525.Az

Əmək Məcəlləsinə və Təhsil qanununa dəyişikliklər edilir


 

TƏHSİL NAZİRİ CEYHUN BAYRAMOV: "TƏHSİL HAQQINDA" QANUNA TƏKLİF OLUNAN DƏYİŞİKLİKLƏR MÜTƏRƏQQİ XARAKTER DAŞIYIR"

Əmək Məcəlləsinə və Təhsil qanununa dəyişikliklər edilir<b style="color:red"></b>

Mlli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 23-də keçirilən iclasında əvvəlcə Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Layihə barədə adıçəkilən komitənin sədri, akademik  İsa Həbibbəyli məlumat verib. Onun sözlərinə görə, dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni-67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur. Maddəyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.

Eyni zamanda, iclasda "Təhsil haqqında" qanuna dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı qoyulan məhdudiyyət aradan qaldırılır. Bununla bağlı "Təhsil haqqında" qanunun 26-1-ci (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) maddəsində dəyişiklik edilir. Maddənin 5-ci bəndi yeni redaksiyada verilir: Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bununla yanaşı, Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi təklif edilir.  Yəni "Təhsil haqqında" qanun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Digər dəyişikliklə isə maddənin 12-ci bəndinin ləğv edilməsidir. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.

İclasda iştirak yeni təhsil naziri Ceyhun Bayramov bildirib ki, 2014-cü ildən etibarən təhsil sistemində müəllimlərin  diaqnostik qiymətləndirilməsinə başlandı: "Bu, bir neçə mərhələni əhatə edib. Əvvəlcə Bakı şəhərini, sonra isə bölgələri əhatə edən bu proses artıq başa çatıb. Qeyd edim ki, bu proses ölkədə təhsilin inkişafı prosesinə də öz müsbət təsirini göstərib və bundan sonra da göstərəcək". Ölkədə sertifikasiya sisteminin uğurlu tətbiqini sözlərinə əlavə edən nazir bunun qanunvericilikdə öz əksini tapmasının müsbət məqam olduğunu söyləyib.

"Azərbaycanda təhsil sahəsində tədris dili dövlət dilimiz olan Azərbaycan dilidir. Bu, birmənalıdır. Amma Təhsil Nazirliyinin də icazəsi olmaqla, bəzi hallarda ümumi təhsil müəssisələrində Azərbaycan dili, dövlət dili yanaşı, başqa dillərdə də tədrisin aparılması nəzərdə tutulur. Yəni "Təhsil haqqında" qanunda nəzərdə tutulan texniki xarakterli dəyişikliklərdə bu məsələ də var". Bu fikirləri isə Komitə sədri İsa Həbibbəyli deyib. O, eyni zamanda bildirib ki, "Təhsil haqqında" qanuna yeni məzmunda təklif olunan 19.11-ci maddə cəmiyyətdə, sosial şəbəkələrdə ciddi müzakirə mövzusudur: "Hesab edirəm ki, bu məsələyə təhsil nazirimiz də münasibət bildirsə, yaxşı olar. Yəni "Təhsil haqqında" qanun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Ancaq neçə gündür cəmiyyətdə, sosial şəbəkələrdə bu barədə ciddi müzakirələr getməkdədir. Əslində, belə hesab edirəm ki, bununla, yəni təklif olunan dəyişikliklə bu məsələdəki bürokratik əngəllər aradan qaldırmış olur. Söz-söhbətlərə də ehtiyac qalmır. Bu, mütərəqqi dəyişiklikdir. Bu baxımda da, sosial şəbəkələrdəki müzakirələri mənasız hesab edirəm".

Millət vəkili, professor Musa Qasımlı deyib ki, məlum dəyişikliklər 3 məqsəd güdür: "Birincisi, bu dəyişikliklər Azərbaycan vətəndaşlarının maraqlarına yönəlib. İkincisi, təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların 6 yaşı tamam olmuşlarla eyni vaxtda məktəbə getməsi, onlara da belə bir hüququn tanınması çox mütərəqqi haldır. Üçüncüsü, dəyişikliklər məktəblərdə kadrların keyfiyyət dəyişikliyə gətirib çıxaracaq, təhsilimzdə yeni səhifə açacaq".

Millət vəkili Asim Mollazadənin sözlərinə görə, imkansız ailələrin övladlarının, xüsusilə, istedadlı uşaqların  ödənişsiz ali təhsilə yollarını, qapılarını açmalıyıq: "Bu, mütləq edilməlidir.  Onsuz da "papa"larının "gül balaları" üçün ödəniş məsələsində heç bir problem yoxdur. Onlar istənilən yollarla təhsil ala, ödəniş edə biləcəklər. Amma imkansız ailələrin istedadlı övladlarının ödənişsiz ali təhsilə yollarını açmalıyıq. Onlara belə bir imkan verilməlidir".

Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva da təhsil qanununa dəyişiklikləri əhəmiyyətli sayıb. Amma təklif edib ki, "təhsilin səviyyələri və pillələri" məsələsinə yenidən baxılsın. K. Əliyeva həmçinin bildirib ki, məktəblərdə dərs yükünün ağır olmasından narazıdır. Millət vəkilinin dediyinə görə, bu məsələ cəmiyyətdə də ciddi müzakirə olunmaqda və narazılıqlar yaratmaqdadır: "Ona görə hesab edirəm ki, orta məktəblərimizdəki dərs yükü sadələşdirilməli, yüngülləşdirilməlidir. Həmçinin, dərsliklərimizin vəziyyəti olduqca bərbaddır. Dərsliklər daha çox orta məktəb müəllimlərinin özləri tərəfindən yazılmalıdır. Bu, daha xeyirli və effektli olar. Bununla yanaşı, rus məktəblərindəki ədəbiyyat fənni üzrə dərsliklər çox bərbad vəziyyətdədir. Başa düşmək olmur ki, oradakı şeirlər, hekayələr haradan götürülüb, kimlər tərəfindən yazılıb? Uşaqlar çox əziyyət çəkirlər. Bunlar təcili aradan qaldırılmalıdır".

Millət vəkili Pərvin Kərimzadə çıxışı zamanı təklif olunan dəyişiklikləri müsbət saydığını və dəstəklədiyini bildirib: "Bununla yanaşı, hesab edirəm ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Bu, heç də test üsulunun aradan qaldırılması demək deyil. Bu, mütərəqqi üsuldur. Amma bununla belə düşünürəm ki, qəbul asanlaşdırılmalı, sadələşdirilməlidir".

Sonra deputaların suallarını cavablandıran təhsil naziri bunları deyib: "Biz Təhsil Nazirliyi olaraq, geniş təhlillər apardıq. Təhillər apardıq ki, sentyabrın 15-dən təqvim ilinin sonuna - dekabrın 31-dək 6 yaşı olan uşaqların təhsil göstəriciləri necə olub. Gördük ki, onların nəticələrində hansısa problem, yəni, onlardan ayca böyük olan uşaqlarla həmin uşaqların təhsil göstəricilərində ciddi fərq yoxdur". Təhsil naziri deyib ki, bu baxımdan, təhsil qanunundakı dəyişiklik mütərəqqi dəyişiklikdir: "Hesab edirik ki, təqvim ilinin sonunadək 6 yaşı olan uşaqların da 6 yaşlılarla eyni vaxtda məktəbə getmələri, qanundakı bununla dəyişiklik müsbət haldır. Burada hansısa problem görmürük". O, həmçinin, Bakı şəhərində yerləşən məktəblərin hardasa 10 faizində sıxlığın olduğunu deyib.

Kamil HƏMZƏOĞLU

 





25.05.2018    çap et  çap et