525.Az

Fədakar müəllim, vətənpərvər ziyalı


 

Fədakar müəllim, vətənpərvər ziyalı<b style="color:red"></b>

Bütün dövrlərin dahi filosofu Sokrat deyirdi ki, dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. Əlbəttə, dünyanın ən böyük rütbəsini daşıyan insanın, hətta müəllimin özünün belə müəllimi olubsa, onda demək ki, müəllimlik həqiqətən də ən uca və ən ali sənətdir.

Cəmi altı yaşına qədər valideynlərinin yanında tərbiyə görən, düşüncələri, ətrafına, cəmiyyətə və həyata qarşı münasibəti yeni-yeni formalaşmağa başlayan azyaşlı bir uşaq uzun illər müəlliminin tərbiyəsi və öyrətdikləri ilə fərd olmaqdan çıxıb şəxsiyyətə çevrilir.

Müasir, demokratik və aydın düşüncəli Azərbaycan cəmiyyətinin formalaşmasında da fədakar, zəhmətkeş, uşaq və gənc ruhundan anlayan, savadlı müəllimlərimizin rolu heç də az deyil. Bu yazımızda haqqında danışacağımız Aidə Arslan da həmin cəfakeş müəllimlərdən biridir.

Əslən şuşalı olan müsahibimiz Aidə Arslan (İbrahimova) 1957-ci ildə Ağdamın Seyidli kəndində doğulub. Seyid Mirbaba ağanın nəvəsidir. 1963-cü ildə Seyidli kənd orta məktəbinə gedib. Elə ilk qələm təcrübələri də orta məktəb illərinə aiddir. Hələ dördüncü sinifdə oxuyarkən ilk dəfə məktəb qəzetində şeiri çap olunan Aidə xanım haqqında ilk məqalə ondan cəmi üç il sonra, o, 7-ci sinifdə oxuyarkən qəzet səhifələrində görünməyə başlayır. 1973-cü ildə Ağdam rayon 8 nömrəli orta məktəbi "əla" qiymətlərlə, qızıl medalla bitirib həmin ildə də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olur. Hələ 16 yaşında ikən tələbə adını qazanan müsahibimiz həmin institutda cəmi bir il təhsil alır. İkinci ildən isə özü könüllü şəkildə təhsilini Qarabağda - Xankəndi Beynəlmiləl İnstitutunda davam etdirməyə başlayır. Özü bunun səbəbini belə izah edir: "Bakını da, daxil olduğum institutu da sevirdim. Təhsilim də qaydasında davam edirdi. Ancaq doğulduğum, böyüdüyüm yerlər həmişə məni özünə çəkirdi. Bakıda qərar tuta bilmirdim. Elə hey oraya - Qarabağa can atırdım. Gördüm ki, burada daha artıq səbr edə bilməyəcəm, ona görə də öz istəyimlə sənədlərimi götürüb Xankəndindəki instituta üz tutdum. Oradan bizim evimizə çox yaxın idi". 

Bayaq da qeyd etdiyimiz kimi, uşaq yaşlarından şeirlər yazan gənc tələbə Aidənin ikinci kursda oxuyarkən "Dağ təranələri" adlı şeirlər kitabı çapdan çıxır. Bu kitab gənc filoloqa özüylə bərabər saysız-hesabsız uğurlar gətirməyə başlayır.

41 ildir pedaqoji fəaliyyətlə məşğul olan Aidə xanım bu sənəti ta uşaqlığından sevdiyini, hər zaman müəllim olmaq arzusu ilə yaşadığını deyir: "Müəllimliyə qarşı hələ ta kiçik yaşlarımdan səbəbini bilmədiyim qəribə bir sevgim, hörmətim vardı. Hər zaman özümü gələcəkdə müəllim kimi görürdüm. Ədəbiyyatı da hələ uşaq yaşlarımdan sevirdim və arzum dil-ədəbiyyat müəllimi olmaq idi. Əgər həyata yenidən gəlsəm, yenə də müəllim olardım. Bu seçimimdən heç zaman peşman olmadım".

A.Arslan ilk pedaqoji fəaliyyətinə 41 il öncə - 1977-ci ildə Şuşa şəhəri 1 №-li orta məktəbdə təcrübəçi müəllim kimi başlayır. İnstitutu fərqlənmə diplomu ilə başa vurduqdan sonra isə o, doğma kəndinə qayıdıb oxuduğu məktəbdə dil-ədəbiyyat müəllimi işləyir.

Aidə Arslan həm də Qarabağ müharibəsi veteranıdır. Özü də tək özü yox, bütün ailəsi, şagirdləri, tələbələri ilə bərabər: "Müharibə başlayan kimi silaha sarıldıq. Başqa yolumuz yox idi. Nə olsun ki, qadın idik. Qadın bu vətənin övladı deyilmi? Biz də atamız, qardaşımız, həyat yoldaşımızla çiyin-çiyinə öz dədə-baba yurdumuzun keşiyində dayanacaqdıq. Yad gəlib bizim yurdumuzda bizə torpaqmı qoruyacaqdı? Öz torpaqlarımızı özümüz müdafiə etməli idik. Edirdik də..."

