525.Az

Cümhuriyyətin 100 illiyi Fransada elmi konfransla qeyd olundu


 

Cümhuriyyətin 100 illiyi Fransada elmi konfransla qeyd olundu <b style="color:red"></b>

Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın moderatoru Fransa - Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Loran Pultye tədbirin əhəmiyyətindən danışaraq sözü Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimova verib.

Rəşad Kərimov müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirərək, Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində müstəqilliyimizin qorunub saxlandığını və möhkəmləndiyini vurğulayıb. O, müasir Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətinin müqayisəli təhlilini verərək, hər dəfə müstəqilliyimizin çətin əldə edildiyini diqqətə çatdırıb. Rəşad Kərimov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, xalqımızın ermənilər tərəfindən soyqırımı aktlarına məruz qalması barədə də məlumat verib.

Tarix elmləri doktoru, AMEA-nın Tarix institutunun şöbə müdiri Natiq Məmmədzadə AXC-nin nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən söz açıb.

Paris Sosial Elmlər üzrə Qabaqcıl Tədqiqatlar Məktəbinin tədqiqatçısı, tarixçi Jorj Mamulya 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti, Paris Sülh Konfransına gələn nümayəndə heyətinin fəaliyyəti və Cümhuriyyətin tanınması istiqamətində onun səyləri ilə bağlı Fransa arxivlərindəki sənədlər və məlumatlardan danışıb.

AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İlqar Niftəliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında ərazi məsələsindən bəhs edib. O, Azərbaycanın sərhəd məsələsində tarixi-etnik prinsipdən çıxış etdiyi halda, Ermənistanın “ermənilərin yaşadığı torpaqlar erməni torpağıdır” prinsipinə üstünlük verdiyini bildirib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərinə toxunub. O, bu səbəblərin arxasında sovet bolşeviklərinin geosiyasi maraqlarının dayanmasından, müttəfiqlərin (İngiltərə, Fransa və İtaliya) gənc demokratik respublikanı dəstəkləməməsindən, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı rus arxivlərindəki materiallardan danışıb. Səfir, həmçinin Ermənistanın Qarabağda, Zəngəzurda və Naxçıvanda erməni separatçılarını dəstəkləməsindən bəhs edib.

Fransa Senatının üzvü Alen Uper Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlardan, xüsusilə də qadınlara səsvermə hüququ verməsindən danışıb. O, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı Əhmədiyyə Cəbrayılovdan da bəhs edib.

AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Nərgiz Axundova və tədqiqatçı Edit İber Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət, yaradıcılıq və nəşrlər haqqında danışıblar.

“MEDEF International” təşkilatının Avropa və Asiya bölməsinin keçmiş direktoru Boqdan-Qaden-Firçak Azərbaycanın iqtisadi inkişafı haqqında məlumat verib. O, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu vurğulayıb.

Yazıçı Jan-Pyer Allali ölkəmizdəki multikultural ənənələrdən danışıb.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdən sonra iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini əks etdirən sərgi tədbir iştirakçılarının marağına səbəb olub.

 





26.05.2018    çap et  çap et