525.Az

Sahil Babayev Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşdü


 

Sahil Babayev Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşdü<b style="color:red"></b>

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Səudiyyə Ərəbistanı Krallığının əmək və sosial inkişaf naziri Ali bin Nasser Al Ghafees arasında görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin müxtəlif sahələrdə əlaqələrin inkişafına şərait yaratdığı, eyni zamanda, əmək və sosial müdafiə sahəsində də qarşılıqlı fayda verə biləcək ikitərəfli əməkdaşlığın qurulması və gücləndirilməsinin vacibliyi ilə bağlı yekdil fikir ifadə olunub.

S.Babayev Azərbaycanda dayanıqlı inkişaf şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, ölkəmizdə həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı barədə məlumat verib. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayan nazir gələcəkdə müvafiq sahələrdə təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyətini qeyd edib.

A.Ghafees əmək, məşğulluq, aktiv əmək bazarı proqramları, sosial müdafiə sahələri üzrə Azərbaycanla ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduqlarını və bunun üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Görüşdə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsinin hazırlandığı və yaxın vaxtlarda imzalanmasının mümkünlüyü qeyd olunub.

Görüş zamanı S.Babayev A.Ghafeesi ölkəmizə səfərə dəvət edib. Dəvətə görə təşəkkürünü ifadə edən Səudiyyə Ərəbistanı naziri Azərbaycana səfər etməkdən məmnun olacağını bildirib.

C.ABASOV

 





03.06.2018    çap et  çap et