525.Az

"Koreyanın ətri" Cümhuriyyətin 100 illiyinə həsr olundu


 

"Koreyanın ətri" Cümhuriyyətin 100 illiyinə həsr olundu <b style="color:red"></b>

İyunun 2-də Heydər Əliyev adına sarayda Cənubi Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" adlı konsert proqramı təşkil edilib.

Açılış nitqi ilə çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu Azərbaycanın üzləşdiyi çətinliklərə qalib gələrək sülh və tərəqqiyə nail olduğunu vurğulayıb. Səfiri Azərbaycana gələcəkdə daha böyük inkişaf yolu arzu edib: "Bu gün burda koreyalı, azərbaycanlı ifaçılar cazz musiqisi və rəqslər nümayiş etdirəcəklər. Koreyanın milli və saray musiqisinin ən yaxşı nümunələri cazz musiqisi ilə sintez şəkildə təqdim ediləcək".

Koreya Xarici İşlər Nazirliyinin mədəniyyət işləri üzrə baş direktoru Hong Seok da çıxışında əvvəlcə Azərbaycana ilk səfəri olduğunu vurğulayaraq burda olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyib.

"Ölkələrimiz arasında ortaq yönlərimiz var. Hər iki ölkənin də dili Altay dil qrupuna aiddir. Mədəni və emosional oxşarlıqlarımız çoxdur. İkitərəfli əlaqələrimiz 1992-ci ildən inkişaf edib. Daha da önəmlisi son dövrlərdə vətəndaşlarımız bir-birini tanımaq üçün könüllü mübadiləyə başlayıbar. Hər il daha çox koreyalı Azərbaycanın qeyri-adi təbiətini görmək üçün bura səfərlər edir. Koreya mədəniyyəti ilə maraqlanan azərbaycanlıların da sayı artmaqdadır. Gələcəkdə Azərbaycana səfər edəcək koreyalıların sayının artacağına əminəm və mənə elə gəlir ki, bundan sonra cənab səfirin işi daha da ağırlaşacaq", - XİN təmsilçisi əlavə edib.

O, konsertin dəyərli hadisə olacağına ümidvarlığını ifadə edib: "Azərbaycanda "Könlün yolu ən qısa yoldur" kimi ifadə var. İnanıram ki, bugünkü konsert bu yolun açılmasına şərait yaradacaq. İndiki kimi ürək açıqlığı ilə əməkdaşlığa davam edəcəyimiz təqdirdə Azərbaycanla iki ən yaxın dost ölkə olacağımıza inanıram".

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn də çıxışında Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin 1990-cı ildə qurulduğunu və indi də bir çox sahələrdə əməkdaşlığın davam etdiyini deyib.

A.Hüseyn bildirib ki, keçirilən tədbirlər ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir: "Ölkələrimiz arasında beynəlxalq, regional təşkilatlar çərçivəsində dostluq mövcuddur. Koreya Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımızın daha da inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstəriləcək".

Konsertin bədii hissəsi hər iki ölkənin sənətçiləri tərəfindən musiqi və rəqs nömrələri ilə davam etdirilib.

Şahanə MÜŞFİQ

 





05.06.2018    çap et  çap et