525.Az

Qarabağda etirazlar: Paşinyanın Saakyan planı


 

Qarabağda etirazlar: <b style="color:red">Paşinyanın Saakyan planı</b>

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı qurumda iyunun 1-də etiraz aksiyaları olub.
 
Xankəndi şəhərində ermənilər mərkəzi prospekti bağlayaraq güc strukturları rəhbərlərinin istefasını tələb ediblər. Buna səbəb isə "Milli təhlükəsizlik xidmətinin" xüsusi dəstə üzvləri tərəfindən iki sakinin döyülməsi olub. BBC-nin yazdığına görə, hadisə yerində olan polislər nəinki laqeydlik göstərib, hətta zərər çəkənləri polis idarəsinə aparıblar.

Bəzi etiraz aksiyası iştirakçıları bunun separatçı rejimin "Milli Təhlükəsizlik Xidməti"  əməkdaşları tərəfindən sakinlərə qarşı ilk "zorakılıq və təxribatçılıq" hərəkəti olmadığını bildirirlər.

Erməni siyasi təhlilçi Tiqran Qriqoryan bildirib ki, sadəcə "MTX" ni ləğv etmək, yaxud bu xidməti ordunun tabeliyinə vermək, polis və "MTX" rəhbərliyini isə vəzifələrindən kənar etmək lazımdır. Hadisə yerinə gələn separatçı qurumun nümayəndələri etirazçılarla görüşüb.

Ardınca isə Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan bir qrup etirazçı ilə görüşüb. Erməni mətbuatının yazdığına görə, görüşdə iyunun 1-də baş vermiş hadisələrlə bağlı bir sıra məsələlər müzakirə edilib. Saakyan günahkarların cəzalandırılacağını deyib.

Bu arada separatçı rejimin baş nazirinin sabiq müavini Artur Aqabekyan "Milli Təhlükəsizlik xidməti"nin rəhbərini müdafiə edib. O bildirib ki, aprel müharibəsindən sonra çox insan qondarma "DQR"in "Milli Təhlükəsizlik xidməti"nin rəhbəri general Arşavir Qaramyanın rolunu bilir: "Qaramyan  yeni təhlükəsizlik sisteminin yaradılması və idarə olunması üçün məsuliyyəti öz üzərinə götürdü. Əminəm ki, bu gün istefa tələb edən mitinq iştirakçılarının əksəriyyəti bu barədə az məlumatlıdır. Dəli olmaq mümkündür. Özünüzə gəlin, ağıllı olun, hələ ki, gec deyil". Aqabekyan əlavə edib ki, Ermənistan hakimiyyəti ən qısa zamanda rəsmi mövqeyini bildirməli və Qarabağa heyət göndərməlidir.

Qondarma "DQR" rəhbərinin mətbuat katibi David Babayan bəyan edib ki, Xankəndində iyunun 1-də baş verən davanın bütün günahkarları mövqeyindən asılı olmayaraq məsuliyyətə cəlb olunacaqlar. O bildirib ki, iyunun 1-də xüsusi təyinatlılar tərəfindən iki nəfərin  döyülməsi kütləvi aksiyalara səbəb olub.  Babayan problemin hüquqi çərçivədə həll edilməsinin çox vacib olduğunu vurğulayıb: "Bu kimi hallarla bağlı istintaq aparılmalı və günahkarlar cəzalandırılmalıdır. Burada heç bir siyasi kontekst yoxdur, etirazçıların əksəriiyətinin fikirincə də bu məsələnin nizamlanması üçün  hüquqi çərçivədə müvafiq işlər görünməlidir".

Separatçı rejimin nümayəndəsi düşünür ki, siyasi, hüquqi və mənəvi baxımdan məsələnin həlli çox vacibdir: "Hüquqi baxımdan müvafiq qiymətləndirmə olmalıdır, belə hadisələr cəzasız qala bilməz. Təbii ki, hadisə ilə bağlı istintaq aparılmalı  və   bütün günahkarlar mövqeyindən, sosial statusundan  asılı olmayaraq məsuliyyət daşıyacaqlar".

Separatçı rejimdə etirazlar tam səngiməyib və genişlənəcəyi də gözləniləndir. Amma burda başqa bir maraqlı məqam da diqqətdən yayınmamalıdır. Bu da Paşinyanın Bako Saakyanı separatçı qurum rəhbərliyindən uzaqlaşdırma istəyidir. Hadisələr İrəvanda baş verənləri xatırladır. Yəni Paşinyan  Sarkisyanın baş nazir seçilməsinə qarşı etirazlara başladı, əvvəl daha sönük görünən aksiyalar sonradan kütləvi hal aldı və nəhayət Sarkisyan istefa verməyə məcbur oldu. Paşinyan isə ikinci cəhdən sonra, yəni mayın 8-də baş nazir seçildi.

İndi Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda yaradılmış separatçı qurumda da istefa tələbləri irəli sürülür. Hələ ki, güc strukturları rəhbərlərinin istefası tələb olunur. Daha sonra separatçıların lideri Saakyanın istefasının tələbinin də gündəmə gəlməsi istisna deyil. Ən azı ona görə ki, Paşinyan Qarabağda Serj Sarkisyanın əsas adamının olmasını istəmir. Paşinyan hələ bir ay deyil ki, baş nazir vəzifəsindədir, amma Sarkisyanın adamlarını əsas vəzifələrdən uzaqlaşdırıb. Yəni Qarabağda da Sarkisyanın yaxın adamının olmasını özü üçün təhlükəli məqam hesab edə bilər.

Paşinyan Sarkisyandan qalan Qarabağ klanını tamamilə dağıtmaq niyyətindədir. Məhz bu amil onun separatçı respublikanın rəhbərliyini dəyişdirərək, oraya öz adamlarını yerləşdirmək, sonradan isə separatçı qurumun danışıq aparan tərəfə yönəltmək marağını ortaya qoymaqdadır. Hələ müxalifətdə olarkən, daim Robert Koçaryan və Serj Sarkisyanı münaqişədə tutduqları mövqeyə görə tənqid edən Paşinyan aprel döyüşləri zamanı Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin müstəqilliyinin tanınmasına tərəfdarı kimi çıxış edib. Paşinyan Sarkisyan hakimiyyətini aprel döyüşlərindəki uğursuzluğuna görə daim tənqid edib. Hakimiyyətə gəlməsində də bu məqam rol oynayıb. Paşinyan aprel döyüşlərində Ermənistan ordusu, müasir silahlanma ilə bağlı açıqlamaların puç olduğunu, Sarkisyanı xalqı aldatdığını bəyan edib.  

Başqa tərəfdən, erməni baş nazirinin Gürcüstana səfəri zamanı ermənilərin kompakt yaşadığı Axalkalakiyə səfər etməsi və oradakı kütlənin yalnız Ermənistanın bayrağını qaldırması bir daha belə deməyə zəmin yaradır ki, Paşinyanın ard-arda buraxdığı siyasi səhvləri onun baş nazir postunda çox qalmayacağından xəbər verir.

Əslində, Paşinyan baş nazir kimi verdiyi açıqlamaları ilə, xüsusilə, Qarabağ məsələsində yanaşmasında ciddi siyasi səhvlərə yol verib. Bütün bunlar isə onu deməyə əsas verir ki, yeni baş nazirin hakimiyyəti uzun çəkməyəcək. Yəni küçə aksiyalarında verilən bəyanatlarla rəsmi şəxs qismində verilən bəyanatlar fərqlənməlidir. Paşinyan isə hələ ki, bunun fərqində deyil.  

PƏRVANƏ

 





05.06.2018    çap et  çap et