525.Az

"Dəniz duzludu, göz yaşı da!" - İlham Qəhrəmanın şeirləri


 

"Dəniz duzludu, göz yaşı da!" - <b style="color:red">İlham Qəhrəmanın şeirləri</b>

SƏN MƏNİ GÖZƏL UNUDARSAN

Səndən yaxşı tanıyanım yox,
Məni səndən yaxşı kimsə unutmaz...
Dinmədən, danışmadan,
sakitcə - lal unut, tellim,
Xatirələri dəyməyə qoyma
eləcə kal unut, tellim.

Məni bir ağac hesab eləsən,
Hər budağımda bir xatirəmi -
Bir budağımda o gizlin
görüş yerini unudarsan,
Bir budağımda əlimin sığalını,
Bir budağımda dodağımı,
öpüş yerini unudarsan. 

Unut məndə nə gördünsə,
Sənə çəkdirdiyim acıları,
dilimdən çıxan zəhəri unut,
Zəng edib danışa bilmirdim
boğazıma tıxanan qəhəri unut.

Məni səndən gözəl heç kəs unutmaz
Axşamlar balaca eyvanında
tamaşasına durduğumuz
şəhəri, seyri unut,
səni mənə sevdirən sirri-xudanı,
sehri unut,
Heç nəyə rəhm eyləmə -
sənə yazdığım şeiri unut.

Hər görüşdə
yeddi illiyimizi geri salan qorxunu,
Fələyin amansız hərlənən
çarxını unut.

Pünhan gətirdiyim xrizantemi, -
sevdiyin gülünü unut,
Adımı “Dəli” qoymuşdun -
mən adlı dəlini unut.

22.03.2018

lll

Yaxşı ki, sən varsan, bu darıxmaq var,
Darıxıram - gələn budur əlimdən.
Desəm inanmazsan -
sənsiz olanda
Səninçün darıxmaq tutur əlimdən.

29.03.2018

ŞİRİN AĞLA MƏNİ

Ölüm xəbərim sənə çatanda
gərdəkdəki gəlin kimi
heç kəsə görünməzsən,
hamıdan uzaq olacaqsan,
Qapının dalını vurub
ən yaxın sirdaşına,
doğma balana da açmayacaqsan...
Axı məni nə deyib,
kim deyib ağlayacaqsan?!
Qorxarsan qızarmış gözlərini,
səyriyən dodaqlarını görən olar...
İnanmazsan - əllərin bir cüt çəkic,
gözlərin bir cüt şırran olar.
Bir uzun xalat geyərsən -
gözünə dəyər ətək ağlarsan...
Söndürərsən telefonu da
hamıdan qaçıb tək ağlarsan...
Üzünü küncə tut, hıçqır için-için,
Eləcə sərin ağla məni.
Mən səni şirin sevirdim,
Sən də şirin ağla məni.
Adım dilinə gəlməz
İlan vuran ala çatıdan qorxan kimi
qorxarsan adımdan.
Qu sudan necə çıxır -
eləcə quru çıxarsan adımdan
Öz əlin öz yaxanda qalar...
bütün dərdlərin
bu dərdinə muştuluq olar.

22.04.2018

KİTAB ÜSTÜ GÖTÜRMƏK

Dostum Ramil Qədirov üçün

Bulaq üstü götürən var
el yolunun qırağında.
Mələklər adını yazar
dəftərinin varağında.

Xoş əməl sahibləri
ruhumuzu silkələr,
Kitab üstü götürmək
kimin ağlına gələr?!

Müşkül iş, çətin suala
Rəbbimiz cavab gətirər,
Bu iş könül qazancıdı,
Həmişə savab gətirər.

Belə yerdə açılır
şairin qırışığı,
Bu kitaba yoldaşdı
ürəyinin işığı.

Yaxşılıqlar itən deyil,
Qarşına çıxar - and olsun.
Sən kitab üstü götürdün,
Ramil, işin avand olsun!

