə Qazaxda "Yetim və qaçqın uşaqlar evi"nin açılması da məhz onun adı ilə bağlıdır.

Şəfiqə Əfəndizadə (1883-1959) - Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə açdırdığı Qız məktəbində uzun müddət müəllimə kimi çalışmış Şəfiqə xanım Cənubi Qafqazın ilk qadın jurnalisti kimi tanınıb, dövrün "Şərq qadını", "Dəbistan" kimi mətbu orqanlarında çalışıb. O, həmçinin, 1918-ci il 7 dekabrda açılmış Azərbaycan Cümhuriyyəti parlamentində stenoqraf kimi göstərdiyi fəaliyyəti ilə yadda qalır.

Ümmügülsüm Sadıqzadə (1899-1944) - M.Rəsulzadənin əmisi qızı, şair Seyid Hüseynin həyat yoldaşı olmuş Ümmügülsüm xanım doqquz yaşından etibarən şeir yazmağa başlayıb. Şeir və hekayələri "Açıq söz", "Azərbaycan" kimi qəzetlərdə dərc olunub. Şairənin yaradıcılığının ən məhsuldar dövrü 1918-1920-ci illərə, yəni Azərbaycan Cümhuriyyətinin mövcudluğu dövrünə təsadüf edir. O, Cümhuriyyətin qurulmasını sevinclə qarşılayıb, şeirlərində xalqımızın milli istiqlala qovuşmasını tərənnüm edib. Bütün xalqlar kimi Azərbaycan xalqının da azad yaşamaq hüququnu müdafiə etmiş şairə milli istiqlalın qorunmasına çağırış ruhlu əsərlər yazıb ("Ey türk oğlu", "Yurdumuzun qəhrəmanlığına"). 1920-ci il aprel işğalı ilə bağlı yazdığı "Hicran" və "Bayrağını enərkən" şeirləri ədəbiyyatımızda bu dövrə aid dəyərli nümunələrdən hesab edilir.

Eynülhəyat Baişeva (1887-1955) - Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin ikinci həyat yoldaşı olmuş Eynülhəyat xanım Cümhuriyyət dönəmində maarif sahəsində çalışaraq Bakıda realnı məktəbində, Nina qadın gimnaziyasında dərs deyib, Xalq Maarif Nazirliyində inspektor kimi fəaliyyət göstərib. Həmçinin xeyriyyəçilik fəaliyyəti ilə seçilərək "Uşaqları Mühafizə Cəmiyyəti"ndə sədr müavini vəzifəsini tutub. Bu cəmiyyətin məqsədi Bakıda yaşamış 17 yaşınadək uşaqların həyat şəraitini hərtərəfli şəkildə öyrənmək, əhalini onların yaşayış tərzi və ehtiyacları ilə tanış etmək idi. Cəmiyyət xüsusi uşaq məhkəməsi təşkil etməklə kimsəsiz uşaqların cinayətkar aləmdən uzaqlaşdırılmasına, onların yenidən tərbiyələndirilməsinə və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişdirilmələri üçün etibarlı əllərə verilməsinə səy göstərirdi.

Hənifə Məlikova (1856-1929) - Həsən bəy Zərdabinin həyat yoldaşı olmuş pedaqoq Hənifə xanım Cümhuriyyət dönəmində pedaqoji fəaliyyətini davam etdirərək Bakıda Birinci qadın türk məktəbində müdir kimi çalışıb.

Həmidə xanım Cavanşir (1873-1955) - Azərbaycanın ilk maarifçi və ziyalı qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım AXC dövründə indiki Ağcabədi rayonunun Kəhrizli kəndində emalatxana açaraq onu genişləndirib, qadınların işləməsi və dolanışığına şərait yaradıb. 1919-cu ilin 18 iyununda Mirzə Cəlillə birgə Azərbaycan parlamentinə teleqram göndərərək Əmək və Əkinçilik Nazirliyinə ermənilərin apardıqları soyqırımı nəticəsində Ermənistandan didərgin düşmüş 50 minədək həmyerlilərimizi Mil düzündə 10 desyatinlik ərazidə yerləşdirmək, 15 min əmək qabiliyyətli insanı isə işlə təmin etmək barədə xahiş edib. Həmidə xanım həmçinin atası Əhməd bəyin bu sahədə gördüyü işlərinin yarımçıq qaldığını, tam həyata keçirilməmiş layihələri Azərbaycan hökumətinə verməyə hazır olduğunu bildirib.

Məryəm Bayraməlibəyova (1898-1987) - Azərbaycan Cümhuriyyəti zamanında pedaqoji sahədə seçilmiş qadın nümayəndələrimizdən Məryəm xanım 1919-cu ildə Lənkəranda 50 uşağın təhsil aldığı müsəlman qız məktəbində dərs deyərək burada xor dərnəkləri, dram təşkil edib. Xeyriyyəçilik sahəsində də özünü sınamış Məryəm xanım müstəqil dövlətimizin bu sahədə gördüyü tədbirlərə dəstək olaraq Lənkəranda ilk Qadın Xeyriyyə Cəmiyyətinin əsasını qoyub. Azərbaycan parlamentinin üzvü Cavad bəy Məlik-Yeqanov Lənkəran bölgəsində rusların pozucu fəaliyyətinə qarşı olaraq Məryəm xanımı Lənkəranın general-qubernatoru təyin etmiş, sonralar bu hadisə onların ailə qurması ilə nəticələnmişdi.

İzzət xanım Rəsizadə - Cümhuriyyətin xeyriyyəçilik sahəsində gördüyü tədbirlərdən biri Keşlədəki Müsəlman Qadınların Cəmiyyətinin xahişi ilə burada ibtidai qız məktəbi açmaq olmuşdu (1919, oktyabr). Keşlə Qadın Cəmiyyətinin müvəkkili İzzət xanım məktəbdə göstərdiyi fəaliyyətlə əhalinin hörmətini qazanmış, nəticədə noyabr ayında təhsil müəssisəsinə 100 qız cəlb olunmuşdu.

Sara xanım Xuramoviç - dövrün maarifçi qadınlarından hesab edilən Sara xanım müstəqil  Azərbaycan hökumətinin 1919-cu il 24 mart tarixli qərarı ilə Azərbaycan Milli Gimnaziyasında qadınlar üçün açılmış kursda fəaliyyət göstərib, Şəfiqə Qaspiralı, Hənifə Məlikova kimi ziyalı qadınlarımızla birgə kursun açılış mərasimində çıxış edib. Bu təhsil ocağında 1920-ci ilin yanvarından 200 qadın təhsil alırdı.

Osmanlı öğretmenleri - Azərbaycan  Cümhuriyyətinin təhsil sahəsində gördüyü tədbirlərdən biri də qonşu Osmanlıdan dərs demək üçün müəllimlərin dəvət edilməsi idi. Qazax Müəllimlər Seminariyasına gələrək burada dərs demiş Rəmziyyə, Saimə, Rəbiyyə, Nadidə, Nebahat, Həcər, Mədihan kimi maarifçi qadınlar onlardan bəziləri olub. Ümumilikdə, Osmanlı Türkiyəsindən 50-dək müəllim dəvət olunmuşdu.

Cümhuriyyət naminə çalışmış qadınlar arasında hökumət dəftərxanasında qeydiyyatçı olmuş Gülsüm Sübhanqulova və Rübabə Yaqubzadə,  parlamentin katibəsi Munirə Ləman Dursunzadə, parlamentin idarə qulluqçusu, kargüzar kimi çalışmış Ceyran Şirinzadə, xeyriyyəçilik sahəsində Liza Muxtarova, Pəri Topçubaşova, rəssam kimi çalışmış Nəimə Qaşayeva, tibb sahəsində Gövhər Göyərçin, pedaqoji faəliyyətdə Lətifə Buryukova, Şərəbanı Eminbəyli, Yaqut Babaxanova, Yaqut Ağayeva, Mina Aslanova, Nigar Vəlibəyova, Sürəyya Vəlibəyova, Sara Vəzirova, Səlimə Yaqubova, Cənnət Muqranskaya, Xədicə Ağayeva, Reyhan Axundova, Mina Minasazova, Zərri Şahtaxtinskaya, Böyükxanım Hacıbəyova, Qəribsoltan Məlikova, Maral Əfəndiyeva, Bülbül Kazımova, Tamara Əhmədbəyova, Mədinə Qiyasbəyli, Xuraman Rəhimbəyzadə, Nazlı Tahirova, Gövhər Qayıbova, Qumru Nərimanova, Nabat Nərimanova, Rəhilə Hacıbababəyova, Xədicə Ağayeva, Səkinə Axundzadə, Ziba xanım Qacar kimi qadınlarımızın adlarını çəkmək olar.

