525.Az

Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihə


 

“CƏNUB QAZ DƏHLİZİ” TARİXİ ƏHƏMİYYƏTƏ MALİK, XALQIMIZIN FİRAVAN GƏLƏCƏYİNİ TƏMİN EDƏN, REGİONDA, AVROPADA TƏHLÜKƏSİZLİYİN, ƏMƏKDAŞLIĞIN MÖHKƏMLƏNMƏSİNƏ XİDMƏT GÖSTƏRƏN QLOBAL LAYİHƏDİR”

Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihə<b style="color:red"></b>

Azərbaycanın liderliyi ilə həyata keçirilən növbəti enerji layihəsi – “Cənub Qaz Dəhlizi” uğurla tamamlanıb. Mayın 29-da Səngəçal terminalında layihənin təntənəli açılış mərasimi təşkil olunaraq, bütün tərəfdaş ölkə və şirkətlərin iştirakı ilə qaz boru kəmərinin ötürücüsü işə salınıb.

Prezident İlham Əliyev mərasimdə geniş nitq ilə çıxış edərək Azərbaycanın böyük neft-qaz layihələri, bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyət, rəsmi Bakıya göstərilən beynəlxalq dəstəkdən danışıb.

Dövlət başçısı qeyd edib ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı: “Cənub Qaz Dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layhənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir”.

Prezident bildirib ki, “Cənub Qaz Dəhlizi” ilə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub: “Bunlar İngiltərə ilə Hollandiyanın “Shell”, Bolqarıstanın “Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading”, “Edison” və “Enel”, İsveçrənin AXPO şirkətləridir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında olan əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələrin gerçəkləşməsində baza rolunu oynayır.

Prezidentin qeyd etdiyi kimi, beynəlxalq əməkdaşlqı çərçivəsində həyata keçirilən enerji layihələrindən danışarkən ABŞ-ın siyasi rəhbərliyinin Azərbyacana göstərdiyi dəstəyi də qeyd etmək lazımdır. Birləşmiş Ştatlar “Cənub Qaz Dəhlizi”nin reallaşmasına siyasi və mənəvi dəstək göstərib və hərtərəfli kömək edib.

ABŞ prezidenti Donald Tramp dövlət başçısı İlham Əliyevə ünvanladığı son 3 məktubunda da bu məsələyə xüsusi diqqət ayıraraq, layihənin həyata keçirilməsində bu dəstəyin davam etdiriləcəyini bir daha vurğulayıb, mürəkkəb regional çağırışların həlli üçün birgə Azərbaycanla birgə işləmək əzmində olduğunu bildirib.

Tramp təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı, habelə uzunmüddətli ticarət əlaqələrini yeksək qiymətləndirir: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”.

Azərbaycanın qlobal iqtisadiyyata bağlı ölkə olduğunu deyən D.Tramp qeyd edib ki, ölkəmizin böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir: “ABŞ  Azərbaycanın enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatların davam etdirilməsini dəstəkləyir. Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm”.

Göründüyü kimi, D.Tramp ABŞ-la Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir və bu əməkdaşlığın davam etdirilməsinə sadiq olduğunu bəyan edir.

ABŞ Azərbaycanı regionun güclü, firavan, qlobal iqtisadiyyata bağlı, təhlükəsizlik və sabitliyin təmin olunmasına mühüm töhfə verən ölkəsi kimi qiymətləndirir, D.Tramp bundan  sonrakı dövrdə də prezident İlham Əliyevlə işləmək əzmini ifadə edir.

ABŞ ən yüksək səviyyədə Azərbaycanla əlaqələrin dəyərini xüsusi qeyd edir və birgə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu açıq göstərir.

Lakin Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun təsiri altında olan Kristofer Smit, Bred Şerman kimi konqresmenlər hər vəchlə bu əməkdaşlığa xələl gətirməyə və iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini pozmağa çalışırlar.

Onlar Amedika dövlətinin deyil, erməni lobbisinin və Ermənistanın maraqlarını müdafiə və ifadə edirlər. Bu tipli şəxslərin Amerikanın dövlət siyasəti və ABŞ rəsmilərinin Azərbaycamna pozitiv münasibəti ilə heç bir əlaqəsi yoxdur.

Öz növbəsində Böyük Britaniya “Cənub Qaz Dəhlizi”nin reallaşmasına güclü dəstək verir,  BP şirkəti energetika sahəsində həyata keçirilən çoxsaylı layihələrin əsas investoru kimi çıxış edir.

Avropa İttifaqı da “Cənub Qaz Dəhlizi” və digər enerji layihələrinin icrasında çox önəmli rol oynayıb. 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması ilə bu mühüm layihənin əsası qoyulub, sonrakı dövrdə də ittifaq bu çərçivədə həyata keçirilən tədbirlərə güclü dəstək verib.

“Cənub Qaz Dəhlizi”in əhəmiyyəti, layihənin Azərbaycana qazandıracağı siyasi və iqtisadi dividentlər barədə fikirlərini bildirən Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsi iqtisadi layihə olmaqla yanaşı, eyni zamanda böyük siyasi mahiyyətə malikdir. O, SİA-ya bildirib ki, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rolu var: “Məhz buna görə də ABŞ və Avropa Birliyi bu layihənin həyata keçirilməsinə ciddi dəstək verir”.

