525.Az

Cümhuriyyətimizin 100 illiyinə dəyərli töhfə


 

“1920-ci İLƏDƏK ALİ MƏKTƏBLƏRDƏ OXUMUŞ AZƏRBAYCANLILAR” ENSİKLOPEDİK SORAQ KİTABI ZƏNGİN VƏ MÖTƏBƏR QAYNAQDIR

Cümhuriyyətimizin 100 illiyinə dəyərli töhfə<b style="color:red"></b>

Çar hakimiyyəti müsəlmanların, o sıradan Azərbaycan türklərinin ali təhsil almasına hər vasitə ilə əngəl törədir, hətta bəzi ali məktəblərə qəbul olunmaq üçün şəxsən çarın özü onlara icazə verirdi.

Buna baxmayaraq azərbaycanlıların savadlanmaq həvəsi bütün maneələri aşdı və soydaşlarımız Rusiya imperiyası müsəlmanları içərisində sayca ən çox ali təhsilliyə malik oldu.

Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsillimiz olub. Bu günlərdə müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ərməğan kimi çap edilən “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabı həmin iddianın puç və yalan olduğunu ifşa edir. Kitabın müəllifləri AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və  filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin Bakıdan başqa, Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallin, Tiflis... kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli gərgin araşdırmalar aparıblar. Oradan gətirdikləri zəngin məlumatlar, sənədlər əsasında qələmə alınmış bu kitabda çar, Cümhuriyyət və sovet dönəmində nəşr olunmuş çoxlu qəzet-jurnal materialları da ilk dəfə elmi dövriyyəyə cəlb edilib və nəticədə 1920-ci ilədək əsasən Rusiya və Avropanın ali məktəblərində oxumuş 600-dən artıq soydaşımız haqqında ən dəqiq və geniş ensiklopedik-sorğu bilgi bankı yaradılıb.

“Təhsil” nəşriyyatında nəfis tərtibatda hazırlanan kitabda Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) ali təhsilli bütün müsəlman dövlət adamlarının sənədli tərcümeyi-halı ilk dəfə toplu halında ictimaiyyətə təqdim edilir.

480 səhifədən ibarət kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, naşiri “Təhsil Nəşriyyat- Poliqrafiya” MMC-nin baş direktoru Tural Axundovdur. I cildə ali təhsilli azərbaycanlılardan yalnız “A” hərfi ilə başlayan soyadlı vətəndaşlar daxil edilib.

Misir Mərdanov kitaba yazdığı “Varmış millətimin xətti bu imzalar içində!” adlı ön sözündə Azərbaycanın 1920-ci ildən öncəki tarixinə qısa nəzər salıb, bu dövrdə xalqın elmə, təhsilə münasibətindən danışaraq ümumiləşdirmələr aparıb: “Çox sevinirik ki, xalqımızın istər hərbi-siyasi, istər mədəni, istərsə də elm və maarif tarixinə hansı dövrlərdən və hansı bucaq altında baxsaq, qürur duya bilirik. Bizi bu qəti fikrə gəlməyə sövq edən amillərdən biri də Azərbaycan təhsil tarixi ilə müntəzəm məşğul olduğumuz zaman gəldiyimiz qənaətlərdir. Azərbaycanın təhsil tarixindən söz açmağa bizim mənəvi haqqımız var, çünki həm keçmiş təhsil naziri, həm də bu sahəni hərtərəfli araşdırmış bir alim kimi milli təhsil tariximizə yetərincə bələdik. 4 cildlik “Azərbaycan təhsil tarixi” kitabımızı hazırlayarkən əmin olduq ki, ən qədim dövrlərdən bu günümüzədək xalqımız elm və təhsilə yüksək qiymət verib və onun qabiliyyəti nəinki qonşularımızdan əskik deyil, əksinə, bir çox hallarda daha yüksəkdir...

Doğrudur, ümumən götürdükdə qonşu gürcü və ermənilərlə müqayisədə ali təhsil almış azərbaycanlıların sayı həmin dövrdə çox az idi, çünki yuxarıda qeyd etdiyimiz kimi, çarizm onların qarşısında yaşıl işıq yandırmış, bizim qarşımıza isə aşılması çətin olan kötüklər yuvarlamışdı. Ancaq hətta bu obyektiv çətinliyi də nəzərə aldıqda azərbaycanlıların ali təhsildə geri qalmadığını, mümkün olmayanı mümkün etdiklərini görürük. Əlinizdəki bu kitab dediyimizin doğruluğuna əyani sübutdur. Biz bu kitabla xalqımızın ünvanına atılmış bədnam ləkəni təmizləməyə çalışmışıq və zənnimizcə, bunu bacarmışıq”.