23 aya sığan yüzilliklər

Rizvan FİKRƏTOĞLU
Jurnalistika fakültəsi, IV kurs
 

Vətən - necə də səlis və gözəl səslənir bu ifadə. Bəlkə də, belə təmtəraqlı və mənalı səslənməsi müqəddəsliyindəndir. Əbədi və dəyişməz olan Vətən Allahın bizə nəsib etdiyi, bəlkə də, ən ali nemətdir. Bizi ona bağlayan təkcə yaşadığımız torpaq, başqa sözlə, coğrafi mühit deyil: əcdadlarımızın əbədiyyətə qovuşduğu yurddur, gələcək nəsillərin pöhrələnəcəyi məkandır, ona olan ülvi hisslərimiz, vəfa borcumuzdur... Vətənə olan sevgi sələflərimizdən bizə ötürülmüş ən dəyərli mənəvi keyfiyyətlərdəndir.

Hər qarışından, hər daşından müqəddəslik yağan torpağım! Sən elə müqəddəssən ki, sənə Ana Vətən deyirik. Anamız qədər müqəddəs, ana sevgisi kimi doğmasan. Bizi analarımız dünyaya gətirib Sənə qurban verir. Analarımız həyat mənbəyimizdir, onlara olan sevgimiz təmənnasız olduğu kimi əvəzsizdir - Sənə də elədir. Vətənim, biz Səni belə sevirik! Ananın körpəsi üçün hər şeyə qatlaşdığı, övladın anasını sevdiyi kimi. Biz sənin övladlarınıq, Vətən. Bizdən başqa heç kimin olmadığı kimi bizim də Səndən başqa kimsəmiz yoxdur. Ölkəm, qürur mənbəyimizsən, qeyrətimizsən. Hər qarışına neçə-neçə canlar bağışlayaraq qurbanlar vermişik - Sənin müstəqilliyin, ərazi bütövlüyün, suverenliyin üçün, üçrəngli bayrağımızın qürur və iftixar hissi ilə yüksəkliklərdə dalğalanması üçün.

Bu gün ərazisində yaşadığımız, haqqında iftixarla danışdığımız Azərbaycanın (AXC) yaranmasından 100 il ötür. Bəli, 100 il. Bir əsr. Doğmalarımıza arzuladığımız 100 il.

Tarixin yaddaşında ağır yükü ilə fərqlənən Birinci Dünya müharibəsi Azərbaycanın daxil olduğu Rusiya imperiyasını olduqca zəiflətdi. Bu zəiflik imperiyanın dağılmasına səbəb oldu. Hadisələrin gedişatında xalqımızın öz müqəddəratını tələb etməsi, qeyrət əzmi nəticəsində çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi başlandı. Bu, Şimali Azərbaycanda milli-azadlıq hərəkatının yeni mərhələsi idi. Rusiya və ruspərəst qüvvələr bu hərəkatı boğmaq, xalqda iradəni sarsıtmaq, vətəndaşlarımızı qorxutmaq üçün müxtəlif vasitələrə əl atırdılar. Daşnak-bolşevik ittifaqının qanunsuz törətdiyi mart soyqırımı belə milli hərəkatı boğa bilmədi. Əksinə, düşmən öz quyusuna boylandı, xalqımız daha da sıx birləşməyi, bir yumruq olub mübarizə aparmağı seçdi. Nəticədə mərkəzi Tiflis olan (daha sonralar Gəncə, Bakı) Azərbaycan ilk müstəqilliyini 1918-ci ilin 28 may tarixində qazandı. Xalq Rəsulzadə və tərəfdaşlarının yaratdığı vahid Azərbaycan Xalq Cümhuriyyəti ətrafında birləşdi.

AXC nümayəndələri müstəqilliyin aliliyinə, elmə, maariflənməyə, inkişafa, müstəqilliyə, azadlığa hədsiz önəm verirdi. Türk dilində ilk böyük kitabxana da, "İstiqlal" muzeyi də, "Müsəlman Şərqini öyrənən" cəmiyyətin təsis edilməsi də, "Türk ocağı" cəmiyyətinin yaradılması da məhz Cümhuriyyət dönəmində baş tutub. Milli ruhun dirçəlməsi, inkişafı üçün milli ruhda yazılmış əsərlərin də önəmi var idi və bu sahədə görülən işləri AXC-nin uğur xəritəsinin bir parçası saymaq olar. Mədəniyyət və incəsənətin inkişafı naminə teatra verilən dəyər, Azərbaycan Dövlət Teatrının fəaliyyətə başlaması, rəssamlığın önə çəkilməsi və bu kimi xidmətlər öz milliliyimizə xidmət edirdi.

AXC xarici siyasətə önəm verir, qonşu dövlətlərlə dostluq münasibətlərinin yaradılmasına səy göstərir, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına nail olmağa çalışırdı. Görülən işlərin nəticəsi olaraq Azərbaycan Paris sülh konfransında təmsil olundu və Cümhuriyyət faktiki olaraq tanındı.

Yuxarıda yazdıqlarımız Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olan müəyyən məlumatlardır. Sözsüz ki, haqqında onlarla kitablar yazılmış şanlı Cümhuriyyət dövrünü bir neçə səhifəyə sığdırmaq mümkünsüzdür. Bir neçə səhifədə, sadəcə AXC barəsində müəyyən təsəvvürlər yarada bilərik. AXC-nin keçdiyi şanlı yol cəmi 23 ay davam etdi. Min illərin uğuru məhz 23 ayda əldə olundu.

23 aydan sonra Sovet diktaturası Azərbaycanı işğal etdi. Azərbaycan bolşeviklərinin timsalında "beşinci kolon"un pozuculuq fəaliyyəti, beynəlxalq aləmdə və Qafqaz bölgəsində yaranmış hərbi-siyasi vəziyyət, Azərbaycan hökumətinin daxilində yaranmış hakimiyyət böhranı, siyasi partiyaların hakimiyyət uğurunda mübarizəsi, hökumət kabinetlərinin tez-tez dəyişməsi, Ermənistanın torpaq iddiası, hərbi qüvvələrin Qarabağ cəbhəsinə göndərilməsi nəticəsində ölkənin şimal sərhədlərinin müdafiəsiz qalması və digər məsələlər Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb olan başlıca amillər idi.

İkinci və məhz sonuncu dövlət müstəqilliyimiz demokratik dəyərlərə malik olmayan, legitimlikdən uzaq, təkpartiyalılığa əsaslanan totalitar və "güc" strukturu əsasında qurulmuş nəhəng SSRİ imperiyasının dağılması nəticəsində baş tutdu. Yadelli ağalığına birdəfəlik son qoyulması ilə ölkəmizdə demokratik konsepsiya əsasında Azərbaycan yenidən müstəqillik qazandı.

Bir dövlətin mövcudluğu üçün onun güclü ordusu, ərazi bütövlüyü, sərhəddi, dövlət rəmzləri və s. olmalıdır. O cümlədən, müstəqillik elan edildiyi gün (18 oktyabr 1991) Azərbaycan tarixində şanlı yer tutmuş AXC-nin dövlət rəmzləri bərpa edilimiş, habelə üçrəngli bayrağımız birdəfəlik ucaldılmışdır. Həmin bayraqdır ki, bu gün necə də qürurla dalğalanır!

Müstəqilliyi qazanmaq, onu qoruyub saxlamaq heç də asan deyil. Dövlət üçün onun müstəqilliyi, bayrağının zirvələrdə dalğalanması kimi önəmli heç nə yoxdur. Azadlıq hər bir xalqın arzusudur. Bizim də belə arzumuz olub və arzumuza çatacağımıza şübhə etməmiş, inanmışıq. İnanmağa qoymasalar belə! Azadlığın asan qazanılmadığını da bilirik. Lakin onu əldə etmək üçün canımızdan keçdik, qanımız bahasına qazandıq. Bu günümüzə görə Şəhidlər Xiyabanında uyuyan müqəddəslərimizə, Vətənin qazilərinə borcluyuq!

