525.Az

“Qəhrəmanlıq tariximizin gənclər arasında təbliği” layihəsinə start verildi


 

TƏRTƏRDƏ UŞAQ GƏNCLƏR ŞAHMAT MƏKTƏBİNDƏ YENİYETMƏ VƏ GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

“Qəhrəmanlıq tariximizin gənclər arasında təbliği” layihəsinə start verildi<b style="color:red"></b>

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “Qəhrəmanlıq tariximizin gənclər arasında təbliği” layihəsinə start verilib.

İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi qəhrəmanlıq tariximizin yeniyetmə və gənclər arasında təbliği, şəhidlərimizin xatirəsinin yad edilməsindən ibarətdir.

Layihə çərçivəsində Tərtərdə Uşaq Gənclər Şahmat Məktəbində yeniyetmə və gənclərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuz müasir silahlarla təmin olunub və qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra etməyə qadirdir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli isə layihə haqqında geniş məlumat verib. Azərbaycan xalqının qəhrəmanlıq tarixindən danışan E.Həsənli qeyd edib ki, Azərbaycan torpaqlarında dəfələrlə müharibələr olmasına baxmayaraq xalqımız öz nikbinliyini və mərdliyini qoruyub, heç vaxt düşmənə əyilməyib: “Azərbaycan xalqının şanlı tarixi olub. Xalqımız daima qəhrəmanlıq nümunələri göstərib. Biz adət-ənənələrimizi, dil və mədəniyyətimizi, dövlətçilik ənənələrimizi qoruyub saxlamağa nail olmuşuq. Azərbaycan xalqı qüdrətli Səfəvilər dövlətinin qurucusudur. Eyni zamanda, Şərqdə ilk Cümhuriyyəti azərbaycanlılar yaradıb”.

E.Həsənli Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb: “O, Azərbaycanı müstəqil dövlət kimi dünyaya tanıdıb, güclü ordu yaratmağa müvəffəq olub, dövlətimizin hərtərəfli inkişafı üçün böyük işlər görüb”.

Bu gün prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini deyən layihə rəhbəri bildirib ki, hazırda Azərbaycan regionun ən güclü dövlətlərindən biridir: “Cənubi Qafqazın ən güclü ordusu məhz Azərbaycan Respublikasına məxsusdur. 2016-cı ilin aprel hadisələri də sübut edib ki, Azərbaycanın Milli Ordusu həddən artıq güclüdür, peşəkardır. Azərbaycanda elə bir gənc nəsil formalaşıb ki, onlar prezident İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızı geri almağa həmişə hazırdırlar”.

E.Həsənlinin sözlərinə görə, bu gün Qarabağ müharibəsi əlillərinə və veteranlarına xüsusi diqqət, qayğı göstərilir: “Bununla bağlı prezident İlham Əliyev bir çox fərman və sərəncamlar imzalayıb. Bu gün ölkəmizdə Qarabağ əlilləri, veteranları, şəhid ailələri, Azərbaycanın Milli Qəhrəmanları mənzil və avtomobillərlə təmin edilir. Onların ailələrinə xüsusi qayğı ilə yanaşılır, onlara, həmçinin Prezident Təqaüdləri verilir. Onların övladları hətta məktəblərdə təmənnasız oxuyurlar”.

Daha sonra çıxış edən digər natiqlər də keçirilən layihənin əhəmiyyətindən, qəhrəmanlıq tariximizin gənclər arasında təbliğ olunmasının vacibliyindən söz açıblar. 

C.ABASOV

 





01.06.2018    çap et  çap et