Ötən gün Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan ədəbiyyatında mübariz qadın obrazı və qadın şairlərimiz” mövzusunda respublika konfransı keçirilib. Konfrans Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunub.
Tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov “Tarix boyunca şeirimizdə qadın və qadın şairlərimiz” mövzusunda məruzə ilə çıxış edib və Nigar Rəfibəylinin mənalı ömür yolu və zəngin yaradıcılıq axtarışlarından geniş söz açıb: “Nigar Rəfibəyli Gəncə şəhərində, həkim ailəsində anadan olub. Onun atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi. O, Azərbaycanın ilk müstəqil hökumətində – Xalq Cümhuriyyətində nazir vəzifəsini tutub, sonra repressiya qurbanı olub. Nigar Rəfibəyli repressiya illərində bəy qızı olduğuna görə min cür əzab və əziyyətlə üzləşib. Şairənin qohumlarını “xalq düşməni” damğası ilə qətlə yetiriblər. O şanlı nəsildən yadigar qalan Nigar Rəfibəyli bu ədalətsiz münasibətin acığına bütün ömrü boyu ləyaqətlə yaşayıb, quruluşun, zamanın, ayrı-ayrı nadanların haqsızlıqlarını torpağın, millətin ayağına yazmayaraq vaxtdan ucada dayanıb. Əksinə, çəkdiyi əzabların önündə öz məğrurluğunu saxlayaraq varlığı ilə bağlı olduğu torpağa, Vətənə övlad borcunu yerinə yetirməyi bacarıb. Bununla da Nigar Rəfibəyli mənsub olduğu nəslin və xalqın ən dəyərli, unudulmaz sənətkarlarından birinə çevrilib. Elə bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hazırda müstəqil ölkəmizin hər yerində görkəmli söz ustasının 100 illik yubileyi əsl poeziya bayramı kimi qeyd olunmaqdadır”. Rafael Hüseynov bildirib ki, Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını Vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir: “Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Şairənin poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar Rəfibəylinin həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı Vətən torpağının gözəlliyinə – gülü, çiçəyi, dənizi, bağı, meşəsi, fəsillərin özünəməxsus çalarlarına, dünyamızda baş verən fərəhli və nisgilli hadisələrə, ən başlıcası, insanlar, onların taleyi, mənəvi aləminə həsr olunub. Bütün bunlar kövrək qəlbli şairənin hissini, şüurunu ehtizaza gətirib, gördüklərini şeirə çevirib”.
Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Xalq şairi Nəriman Həsənzadə və başqaları Rəfibəylilər nəslinin keçdiyi məşəqqətli, lakin xalqa bağlı olan şərəfli ömür yolundan söz açıblar. Tədbirdə Nigar Rəfibəyli və onun həyat yoldaşı, böyük şair, ictimai xadim Rəsul Rzanın səs yazıları səsləndirilib, şairənin şeirlərinə yazılmış mahnılar ifa olunub. Konfrans işini bölmə iclaslarında davam etdirib.
S.ABDULLAYEVA
çap et