Qürur mənbəyimiz, Üçrəngli Bayrağım! Sən yüksəklərdə dalğalan! Yüksəklərdə dalğalanmağa, coşmağa layiqsən. Bir daha enməyinə nəyin bahasına olursa olsun, izin vermərik! Dünya dağılsa, günəş qərbdən çıxsa - qiyamət qopsa belə! "Bir kərə yüksələn bayraq bir daha enməz" deyərək bayrağı bizə əmanət etdi Rəsulzadə. Səmanın üzünə çəkil, səma üç rəngə boyansın. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlılığını səmadan car etsin. Müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, müasirləşmək günəşini bayrağımızdakı qırmızı rəng alışdırsın səmada. Yaşıl rəng islam dininə mənsubluğumuzu, Allaha olan inam və sevgimizi əzəmətlə özündə daşıyır. Qırmızı rəngin içərisindəki aypara və səkkizguşəli ulduz müqəddəs bayrağımıza, sanki, nəfəs gətirir. Hələ səmada necə də əzəmətli görsənər o. Türklərin simvolu sayılan aypara, türkçülük, demokratiklik, islamçılıq, azərbaycançılıq, bərabərlik, dövlətçilik, mədəniyyətlilik - bunların hamısını ehtiva edən səkkizguşəli ulduz dünyaya səmadan səslənsin.

Ölkəmiz adından görülən tədbirlər beynəlxalq səviyyədə təşkil olunan idman yarışları və oyunlar, qazanılan uğurlar, qələbələr sevincimizə sevinc qatır. Hələ bayrağımızın beynəlxalq təşkilatların binalarında, dünya arenasında sayılıb-seçilən dövlətlərin bayraqları sırasında dalğalanması, beynəlxalq tədbirlərdə, dünya ölkələrinin ərazisində yer alması qürurumuzdur.

Cümhuriyyət və respublika dövründə soyqırımı problemi: şanlı və qanlı tarix

Afiq NADİROV
Azərbaycan Universiteti, magistrant
 

Hər bir millətin tarixində şanlı və qanlı səhifələr var. Azərbaycan xalqının da tarixində XX əsr - istər əsrin əvvəli, istərsə də sonu - həm qanlı, həm də şanlı bir dövrdür. XX əsrin əvvəlindən Azərbaycan xalqına - türk-müsəlman əhalisinə qarşı törədilmiş soyqırımı əsrin sonunda yenidən baş verib. Bir əsrdə belə hadisənin olması tarixşünaslıqda problemli məsələ, yaxud problemin özü kimi xarakterizə edilir və elə buna görə də Azərbaycan tarixinin XX əsri şanlı və qanlı tarix olaraq dərindən öyrənilməli, təbliğ edilməli, geniş auditoriyalara çıxarılmalıdır.

Hələ 1887-ci ildə yaradılmış "Armenakan", sonradan "Hnçak" və "Daşnaksütyun" partiyaları 1905-1906-cı illər, habelə 1918-1920-ci illər soyqırımı hadisələri üçün əvvəlcədən düşünülmüş plan idi. Bunun nəticəsində 1905-1906-cı illərdə Rusiyada baş vermiş iğtişaşlardan fürsət kimi istifadə etmiş ermənilər, əvvəlcə, Bakı, sonra İrəvan, Naxçıvan, Gəncə, Qarabağ, Zəngəzur, Qazax və Tiflisdə dinc Azərbaycan türklərinə qarşı qırğınlar törətmişdilər. Bu dövrdə Azərbaycan hələ Çar Rusiyasının tərkibində olduğu və dövlət müəssisələrində rus, erməni, gürcü əsilli hakimlər mövqe tutduqları üçün qırğınlar dövlət səviyyəsinə qaldırılmır, yaxud müxtəlif tipli don geydirilərək ört-basdır edilirdi. 

1918-ci ilə gəldikdə isə vəziyyət daha da mürəkkəbləşdi. Artıq terror məsələsində 30 illik "peşəkar"a çevrilmiş ermənilər türk-müsəlman əhalisinin, o cümlədən, Bakı Sovetinə seçkidə səs çoxluğu toplamış "Müsavat"ın sosial bazasını "zəiflətmək" deyil, məhv etmək xülyasına qapılmışdı. Bu yöndə fəaliyyətə keçmiş ermənilər indiki Azərbaycan, habelə Cənubi və Qərbi Azərbaycanda misli görünməmiş qırğınlar törətdilər. 

Yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox keçməmiş bu qırğınların işıqlandırılması üçün ciddi addımlar atıb. 15 iyul 1918-ci il tarixində "Fövqəladə Təhqiqat Komissiyası" yaradıldı.  1919-cu il aprelin 28-də  komissiyanın sədri bildirir ki, qırğınlarla bağlı sənədlərin toplanması demək olar ki, başa çatıb.  Ermənilərin türk-müsəlman əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı 36 cild, 3.500 vərəqdən ibarət sənədlər toplanıb. Tarixçi alim, prof. Anar İsgəndərov ARDA-ya (Azərbaycan Respublikası Dövlət Arxivi) istinadən yazır: "Şamaxı qəzasının 53 kəndində 8.027 nəfər, Quba qəzasının 162 kəndində 1918-ci ilin ilk beş ayı ərzində 16 mindən çox, Lənkəranda 2 min, Zəngəzur qəzasının 115 kəndində 10.068 nəfər öldürülmüş və şikəst edilmişdir. Bakı və ətrafı boyunca qətlə yetirilənlərin sayı dəqiq bilinməsə də, 15-20 min nəfər hesablanmışdır".

1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri Qərbi Azərbaycanda (İrəvan quberniyasının İrəvan, Novo-Bəyazid, Eçmiədzin, Sürməli qəzaları) toplam 198 kəndi darmadağın etmiş, təqribən 135 min nəfər soydaşımızı soyqırımına məruz qoymuşdu. Sözügedən illərdə erməni silahlı dəstələri Cənubi Azərbaycanda da (Xoy, Maku, Urmiya, Salmas, Soyuqbulaq) Azərbaycan türklərini böyükdən-kiçiyə görünməyən vəhşiliklə məhv etməyə başlayıblar. Urmiya bölgəsində 150 min, Xoy bölgəsində isə 50 min Azərbaycan əhalisi qətlə yetirilib.

Əsrin əvvəlindən başlamış bu soyqırımı planları nəticəsində ermənilər harada Azərbaycan türkü görsə, onu məhv etməyə çalışıb və 20-ci illərədək Şərqdə (yuxarıda sadalanan regionlarda) 400 minə qədər Azərbaycan türkünü mənfur planlarının qurbanına çeviriblər.

Dənizdən-dənizə "Böyük Ermənistan" dövləti yaratmaq xülyası ilə yaşayan ermənilər məcburiyyətlə də olsa, 1918-ci il mayın 29-da İrəvanı Azərbaycandan qopararaq özlərinə siyasi mərkəz təyin etdilər.  Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski mayın 29-da M.H.Hacınskiyə yazır: "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik".

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dünya ictimaiyyətinə bu terror və soyqırımı həqiqətlərini çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaratdı. 1919 və 1920-ci illlər 31 mart tarixində iki dəfə AXC tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Bu hadisə xalqımıza qarşı törədilmiş soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verilməsi idi.

Əbu Turxan qeyd edir: "Tarix iki halda təkrarlanır: ibrət götürəndə - yaxşı məqamlar, götürməyəndə - pis məqamlar təkrar olunur".

Ermənilər təkcə İrəvanla kifayətlənmədi, onlar XX əsrin sonlarında yenidən terrorçu fəaliyyətlərinə davam etdilər. 1988-1993-cü illərdə Dağlıq Qarabağ və onun ətraf rayonlarındakı ərazilərdə Azərbaycan türklərinə qarşı soyqırımına başlamış ermənilər Azərbaycanın 12 rayonunu - Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanı işğal etdilər. Xocalıda isə vəhşiliklərini bir daha sübuta yetirdilər. Bu dövrdə də müstəqilliyini yenicə əldə etmiş Azərbaycan dövləti başda Heydər Əliyev olmaqla ciddi hərbi-təşkilati tədbirlər həyata keçirdi. Bunun nəticəsində, Azərbaycan xalqının köməyi ilə ermənilərin işğalının qarşısı alındı. 1993-cü ilin noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd daşnaklardan təmizləndi. Bunun ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda bir neçə yaşayış məntəqəsi geri qaytarıldı. Azərbaycan Respublikası belə bir şəraitdə 8 may 1994-cü ildə Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.  Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edildi, 20 minə yaxın insan həlak oldu, 50 min nəfər zərər çəkdi.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsi səbəbi ilə erməni soyqırımı və terrorizmini dünya ictimaiyyətinə çatdıra bilməsə də, Azərbaycan Respublikası hökuməti buna nail oldu. BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Ermənistandan bunların qərarlarına uyğun şəkildə, qeyd-şərtsiz bütün hərbi birliklərini işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmasını tələb etdi. Lakin bütün bunlara baxmayaraq, nəticə göz qabağındadır.

