525.Az

Cocuq Mərcanlı cümhuriyyətimizin 100 illiyində - Fotolar


 

Cocuq Mərcanlı cümhuriyyətimizin 100 illiyində - <b style="color:red">Fotolar</b>

(Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdən reportaj) 

“Mən küləyi bayrağıma görə çox sevirəm...” 

Tarix "Cümhuriyyət ili"nin 26 may gününü, saat isə 05:50-ni göstərir.

Bizi aparan avtobus Xırdalan şəhər 2 saylı məktəbin qarşısından yola düşür. Hava bir az küləklidir. Avtobusun pəncərəsindən baxışlarım bir az uzaqlıqda küləklərlə öpüşən üç rəngli bayrağıma tərəf yol alır. Necə gözəldir! Necə qürurla dalğalanır, İlahi! Bu gözəllik uğrunda ölməyə əlbəttə ki, dəyər. Biz yaşamaq hüququmuzdan keçərik, təki Sən var ol, Vətənim! 

… Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri də bizimlədir. Təxminən 6 saatdan sonra Cocuq Mərcanlıda olarıq. O yurdda ki, illərdir həsrətində olduğumuz, amma erməni ordusunun nəzarəti altında olduğundan gedə bilmədiyimiz yurda. Getməkdə məqsədimiz həm də qəhrəman əsgərlərimizə varlığımızı hiss etdirməkdir. Onları bir daha əmin etməkdir ki, hər zaman yanlarındayıq. Ön cəbhədə olduğu kimi, arxa cəbhədə də mərd oğul və qızlarımız var. Lazım gəldikdə silaha sarılıb ön cəbhədəki əsgər qardaşlarımızla Vətənimizin azadlığı uğrunda qanımızla tarix yazmağa hazırıq. Məmməd Araz deyirdi: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”. Vətənimizin hər daşına dəyən güllələr əgər qəlbimizi incitmirsə, deməli biz əsl vətəndaş deyilik. 

Tanış olun, bu “Klip teatrı”dır 

… Öncə "Klip teatrı"nı oxucularımızla tanış etmək istəyirəm. “KlipTeatrı” fəaliyyətə 2017-ci ilin oktyabr ayında başlayıb. Fəaliyyətə başladığı gündən maraqlı səhnələrlə yadda qalıb. Açılış mərasimi "Abşeron Rayon Mədəniyyət Evi"ndə baş tutan teatr o zaman 6 səhnə ilə ("Gedirsən get", “Gedək üzü küləyə”, “Yeni doğulan arzular”, “Çobanın ömrü”, “Necə unudum səni - Mikayıl Müşfiq”, “Qızlar məktəbində - Hüseyn Cavid”) tamaşaçıların alqışlarını qazanmışdı. Adından da göründüyü kimi başqa teatrlardan fərqli olaraq "Klip teatrı" qısa-qısa süjetləri klip formatında səhnələşdirərək tamaşaçıların ixtiyarına verir. Beləliklə tamaşaçılar səhnədə canlı klip izləyirlər... 

... Sağ tərəfimdə "Klip teatrı"nın direktoru Emin Heydərov əyləşib. İxtisasca rejissordur. İncəsənət universitetini 2001-ci ildə bitirib. Çox çalışqan, maraqlı ideaları olan insandır... 

Bizdən arxa tərəfdə pəncərənin qarşısında əyləşən Elçin Sabiroğludur. Elçin bizim teatrın ən uzunboylu aktyorudur. "Klip teatrı"nın səhnələşdirdiyi "Necə unudum səni"də Mikayıl Müşfiqi güllələyən əsgərlərdən biridir. 

Elçinin yanındakı teatrımızın aşıqı İsmayıl Əlizadədir. Bizdən fərqli olaraq o əyləşməyib. Ayaqüstə sazı köksünə basaraq "baş sarıtel"i dilləndirir. İsmayıl gənc olsa da, qədim tariximizə şahidlik edən saza sevgisi qocamandır. Bakı şəhəri 32 nömrəli uşaq musiqi məktəbində təhsilini davam etdirir. Arzusu ADMİU-da təhsil almaqdır və bu il arzusunu gerçəkləşdirmək istəyir... 

Novbəti sizə təqdim edəcəyim şəxs Cəmilə Səfərovadır. Teatrımızın "Gülbahar"ı..(Hüseyn Cavid "Qız məktəbində"). Cəmilə həm də Avrasiya Universitetinin 3 kurs tələbəsidir. İxtisası "Türk dili və ədəbiyyat"dır. Cəmilənin sol tərəfindəki oğlanlar Kərimov Rəhim və Rəzzaqlı Elşaddır. Hər ikisi Teatrımızın "Xareoqraf"ıdır.  

