525.Az

Günay Əfəndiyeva Misir səfiri ilə görüşdü


 

Günay Əfəndiyeva Misir səfiri ilə görüşdü<b style="color:red"></b>

Dünən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

Görüş zamanı G. Əfəndiyeva türkdilli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü iş və layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, türk dünyasına xas mədəniyyətin dünyaya tanıdılmasının vacibliyi qeyd edib.

G.Əfəndiyeva, həmçinin, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin tabeliyindəki Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, Mərkəzin ərəb dünyasının Azərbaycanda tanıdılması, eləcə də Azərbaycanın və ümumilikdə türk dünyası mədəniyyəti və ədəbiyyatının seçmə nümunələrinin Misirdə tanıdılması sahəsində görülən işləri təqdirlə qarşılayıb.

Səfir Adel İbrahim öz növbəsində Fond tərəfindən həyata keçirilən layihələrə dair təmsil etdiyi səfirliyin dəstəyini ifadə edərək, türkdilli xalqların görkəmli şəxsiyyətlərinin xatirələrinin və mühüm tarixi hadisələrin əbədiləşməsi yönündə cari il üçün nəzərdə tutulan tədbirlərin önəmini dilə gətirib. Bu xüsusda səfir Misir Ərəb Respublikası ilə Azərbaycan və digər üzv dövlətlərlə mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinə önəm verdiyini bildirib.

Sonda, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyi ilə Fond arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılaraq, ikitərəfli işbirliyinin daha da inkişafına və birgə layihələrin uğurla icra ediləcəyinə  əminlik ifadə edilib.

 





30.05.2018    çap et  çap et