Deputatın sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi ilə yanaşı, dostluq layihəsinə də çevrilib: “TANAP və TAP-da daxil olmaqla bu layihə Türkiyə ilə Yunanıstan arasında dostluq layihəsinə çevrilməklə yanaşı, Avropanın Şərqi ilə Qərbini birləşdirir. Layihə çərçivəsində ortaq maraqlarla yanaşı əməkdaşlıq artır”.

A.Mollazadə bildirib ki, Azərbaycanın həyata keçirdiyi mühüm layihə gələcəkdə Orta Asiya dövlətlərinin dünyaya çıxışı üçün bir modeldir.

Deputat qeyd edib ki, TANAP və TAP-da daxil olmaqla bu layihə təkcə Avropa ölkələri deyil, Türkiyə, Gürcüstan üçün də böyük önəmi var: “Hazırda aparılan danışıqlara əsasən, İsrail qazının bizim boru xətləri ilə Avropaya gedə bilər. Bunun özü də təkcə Avropa ölkələri deyil, bir sıra digər ölkələrin də marağını əhatə edir”.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iqtisadi, enerji layihələrini yüksək qiymətləndirən deputat deyib ki, bütün bunlarla yanaşı, mədəniyyətimiz, xalqımızın strateji tarixi ənənələrinin dünyaya çatdırılması istiqamətində ciddi işlər görülməsinə ehtiyac var.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, Azərbaycan artıq dünyanın ən böyük enerji dəhlizlərindən birinə çevrilir: “ABŞ prezidenti Donald Trampın dövlət başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda da açıq şəkildə qeyd olunur ki, Azərbaycanın dünya enerji balansının tənzimlənməsində rolu durmadan artır və strateji əhəmiyyət kəsb etməyə başlayır”.

Politoloq qeyd edib ki, ABŞ öz müttəfiqlərinə edilən enerji dəstəyini özünə edilən enerji dəstəyi kimi qiymətləndirir: “Çünki Avropanın enerji layihələrinin böyük bir qismi Azərbaycanın üzərinə düşür ki, bu da ABŞ tərəfindən yüksək qiymətləndirilir. ABŞ dövlət başçısının Azərbaycan prezidentinə göndərdiyi son 2 təbrik məktubunda da bunlar xüsusi olaraq vurğulanır”.

“Cənub Qaz Dəhlizi” layihəsinin böyük perspektivlərə malik olduğunu deyən Q.Hüseynli söyləyib ki, bununla da Azərbaycan ərazisinin dünyanın enerji dəhlizinə çevrilmək şansı daha da artmış olur.

Cənub Qaz Dəhlizinin reallaşmasında Böyük Britaniyanın dəstək verməsini müsbət dəyərləndirən Q.Hüseynli qeyd edib ki, BP-nin ABŞ və Böyük Britaniyanın ortaq şirkəti olaraq Azərbaycandakı bütün enerji və qaz layihələrinin operatoru olması təkcə sözügedən ölkələrin deyil, digər Avropa dövlətlərinin də Azərbaycan tərəfindən həyata keçirilən enerji layihələrinin ciddi dəstəkləməsinə səbəb olub.

Politoloq əlavə edib ki, gələcəkdə istismara hazırlanan neft və qaz layihələri var ki, onların hər biri Azərbaycanın dünyadakı enerji mənbəyi rolunu durmadan artmasına gətirib çıxaracaq.

1994-cü il sentyabrın 20-də böyük çətinliklərlə üzləşən “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycan qazının Avropa qitəsinə nəqli istiqamətində ciddi müzakirələr aparılıb, regional və beynəlxalq əməkdaşlıq çərçivəsində ilkin addımlar atılmağa başlanıb. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. NABUCCO da daxil olmaqla təklif olunan müxtəlif variantlar ətrafında aparılan çoxsaylı müzakirələr nəticə vermədiyinə görə, Azərbaycan növbəti dəfə öz liderlik keyfiyyətlərini nümayiş etdirib və yeni “Cənub Qaz Dəhlizi” ideyasını irəli sürüb. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat -  strateji enerji əməkdaşlığına dair memorandum imzalayıb və bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılıb.

2012-ci il iyunun 26-da Azərbaycan Hökuməti və Türkiyə Hökuməti arasında Transanadolu (TANAP) təbii qaz boru kəməri sisteminə dair saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya edib. 2013-cü il iyunun 30-da isə “Transadriatik təbii qaz boru kəməri” (TAP) layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və “Şahdəniz” konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib. 2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunub. Bununla da Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz - 2”,  Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri,  Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin gerçəkləşdirilməsinə başlanıb.

Uzunluğu 3.5 min kilometr təşkil edən “Cənub Qaz Dəhlizi” 1.2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihənin dəyəri 40 milyard dollar həcmində dəyərləndirilir.

İyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər.

Məhz prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti Cənub Qaz Dəhlizinin həyata keçirilməsini təmin edib. Ölkə başçısının qeyd etdiyi kimi, “Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. 

Ceyhun ABASOV

 





30.05.2018    çap et  çap et