XX əsrin ilk onilliyindən başlamış problem əsrin son onilliyində işğallarla nəticələnib, lakin hələ də başa çatmayıb. Məhz bu səbəbdən Azərbaycan tarixinin XX əsri qeyd olunmuş erməni terrorizmi ilə əlaqədar qanlı tarix, bütün təzyiq və çətinliklərə rəğmən, bir əsrdə Çar və Sovet Rusiyasından xilas olaraq müstəqil dövlət qurması ilə əlaqədar şanlı tarixdir.

Fövqəladə Təhqiqat Komissiyası

Tural VƏLİZADƏ
Tarix fakültəsi, doktorant
 

1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı cinayətlərini üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə mümkün olub. Milli hökumətin ən mühüm qərarlarından biri daşnak canilərinin törətdikləri cinayətlərin təhqiqi üçün  1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması idi.

Gəncədə keçirilmiş iclasda vəkil Ələkbər bəy Xasməmmədov Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin edilir. Xüsusi olaraq qeyd edə bilərik ki, komissiyanın üzvlərinin əksəriyyətini azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri - rus, polyak, alman, yəhudi və başqaları təşkil edirdi. Bu, Cümhuriyyət hökumətinin baş vermiş qanlı hadisələrə obyektiv, ədalətli və vicdanlı yanaşmasının təzahürü idi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən, məlum olur ki, təkcə bir həftə ərzində Bakı şəhərində 12 mindən çox türk-müsəlman əhalisi öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.

Tərtib edilmiş sənədləri - müxtəlif şahid ifadələri, komissiya üzvlərinin məruzə və raportlarını həyəcansız oxumamaq mümkün deyil. Həmin günlər "Böyük Ermənistan" xülyasına aşina ermənilər bəşər tarixində bənzərinə rast gəlinməyən dəhşətli cinayət faktlarına əl atıblar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü Aleksandr Kluge komissiya sədrinə "Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında" adlı məruzəsində yazırdı: "Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirlər... Onlar müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər".

Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunub. Xalqın bir çox  ziyarətgahları və tarixi abidələri dağıdılıb, yerlə-yeksan edilib. Uzaqvuran toplarla Təzəpir məscidinə ziyan vurulub. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırıblar. Həmçinin, talançılar "Kaspi" qəzeti redaksiyasının və "Dağıstan" mehmanxanasının binalarını, "İsgəndəriyyə"ni də yandırıblar. "Kaspi" qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırıldığı vaxtadək burada Quranın yenicə işıq üzü görmüş 5.000 nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü.

1920-ci ilin aprelinə kimi Fövqəladə Təhqiqat Komissiyası daşnak quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük iş gördü. Zərər çəkmiş yüzlərlə vətəndaş və şahid dindirildi, çoxlu material, maddi dəlil, fotosənəd toplandı. Komissiya tərəfindən ümumilikdə 36 cild və 35.000 vərəqdən ibarət sənədlər toplusu tərtib edilib.

Cənubi Qafqazın hüdudları daxilində ayrı-ayrı siyasi və milli partiyaların bayraqları altında çıxış edən müxtəlif erməni təşkilatları tərəfindən müsəlman əhalisinin, əsasən də azərbaycanlıların məhv edilməsinə dair məqsədyönlü siyasəti haqqında hədsiz sayda materialların yaradılması və tərtib edilməsi sahəsində Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinin əhəmiyyəti yalnız hüquqi çərçivələrlə məhdudlaşmırdı. Komissiya üzvləri yığılan materialları toplu halında tərtib edərək təhqiqat nəticələrini ölkə hüdudlarından kənara da yaymağı bacarıblar.

Bütövlükdə Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti ermənilərin vəhşiliklərini öz üzərində hiss etmiş respublika əhalisi arasında da böyük ictimai və əxlaqi-psixoloji məna kəsb edirdi. Onun mövcud olması və üzvlərinin cəmiyyətin ayrı-ayrı təbəqələri ilə, azərbaycanlılarla sıx əməkdaşlıq etməsi artıq özlüyündə geniş əhali arasında ədalətin bərpa olunmasına inamı artırdı və yeganə qanuni hakimiyyət kimi Azərbaycan hökumətinə xalqın etimadını və etibarını möhkəmləndirdi.

İstiqlaliyyətin 23 ayı

Aynurə YUSUB
Jurnalistika fakültəsi, II kurs
 

Azadlıq elə bir məfhumdur ki, ard-arda yığılan sözlərdən yaranan cümlələrlə onu izah etmək mümkün deyil. Gərək yaşayasan ki, anlayasan. İstiqlaliyyət qısa zaman kəsiyində əldə ediləcək qədər asan ərsəyə gəlmir. Onu qazanmaq üçün uzun, məşəqqətli yol, zaman, bir də güclü mübarizə lazımdır. Müstəqil şəkildə ayaqda durmağı bacarmaq, çətinliklərə sinə gərmək, heç kimdən asılı olmadan yaşamaq bir xalq olaraq daim bizim bəzən əlçatan, bəzən də əlçatmaz arzumuz olub. Bacardığımız qədər mübarizə aparmış və azad yaşamağa çalışmışıq. Ümumiyyətlə, tarix boyu torpaqları ikiyə bölünən xalqların sayı az olub. Məmləkətin zor gücü ilə bölünməsindən doğan bir faciəni təsəvvür etmək mümkündür? Cavab birmənalı olaraq qalır... Dönüb bircə anlıq tariximizə nəzər saldıqda xalqımızın necə əzablı günlər keçirdiyini hər birimiz gözləri önünə gətirə bilər.

Salnaməmizin qürurverici səhifələrindən biri var ki, biz ora 23 aylıq istiqlaliyyəti yerləşdirmişik. Təbii ki, bizim bu zəfəri qazanmağımızda əməyi olmuş, öz canını, ailəsini, doğmalarını fəda etmiş öncüllərimizə daim borclu qalacağıq.

XX əsr Azərbaycan tarixində mühüm hadisələri əks etdirmiş kiçik bir zaman kəsiyidir. Bu dövrdə istər mədəni-maarif, istərsə də siyasi baxımdan oyanış baş verib. Təsadüfi deyil ki, Mirzə Cəlil öz məqaləsində XX əsri "xalqımızın oyanışı" kimi təsvir edib. Bu zaman müəyyən çətinliklərə baxmayaraq, Azərbaycan xalqı bir millət kimi özünü hər sahədə sübuta yetirib.  1918-ci ilin 26 mayında gürcü fraksiyası Cənubi Qafqaz Seymindən çıxır. Mayın 27-də isə Seymin Azərbaycan fraksiyası iclasını keçirir. Həmin iclasda Müvəqqəti Milli Şuranın yaradılması haqqında qərar qəbul edilərək, M.Ə.Rəsulzadə yaradılmış şuranın sədri seçilir. Böyük çətinliklərə, ağrılı illərə rəğmən, 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycanın müstəqilliyi elan olunur, "İstiqlaliyyət bəyannaməsi" qəbul edilir. Beləliklə, bu il 100 illiyi qeyd olunan, Şərq aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulur. Mayın 30-da AXC-nin yaradılması haqqında məlumatı Fətəli xan Xoyski radioteleqraf vasitəsilə xarici dövlətlərin başçılarına bildirir. Bununla da ölkəmizin XIX əsrin 20-ci illərində Rusiyaya ilhaq edilməsi nəticəsində itirilmiş torpaqları yenidən qazanılaraq milli dövlətçiliyimiz bərpa olunur. Cəmi 23 aya əsrləri sığdırmış cümhuriyyətçilərimiz, məhz ilk dəfə üçrəngli bayrağımızı Parlament binası önündə dalğalandırırlar.

Cümhuriyyət dövründə mətbuatımız da inkişaf edib. Bu illər ərzində qələminin publisistikada da güclü olduğunu sübuta yetirmiş dahilərimiz çoxdur. Ü.Hacıbəyli, C.Hacıbəyli, M.B.Məhəmmədzadə, Ə.Ağaoğlu, F.Köçərli, S.Mümtaz, M.Ə.Rəsulzadə kimi şəxsiyyətləri onların sırasında göstərə bilərik. Adlarını sadaladığımız ziyalılar istər ədəbiyyatımıza, istərsə də jurnalistikamıza zəngin irs bəxş ediblər.

