525.Az

Asayiş keşikçisi


 

Asayiş keşikçisi<b style="color:red"></b>

Axşam düşüb. Pəncərə həmişə olduğu kimi işıqlıdır. Deməli, yenə otağındadır. Səhər o başdan işə gəlib bütün günü qarışqa kimi çalışsa da, vaxt ona azlıq edir. Bəzən hamı çıxıb gedir. O isə öz işindədir, yazır, qeydlər aparır, sənədləri dəstələyir. Bir də onda başını qaldırıb görür ki, şər qarışıb. Və hər gün bax beləcə...

Yaxından tanımasan, inanmazsan ki, polis zabitidir, nazirlikdə məsul vəzifə daşıyır. Təbiətcə yumşaq, mehriban, təmkinlidir. Bacardığından hamının işinə yarımaq istəyir. Dərdlinin halına yanandır. Çalışdığı sahənin adına söz gəlməmiyi üçün işi, adamlara münasibətilə hər şeyə hazırdır. Haray-həşirlə iş aşmaz, sözü sığalına, tumarına deyəndə daha yaxşı nəticə alınır - qənaəti budur. Uzun illərdir eyni istiqamət üzrə çalışır. Görüb-qarşılaşdığı adamlar, əhvalatlar saya-hesaba gəlməz. Yaxşısı öz dilindən eşitməkdir:

- Sovet dövründə "mənim milisim məni qoruyur" şüarı varıydı. Çox cəlbedici idi. Mən də uşaq vaxtımdan milis olmaq, adamlara kömək eləmək arzusuyla böyümüşəm. Məşhur cizgi qəhrəmanı Styopa dayı kimi (gülür). Nahaq yerə demirlər ki, niyyətin hara, mənzilin ora. Müstəqilliyimizin ilk illərindən xidmət edirəm. Ömrümün yarısı bu sahədə keçib. Müəyyən məqama çatmışam. İşimdən, ümümiyyətlə, taleyimdən razı adamam. Həmişə çalışmışam ki, sahəmin adına hörmət gətirən hərəkət edim. Hərçənd vəzifəsinə, rütbəsinə güvənənləri az görməmişəm. "Hər kəs özünə cavabdehdir" fikriylə razılşsam da, elələrinə görə məyus olmuşam. Çünki bəzən bir üzdəniraq xoşagəlməz əməli, davranışıyla bütün sahənin adına kölgə salır. Dəfələrlə olub ki, mətbuatda bizim haqqımızda aparılan ümumiləşdirmədə şişirtməyə yol verdikləri üçün jurnalistlərə etirazımı bildirmişəm. Yadımdadır, bir dəfə bir gənc jurnalist xanım narkoman polis əməkdaşı haqqında çox kəskin yazmışdı. Onunla söhbət zamanı dedim ki, xanım, polis peyğəmbər deyil ha, o da cəmiyyətin bir üzvüdür. İçən, çəkən adam hər millətdə, hər sahədə var. Bəli, belələri adımızı batırırlar, gərək bizim sahəyə yol tapmayalar. Amma neyləyəsən, olur. Əsas odur ki, aşkarlanan kimi onlar daxili işlər orqanından uzaqlaşdırılır. Dəfələrlə belə halların qarşısı alınıb.

Yaşadığım yerin yaxınlığında bir xudmani kafe var. Səliqə-səhmanıyla seçildiyi üçün ailəsiylə ora gələnlər çox olur. Hərdən mənim də yolum düşür. Bir dəfə nahar eləyərkən gördüm ki, bir nəfər özünü yaxşı aparmır, yekəxana davranışıyla adamları narahat edir. Kafenin rəhbərliyindən həmin şəxsin kimliyini xəbər aldım. Rəhbərlik məni tanıyır, hörmətimi saxlayır. Yavaşca qulağıma pıçıldadı. Siz demə, o adam ərazi üzrə əməliyyat müvəkkilidir. Vəzifə səlahiyyətindən məqamında yox, yerli-yersiz istifadə etməyi məqbul bilir. Xahiş elədim ki, deyin, özünü sakit aparsın. Çatdırdılar. Heç bir-iki dəqiqə keçməmiş "qoçaq" mənə yaxınlaşdı. Nə desə yaxşıdır? "Nəsə bir problem var?" Dedim, belə görünür ki, problem sizdədir. Bu sözdən sonra "mən ərazinin əməliyyat şəraitinə cavabdehəm" söylədi. Anlatdım ki, hazırda burada əməliyyat şəraitinə uyğun heç nə baş vermədiyi üçün cəfəngiyyat danışır. Hiss elədim ki, sözlərim onu tutdu və çəkinə-çəkinə kimliyimi soruşdu. Biləndən sonra "mən filan rayonun filan bölməsinin rəhbərliyində çalışmışam, amma indiyədək sizi tanımamışam" dedi. Yarızarafat-yarıciddi "təqsir məndədir ki, bugünəcən özümü tanıtmamışam" cavabını verdim. Daha heç nə demədən keçib yerində quzu kimi əyləşdi...

