525.Az

Festivallar festivalının Baş mükafatı Azərbaycana gətirildi


 

Festivallar festivalının Baş mükafatı Azərbaycana gətirildi<b style="color:red"></b>

Mayın 24-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin "LiFFt-2018" ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçirilib.

30-dan artıq ölkədən, eləcə də Rusiyanın 50 regionundan nümayəndələrin qatıldığı nüfuzlu festivalda bu il Azərbaycanın və qardaş Türkiyənin yazarları ilk dəfə iştirak ediblər.

Böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, dəyirmi masalar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları, kitab yarmarkaları, maraqlı incəsənət proqramlarıı əhatə edən festival mayın 27-də Soçi şəhərinin Mərkəzi konsert salonunda keçirilən qala gecəsi ilə yekunlaşıb.

Rusiyanın və qonşu ölkələrin dövlət və hökumət rəsmilərinin, səfirlik əməkdaşlarının, Rusiyanın aparıcı mediasının, eləcə də materikin bir neçə ölkəsindən gəlmiş jurnalistlərın təşrif buyurduğu bu mərasim Azərbaycan üçün qürurverici keçib.

Belə ki, festivalın baş mükafatı münsiflər heyətinin yekdil qərarı ilə azərbaycanlı yazıçı Varis Yolçuyevə təqdim olunub. Çexiyadan, Avstriyadan, Rusiyadan, Monqolustandan, Almaniyadan və Fransadan olan vitse-laureatlar gümüş və bürünc medallarla təltif olunublar. Bütün digər festival iştirakçıları isə fəxri diplomlara və festival iştirakçısı sertifikatlarına layiq görülüblər.

Festivalın qalibi olmuş həmyerlimizə qızıl medal, "Qizil LiFFt" seriyasından yüksək tirajla "Metamorfoza" romanının çapı müqaviləsi, qiymətli hədiyyələr təqdim olunub. Təltif mərasimində, eləcə də "Rossiya" telekanalına müsahibə verərkən yazıçımız bu qələbəsini Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr etdiyini söyləyib.

Xatırladaq ki, əvvəlki iki "LiFFt" festivallar festivalının qalibləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olublar.

Şahanə MÜŞFİQ

 





30.05.2018    çap et  çap et