Cümhuriyyət dövründə baş vermiş önəmli məqamlardan biri də Azərbaycanın ilk Darülfünunu, yəni universiteti olan - Bakı Dövlət Universitetinin yaradılmasıdır. Qərar 1919-cu ilin sentyabrın 1-də qəbul edilsə də, dərslər noyabrın 15-dən başlanıb. Müəllimlər üçün xüsusi kurslar təşkil edilib və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülüb. Dərslərin Azərbaycan türkcəsində keçilməsi nəzərdə tutulub və Türkiyədən 50 müəllim gətirilib. Bundan əlavə, 100 tələbə dövlət hesabına xarici ölkələrə təhsil almağa göndərilib. Bütün bunların ərsəyə gəlməsində xalq maarif naziri Nəsib bəy Yusifbəylinin böyük rolu olub.

Cümhuriyyət dövründə də erməni qəsbkarlarının təcavüzü davam edirdi. Onlar əzəli və əbədi Azərbaycan torpağı olan İrəvan şəhərini öz qurduqları qondarma Ermənistanın paytaxtı etmək istəyirdilər. 1918-ci ilin 29 mayında Milli Şuranın verdiyi qərara əsasən, İrəvan ermənilərə Qarabağa olan iddialarından əl çəkmələri şərtilə güzəştə gedilir. Lakin onlar sonrakı illərdə heç nəyə məhəl qoymadan verdikləri vəddən dönürlər.

1920-ci ilin 27 apreli... Bu tarix Azərbaycanın müstəqilliyinə düşmüş 70 illik kölgənin başlanğıcı idi. Məhz həmin tarixdə istiqlaliyyətimiz əlimizdən alınaraq ziyalılarımız gülləyə düzülürdü. Sağ qalanlar ya sürgünə göndərilir, ya da məcburiyyət qarşısında ölkəni tərk edirdilər. O tarixdə xalqımıza edilə biləcək ən böyük pisliyi bolşeviklər etdi. Cəmi 23 ayda faydalı işlərə imza atmış cümhuriyyətçilərimiz qəlbi daim Vətəni və milləti üçün döyünən ziyalılar idi. Onlar bacardıqlarından da artıq işlər görərək adlarını həm tarixə, həm də xalqımızın qəlbinə yazdılar.

Bu kiçik məqaləni üçrəngli bayrağımızı ilk dəfə zirvələrə ucaltmış, bizə azadlığı ilk dəfə yaşatmış şəxsiyyət M.Ə.Rəsulzadənin kəlamı ilə bitirmək istəyirəm: "İnsanlara hürriyyət, millətlərə istiqlal!"

AXC dövründə mübahisəli tarixi ərazilər

Samir ORUC
Jurnalistika fakültəsi, magistrant
 

Azərbaycan torpaqları uzun illərdən bəri işğalçı yürüşlər meydanına çevrilib. Erkən orta əsrlərdə farsların, ardınca ərəblərin hökmranlığı tarixi ərazilərimizin müxtəlif mənşəli, müxtəlif adda dövlətlərin faktiki tərkibində olmasına şərait yaratdı. Lakin bu o demək deyil ki, heç vaxt Azərbaycan torpaqları vahid halda birləşməyib. Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmış, müstəqil dövlətlərdən biri olmuş Sacilərin zamanında Azərbaycan torpaqları vahid halda birləşdi. Növbəti dəfə isə bu, Səfəvilərin hakimiyyəti illərində baş verdi. Səfəvilərdən sonra xanlıqlara parçalanmış Azərbaycan çar Rusiyası tərəfindən işğal olundu. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə ölkəmiz rəsmən iki böyük güc - İran və Rusiya arasında bölündü. Bu tarixdən müstəqil dövlətçiliyimizi bir əsr ayırırdı. 1917-ci il Rusiyada oktyabr çevrilişindən sonra onun tabeliyində olan xalqlar öz müqəddəratını təyin etmək barədə düşünməyə başladılar. Gürcü, erməni və azərbaycanlılar Zaqafqaziya Seymində birləşmək qərarına gəldilər. Amma bu qurumun ömrü də uzun olmadı. Gürcüstan 1918-ci ilin 26 mayında Seymdən çıxdığını bildirdi və ardınca da 28 mayda Azərbaycan öz müstəqilliyini elan etdi. Bu tarix müasir Azərbaycanın təməli oldu.

Tarixən Azərbaycan geniş coğrafi ərazini əhatə etmişdi. Gürcüstan, Ermənistan və Azərbaycanın müstəqillik əldə etməsi də öz növbəsində sərhədlərin müəyyən olunması işini çətinləşdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi ilə bağlı ilk dəfə "İstiqlal bəyannaməsi"ndə bəhs edilirdi. AXC hökumətinin Paris sülh konfransına təqdim etdiyi sənədlərdə də, Cənubi Qafqazın 38%-i AXC hakimiyyətində olan ərazi kimi göstərilirdi. Cümhuriyyətin ərazisi 113.9 min kv. km-ə çatsa da, onun 16.6 min kv. km-i mübahisəli ərazi hesab olunurdu. Azərbaycan müstəqilliyini elan etdiyi günün səhəri - 29 may tarixində Milli Şuranın iclası oldu və İrəvan Ermənistana güzəşt edildi, onun paytaxtı kimi tanındı. Bu torpaq qədim Azərbaycan şəhəri idi. Toponim "ir" və "van" sözlərinin birləşməsindən əmələ gəlib. "İr" türk dillərində "dağın gün düşən tərəfi", "van" isə "şəhər, kənd, ümumilikdə yer" mənasını verir. Bütün tarixi dövrlərdə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində xüsusi yer tutub. Çar Rusiyası Naxçıvan və İrəvan xanlıqlarını işğal etdikdən sonra burada "Erməni vilayəti"  yaratdı (1828-ci il, 21 mart). Bununla da Rusiya Qərbi Azərbaycan ərazisində erməni dövlətinin əsasını qoydu. AXC dövründə İrəvanın ermənilərə güzəşt olunması isə onların mövqeyini daha da möhkəmləndirdi. Lakin sonrakı dövrlərdə baş vermiş hadisələr bu addımın tamamilə yanlış olduğunu sübuta yetirdi. Ermənilərin ərazi iddiaları get-gedə daha da artmağa, deportasiyalar, soyqırımı hadisələri tüğyan etməyə başladı. Qarabağ, Naxçıvan, İrəvan və başqa ərazilərdə etnik təmizləmə siyasətinin həyata keçirilməsi üçün zəmin yarandı.

Ermənilərin Naxçıvana olan ərazi iddiası da AXC dövründə əsas problemli məsələlərdən biri idi. Naxçıvan qədim zamanlarda Manna və Midiyanın tərkibində, XII əsrin 30-70-ci illərində Atabəylər dövlətinin, sonralar Naxçıvan xanlığının paytaxtı olub. Türkmənçay müaviləsindən sonra Rusiyaya ilhaq edilərək erməni vilayətinin tərkibinə verilib. Naxçıvanda 1918-ci ilin noyabrında Araz Türk  Cümhuriyyəti yaradıldı. Onun tərkibinə  Naxçıvan,  Şərur-Dərələyəz, Ordubad mahalları, həmçinin, Qəmərli, Mehri, Uluxanlı və başqa ərazilər daxil idi. Erməni-daşnak hərbi birləşmələrinin təcavüzündən qorunmaq bu dövlət qurumunun yaranmasını zəruri etmişdi. Qurumun məqsədi həm də Azərbaycandan ayrı düşmüş Naxçıvan mahalının tezliklə AXC-ə birləşdirilməsi idi. Sovet işğalından sonra da Ermənistanın Naxçıvanı ələ keçirmək cəhdləri davam edirdi. Lakin 1921-ci il Moskva və Qars müqavilələri ərazinin Azərbaycanın tərkibində muxtariyyət statusunu birdəfəlik müəyyənləşdirdi. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR-i yaradıldı və Naxçıvan onun mərkəzi oldu.

