525.Az

"Cəfər Cabbarlı mükafatı" yeni laureatlarına təqdim olundu


 

"Cəfər Cabbarlı mükafatı" yeni laureatlarına təqdim olundu <b style="color:red"></b>

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Cəfər Cabbarlı mükafatı"nın təqdimat mərasimi keçirilib.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru, mükafat komissiyasının sədri Qəmər Seyfəddinqızı bu mükafatın muzeyin layihəsi əsasında "BP Azerbaijan" şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunduğunu bildirib. Mükafatın Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edildiyini söyləyib.

Qeyd edilib ki, 2018-ci ilin "Cəfər Cabbarlı mükafatı" Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım" İctimai Birliyinin "Təhsil müəssisələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği" layihəsi əsasında həyata keçirilib.

Bildirilib ki, "Cəfər Cabbarlı mükafatı" ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınmaqla müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilib, ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlara, ədəbiyyat və incəsənət xadimlərinə verilir.

Sonra ilin "Cəfər Cabbarlı mükafatı" sahiblərinə təqdim edilib.

Ədəbiyyatşünaslıq nominasiyası üzrə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, teatr və kino nominasiyası üzrə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, jurnalistika nominasiyası üzrə "Ədalət" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay və teatr nominasiyası üzrə Azərbaycan Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev mükafata layiq görülüblər.

Cəfər Cabbarlı irsinin gənclərin formalaşmasında böyük əhəmiyyətini qeyd edən ziyalılar dəyərli mükafat üçün minnətdarlıqlarını bildiriblər.

Sonda ədibin əsərləri əsasında hazırlanmış səhnəcik, əsərlərindən nümunələr və "Cümhuriyyət-100" mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

ŞAHANƏ

 





23.05.2018    çap et  çap et