Bu yerdə müsahibimizin səsi qırılır, dərindən bir ah çəkib başını aşağı salır. Hiss edirəm ki, bayaqdan böyük coşğuyla, həvəslə danışan bu xanımın indi qəfildən susmağının səbəbi boğazına yığılan qəhər, baxışlarını bizdən qaçırmağında məqsədi isə yaşaran gözlərini gizlətməkdir. Vətən həsrəti, torpaq dərdi bütün dərdlərindən ən üstdə dayanır. Hətta Aidə xanım vətənindən uzaqda doğum günü keçirməyi, şadlanmağı belə özünə rəva bilmir. Keçən il əzizlərinin onun 60 illik yubileyini təntənəli qeyd etmək təklifini də qəti şəkildə rədd edib. "Axı, doğum gününüz sizin ən özəl gününüzdür, niyə qeyd etmək istəmirsiniz?" - sualımıza verdiyi cavab isə həqiqətən də çox kövrək və qürur duyulasıdır: "Mənim vətənim, ata-baba yurdum, əcdadımın uyuduğu torpaq mənfur düşmənin ayaqları altında əzilərkən mən necə özümə doğum günü şənliyi keçirə bilərəm ki? Edəcəyəm, bilirəm ki, mən də həmin günü çox yüksək səviyyədə qeyd edəcəyəm. Amma Şuşada..."

Beləcə, bu fədakar qadın müharibə başlayarkən emənilərin torpaqlarımıza təcavüzünə dözə bilməyib ailə üzvləri, şagirdləri ilə birlikdə silaha sarılaraq dədə-baba ocaqlarının müdafiəsinə - ermənilərlə üz-üzə savaşa qalxır. Qanlı döyüşlərdə qardaşları - Hidayət və Elşadı itirən Aidə xanım sonralar cəbhədə gördüklərini, şahidi olduqlarını, ermənilərin xalqımızın başına gətirdikləri müsibətləri "Durnalar köç eylər" silsilə yazılarında əks etdirib.

"Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir"- demişdi Adolf Disterveq. Həm də "müəllim ruhun tərbiyəçisidir" axı. Fərdin cəmiyyətə, dünyaya yararlı şəxsiyyət, dövlətinə faydalı şəxsiyyət kimi yetişməsində valideynlər və ailə faktorundan əlavə, müəlliminin, aldığı təhsilin rolu danılmaz faktdır. Aidə xanım da 41 ildir cəmiyyətə, dövlətinə yararlı şəxsiyyətlər yetişdirmək uğrunda canını, qanını fəda edən müəllimlərdəndir. O, hələ Şuşada, Qarabağda müəllim kimi fəaliyyətə başladığı ilk illərdən şagirdlərini ruhən əsl vətənpərvər kimi tərbiyə etməyə çalışıb və bu gün qarşılaşdığımız bəzi faktlar da onun buna nail olduğunu sübut edir. Nədir o faktlar?

Öyrənirik ki, həmsöhbətimiz Aidə Arslan Azərbaycanın Qarabağ uğrunda canlarını fəda edən ilk şəhidlərinin müəllimidir. Şagirdlərinin 120-si döyüşlərdə qəhrəmancasına həlak olub, 59-u isə müharibə əlilidir. O, indi də bu cür qəhrəman övladların müəllimi olmasıyla sonsuz fəxr və qürur hissi keçirir.

Aidə xanım hazırda Azərbaycan Dillər Universitetinin "Azərbaycan dilçiliyi" kafedrasının dosenti, Filologiya elmləri doktorudur. Kollektivin, tələbələrin sevimlisi olan dilçi alim Azərbaycan leksikoqrafiyasının inkişaf tarixinin tətbiqi ilə məşğuldur. "Azərbaycan leksikoqrafiyasının təşəkkülü", "Əliheydər Orucov" monoqrafiyasının, türkiyəli tələbələr üçün yazılmış "Azərbaycan dili" dərsliyinin müəllifidir. O, 6 cildlik "Azərbaycan Ensiklopedik lüğəti"ni hazırlayıb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Müharibə və Əmək Veteranları Şurasının, Azərbaycan Qadınlar Cəmiyyətinin üzvüdür.

Aktiv və çoxistiqamətli fəaliyyəti nəticəsində dəfələrlə beynəlxalq konqreslərdə, konfranslarda ölkəmizi, elmimizi layiqincə təmsil edib, həmin layihələrdə müxtəlif təltiflərə layiq görülüb. Eyni zamanda, Aidə Arslan "Qızıl qələm", "Sülhün səfiri", "Dədə Qorqud", "Mehriban ana" və s. kimi adların, mükafatların da sahibidir.

Hələ də davamlı və ardıcıl yaradıcılıq fəaliyyətindən qalmayan Aidə xanım çap olunmasa da, müxtəlif qəzet və jurnallarda hissə-hissə işıq üzü görən "Qanlı Quran", "Ölüm ayrılıq deyil", "Ruhlar dünyası" kitablarının müəllifidir.

Biz də öz növbəmizdə elm fədaisi, layiqli müəllim, araşdırmaçı, dilçi Aidə xanım Arslana gələcək yaradıcılığında uğurlar diləyirik!

Şahanə MÜŞFİQ

 





30.05.2018    çap et  çap et