Gürcüstan tərəfi keçmiş Tiflis quberniyasına daxil olan Borçalı, Qarayazı və Sığnaq mahallarını qaytarmaq istəmirdi. Borçalı XVIII əsrin əvvəllərində Səfəvilərin Gəncə bəylərbəyliyinin tərkibində idi. Nadir xanın 1736-cı ildə  şah elan olunduğu vaxtda Ziyadoğlunun onun əleyhinə çıxması Nadir şahı qəzəbləndirdi. Nəticədə, o, Borçalı mahalını Gəncə bəylərbəyi Ziyadoğludan alıb Kartli-Kaxetiya çarlığına verdi. Sonrakı dövrdə - 1801-ci il 12 sentyabr manifesti ilə bu ərazi Rusiyaya birləşdirildi. 1880-ci ildə Borçalı qəzası təşkil olundu. Lakin bu zaman Borçalı torpaqları olan Qarayazı və Qaraçöp Tiflis qəzasına verildi və mahalın ərazi bütövlüyü pozuldu. Buna baxmayaraq, azərbaycanlılar sözügedən ərazilərdə əsas etnik qüvvə idi. Nəhayət, 1918-ci ilin 28 mayında AXC elan olunduqda əhali Azərbaycana birləşmək haqqında məsələ qaldırdı. Həmin ilin iyununda gürcü-alman hərbi dəstələri Borçalıya daxil oldu. Azərbaycan Xarici İşlər Nazirliyi sərhəd məsələsinin siyasi danışıqlar yolu ilə həll olunmasınını təklif etsə də, gürcülər buna razılıq vermədi. Münasibətlər daha da kəskinləşdi. Problem İstanbul konfransında müzakirə olundu, daha geniş formada isə Paris sülh konfransındakı Azərbaycan nümayəndələrinin tələbində əks olundu. Lakin bunu dinc yolla həll etmək mümkün olmadı. Birinci Dünya müharibəsində məğlub olmuş Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar. Fürsətdən istifadə edərək Gümrünü tutub Borçalıya çatdılar. Bu ərazi uğrunda erməni-gürcü müharibəsi ingilislərin müdaxiləsi ilə 1918-ci ilin 31 dekabrında dayandırıldı. Tiflis konfransının qərarına əsasən, Borçalının şimalı Gürcüstana, cənubu isə Ermənistana birləşdirildi. Ərazinin tarixi sahibi olan azərbaycanlıların mənafeyi isə növbəti dəfə tapdalandı.

Qarayazı Azərbaycan türklərinin ən qədim məskənlərindən biri idi. Türk dilində hərfi mənası "böyük çöl" deməkdir. Gürcüstanın Qarayazıya olan iddiasına AXC XİN-in əməkdaşı A.Şepotyevin sənədlər arasından topladığı məlumatlarda bu ərazidə yaşayanlar arasında bir nəfər də olsa, gürcü olmaması faktı cavab oldu. Onun fikrincə, AXC-nin tərkibinə daxil olmuş bu ərazi əslində mübahisəsiz hesab olunurdu. Gürcü-alman birləşmələri tərəfindən bura işğal olunduqda - 1918-ci ilin 19 sentyabrında AXC XİN-ə məktub göndərildi. Əhali tələb edirdi ki, ya mərkəzi Tiflis olmaqla Qarapapaq xanlığı yaradılsın, ya da Tiflislə birlikdə Borçalı, Başkeçid, Qarayazı, Qaraçöp Azərbaycana birləşdirilsin. Lakin AXC-nin süqutu problemin həllinə imkan vermədi.

Sığnaq qəzasının ərazisi 1917-ci il Qafqaz təqviminin məlumatına görə, 6.032.65 kv. km göstərilirdi. Qəzanın tərkibindəki Şirək və Eldar çölləri azərbaycanlılara məxsus idi. Ona görə də AXC sərhədlərini müəyyən edərkən Gürcüstanla mübahisəli ərazilər sırasında idi. Tarixən Azərbaycanın tərkibində olmuş  bu ərazi Gəncə-Qazax düzənliyi və Zaqatala dairəsi əhalisi üçün təsərrüfat əhəmiyyətli qışlaq yerləri olub. Azərbaycan və Gürcüstanın sovetləşməsindən sonra Sığnaq qəzası Azərbaycan tərəfinin rəsmi razılığı olmadan, demək olar ki, bütünlüklə Gürcüstan SSR-in tərkibinə qatıldı.

AXC dövründə inzibati ərazi vahidi olmuş Göyçə mahalı hələ Şah İsmayılın 1510-cu il fərmanında göstərilirdi. Əhalisi, əsasən, azərbaycanlılardan ibarət olan mahal İrəvan quberniyası təşkil olunduqda (1849) Yeni Bəyazid qəzasına daxil edildi. Rusiya müstəmləkəçilərinin Türkiyənin Bəyazid vilayətindən Göyçəyə köçürüb gətirdikləri ermənilər qəzanı Nor-Bayazet adlandırırdı. 1917-ci ilə olan məlumatlara görə, qəzanın ərazisi 4.7 min kv. km idi. Ərazinin 1-ci və 2-ci polis sahələri mübahisəsiz, 3-cü polis sahəsinin bir hissəsi isə mübahisəli ərazilər sırasında idi. Əhali başdan-başa müsəlmanlar olub. Azərbaycan və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sərhədlər sovet-bolşevik rejiminin himayəsi ilə Ermənistanın xeyirinə dəyişdirildi. Göyçə ərazisi, demək olar ki, bütünlüklə Ermənistana verildi. Azərbaycan-türk yer adları dəyişdirilərək  Kamo (Kəvər), Martuni (Qaranlıq), Vardenis (Basarkeçer),  Krasnoselsk (Çəmbərək) kimi rayonlar təşkil olundu.

İndiki Ermənistanın cənub-şərqini, Göyçə gölü hövzəsini, Azərbaycan Respublikasının cənub-qərbini əhatə edən Zəngəzur qədim dövrdə Atropatena və Albaniya, sonradan Səlcuq, Hülakü, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibində olmuşdu. 1828-ci il Türkmənçay müaviləsinə əsasən, Rusiyaya qatılıb. Müstəqil respublikalar yarandıqdan sonra ermənilərin Zəngəzur torpaqlarına olan iddiası da başlandı. Bu məqsədə soyqırım siyasəti ilə nail olmağı düşünmüş ermənilərlə vəziyyəti sabitləşdirmək üçün 1919-cu ilin yanvarın 13-də Qarabağ general-qubernatorluğu yaradıldı. Sovet rejimi qurulduqdan sonra Zəngəzur Ermənistana ilhaq edilmişdi. 1920-ci illərin sonlarından həyata keçirilmiş rayonlaşdırma zamanı Zəngəzur tarixi vilayət kimi ləğv edildi və Qafan, Gorus, Mehri, Sisyan rayonları təşkil edildi.

Mürəkkəb daxili və xarici vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sərhəd məsələlərinə xüsusi diqqətlə yanaşırdı. Lakin aprel işğalı nəticəsində AXC-nin süqutu və SSRİ-nin ermənipərəst siyasəti Azərbaycan ərazisinin 27.2 min kv. km azaldılaraq 86.6 min kv. km müəyyən olunması ilə nəticələndi. XX əsrin sonunda baş vermiş işğal siyasəti nəticəsində isə daha 20% Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olundu. Bütün bunlar Azərbaycan xalqına, onun ərazisinə, ayrı-ayrılıqda isə hər bir vətəndaşına qarşı ədalətsiz siyasətin nəticəsi idi.

AXC yadigarının boyalardakı təsviri 

Nurlan AĞA

Bakı Dövlət Universitetinin əsas binasında bir tablo var. Böyük və diqqət çəkən bir tablo. Sanki universitet öz tarixini, hansı dövrdən bu günə yadigar qaldığını o tablo vasitəsilə hər kəsə çatdırır. Burada Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə BDU-nun təsis edilməsi səhnəsi təsvir edilib. Məhz burada yatan tarix onu göstərir ki, BDU Azərbaycan Cümhuriyyətinin elm, təhsil sahəsində atdığı ən böyük addımlardan biridir.

Tablo 2014-cü ildə BDU-nun 95 illik yubileyi münasibətilə universitet rektorluğunun sifarişi ilə hazırlanıb. Onun müəllifi rəssam Zakir Hüseynovdur. Tablonun alt hissəsində şəkil haqqında məlumat lövhəsi də yerləşdirilib.

Burada bir sıra tarixi şəxsiyyətlər təsvir edilib. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əhməd bəy Ağaoğlu, Nəsib bəy Yusifbəyli, Həmid bəy Şahtaxtinski, Mustafa bəy Topçubaşov, Mehdi bəy Hacinski kimi aydınlar, ziyalılar tabloda yer alıb, elm və təhsilin inkişafı yolunda böyük rolu olmuş universitetin təsis edilməsinin önəmini duyarcasına sevinc və həyəcan içərisində göstərilib.

