525.Az

Tanınmış musiqiçilərimiz ABŞ-da cümhuriyyətlə bağlı tədbirdə


 

Tanınmış musiqiçilərimiz ABŞ-da cümhuriyyətlə bağlı tədbirdə <b style="color:red"></b>

Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cumhuriyyətinin yaranmasının 100 illiyi İllinoisdə qeyd edilib. Bununla bağlı qala gecədə İllinoisdə yaşayan Azərbaycan Cəmiyyətinin fəalları iştirak ediblər.

Gecədə Çikaqonun meri Corc Van Dusen, Türkiyənin Çikaqodakı konsulu Umut Acar, Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, doktor Adil Bağırov, professorlar Nasiman Yaqublu, Harri Lepinske və digərlərinin təbrikləri səsləndirilib. Bundan sonra ABŞ Dəniz Qüvvələrinin komandiri,a zərbaycanlı Naimi Amiral (John Amiral) və digərlərinin təbrik məktubları da oxunub.

Gecənin musiqili hissəsi canlandıran Azərbaycanın tanınmış musiqiçiləri - xalq artisti, tarzən Ramiz Quliyev, əməkdar artistlər Lalə Məmmədova, Nuriyyə Hüseynova, gənc müğənni Çinarə Məlikzadə, beynəlxalq müsabiqələr laureatı, Fransa Caz Musiqi məktəbinin aspirantı, istedadlı pianoçu Etibar Əsədli canlandırıblar. Professor Ramiz Quliyevin təqdimatında Azərbaycanın dünya şöhrətli bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Tofiq Quliyevin əsərləri ilə bərabər Azərbaycan xalq mahnıları və muğamları dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Proqramın sonunda bütün musiqiçilərin bərabər ifasında "Yaşa, Azərbaycan" əsəri ifa olunub. Tədbirdə iştirak edən qonaqlara təşkilatçılar tərəfindən xüsusi olaraq hazırlanmış, Cumhuriyyətin 100-cü ildönümünə həsr olunmuş hədiyyələr də təqdim edilib. Konsertin növbəti günü Çikaqoda keçirilən və 36 ölkənin iştirakı ilə beynəlxalq folklor festivalında Azərbaycana həsr olunmuş guşənin açılışı olub. Festival çərçivəsində professor Ramiz Quliyev və əməkdar artist Lalə Məmmədovanın iştirakı ilə geniş konsert proqramı gerçəkləşib.

 





23.05.2018    çap et  çap et