525.Az

"Ailə və Uşaq" kitabı təqdim olundu


 

"KİMSƏSİZ UŞAQLARIN SOSİAL MÜDAFİƏSİ" İCTİMAİ BİRLİYİ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSI GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRDİ

"Ailə və Uşaq" kitabı təqdim olundu<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirib.

Tədbirdə ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Lamiyə İsazadənin "Ailə və Uşaq" kitabının təqdimatı olub.

Mərasimdə çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət qeyd edib ki, uşaq hüquqlarının qorunması, onların müdafiəsi günümüzdə ən vacib məsələlərdən biridir. O bildirib ki, Lamiyə İsazadə müəllifi olduğu kitabda məhz cəmiyyətin ən həssas kəsimi olan uşaqların təlim-tərbiyə məsələləriylə bağlı çox önəmli mesajlar verib: "Əsərin hər sətrində uşaqların bəşəriyyətin gələcəyi olaraq qayğı ilə əhatə olunmasına çağırış var".

A.Həsrət əlavə edib ki, L.İsazadə uşaq hüquqlarının qorunmasıyla məşğul olduğu üçün kitabda məsələnin mahiyyətini geniş şəkildə aça bilib: "Kitab sadə və anlaşıqlı dildə yazılıb, geniş oxucu kontingenti üçün nəzərdə tutulub. Ayrı-ayrı çağışırlar, sitatlar, aforizmlərin də yer aldığı kitabda həm uşaqlar, həm də onların tərbiyəsi ilə məşğul olan valideynlər, müəllimlər öz gündəlik işlərində istifadə edə bilərlər".

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov isə çıxışında Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə toxunub. O qeyd edib ki, dövlət uşaqların sağlam şəkildə böyüməsi, gələcəyinin yüksək səviyyədə təmin olunması üçün xeyli işlər görüb, qanunvericilik bazası yaradıb: "Azərbaycan dövləti bu istiqamətdə ciddi addımlar atır, uşaqlara böyük diqqət və qayğı ilə yanaşır".

Uşaqların formalaşmasının ailədən başladığını deyən Ə.Amaşov qeyd edib ki, təqdimatı edildiyi kitab da ailədə uşağa göstərilən münasibət, valideynlərin rəftarı ilə bağlıdır.

Deputat Tahir Kərimli də çıxış edərək uşaqların müdafiəsiylə bağlı zəruri məsələlərə toxunub, təqdim olunan kitabla bağlı fikirlərini bildirib.

Milli Məclisdə uşaqların zərərli vərdişlərdən qorunması haqqında qanun layihəsinin müzakirə olunduğunu deyən deputat bildirib ki, yetkinlik yaşına çatmayan uşaqların istismar olunması çox böyük qanun pozuntusudur.

Aqresiya, milli mentalitetə uyğun gəlməyən uşaq filmlərinin, eləcə də internet amilinin yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsinə mənfi təsirlərlə yadda qaldığını deyən T.Kərimli bu məsələdə ictimai nəzarətin gücləndirilməsinin vacibliyindən danışıb.

Professor Cahangir Məmmədli isə qeyd edib ki, kitabda valideynlər üçün ciddi tövsiyyələr yer alıb. O hesab edir ki, ümumiyyətlə, uşaqların təlim-tərbiyəsində mütaliyə amili çox önəmli rol oynayır: "Uşaqlara kitab oxuma vərdişinin aşılanması olduqca vacibdir".

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı və digərləri uşaqların müdafiəsi məsələləri və bu xüsusda "Ailə və Uşaq" kitabının rolu, əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, L.İsazadənin "Ailə və Uşaq" kitabı "Ziya" nəşriyyat-poliqrafiya müəssisəsində 500 tirajla çap olunub. Kitabın redaktoru Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Tünzalə Vəliyeva, məsləhçisi isə psixoloq Fidan İsayevadır.

Ceyhun ABASOV

 





01.06.2018    çap et  çap et