06.05.2018

SEVGİ VƏ QÜSSƏ

Tellim, bu sevgi
ağlıkəsməz uşaq kimidi,
aşağıdakı nişanları ola bilər:
ayaqyalın, qolsuz köynəkdə,
günəşdən qamaşan gözlər,
üstünə qaçacaq.
Qaçacaq bir hovur
özünü ovutsun...
Harda görsən
üz göstərmə,
Təpin üstümə qayıtsın.

Sevgi mənimdi,
qüssəsi də yanında,
Kağız pulnan qəpik kimi.
Mən ikisiylə də bağrıbadaşam
hana ilə iplik kimi.

Tellim,
bu sevgini ovuda bilmirəm
Çəkilir içimə - qınında ağlayır.
Elə bil döş əmən uşaq
atasının yanında ağlayır.

Sevgi mənimdi
qüssəsi də xoşdu,
Tellim, sevgini mən bəslədim,
qüssəni yanına sən qoşdun.

10.12.2017

DİŞİNİN KİLİDİ, GÖZÜNÜN KİNİ

İslanmış yastığı tərs üzə qoydu,
İçində nəyi var yır-yığış etdi.
Əlinin dalını gözünə çəkdi,
Nə alqış söylədi, nə qarğış etdi,
Götürdü eşqini dəfn eləməyə.

Onun qarasına deyinmədi heç,
Hələ yerindədi soyuq təmkini?!
Yetər bu dünyanı alt-üst etməyə
Dişinin kilidi, gözünün kini...
Aparır eşqini dəfn eləməyə.

Ağlına gəlməzdi belə gün gələr,
Sitayiş edirdi ona büt kimi.
O necə sevibdi, kim anlayacaq,-
Ağzında balası gedən it kimi
Aparır eşqini dəfn eləməyə.

O qədər ağırdı zindan kimidi
Haraya gömülsə, sirr götürəcək...
Dünyada olanı-qalanı gedir
Yanında özünə yer götürəcək.
Aparır eşqini dəfn eləməyə.

31.12.2017
DOST, SƏNİ SEVDİYİN QADIN AĞLADIR

Gözünün bulağı islaq görünür,
Dost, səni sevdiyin qadın ağladır.
Qara sevdalar var yasaq görünür,
Dost, səni sevdiyin qadın ağladır.

Sinəni odlayıb keçən ahın var,
Bəlkə unutmusan bir günahın var,
Əfv üçün molla var, keşiş, kahin var...
Dost, səni sevdiyin qadın ağladır?!

Payız hardan çıxır, qış hardan gəlir,
Ayaq hara gedir, baş hardan gəlir,
Gözündən bir belə yaş hardan gəlir
Dost, səni sevdiyin qadın ağladır.

Sən tapan dərdidi tapdı Kərəm eyy,
O Kərəm hardadı indi görən eyy?!
Boynuna almırsan - and içərəm eyy,
Dost, səni sevdiyin qadın ağladır.

Nə tale gözləyir geridə səni,
Belə ki çəkirsən - əridər səni...
Kimin əlindədi kiridə səni?!
Dost, səni sevdiyin qadın ağladır.

23.01.2018

DARIXMAQ

Sənə necə deyim, necə anladım
darıxdığımı?!
Dad desən dadı yoxdu,
Şəkli, boyu, adı yoxdu -
deyəm ki, budu darıxmaq...
Gözlər yaş paltar kimi sıxılar
görərsən üzünü yudu darıxmaq.

Tək ayaq adamın çəkməsinin
geyilməyən tayı necə darıxar...
Yəqin belə xaraba Ağdamda
boş küçə darıxar.

Bilməzsən necə darıxıram...
Qanadı sınıb dəstədən ayrılan
durnanın darıxmağını desəm,
sən denən azdı,
Bu darıxmaq başında tükü biz-biz edən
yalquzaq ulartısındakı avazdı.

