525.Az

Azərbaycan bütün sərhədboyu müharibə modelini seçə bilərmi?


 

"NAXÇIVANLA TƏMAS XƏTTİNDƏ AÇILAN ERMƏNİ ATƏŞİ ERMƏNİSTAN-AZƏRBAYCAN ARASINDA DAVAM EDƏN TARİXİ MÜHARİBƏNİN DAĞLIQ QARABAĞ BÖLGƏSİNƏ AİD OLMADIĞINI BİR DAHA NÜMAYİŞ ETDİRİB"

<b style="color:red">Azərbaycan bütün sərhədboyu müharibə modelini seçə bilərmi?</b>

"Mayın 20-də Naxçıvanla təmas xəttində açılan erməni atəşi Ermənistan-Azərbaycan arasında davam edən tarixi müharibənin lokal bir ərazi vahidinə - Dağlıq Qarabağ bölgəsinə aid olmadığını bir daha nümayiş etdirdi".

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycan əsgəri Adil Tatarovun qətlə yetirilməsi ilə cəbhə xəttində İrəvan inqilabından aldığı eyforik gücü nümayiş etdirməyə çalışan Paşinyan hökumətinə cəmi 3 gün sonra adekvat, hərbi dillə desək, simmetrik cavab verildi: "Ölkəmizin informasiya fəzasına demokratiya qaranquşu kimi təqdim edilən birisinin mübarizə apardığı ideyaları guya Şuşaya daşıdığını göstərməsi və ilk səfərini Qarabağa etməsi təmas xəttində gərginliyin artacağından xəbər verirdi. Özü də Gümrü hərbi bazası tərəfindən neytrallığa nail olan yeni erməni hakimiyyəti meydanlarda xalqdan aldığı mandatı mütləq hərbi-vətənpərvərlik müstəvisinə və səngərə keçirməyə cəhd edəcəkdi. Ayrı cür olsaydı, ordu içərisində özünə rəğbət qazana bilməzdi. Lakin zərbənin Naxçıvandan vurulması və özü də bunun məhz prezident İlham Əliyevin bölgəyə səfəri zamanı verdiyi ultimativ bəyanatlara cavab reaksiyası kimi qələmə alınmasını istəməsi fonunda provokasiyanın həqiqi məqsədlərini anlamaq çətin deyildi. Bununla yanaşı, iki klan arasında davam edən müharibənin cəbhə xəttinə doğru inkişaf etməyəcəyini düşünmək də sədalövhlük olardı. Prezident İlham Əliyevin bəyənatından sonra erməni hərbi ekspertləri dərhal Naxçıvanda hansı növ raketlərin olmasına diqqət çəkməyə başladılar.

Təhlillərdə əsasən, "Smerç", İqla-s zenit raket kompleksləri və TOS-1A kimi alovsaçan sistemlərin adı keçir və müxtəlif ranqlı dövlət adamları həmin silahlar vasitəsilə Ermənistanın strateji hədəflərinin vurula biləcəyi bəyan edilirdilər. Üstəlik, Əlahiddə Ümumqoşun ordu statusuna daxil hərbi-texniki və texnoloji parametrlər yenidən gündəmə qayıtdı. Azərbaycanlı əsgərin öldürülməsinə qarşı Naxçıvandan verilən reaksiyadan görünürdü ki, kontur zərbə assimetrik ola bilər. Yəni cəmi 3 gün sonra guya naməlum şəraitdə erməni əsgəri 20 yaşlı Martin Xaçatryanın meyiti tapılır. Əlbəttə, döyüş bölgəsi şəraitində bütün müşahidə qurğularının nəzarəti altında qaranlıq heç nə qala bilməz. Sadəcə erməni inqilabi liderləri cəmiyyətdəki qalxınmanı belə xəbərlə boğmaq istəmədilər və ona görə də hadisə yerinə iki yüksəkçinli nazir - Tonoyan və Mnatsakanyanı göndərdilər. Fövqəladə vəziyyət rayonuna gələn xarici işlər və müdafiə nazirlərinin rəhbərlərinə hansı raportu verdiyi bəlli deyil, lakin erməni ordusunun mətbuat katibi məlumat yaydı ki, sən demə, azərbaycanlılar yeni istehkam qazaraq mühəndislərin əliylə irəliləməyə və mövqelərini möhkəmlətməyə cəhd edirlər. Doğrudur, insindentin Rusiyanın təxribatı olduğunu iddia edən media mənsubları da tapıldı və sən demə, Kreml TANAP-ın qarşısına yeni hərbi eskalasiya ilə çıxır. Lakin görünür, Paşinyanın hələ kövrək olan komandası belə uydurmaların rus kəşfiyyatı tərəfindən tez bir anda ifşa ediləcəyini görüb onu çeynəməkdən vaz keçdilər".

Z.Orucun sözlərinə görə, Naxçıvan strateji mənada Türkiyə və Azərbaycanın forpostu olduğundan ermənilər yaxşı dərk edir ki, 1-ci Qarabağ savaşından fərqli olaraq, Azərbaycan indi bütün sərhədboyu müharibə modelini seçə bilər: "Sözsüz ki, Rusiyanın əsəblərinin tab gətirməyəcəyi həddə Putinin daşları Qafqazda yeni erməni hökumətinin başına enəcək. Əsas zərbənin kimin əliylə vurulacağı o qədər də önəmli deyil. Lakin Moskvadan son hadisələrə soyuqqanlı baxış tamam başqa bir versiyanı ortaya qoyur. O da orduda Sarkisyanın dayaqlarının yeni iqtidarı sabotaj etməsidir. Diqqətli təhlilçilər yaxşı başa düşürlər ki, keçmiş rejimin siyasi səhnənin qan tökmədən getməsinin gizli səbəbləri var. Hərbi sistem keçmişdə qurulub və indi Paşinyan "Qarabağ döyüşlərinin növbəti əfsanəsi"ni, aprel döyüşlərində sinəsi ilə sipər olmağa çalışan Qərərgah rəisi Movses Akopyanı dəyişməyə qərar verir. Barıt qoxulu komandirlərin yerinə kimlərin gələcəyini və onların səngərdə davranışı necə olacağını yaxın zamanlarda görəcəyik. İki böyük klan arasında davam edən çəkişmə hərbi qüvvələrin monolitliyinə necə təsir göstərəcək və ön cəbhədən silahını geriyə çevirəcək əsgərlərin qabağına kimlər çıxacaq? Gerçəkdən də Naxçıvana doğru atılan güllələr Sarkisyanın ordudakı əlaltılarının İrəvana qarşı ssenarisidirsə, onda gözlənilən seçki kampaniyası mütləq silah sədalarının altında keçəcək".

Deputat qeyd edib ki, Azərbaycan seçki burulğanında çəkişən tərəflərinin arasında didişmələrin dərinləşməsi üçün müxtəlif ssenarilər həyata keçirə bilər: "Hər halda Yaxın Şərqin dərin bilicisi və özündən sonrakı rəhbərləri güzəştə səsləyən Levon ter Petrosyanın son açıqlaması göstərir ki, 90-cı illər Azərbaycanına bənzəyən bir ölkəni hakimiyyət böhranında boğmaq o qədər də çətin deyil. İki dövlət qurmaq istəyirdilər, hər birindən məhrum oldular".

Ceyhun ABASOV

 





30.05.2018    çap et  çap et