Buyurun, tanış olun! Bu, Vaqif İbrahimdir. Klip teatrının baş aktyoru. Teatrımızın Hüseyn Cavidi...Vaqifi demək olar ki, hər kəs tanıyır. Novruz bayramının məşhur "Keçəli"...O, bu teatrda tək deyil. Oğlu da bizimlədir. Balaca "Yusif"imiz. Teatrımızın açılışında tamaşaçıların alqış atəşinə tutduğu Yusif İbrabimli - "Balaca çoban". Yusifin 6 yaşı var. Sumqayıt şəhər 28 saylı orta məktəbin 1a sinifində oxuyur. Məktəb əlaçısıdır. 

Yusifin yanında mələyimiz, teatrımızın səhnələşdirdiyi "Çobanın ömrün"dəki "Balaca çoban”ımızın “Nərgiz”i - Elif Piriyeva. Oynadığı ilk səhnədən tamaşaçıların sevgisini qazanan Elifin 6 yaşı var. Səbael rayonu 23 nömrəli məktəbin 1 sinif şagirdidir... 

Eliflə Yusif indi şirin yuxudadırlar... 

… Saat 07:38-i göstərir. Avtobusumuz Şirvan rayonu istiqamətində yoluna davam edir... 

Elifgilin qarşı oturacağındakı oğlan Vüqardır. "Necə unudum sənin"dəki Müşfiqi güllələyən digər rus əsgəri...Vüqar Quliyev həm də klip teatrının inzibatçısıdır...  

Hərbi hissədə ağacəkmə aksiyası 

… Artıq saat 11:25-dir. Füzuli rayonunda N saylı hərbi hissənin qarşısındayıq. Bizi burda hərbi hissə komandiri, polkovnik İmaməliyev Eldəniz Əsədulla oğlu və hərbi hissə komandirinin şəxsi heyyətlə iş üzrə müavini polkovnik-leytenant Həbibullahov Seymur Musa oğlu qarşılayır. Hərbi hissənin ərazisində ayrılmış yaşıllıq sahəsinə Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin kollektivi özləri ilə gətirdikləri ağacları əkirlər… 

23 il qohumsuz, qonşusuz yaşayan Cocuq Mərcanlı sakini 

Ağacəkmə aksiyasından sonra tədbirimizin keçiriləcəyi yerə - əsgər yeməkxanasına üz tuturuq. Burda bizi polkovnik-leytenant Həbibullahov Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyevlə tanış edir. Cocuq Mərcanlı təhlükədə olan zaman - 23 il ərzində Oqtay Həziyev düşmənin yağdırdığı güllə yağışına baxmayaraq öz yurdunu bir gündə olsun tərk etməyib. Ailəsi ilə bərabər həmin kənddə qohumsuz, qonşusuz yaşayıb. Bu cür oğulları gördükcə qürurlanmamaq mümkün deyil… 

“Klip teatrı” aprel şəhidlərinin əziz xatirəsinə “Dönüş” adlı klip həsr etdi 

… Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirin açılış mərasimi Azərbaycan Dövlət Himninin sədaları altında baş tutdu. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilir. Hərbi hissə komandirinin şəxsi heyyətlə iş üzrə müavini polkovnik-leytenant Həbibullahov Seymur Musa oğlu qonaqları, eləcə də tədbir iştirakçılarını salamlayaraq onları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edir, sonra sözü Hərbi hissə komandiri polkovnik İmaməliyev Eldəniz Əsədulla oğluna verir. Hərbi hissə komandiri nitqində tədbirin əsas məqsədinin 28 may Respublika gününə həsr olunduğunu bildirdi. Müstəqilliyimiz uğrunda şəhid olanların ruhlarını ehtiramla yad etdi. Cocuq Mərcanlı orta məktəbi ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin dostuq əlaqələrindən danışaraq, bu əlaqələrin əbədi olmasını arzuladı. Hərbi hissə komandiri digər işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağını vurğuladı. Azərbaycan Ordusunun gücündən danışaraq bildirdi ki, qələbə günümüz çox da uzaqda deyil.

Daha sonra söz Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalovaya verildi. Tədbir iştirakçılarını salamlayan direktor onu da bildirdi ki, “biz bu gün bura cənab prezidentin Cümhuriyyətimizin 100 illiyi ilə bağlı imzaladığı sərancam əsasında rayonda keçirilən bir sıra silsilə tədbirlərdən sonra özümüzə mənəvi bir borc bildik ki, sizin hərbi hissədə görüş keçirək. Biz çox gözəl bilirik ki, tarix yaddaşa yazılır.” Məktəb direktoru sonda məktəbin kollektivi adından hərbi hissə komandirinə fəxri fərman təqdim etdi. Hərbi hissənin şəxsi heyyətinə “Əsgərə xatirə kitabları” və müxtəlif növ hədiyyələr paylanıldı.

