“Bir xalqın teatrı nƏ qƏdƏr inkişaf edƏrsƏ, hƏmin xalq öz dilini mükƏmmƏl bilƏr
Bu günlərdə Bakıda Beynəlxalq Türk Mədəniyyət Təşkilatı- TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 2-ci toplantısı keçirildi. Toplantıda TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Saha – Yakutiya, Tatarıstan, Tuva, Gaguz Yeri, Şimali Kipr Türk Respublikası teatrlarının direktorları, bədii rəhbərləri və baş rejissorları iştirak edirdi. Artıq ikinci dəfə baş tutan toplantının əhəmiyyəti, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq əlaqələri, nəzərdə tutulan layihələrlə bağlı “525”in suallarını Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlıya ünvanladıq.
– TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının türk dünyası üçün önəmi nədir?
– Bildiyiniz kimi, bu il TÜRKSOY-un yaranmasının 20-ci ildönümüdür. Təşkilatımız yarandığı gündən türkdilli ölkələri mədəniyyət vasitəsilə bir araya gətirməyi hədəfə alıb. Hər il rəssamları, fotoqrafları, opera müğənnilərini, heykəltəraşları, ədəbiyyatçıları, incəsənət adamlarını bir araya gətiririk. İndi bu istiqamətdə işlərimizi bir qədər də genişləndirib bu sahələrə rəhbərlik edən şəxslərin toplantılarını keçirdirik. Məsələn, 3 il əvvəl üzv ölkələrin opera teatrlarının müdirlərini bir araya gətirdik və elə həmin toplantıda Opera Teatrları Müdirlərinin Şurası yarandı. Onlar da mütəmadi olaraq görüşür, öz aralarında təcrübə mübadiləsi, repertuar, rejissor və aktyor mübadiləsi aparırlar. TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının toplantısına gəlincə, ilk dəfə 2011-ci il mayın 18-də Antalyada üzv ölkələrin teatr rəhbərlərini topladıq. Orada qərara alındı ki, belə bir şura yaradılsın və teatrlar bir araya gəlsin. Çünki TÜRKSOY-un əsas məqsədlərindən biri eyni kökdən gələn xalqların dil əsasında birliklərini təmin etmək, inkişaf etdirmək və möhkəmləndirməkdir. Bildiyiniz kimi, TÜRKSOY ümumi dil üzərində qurulmuş təşkilatdır və milli teatr isə ana dilin aparıcı qüvvəsidir. Bir xalqın milli teatrı nə qədər inkişaf edərsə, həmin xalq öz dilini mükəmməl bilər. Məsələn, Azərbaycan xalqının əksəriyyəti öz dilini mükəmməl bilir. Bu ona görədir ki, dövlət teatra böyük dəstək verir. Sevindirici haldır ki, türk dilinin ən çox inkişaf etdiyi ölkələrdən biriyik. Sözsüz ki, Azərbaycan teatrının 140 illik tarixi də bu məsələyə öz təsirini göstərmişdir. Rusiyada və qeyri-türk dövlətlərində yaşayan türkdilli xalqlar öz dillərini itirmək təhlükəsi ilə üz-üzədir. Ona görə də milli teatrların dəstəklənməsi çox vacib şərtdir. Şuranın əsas məqsədlərindən biri türk dünyasının milli teatrları arasında əlaqələrin qurulması, onların inkişafı və əməkdaşlıqlarının genişləndirilməsi, müştərək layihələrin hazırlanması və həyata keçirilməsidir.
–Elçin müəllim, artıq Şuranın Bakıda ikinci toplantısı keçirildi. Və əgər söhbət qarşılıqlı mübadilədən, işbirliyindən gedirsə, qurumun yarandığı müddətdə bu sahədə hansısa konkret addımlar atılıbmı?
