Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb.
Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər. Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin – şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.
İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanını bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan imtahan mərkəzində verəcəklər.
Abituriyent qəbul imtahanına bir neçə gün qalmış TQDK-nın internet səhifəsindən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidir. “İmtahana buraxılış vərəqəsi”ndə imtahan mərkəzi, imtahan binası, zal, yer, imtahanın tarixi və başlanma vaxtı haqqında məlumatlar göstərilib.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə avqustun 3-də keçiriləcək.
çap et