525.Az

"Şərqdə ilk demokratik respublika" müsabiqəsinin qalibləri mükafatlandırıldılar


 

"Şərqdə ilk demokratik respublika" müsabiqəsinin qalibləri mükafatlandırıldılar<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Şərqdə ilk demokratik respublika" adlı esse müsabiqəsinin qaliblərinə sertifikatların və hədiyyələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

ADPU-dan verilən məlumata görə, tədbirdə Pedoqoji Universitetin Heydər Əliyev Mərkəzinin mütəxəssisi, layihənin rəhbəri Sahilə Nəcəfova çıxış edərək bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunu yüksəltmək, onları tariximizi dərindən öyrənməyə sövq etməkdir.

Esse komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva isə müsabiqənin keçirilmə qaydaları barədə məlumat verib. O qeyd edib ki, müsabiqədə tələbələrin yaradıcılığı əsas meyar kimi qəbul edilib.

Universitetin rektoru, professor Cəfər Cəfərov çıxışında bildirib ki, bu esse müsabiqəsinin keçirilməsi təqdirəlayiqdir: "Belə müsabiqələr tələbələrin yaradıcılıq istedadlarının aşkar edilməsinə və yazılı nitq mədəniyyətlərinin inkişaf etməsinə müsbət təsir göstərir".

2018-ci ilin xalqımız üçün bir çox yubileylərlə əlamətdar olduğunu deyən rektor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimiz və ictimai-siyasi fikir tariximizdə mühüm yer tutur: "Cümhuriyyət qısa müddət ərzində böyük işlər həyata keçirib. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir".

Qeyd edək ki, esse müsabiqəsində I yerə Riyaziyyat və informatika fakültəsinin I tədris ilinin 101-ci qrup tələbəsi Aysel Soltanova, II yerə Filologiya fakültəsinin III tədris ilinin 305-ci qrup tələbəsi Firuzə Həsənova, III yerə isə İbtidai təhsil fakültəsinin III tədris ilinin 304-cü qrup tələbəsi Aliyə Soltanova layiq görülüblər.

Sonda esse müsabiqəsinin qalibi olan tələbə-gənclərə sertifikatlar və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

C.ABASOV

 





30.05.2018    çap et  çap et