–Biz əvvəlkindən fərqli olaraq Bakıda 10 ölkənin teatr rəhbərlərini, rejissorları bir araya gətirdik. Məqsədimiz həm də türkdilli ölkələrin milli teatrlarının öz aralarında əlaqə, işbirliyi qurmalarıdır. Bir-birilərini teatr vasitəsilə tanısınlar və həm də gələcəkdə öz aralarında teatr mübadiləsi aparsınlar. Bu işə artıq başlamışıq. Məsələn, Qazaxıstanın Karaqanda Milli Dram Teatrı Mirzə Fətəli Axundzadənin “Dərviş Məstəli Şah” əsərini ilk dəfə qazax dilində səhnələşdirdi və repertuarına daxil etdi. Keçən il Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində bu tamaşa nümayiş etdirildi. Bundan başqa TÜRKSOY-un elan etdiyi “Axundzadə ili” çərçivəsində ötən il M.F. Axundzadənin doğulduğu şəhərdə – Şəkidə keçirilən III “İpək yolu” festivalında Karaqanda teatrı tamaşanı yenidən qazax dilində göstərdi. Beləcə, artıq bu işə başlanılıb və yəqin ki, yaxın gələcəkdə bizə böyük faydasını verəcək. Teatrlar arasında qarşılıqlı mübadilə inkişaf edəcək və yeni gələn nəsil də bunlardan bəhrələnəcəkdir.
–TÜRKSOY-un uşaq teatrları ilə bağlı da layihəsi var. Bu layihənin əsas məqsədi nədən ibarətdir?
–Bilirsiniz, ümumiyyətlə biz layihələri reallaşdırarkən gələcək nəsli düşünür və öz keçmişlərini yadlarına salırıq. Nəzərə almaq lazımdır ki, Kaşqarlı Mahmud 1000 il öncə türkcə – ərəbcə lüğət hazırlayıb. Belə bir lüğət heç bir xalqda olmayıb. Eyni zamanda qədim türk xalqlarından olan Göytürklərin öz yazıları olub. Ona görə də, türkdilli xalqlar öz zəngin mədəni keçmişlərinə baxıb dillərini unutmamalıdırlar. Uşaqlar da hər bir xalqın gələcəyidir və milli teatrları inkişaf etdirməkdə məqsədimiz gələcək nəsillərin ana dillərinin inkişafına dəstək verməkdir. Xüsusilə uşaqlara yönəlik milli tamaşaların sayının və keyfiyyətinin artırılması çox önəmlidir. Çünki ana dilin öyrənilməsi və təkmilləşdirilməsi uşaqlıqdan formalaşdırılmalıdır. Bu onların kimliyinin, milli mənsubluğunun formalaşmasına bilavasitə təsir edir.
–Bakıda keçirilən toplantıda “Tiyatro Almanağı 2013” (Teatr Almanaxı) kitabının təqdimatı baş tutdu. Kitabın ərsəyə gəlmə tarixçəsi haqqında nə deyə bilərsiniz?
–İyirmi yaşına qədəm qoyan TÜRKSOY-un mədəni həyatımıza qazandırdığı əsərlərdən biri də “Tiyatro Almanağı”-dır. Belə bir almanaxın hazırlanması qərarı 2011-ci ildə Antalyada düzənlənən TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 1-ci toplantısında verilmişdi. Biz bu kitabı hazırladıq və Şuranın Bakıda keçirilən 2-ci toplantının açılışında təqdimatını keçirdik. Kitabda Azərbaycan, Qazax, Qırğız, Özbək, Türkiyə, Başqırd, Qaqauz, Hakas, Saha Yakut, Tatar, Tıva və Şimali Kipr türklərinin milli pyesləri onların öz ana dillərində çap olunub. TÜRKSOY tərəfindən hazırlanan bu kitabın nəşri ilə üzv ölkələrimizin teatrları arasında repertuar mübadiləsini təmin etmək və türk dünyasının teatr sahəsində sahib olduğu zəngin təcrübəni ortaya qoymağı hədəfə almışıq. Bu almanaxdan teatrşünaslar və teatr sevərlər də faydalana bilərlər. Belə almanaxların hər il hazırlanması nəzərdə tutulmuşdur. Milli uşaq pyeslərinin də daxil olduğu almanaxların hazırlanması gələcək planlarımızdadır.
Pərvanə Sultanova
çap et