525.Az

“Kaspi nəşrləri” seriyasından iki kitabın təqdimatı oldu


 

“XX ƏSR AZƏRBAYCANIN GÖRKƏMLİ DÖVLƏT QURUCULARI” VƏ ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV. “KASPİ”DƏN SEÇMƏLƏR” KİTABI İCTİMAİYYƏTƏ TƏQDİM EDİLDİ

“Kaspi nəşrləri” seriyasından iki kitabın təqdimatı oldu<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə “Kaspi nəşrləri” seriyasından “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və Əlimərdan bəy Topçubaşov. “Kaspi”dən seçmələr” kitabı təqdimatı olub.

Mərasimi giriş sözü ilə açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, “Əlimərdan bəy Topçubaşov. “Kaspi”dən seçmələr” kitabında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu “Kaspi” qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilində tərcüməsi toplanıb: “Bu yazılarda Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif yönləri və istiqamətləri ilə əksini tapıb”.

Ə.Amaşov deyib ki, Ə.Topçubaşov Cümhuriyyətin quruclarından, dövrünün nəhəng simalarından biri idi: “Onun bu kitabda toplanan məqalələri bu gün üçün də çox aktualdır. Əlimərdan bəy Topçubaşov öz məqalələri ilə xalqın maarifləndirilməsində mühüm rol oynayıb”.

“XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabı haqqında da fikirlərini bildirən Ə.Amaşov qeyd edib ki, bu kitabda Azərbaycanın görkəmli dövlət qurucularının, siyasi xadimlərinin, ziyalılarının həyat və fəaliyyətlərindən bəhs olunur.

Mətbuat Şurasının sədri hesab edir ki, bu kitablar ürəyi Azərbaycanla döyünən hər bir kəsin stolüstü kitabına çevriləcək.

Daha sonra tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva kitabların əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, “Kaspi nəşrləri” seriyası Azərbaycan xalqı və dövləti üçün gərəkli mövzulara yer verir: “Kaspi nəşrləri” seriyası 15-ə qədər kitab nəşr edib, lakin bu iki kitab bizim üçün daha əzizdir”.

“XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabın 1-ci hissəsinin Ümummilli lider Heydər Əliyevə həsr olunduğunu vurğulayan S.Vəliyeva bildirib ki, Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal düşüncəsinin sovet dönəmində sönməyə qoymayıb, müasir Azərbaycan dövlətini Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi elan etməklə xalqımızın dövlətçilik tarixinin daha qədim dövrlərə dayandığını ortaya qoyub.

S.Vəliyeva hesab edir ki, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və digərlərinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında oynadığı müstəsna rolun üzə çıxarılması Heydər Əliyevin adı ilə bağlıdır”.

S.Vəliyeva vurğulayıb ki, Heydər Əliyev Cümhuriyyət qurucularının xaricdə olan məzarlarının tapılması, onların arxivlərinin toplanması, fəaliyyətlərinin tədqiq edilməsi istiqamətində böyük işlər görüb.

“Kaspi” qəzetinin təsisçisi əlavə edib ki, bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulur və Azərbaycanın görkəmli dövlət xadimlərinin tanıdılması istiqamətində mühüm rol oynacaq.

Professor Cahangir Məmmədli isə kitabların əhəmiyyətindən danışaraq bildirib ki, bu kitablar Azərbaycanın dövlət qurucularının tanıdılması işində mühüm rol oynayacaq.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bu kitablar tariximiz üçün çox əhəmiyyətlidir: “Bu kitablar görkəmli dövlət xadimlərinin həyat və fəaliyyəti haqqında xalqımızın daha dərindən məlumatlanmasına xidmət edir”.

Tədbirdə çıxış edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənxilə Rüstəmxanlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri təqdim olunan yeni kitablar barədə fikirlərini bildirib, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu dövrdə dövlətin qurucu şəxsiyyətləri, siyasi xadimlərimiz barədə dəyərli əsərlərin hazırlanması, arxiv materialları əsasında kitabların çap olunmasını yüksək qiymətləndirdiklərini, bütün bunların Cümhuriyyətin yubileyinə qiymətli hədiyyələr olduğunu deyiblər.

Tədbirdə, həmçinin, builki “Kaspi” mükafatının sahibinin adı açıqlanıb. Sənətşünas alim Ziyadxan Əliyev mükafata sahib olub.

Ceyhun ABASOV

 





02.06.2018    çap et  çap et