Tablo müəllifi BDU-nun yaradılmasının əleyhinə çıxış etmiş qüvvələri də unutmayıb. Ona görə də ermənilərin "Daşnaksütyun" partiyası, "Slavyan-rus", Bakı kəndlilərinin "Əhrar", "İttihad", bolşeviklərin "Sosialistlər" fraksiyasının nümayəndələri də tabloda yer alıb. Lakin bütün etirazlara, qarşıdurmalara baxmayaraq, universitetin əsasının qoyulmasına qərar verilməsi maarifçilər, millət təəssübkeşləri tərəfindən böyük sevinclə qarşılanır.

Tabloda yer almış önəmli şəxsiyyətlərinin biri də məhz ilk rektordur. Yəni Bakı Dövlət Universitetinin ilk rektoru olmuş, Kazan Universitetinin professoru Vasili Razumovski.

Universitetə gəlib-gedən hər kəsi əsas binanın girişində bu tablo qarşılayır, yola salır. Ona baxdıqca insanda qəribə bir duyğu yaranır. Azərbaycan tarixinin, dövlətçiliyinin, maarif, mədəniyyət, incəsənət və s.-in ən parlaq səhifələrini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində bir sıra ilklərə imza atdığı kimi ilk universitetin yaradılması işini də öz öhdəsinə götürməsini boyalarla göstərən tablo insanı 1919-cu ilin 1 sentyabrına, yəni BDU-nun təsis olunması ilə bağlı parlamentin qərar qəbul etdiyi günə aparır. Elə bilirsən ki, bu dəqiqə tablodakılar canlanacaq, Rəsulzadə millətin inkişafı yolunda təhsilin önəmini vurğulayacaq, Xoyski bu qərarın vacibliyindən danışacaq, Razumovski belə bir işə qol qoyduğu üçün məmnunluğunu bildirəcək, böyük messenat Hacı Zeynalabdin Tağıyev bu günləri gördüyü üçün sevinc göz yaşlarına boğulacaq, düşmən qüvvələr də istədiklərinə nail ola bilmədiklərinə görə üzüləcəklər və biz bunları canlı olaraq, gözümüzün qarşısında yaşayacağıq. Mən yaşayıram. Bir dəfə həmin tablonun yanından keçərkən ona diqqətlə baxın, bəlkə, siz də yaşayacaqsınız... 

45 illik antrakt

Günel NATİQQIZI
Jurnalistika fakültəsi, III kurs
 

Pərdələr qalxır. Əvvəlinci məclis vaqe olur 1873-cü ilin martında Bakı realnı məktəbində.

Məclis əhli:

Mirzə Fətəli Axundzadə - "Hekayəti Molla İbrahimxəlil kimyagər"in iksirinin sirrini bəyan edən, "Aldanmış kəvakib"in məğlubiyyətinə təəssüf  edən ziyalı.

Həsən bəy Zərdabi - vilayətinin ilk aynasını yaradan, "Nöqsansız dost axtaran dostsuz qalar" deyib, nöqsanları yaratdığı aynada əks etdirən ziyalı.

Nəcəf bəy Vəzirov - yaradıcılığına "Dərviş" imzalı satirik yazılarla başlayıb, "Müsibəti-Fəxrəddin" faciəsi ilə zirvəyə qalxan ziyalı.

İnsanlar məhz onların sayəsində "Min-min adamın qəmini çəkən" Lənkəran xanının və onun  vəzirinin hekayətindən xəbərdar olur. Pərdələr enir... Kiçik antraktdan sonra tamaşının əsas qəhrəmanı "Sərgüzəşti-mərdi-xəsis" olur. Hacı Qaranın xəsisliyindən bəhs edən bu hekayətdən sonra da pərdələr  enir...

Yenidən pərdələr qalxsa da, ilkləri  yaradacaq yeni tamaşanı  görmək üçün 45 illik antrakt elan olunur.

Bir gün Türkiyə mətbuatında qəzetlərin birində belə bir yazıya rast gəlinir: "Qafqazın zəngin səhnələrində çıxış etməyə alışmış aktyorlar qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza tamamilə uyğun tamaşalar verirlər". Bu o deməkdir ki, artıq uzunmüddətli antrakt bitib. Yeni tamaşaların sorağı  qonşu ölkələrdə də duyulmaqdadır.

Pərdələr qalxır...

İkinci məclis. 1918-ci ilin 4 noyabrında Azərbaycan Dövlət Teatrında vaqe olur.

Məclis əhli:

Nəriman Nərimanov - ilk tarixi faciənin müəllifi olan, müəmmalı şəkildə ölən, sevgisinə sədaqətli ziyalı.

Üzeyir Hacıbəyov - notlarla Şərqdə ilklərə imza atan, naşir, dövlət xadimi, tərcüməçi, publisist, istiqlalımızdan yadigar şanlı himnimizin bəstəkarı olan ziyalı.

Zülfüqar  Hacıbəyov - "Onda elə, indi belə" operretasının, "Mən ağlaram, o gülər" komediyasının, elmi məqalələrin müəllifi olan ziyalı.

İsfahan şəhərində başlamış, Nadir şahın faciəvi həyatından bəhs edən bu əhvalatdan sonrakı antraktlar yenidən qısalır. Biri-birinin ardınca "Ölülər", "Yağışdan çıxdıq, yağmura düşdük",  "Bəxtsiz cavan", "Əlli yaşında cavan", "Şamdan bəy", "O olmasın, bu olsun", "Ağa Məhəmməd şah Qacar", "Şah İsmayıl", "Pəri-cadu", "Otello", "Qaçaqlar", "Dağılan tifaq", "Əlmənsur", "Hacı Qara", "Bədbəxt milyonçu", "Vətən, yaxud Silistrə", "Ev tərbiyəsinin bir şəkli", "Evliykən subay", "Arşın mal alan" kimi əsərlər nümayiş olunur. Bu səhnələrdə insanlara yalnız mənəvi xeyir verən ənənəvi teatrlardan fərqli olaraq, xeyriyyə məqsədli tamaşalara da geniş yer verilir. "Azərbaycan" qəzetinin elanlarının bir neçəsində həlak olmuş döyüşçü ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində məlumatlar yayımlanır. İkinci məclisin əsas qəhrəmanlarından olan Zülfüqar Hacıbəyovun təşkil etdiyi xeyriyyə tamaşasından Azərbaycan ordusunun bölməsinə 22.292 manat 80 qəpik pul vəsaiti köçürülür.

Pərdələr yenə enir...

Qalxan pərdələrin səhnəsində Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə", İsa bəy Aşurbəyovun "Azərbaycan", Cəfər Cabbarlının "Bakı müharibəsi", "Ədirnə fəthi" kimi yeni, vətənpərvər ruhlu əsərləri nümayiş olunur.

İndiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı məhz ikinci məclisdən sonra ilk dəfə olaraq Dövlət Teatrı statusunu qazanır. Bu ilk bizə  istiqlalımızı qazandıranların yadigarıdır. Onlar 1918-ci ilin 28 mayında həyat adlanan mübarizə səhnəsinə atılıb, Vətən qarşısında öz  rollarını  ifa etməyi bacarırlar. 1920-ci ilin 27 aprelində isə həmin səhnədəki pərdələr enir...

Bu xalq həyat səhnəsinin 23 ayına sığa biləcək qədər bütün ilklərə imza atanları, sadəcə, 100-cü ildönümündə deyil, var olduğu bütün dönəmlərdə alqışlamalıdır.

1918-ci il 28 may - 1920-ci il 27 may.

Əsas qəhrəmanlar:

Məhəmməd Əmin Rəsulzadə - Milli Şuranın sədri, Azərbaycan Xalq Cümhuriyyətinin banisi.

Fətəli xan Xoyski - Baş nazir (1918 -1919).

Nəsib bəy Yusifbəyli - Baş Nazir (1919-1920).

Əlimərdan bəy Topçubaşov - Parlamentin sədri.

"İstiqlal bəyannaməsi"ni imzalayan 125 nəfər və digərləri.

Tarixin sınağında səhnələrdəki qəhrəmanlar  dəyişə bilər, antraktlar da uzana bilər, pərdələr də enə bilər. Amma bir şey var ki, o, daha dəyişməz, o, daha ölməz. Dahi  Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi: "Bir kərə yüksələn bayraq bir daha enməz!" 