Goranboyda ezamiyyətdəydim. Əl telefonuma baxanda məəttəl qaldım. Yerləşdiyim yerin adı ekranda "Şaumyan" kimi göstərilmişdi. Bilirsiniz də, sovet dövründə o ərazidə Şaumyan rayonu olub. Açığı, mənə pis təsir elədi. Uzun illər keçib, necə deyərlər, çox sular axıb, dünya-aləm dəyişib, bu məsələdə kimlərinsə ən azı səhlənkarlığından belə xoşagəlməzliklə üzləşirsən. Bakıya qayıdanda istifadəçisi olduğum telefon operatorunun ofisinə getdim. Özümü təqdim elədim, məsələni diqqətlərinə çatdırdım. Dönə-dönə üzrxahlıqlarını bildirdilər. Dərhal səhvlərini düzəltdilər və məsələ rahatca həllini tapdı.

Bizə nə qədər zənglər olur, məktublar gəlir. Ən müxtəlif məsələlərdən söhbət düşür. Haqlı-haqsız nə yazıb, nə deməsinə baxmayaraq, vətəndaşı dinləmək, problem varsa, onu araşdırmaq, həll eləmək borcumuzdur. Və əlbəttə, belə vəziyyətdə nəzakətli, səbrli davranış vacib şərtdir. Bizim rəftarımız yalnız özümüzlə deyil, çalışdığımız sahəylə bağlı rəy yaradır. Yaxşını göründə məmnun olurlar, yox əgər saymazyanalıq, ədalətsizliklə qarşılaşsalar, təbii ki, narazı qalacaqlar. Bu narazılıqsa sonradan dövlətə, qanunların aliliyinə, çıxarılan qərarların doğru-dürüstlüyünə inamsızlıqla nəticələnə bilər. Ona görə də gərək işinə-peşənə vicdanla, məsuliyyətlə yanaşasan. Axı, asayiş keşikçiləri adlanırıq. Bayaq söylədiyim misalların hamısında bu məqama məxsusi diqqət yönəltmək istədim. Asayiş yalnız vətəndaşın sağlam, təhlükəsiz yaşayışının təmin edilməsi deyil, mənəvi iqlimdəki rahatlıq da asayişin tərkib hissədir. Məsələn, Goranboyda rastlaşdığım hal. İlk baxışda hər şey sakit məcrada gedir: cinayət hadisəsi baş verməyib, konkret kiməsə yönəlmiş təhqir, təhdid, ölüm-itim və sair yoxdur. Amma ortada xoşagəlməyən hal var və onu aradan qaldırmaq, vəziyyəti nizamlamaq lazımdır. Yəqin ki, məndən əvvəl kimsə telefonunda o qeydi görüb, sadəcə etinasız yanaşıb. Mənsə bu halı asayişimizə müdaxilə kimi qiymətləndirdiyim üçün həllini lazım bildim.

"Bir yaxın tanışım var, özəl şirkət rəhbəridir. Dəfələrlə mənə bir neçə min manat maaşı olan müavini vəzifəsini təklif edib. Xidmətdən təqaüdə çıxıb, o işdə çalışa bilərəm - özüm istəmirəm. Görüləcək işlər çoxdur bu sahədə və mənim kimilərin üzərinə düşür yük. Ona görə də yaxamı kənara çəkməyə vicdanım yol vermir" deyən yazımızın qəhrəmanı, sadə, təvazökar Vaqif Ağayevi öz işiylə baş-başa qoyuruq. Sözü-söhbəti danışmaqla qurtaran deyil, di gəl, vaxtına qıymaq istəmirsən. Bir də, görüşmək, bölüşmək bununla bitirmir ha.

Təki sağlıq olsun!

 





30.05.2018    çap et  çap et