20.02.2018

ADIN ÖMRƏ YAVANLIQDIR

Səndən uzaqda, tellim,
adını yazıram kağıza,
Qələm üdülüyür, -
səndən qoymur dil boğaza.
Adın yolüstü qələmin darından,
şairin şeirindən -
varından keçir.
Qələm adın boyu aldğı zövqü
ayrı sözdən almaz hələm-hələm.
Adın Tur dağı misallıdı,
Musa misallıdı qələm.
Səndən üzüləndə əlim
qalıram adının umuduna.
Adın nur topasıdır, işıqdır,
adın olmasa, tellim,
gündüz də qaranlıqdır.
Bu həyat yavandı, tellim,
adın ömrə yavanlıqdır.
Adın gözümün dikənəcəyidir,
kimsəmdir, kəsimdir,
Səndən uzaqlarda, tellim,
bir qələm, bir adın bəsimdir.

08.12.2017

LAÇINDA ARDIC ƏTRİ

Telli balam, elə indicə
Laçında ardıc meşəsiylə
üzüyenişə çaya endim.
Yoldakı ardıcın altından keçəndə
qolunu boynuma saldı, əl tutdu,
saqqızı əlimə yapışdı,
kor tikanları qulağıma, üzümə batdı.
Budağında buğda dimdik
qaratoyuğu dinlədim.
Acıya çalan ətrindən pay qoydu,
büküb burnuma düyünlədi.
Ayrılanda gözüm nəmlədi,
əlim titrədi...
Telli balam,
Laçında ardıc ətri həsrətin ətridi,
Hara gedirəm o ətir mənimlədi.

28.12.2017

VAY O GÜNDƏN

Həyatımızı sınaq meydanı etdilər -
Kimin nə ağlına gələr...
Kimin nə kefinə düşər...
Vay o gündən
aşağıdakı ağacın kölgəsi
yuxarıdakı ağacın üstünə düşər.

30.12.2017

DƏRDİN NİŞANI

Telli balam, dərd var söyləsən bitməz,
Uzanar səhərə - dastan kimidi...
Dərd çəkənin üzü gendən bildirir,
Təzə suvarılmış bostan kimidi.

26.02.2018

UŞAQ ŞƏKLİ GÜLƏRÜZ

Sevgiyə əydi qəddi,
Eşqinən yolun qoydu.
Qələmdən kağız üstə
İçinin halın qoydu.

Uşaq şəkli gülərüz,
Nələr gördü, nələr üz?!
Ağlayan göz, gülər üz...
Tale sığalın qoydu.

Bu nə gündü göz görə -
Xeyir yenilir şərə...
Gündə otuz dörd kərə
Möhürə alın qoydu.

28.12.2017

ÜSTÜNƏ OD TÖKÜLMƏSİN

Camalının aynasından
Tellim, qəmzən çəkilməsin!
Dilindən qıfıl açılsın -
Eşidək şirin kəlməsin.

Səndən nişandı güldəki,
Şirin olur könüldəki,
Dedilər ölür çöldəki,
Dedin haqq olur - gəlməsin!

Nə gəzdin, nə yada saldın,
Dad döyəni dada saldın...
Məni yanar oda saldın,
Üstünə od tökülməsin!

07.01.2018

DƏNİZ, GÖZ YAŞI, MAŞIN

Dənizin qaranlığına susayırlar,
Dəniz qaranlığıyla doğma gəlir.
Unatmazdılar, - sən demə
qaranlıq anaş toyuq kimi
sevənləri altına yığır,
Sevən qaranlıqda
özünü suda balıq kimi hiss edir.
Qaranlığın əllərini tutmaq,
öpmək istəyirlər...
...Maşın sahildə saxlayır...
Qadın ağlayır, öpür, ağlayır, öpür,
Sonra opmək göz yaşına məğlub olur,
başını çiyninə qoyub eləcə ağlayır...
Səsi lap dərindən - illərin arxasından gəlir...
Niyə ağladığı, nəyə ağladığı dilinə gəlmir.
Dəniz duzludu, göz yaşı da!
Kişi qollarını boynuna dolayıb yalvarır:
- Ağlama, pencəyimin çiyni ağarır...

15.01.2018

CƏZA

Körpənin başına gələn tük kimi
Tellimin sevgisi tərdir, təzədir.
Nə könüldən gedir, nə əlim yetir...
Günəşli havada yağan yağışdı, -
Yəqin həm sevgidir, həm də cəzadır.

27.12.2017

 





04.06.2018    çap et  çap et