525.Az

Hulusi Kılıç: "Xalqlarımızı bir-birinə daha yaxından tanıtmalıyıq"


 

Hulusi Kılıç: "Xalqlarımızı bir-birinə daha yaxından tanıtmalıyıq"<b style="color:red"></b>

Türkiyənin tanınmış diplomatı, Hulusi Kılıçın adı Azərbaycanda da hamıya tanışdır.

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri olan H.Kılıç 2012-2016-cı illərdə Türkiyə Xarici İşlər Nazirliyində Afrika Baş idarəsinin müdiri, sonra isə bir müddət ölkəsinin Moldovadakı səfiri vəzifələrində çalışıb. Ötən ilin fevral ayından diplomat kimi təqaüdə çıxan diplomat bundan sonra Türk dünyası ilə daha yaxından məşğul olacağını bildirir. Bu günlərdə H.Kılıça Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr koordinatoru vəzifəsi təklif olunub və o, bu təklifi qəbul edib.

Hulusi Kılıçla bu söhbətimiz də elə Türk dünyasnın diaspor fəaliyyəti barəsindədir.

- Türk dünyası qardaş xalqların, dövlətlərin cəmi, bütünü deməkdir. Türk dünyasının gündən-günə güclənməsi hamımızın diləyidir. Fərəhlidir ki, bu istiqamətdə bir sıra qurumlar fəaliyyət göstərir. Onların qarşılıqlı şəkildə daha sıx əlaqədə olması vacibdir. Bununla yanaşı, dünyada güclü ümumtürk diasporunun təşəkkül tapması lazımdır, bu, hamımızın istəyidir. Məsələn, dünyada 20-dən çox ərəb dövləti var. Biz onların hamısına "ərəblər" deyirik. Bizləri də "türklər" deyə çağırırlar. Türk dünyası mənim ən böyük sevdamdır və ona hər hansı töhfə verə bilərəmsə, xoşbəxt olaram.

- Son illər Türk dünyasını bir araya gətirmək məqsədilə müxtəlif təşkilatlar qurulub. Bu qurumların xaricdə yaşayan türksoyluların bir araya gətirilməsində, ortaq işbirliyində fəaliyyəti yetərlidirmi?

- Ümumtürk diasporunu qurmaq üçün ortaq səylər lazımdır. Azərbaycan bu sahədə gözəl işlər həyata keçirir. Digər tərəfdən, ümumtürk diasporunu qurmağın yolu əvvəlcə Türkiyə-Azərbaycan, daha sonra digər Türk diasporlarının birləşməsidir. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın hər birinin müxtəlif sahələrdə geniş iqtisadi imkanları, böyük potensialı var. Türkiyəyə gəlincə, ölkəmiz önəmli coğrafi mövqeyə malik böyük bir gücdür. Yaxın işbirliyi qursaq, dünyada çox güclü olarıq. Bu baxımdan öncə xalqlarımızı daha da yaxınlaşdırmalı, bir-birinə daha yaxından tanıtmalıyıq.

- Sizcə, türk xalqlarının diaspor strategiyası necə qurulmalıdır?

- Dünyada diaspora bəzən "soft power", yəni "yumşaq güc" deyirlər. Bir tərəfdən əlaqələri inkişaf etdirmək üçün diasporun böyük rolu var, digər tərəfdən vətəndaşların bir arada yaşamalarını, birliklərini, ölkəyə bağlılıqlarını göstərən bir gücdür. Artıq müxtəlif ölkələrdə Qazaxıstan, Azərbaycan, Türkmənistan türkləri bir araya gəlir. Bunu daha da inkişaf etdirmək lazımdır. Təbii ki, dövlətlər də bunu dəstəkləməlidir. Türkiyə bu məsələyə son illərdə xüsusi önəm verir.

Səfirlik fəaliyyətim dönəmində Türkiyədən bələdiyyələri Qaqauz Yerinə apardım ki, binalar inşa edək. Qaqauz Yerində Gənclik mərkəzi, Qocalar evi, Mədəniyyət mərkəzi qurduq. Bütün bunları zövq alaraq edirdim. Həm də Qaqauz türkləri ilə qaynayıb-qarışdıq. Qaqauz Yerinin başçısı İrina Vlax hər kəsə deyirdi ki, Hulusi bəyin sayəsində türk dilini öyrəndim. Demək istəyirəm ki, Moldovada səfir olmağımın Qaqauz türkləri üçün faydası oldu. Onların milli kimlikləri daha da gücləndi.

- Özünüzü Türk dünyasına həsr etmiş diplomatsız. Bu fəaliyyətlərinizin içində də sanki bir diaspora  fəaliyyətləri var. Türkiyə və Azərbaycan arasında sərhəd və bayraqla əlaqədar yaşanan kritik dövrlərdə Azərbaycanda səfir missiyasını yerinə yetirirdiz. O dövrü necə xatırlayırsınız?