Aprel döyüşləri qəhrəmanlarından, Lalə Təpə fatehlərindən biri olan qazimiz Üzeyir Nəcəfov, Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev və “Klip Teatrı”nın direktoru Emin Heydərov da çıxış edərək, tədbir iştirakçılarını müstəqillik bayramımız münasibətilə təbrik etdilər. Vurğuladılar ki, Azərbaycanımız müstəqil olsa da tam azad deyilik. Torpaqlarımızın 20 faizindən çoxu düşmən işğalı altındadır. Vətənimiz bütöv olması üçün işğalda olan torpaqlarımızın azad olunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür. Lələ təpənin azad olunması şərəfli keçmişimizə qayıdış kimi vurğulandı. “Əsgərə xatirə kitabı” layihəsinin əhəmiyyətindən danışıldı. Məktəblilərdə vətənpərvərlik hissinin yüksək olmasında bu cür layihələrin xidmətləri alqışlandı. “Klip teatrı”nın direktoru Emin Heydərov kollektivin adından hərbi hissə komandiri polkovnik İmaməliyev Eldəniz Əsədulla oğluna və hərbi hissə komandirinin şəxsi heyyətlə iş üzrə müavini polkovnik-leytenant Həbibullahov Seymur Musa oğluna “Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların böyük bir qüvvə kimi cəmləşdirilməsi və ideoloji baxımdan düzgün istiqamətləndirilməsi məqsədiylə "Əsgərə xatirə kitabı" layihəsi və Azərbaycan Xalq Cumhuriyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Klip teatrı”na göstərdiyi dəstəyə və əməkdaşlığa görə ” fəxri fərmanları, eləcə də əsgərlərimizə məktəblilərimizin onlara ünvanladıqlara “əsgər məktubları”nı təqdim etdi…

Tədbirdə bədii hissəsində şagirdlərin və “Klip teatrı” aktyorlarının ifasında vətənə, millətə, dövlət atributlarına aid vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirildi, tamaşalar göstərildi…

“Klip teatrı”nın kollektivi bu dəfə əsgərlərimiz üçün aprel şəhidlərinin əziz xatirəsinə həsr etdiyi "Dönüş" adlı səhnəni klipləşdirdi. Klipi tədbir iştirakçıları maraqla qarşıladı. Əsgərlərimizin aramsız alqışlarını qazandılar…

“Klip teatrı”nın rəhbərinə və kollektivinə hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlar təqdim olundu.

Tədbirin sonunda qonaqlar əsgərlərimizlə birlikdə “əsgər yeməkxanası”nda nahar etdilər… 

“Dördgünlük müharibə” zamanı Ordumuz tərəfindən azad olunan təpə 

… Əsgərlərimizlə sağollaşıb Cocuq Mərcanlıya üz tuturuq… “Lələ Təpə” azad olunana qədər köksündən mərmilər əskik olmayan Cocuq Mərcanlıya. 1993-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunmuşdu. Cocuq Mərcanlı tam azadlığını 2016 - ci ilin aprel döyüşlərində əsgərlərimizin çaldığı zəfərdə qazandı... 

“Tarixi torpaqlara qayıdış”

... Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərik. Düz 12 il bundan öncə N saylı hərbi hissədə qulluq edərkən, erməni ordusu bizə indi yaxınlığında olduğum yüksəkliklərdən atəş açırdı. İndi həmin yüksəklikdə qəhrəman oğullarımızın hesabına qürurla üçrəngli bayrağım dalğalanır...

Ölkə başçısının sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yenidən qurma işləri aparılıb. Əhalinin yaşayışı üçün hər cür şərait var. Cocuq Mərcanlıda olduğumuz müddətdə ilk tanış olduğumuz məkan kəndin ilk şəhidi Novruz Aslanovun adını daşıyan Cocuq Mərcanlı kənd orta məktəbi oldu. Məktəbdə 50 şagird təhsil alır. Onların təhsili ilə 20 müəllim məşğul olur. 

Şuşa məscidinə bənzər məscid

Məktəbdən bir az aralıda ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərinə rast gəlirik. Bu, Cocuq Mərcanlıda tikilən yeni məsciddir. Məsciddə daxil oluruq. Gecə-gündüz yorulmadan vətənimizin keşiyində dayanan qəhrəman əsgərlərimizə dua edib, yenidən Bakıya yola düşürük... 

Sərvər KAMRANLI

 





04.06.2018    çap et  çap et