525.Az

"Uşaqların sehirli qələmi"ndəki doğma cizgilər


 

"Uşaqların sehirli qələmi"ndəki doğma cizgilər<b style="color:red"></b>

Bugünlərdə Türkiyənin İstanbul şəhərində səfərdə olan və bir sıra görüşlər keçirən Azərbaycan QHT təmsilçilərindən və media nümayəndələrindən ibarət heyət Böyükçəkməcə Bələdiyyəsində gerçəkləşən maraqlı bir mədəni tədbirdə iştirak edib.

Həmin gün Bələdiyyənin - başqan doktor Hasan Akgün tərəfindən layihələndirilmiş - inzibati binasının sənət qalereyasında Alamara Sənət Evi - Mine Barbaros və şagirdlərinin əsərlərindən ibarət geniş rəsm sərgisi açılıb. "Çocukların sehirli qələmi" adlı sərginin açılış mərasiminə Böyükçəkməcə Bələdiyyəsinin başqan vəkili Ahmet Şahinin təklifi ilə Azərbaycan nümayəndələri də qatılıblar.

Sərgidə dəyərli rəssam və pedaqoq Mine Barbarosun rəhbərliyilə onun şagirdlərinin əsərləri nümayiş etdirilib. Sərgilənən əsərlər həm Bələdiyyə tərəfindən dəvət olunmuş sənətsevərlər, həm də ictimaiyyət təmsilçiləri tərəfindən maraqla qarşılanıb. Azərbaycanlı nümayəndələr də sərgidə iştiraklarından duyduqları sevinci, kiçik rəssamların əsərlərinin doğurduğu məmnunluğu ifadə ediblər.

Başqan vəkili Ahmet Şahin çıxışında Mine Barbarosa minnətdarlığını bildirərək onun şagirdlərinin əsərlərinin məhz Bələdiyyənin inzibati binasındakı yeni qalereyada sərgilənməsini sevindirici hadisə kimi dəyərləndirib. Qeyd edib ki, kiçik sənətçilərin əsərləri dünyanın daha gözəl və daha firavan bir məkan olması ilə bağlı arzularla, incə duyğularla zəngindir. Ona görə də bu əsərlərin davamlı şəkildə nümayiş etdirilməsinin, xalqa, ictimaiyyətə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını deyən Ahmet Şahin gələcəkdə də belə tədbirlərin təşkilinə xüsusi önəm verəcəklərini açıqlayıb. A.Şahin kiçik rəssamların gözüylə dünyanın, xüsusən təbiətin fərqli çalarlarla ifadə edildiyini nəzərə çatdıraraq azərbaycanlı nümayəndələrin də bu tədbirdə iştirakının əlamətdar hadisə olduğunu vurğulayıb.

Azərbaycan heyətində təmsil olunan ədəbiyyatşünas və tərcüməçi, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli belə bir sərginin açılışına qatılmağın hər kəsə sonsuz məmnunluq hissi yaşatdığına əminliyini dilə gətirib: "Uşaqlar özü-özlüyündə fərqli aləm, işıqlı, rəngli bir dünyadırlar. Ancaq onların zehninin, istedadının, bacarığının məhsulu olan əsərlər bizə daha gözəl, daha sevincli, bütün insanların ümidlə, sevinclə yaşaya biləcəkləri bir dünya göstərir. Buradakı əsərlər də məhz bu baxımdan xüsusilə əlamətdardır. Bu gün burada sərgilənən balaca sənətçilərin əl işləri həm Türkiyədə, həm də Azərbaycanda çox istedadlı, sağlam və ümidverici bir nəsil yetişməkdə olduğunun göstəricisidir. Hər iki ölkədəki yeni nəsil özünün istedadı, fərqli dünyagörüşü və insanı ideyaları ilə seçilir". 

Sərgidəki əsərlərin işıqlı rənglər və aydın cizgilərlə diqqət çəkdiyini deyən Seyfəddin Hüseynli bildirib ki, uşaqların təbiətə - heyvanlara, bitkilərə olan fərqli münasibəti, eləcə də tariximizə, bu günümüzə, dünyada sülhün təbliği kimi mövzulara diqqət yönəldən əsərlər yaratmaları onların həm istedadından, həm də yaşlarından daha böyük düşüncələrindən, gələcəklə bağlı xoş arzularından xəbər verir.

Rəssam və pedaqoq Mine Barbaros şagirdlərinin uğurlarından böyük xoşbəxtlik duyduğunu, eləcə də bu açılışda həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinin fəal nümayəndələrinin iştirakının onlara böyük sevinc yaşatdığını qeyd edib. M.Barbaros, əsərlərindən də göründüyü kimi, çox istedadlı yetirmələrinin olduğunu bildirərək əlavə edib ki, əsərlərin mövzularını uşaqlar özləri seçsələr də, o da müəyyən istiqamət verib və beləliklə, qiymətli sənət əsərləri meydana gəlib. Bir daha Böyükçəkməcə Bələdiyyəsinə, başqan doktor Hasan Akgünə və başqan vəkili Ahmet Şahinə bu sərgiyə şərait yaratdıqları üçün minnətdarlığını bildirən M.Barbaros şagirdlərinin gələcəyin böyük sənətçiləri kimi Türkiyəyə və Türk dünyasına böyük qürur yaşadacaqlarına əminliyini vurğulayıb.

Sərginin açılışından sonra əsərlərə tamaşa edən qonaqlar balaca rəssamların əl işlərini çox bəyənib, hər bir əsərlə ayrıca maraqlanaraq onların müəlliflərilə qısaca söhbət edib, dünyagörüşlərini, gələcəklə bağlı düşüncələrini öyrəniblər. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti, S.Hüseynlinin təklifi ilə, kiçik rəssamların əsərlərinin bir neçəsini satın alıb. M.Babrbaros bu maraqlı jestin öz yetirmələrinə önəmli bir yaradıcılıq stimulu olacağını deyib. Uşaqlar onlara göstərilən bu diqqətdən böyük sevinc duyduqlarını ifadə edib, qonaqlara təşəkkürlərini bildiriblər.

İstanbul Böyükçəkməcə Bələdiyyəsinə 25 ildən bəri uğurla başqanlıq edən doktor Hasan Akgünün təşəbbüslərilə burada çox böyük modernləşmə, mədəni yüksəliş layihələri həyata keçirilib. Sakinlərin yaşayışı, istirahəti naminə ciddi addımlar atılıb, Avropaya açılan bu böyük işçədə insanların rifahının yaxşılaşdırılmasında böyük irəliləyiş olub. Böyükçəkməcə Bələdiyyəsi burada ardıcıl olaraq mədəni tədbirlərin, sənət festivallarının keçirilməsinə diqqət ayırır, bu tədbirlərin yüksək səviyyədə, yaddaqalan şəkildə gerçəkləşməsi üçün önəmli əmək sərf edir.

Şahanə MÜŞFİQ

 





05.06.2018    çap et  çap et