- O illər çətin illər idi. Bir böhran yarandı və biz onu həll etdik. Allaha şükürlər olsun ki, o zaman səfir olmaq mənə nəsib olmuşdu. Bunu yönəltmək asan deyildi. Sonra da həmişə Azərbaycanda bunu deyirdim: bu bir sınaqdır və biz bundan çıxacağıq, daha da güclənəcəyik. Dediyim kimi, bu, imtahandan keçdik və gücləndik. Çəkişərək bərkişmək deyə bir söz var. Biz çətinliklərin hər birinin öhdəsindən gəldik. Beş ilə yaxın Azərbaycanda səfir missiyası yerinə yetirdim. Prezident İlham Əliyev mənə "Dostluq" ordeni verdi. Bu ordeni alan ilk türk diplomatıyam.  Bunu da gördüm ki, yaxşı işlərə dəyər verirlər. Prezidentə də dedim ki, "bu, mənim diplomumdur". Çünki o kritik günlərdə hər gün efirə çıxdım: danışdım, anlatdım. Ankaraya doğru mesajlar verdim. Bakıda redaksiyaları ziyarət etdim. Yəni biz bunu bacardıq.

Moldovada səfir olanda özümü həm də Azərbaycanın səfiri kimi görürdüm. Biz iki səfir, yəni Azərbaycanın və Türkiyənin Moldovadakı səfirləri bərabər çalışdıq. Bu il fevralın 25-də Moldovanın paytaxtında "Vətəndaş və Soydaş" adlı bir vida mərasimi düzənlədik. Əslində, Moldovada hər iki aydan bir "Vətəndaş və Soydaş" adlı mərasim düzənləyirdim. Vida mərasimində isə səfir Qudsi Osmanov, Qaqauz Yerinin rəhbəri İrina Valahdan başlayaraq hər kəs iştirak edirdi. Əslində, mən öz Türk millətimin aşiqiyəm. Mən bunu heç  gizlətmirəm, açıq-aydın deyirəm ki, Azərbaycana səfir görəvinə öz istəyimlə getdim. Hər kəs bunu bilir və açıq şəkildə deyirəm. Mən heç kimlə deyil, həyatı boyunca özümlə yarışdım.  Kimin nə etdiyi mənim üçün maraqlı deyil. Mənim şüarım budur: “Türkiyə üçün çalışmaq Azərbaycan, Azərbaycan üçün çalışmaq isə Türkiyə üçün çalışmaq deməkdir". Yəni bu mənim üçün eyni əhəmiyyət kəsb edir. Azərbaycanda mənimlə bərabər çalışan və hazırda Ankarada yaşayan insanlarla artıq neçə illərdir ki, mütəmadi olaraq bir araya gəlir və Azərbaycanın önəmli günlərini qeyd edirik. Bu, irəlidəki illərdə də davam edəcək.

- Yeri gəlmişkən, Azərbaycandan  sonra Moldovada da səfir kimi çalışmısız. Moldova Qaqauz Yerində çox işlər gördünüz. Bu fəaliyyətlər bir səfirin vəzifəsimi, yoxsa bir diaspora fəaliyyətidir?

- Bu, mənim içimdən gələn duyğudur. Səfirin vəzifəsi iş deyil. Türkiyədəki bələdiyyələri götürdüm və orada binaları tikdilər. Heç bir səfir bələdiyyə ilə görüşüb bu işləri görməzdi. Altındağ Bələdiyyəsi Qaqauziya Yerində Gənclik Mərkəzi, hüzur evi, mədəniyyət mərkəzi inşa etdi. Bütün bunları sevə-sevə həyata keçirmişəm və bu işlərdən zövq alaraq yaşamışam. Mən ölkə xaricində çalışmağı sevən insanam. Qaqauzlu soydaşlarımızla da qaynayıb qarışdıq. Qaqauziya Yerinin rəhbəri İrina xanım mənə deyirdi: "Sizin sayənizdə Türk dilini öyrəndim". O, bunu hər kəsə deyirdi. Yəni demək istəyirəm ki, orada çalışmaqda faydamız oldu. Moldovada səfir olduğum dönəmdə Qaqauzların milli kimlikləri daha da gücləndi. Heydər Əliyev Fondu Qaqauziyanın Çadır Lunga qəsəbəsində Mədəniyyət və Təhsil Mərkəzi inşa edir. Türkmənistan isə ötən il Çeşmə kəndində bir uşaq bağçası tikdirdi. Bunları başqa xalqlar etmir, məhz türklər həyata keçirir. Qaqauz xalqı Türk millətinin bir hissəsidir.

Pərvanə SULTANOVA

 





23.05.2018    çap et  çap et