525.Az

Bolqarıstanla elmi əlaqələrimiz genişlənir


 

Bolqarıstanla elmi əlaqələrimiz genişlənir<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Bolqarıstanda səfərdə olub, qarşılıqlı elmi əlaqələrin inkişaf etdirilməsi sahəsində mühüm addımlar atılıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Bolqarıstanın Qabrovo şəhərində keçirilən Satira və yumor festivalında iştirak edib. Azərbaycanın Şəki şəhəri ilə qardaşlaşmış olan Qabrovodakı Satira və Yumor Evində Bolqarıstanda xalq gülüşünün, satirik ədəbiyyatın ənənələri, həmçinin, karikatura sənətinin tarixi və mövcud reallıqlar ətrafında söhbət aparılıb, bu istiqamətdə elmi tədqiqatların aparılması üzrə razılıq əldə olunub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, professor Elka Traykova ölkələr arasındakı ədəbi əlaqələrə və realist-satirik ədəbiyyatın poetikasına dair birgə tədqiqatların aparılmasını əhəmiyyətli hesab ediblər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Bolqarıstan EA Arxeologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bolqarıstanın Arxeologiya Muzeyində Azərbaycan arxeologiya elminin nailiyyətlərinə həsr edilmiş sərgi açılıb və elmi konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı Fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bolqarıstan EA-nın vitse-prezidenti, akademik Boris Nikolov və başqaları çıxış edərək ölkələrimiz arasındakı elmi əlaqələrin əhəmiyyətindən və perspektivlərindən bəhs ediblər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının Bolqarıstanda aparılan elmi ekspedisiyalarda iştirakı və elmi əsərlərin mübadiləsi barədə razılaşma əldə olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Bolqarıstan EA Antropologiya İnstitutunun iş təcrübəsi ilə tanış olub və ədəbi-tarixi şəxsiyyətlərin Antropologiya Muzeyindəki alimlər tərəfindən bərpa edilmiş fiqurlarına baxıb. Görüşdə Antropologiya sahəsində əməkdaşlığın perspektivlərindən bəhs olunub.

Ağahüseyn ŞÜKÜROV

 





26.05.2018    çap et  çap et