Müəllif layihənin yaranmasından və gedişatından, araşdırmaların aparıldığı şəhərlərdən söz açıb, oxucuları layihənin planı ilə tanış edib: “Bakı Avrasiya universitetinin professoru Ədalət Tahirzadənin unudulmuş ziyalılarımız haqqında xüsusən “525-ci qəzet”dəki müntəzəm çıxışları diqqətimizi cəlb etmişdi. 2012-ci ildə təhsil naziri işlədiyimiz zaman onunla görüşdük və çıxışlarını “Azərbaycan müəllimi” qəzetində davam etdirməsini və ümumən bizimlə əməkdaşlıqetməsini təklif etdik. Tezliklə Ə.Tahirzadənin “Azərbaycan müəllimi”ndə ali təhsillilərimizlə bağlı silsilə yazıları dərc olundu...

Uzun müzakirələrdən sonra qərara gəldik ki, 1920-ci ilədək- Azərbaycanda sovet hakimiyyəti qurulanadək ali məktəblərdə oxumuş soydaşlarımızı müəyyənləşdirək.

Əlbəttə, layihənin nəhəngliyi və çətinliyi ilk baxışdan aydın idi, ancaq qarşılıqlı əməkdaşlıq sayəsində bu işin öhdəsindən gələ biləcəyimizə bir-birimizi inandırdıqdan sonra layihənin planını hazırladıq. Plan 3 başlıca bənddən ibarət idi:

- dünya arxivlərindən tələbələrin sənədlərini toplayaraq məlumat blankı yaratmaq;

- toplanmış materialı sistemləşdirərək nəşrə hazırlamaq;

- hazır materialları kitab şəklində nəşr etdirmək...”

M.Mərdanov qeyd edir ki, bu kitaba 1920-ci ilin 28 aprelinədək, yəni Azərbaycan Cümhuriyyəti süquta uğradılıb sovet hakimiyyəti qurulanadək ali məktəblərdə oxumuş azərbaycanlılar haqqında məlumatlar daxil edilib. 1919-cu ildə Azərbaycanda ilk dəfə yaradılmış Bakı Dövlət Universitetinə daxil olan, o cümlədən, Cümhuriyyət hökumətinin 1920-ci ilin yanvarında ali təhsil almaq, yaxud ali təhsilini başa vurmaq üçün dövlət təqaüdü ilə əcnəbi ölkələrə göndərdiyi 100 tələbənin adı isə kitaba daxil edilməyib. Ancaq həmin tələbələr içərisində 1920-ci ilədək müxtəlif ölkələrdə və müxtəlif kurslarda oxuyanlar vardı ki, bu kitabda yalnız həmin tələbələrdən söz açılıb. 

Ön sözdə qeyd olunur ki, hazırda arxiv sənədlərinə və başqa qaynaqlara əsasən dəqiqləşdirilən 1920-ci ilə qədər ali məktəblərdə oxumuş 907 nəfər azərbaycanlının adı bəllidir. Ancaq bu siyahının özü də tam deyil və müəlliflər inanır ki, zaman keçdikcə yeni-yeni soydaşlarımızın adı bu siyahıya əlavə ediləcək.

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlıların ad-soyadlarını və onlar haqqındakı qaynaqları hələ 1970-ci illərin başlanğıcında indiki BDU-da oxuduğu zamandan qeyd etməyə başladığını deyən Ədalət Tahirzadə kitaba yazdığı “Əlində dəmir əsa, ayağında dəmir çıraq...” adlı ön sözündə arxivlərdəki araşdırma prosesi haqqında geniş məlumat verib. O qeyd edib ki, axtarışlara öncə Ukrayna arxivlərindən başlanılıb. Çünki tarixçilərimiz oranın arxivlərində daha az olublar. Daha sonra müəllif digər şəhərlərdəki araşdırmalarını bütün təfsilatları ilə oxucularla bölüşür. O, Sankt-Peterburqdakı axtarışı zamanı maraqlı bir fakta rast gəldiyini qeyd edir: “Sankt-Peterburq arxivlərində çalışarkən başımızı dik tutduracaq çox fərəhli bir fakt ortaya çıxdı- Rusiya imperiyası üzrə təkcə Peterburq Universitetində oxuyan bütün müsəlman tələbələrin YARIDAN ÇOXU Azərbaycan türküdür!”

Kitabın nəşrə hazırlanması prosesində müəlliflərlə birgə AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Günel İsayeva, Nərgiz Əliyeva, Səbinə Salmamova, Leyla Fərzəliyeva və Aygün İsayevanın da əməyi qeyd olunub.

Şahanə MÜŞFİQ

 





26.05.2018    çap et  çap et