İran AXC-ni de-fakto tanıyan ilk dövlətlərdən biri kimi

Şahin Yusifli
AMEA Şərqşünaslıq İnstitutunun dissertantı

1918-ci ilin mayında bir qrup istedadlı dövlət xadiminin tarix səhnəsinə sinəsini qabardaraq çıxardığı Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində yaradılan möcüzəvi bir milli dövlət idi. Bu dövlətin o zamankı "nəhənglər" tərəfindən qəbul edilməsi və Qafqaz kimi münaqişəli ərazidə meydana çıxması özünə qarşı iki qat məsuliyyət, əziyyət və səylər tələb edirdi. AXC-nin yaranması dünyanın sərhədlərinin yenidən çəkilməsi dövrünə təsadüf etdiyindən Vudro Vilson prinsiplərinə əsasən, kiçik dövlətlərə müstəqilliyin verilməsi nəzərdə tutulmamışdı. Qafqazda belə bir hökumət ilk növbədə o zamankı Fars dövləti (Doulət-e Qacariyye) üçün narahatlıq mənbəyi idi. Bu zaman Qacarlar dövləti son dövrlərini yaşayır, inqilabdan yenicə çıxmış ölkə faktiki olaraq ingilislər, ruslar və onların təkan verdiyi daxili müxalif qüvvələrin mübarizə meydanına çevrilmişdi. Həmin dövrdə Fars dövləti üçün bir çox narahatlıq mənbələri vardı. Birincisi, XIX əsrin əvvələrində ölkə Şimali Azərbaycan torpaqlarını Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, Rusiyaya güzəştə getməli olmuşdu və hər vəchlə geri qaytarmaq niyyətində idi. Bu istiqamətdə işin getməməsi və üstəlik, həmin ərazilərdə yeni, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranması İran üçün həzm olunan deyildi. AXC rəhbərlərinin regionda özünü sübut etmək istiqamətində iş aparması nümayəndə heyətinin İstanbulda olduğu dövrdən başlamış, Parisə qədər davam etmişdi. Bu heyətin sədri Ə.Topçubaşov İstanbulda olarkən Qacarların buradakı səfiri ilə görüşmüş və məktublaşmalar aparmışdı. Bu yazışmalarda İran tərəfi daim öz farspərəst mövqeyini nümayiş etdirib və Azərbaycanın İran ərazisi, əhalisinin isə fars tayfalarının türkləşməsi nəticəsində yarandığını qeyd edib. Bu yanaşmaya qarşı Topçubaşovun cavabları da tutarlı olmuş və Parisə qədər artıq İranın qismən razılığı əldə olunmuşdu. Maraqlısı budur ki, Fars dövləti üçün narahatlıq mənbəyi məhz Azərbaycan ərazisi və burada yaranan yeni dövlət idi. Topçubaşov Parisdə olarkən İranın o zamankı xarici işlər naziri olan Mirzə Əliqulu xanla da görüşmüş, iki dövlət arasında münasibətlərin gələcəyi oriyentasiyası barədə söhbət aparmışdı.

İstanbulda olarkən nümayəndə heyəti İran konsulluğuna AXC-nin yaranması barədə bəyannamə təqdim etsə də, İran buna qarşı çıxmış və dövlətin İrana birləşdirilməsini də istəmişdi. 1919-cu ildə İsmayıl bəy Ziyadxanlının rəhbərliyi ilə diplomatik missiya İranla münasibətlərinin tənzimlənməsi və ikitərəfli münasibətlərinin yaradılması istiqamətində effektiv iş apardı. İranda tərəflər arasında 14 bənddən ibarət razılaşma əldə olunsa da, bəzi müxalif qüvvələr buna qarşı çıxmaq istədilər. Bu zaman İranın ölkəmiz üzərindən apardığı ticarət əlaqələrində çətinliklər yaradıldı və gömrük tarifləri ağırlaşdırıldı. Bu kontekstdə sıxılmış İran həqiqəti qəbul etməli oldu. Ümumilikdə, o zaman üçün qonşu və müsəlman qardaş hesab olunan İran, yeni yaranan dövlətə yalnız tarixi torpaqları geri qaytarmaq kontekstindən baxa bildi. İranın Cümhuriyyətlə münasibətlərini bərpa etməsinin əsas səbəbi məhz onun buradakı tacirlərinin mənafeyi və ölkənin ticarət məsələlərinin davamlılığını təmin etməkdən ibarət idi. Bu istiqamətdə İran da rəhbər Ziyaəddin Təbatəbayi olmaqla öz nümayəndə heyətini Bakıya göndərmişdi. Həmin ilin iyununda İranda Azərbaycanın  konsulluğu öz işinə başladı. Bundan sonra qarşılıqlı münasibətlər Paris sülh müqaviləsinə qədər yüksələn xətlə davam etdi və hətta Parisdə İranın Azərbaycan Xalq Cümhuriyyəti barədə tutarlı fikirləri onun de-fakto tanınmasına təkan verdi. Burada iki ölkədən ibarət müştərək komissiya da müvəffəqiyyətli iş aparmış oldu. Sülh konfransından sonra münasibətlər daha səmərəli ərəfəyə daxil oldu. Tərəflərin nümayəndələri 1920-ci ilin martına qədər görüşlər keçirərək əməkdaşlıq və mehriban qonşuluq siyasətini təmin edə biləcək müqavilələr imzaladılar. Bu müqavilələrə əsasən, İran Azərbaycanı müstəqil dövlət kimi tanımış və qarşılıqlı səfirliklərin təmin edilməsini qəbul etmişdi. 1920-ci ilin aprelinə qədər İranla AXC arasında 7 əsaslı müqavilə bağlanmışdı. Bunlardan ən əsası "Dostluq müqaviləsi" hesab olunurdu.

İran 1919-ci ilin martında AXC-ni de-fakto olaraq tanısa da, rəsmi, de-yure 1920-ci ilin martında Bakıdakı görüşdə təmin edilmişdi və rakifikasiya üçün Tehrandan təsdiq gözlənilirdi. Lakin aprel işğalı ilə bu proses yarıda qaldı. Diqqəti cəlb edən əsas məsələ isə İranla AXC arasında olan o zamankı danışıqlar,  yazışmalar və proseslərin dəqiq şəkildə hələ də tədqiq olunmaması və arxivlərdə saxlanılmasıdır.

Beləliklə, 1920-ci ilin əvvəllərində Paris Sülh Konfransının qərarları nəticəsində dünya siyasətində meydana çıxmış yeni reallıqlar İranın Azərbaycana münasibətdəki yanaşmasını dəyişməyə vadar etdi. İran uzun manevr və tərəddüdlərdən sonra Azərbaycan Xalq Cümhuriyyətini müstəqil dövlət kimi tanıdı, onunla diplomatik əlaqələrin yaradılması istiqamətində müvafiq addımlar da atdı. Bu, AXC-nin regionda və diplomatik münasibətlərdə böyük uğuru idi.

O zamankı yazışmalara diqqət edəndə görürük ki, AXC-nin yaranması və bu prosesin ətrafındakı siyasi vəziyyət İrandan xaricdə olan diplomatlarının yazışmalarında  daha çox diqqəti cəlb edir. Diplomatik sənədlərin ümumi təhlilindən görünən budur ki, Tiflisdə və Bakıda fəaliyyət göstərmiş diplomatlar Qafqazda mövcud olmuş siyasi vəziyyəti Tehranda əyləşən və keçmişin xülyası ilə yaşayan xəyalpərvər, fars şovinistlərinin bir çoxundan daha aydın şəkildə dərk edir, reallıqdan çıxış etməyi vacib hesab edirdilər. Onlar öz məktub və hesabatlarında Qafqaz ölkələri, xüsusən, Azərbaycanla İran arasında sağlam münasibətlərin yaradılması üçün ilk növbədə dövlətlərarası əlaqələrin formalaşdırılmasının əhəmiyyətini vurğulayır, əks halda Tehranın bu gedişlə Qafqazdan tamamilə təcrid olunacağına dair narahatlıqlarını ifadə edirdilər. Çünki Qafqaz, xüsusilə, Azərbaycan ərazisi İran üçün daim Qərbə qapı olub və tarixi həqiqət nəhəngləri bu kiçik, amma cəsarətli ölkəmiz qarşısında diz çökməyə məcbur edib.

 





22.05.2018    çap et  çap et