525.Az

Dövlət Miqrasiya Xidmətində dil laboratoriyasının açılışı oldu


 

Dövlət Miqrasiya Xidmətində dil laboratoriyasının açılışı oldu <b style="color:red"></b>

İyunun 4-də Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında xidmət əməkdaşları üçün dil laboratoriyasının açılışı olub.

DMX-dən verilən məlumata görə, açılış mərasimində xidmətinin rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, BP-nin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin yüksək səviyyəli təmsilçiləri iştirak ediblər.

Xidmət rəisi Vüsal Hüseynov dil laboratoriyasının yaradılmasının əhəmiyyətini, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyin artırlmasında rolunu qeyd edib. O bildirib ki, dil laboratoriyası "Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə Potensialların Gücləndirilməsi" layihəsinin müvafiq bəndinə əsasən "Linqvistika laboratoriyasının yaradılması" fəaliyyəti çərçivəsində həyata keçirilən bir komponentdir.

V.Hüseynov əlavə edib ki, ölkəmizdə miqrasiya proseslərinin idarə edilməsi üçün səmərəli mexanizmlər yaradılır və inkişaf etdirilir: "Xidmətdə müasir innovasiyaların tətbiqinin əsas məqsədi əməkdaşların bilik və bacarıqlarının, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, xidmət istifadəçilərinin məmnunluğunun artırılmasıdır". Xidməti rəisi deyib ki, dil laboratoriyası o qədər də böyük olmasa da, elmlə, biliklə bağlı olduğuna görə xüsusi əhəmiyyət daşıyır və davamlılığını saxlayacaq: "Bu, təhsilə qoyulan investisiyadır və xidmət bu mərkəzin fəaliyyətinin gücləndirilməsində maraqlıdır".

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dil laboratoriyasının açılışını paraqmatik bir tədbir adlandırıb.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz tam təchizatlı müasir ingilis dili linqafon kabinetinin qurulmasını Azərbaycan Hökümətinin miqrasiya strategiyasının həyata keçirilməsinə verilən dəstək kimi qiymətləndirib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID ) Azərbaycan missiyasının rəhbəri əvəzi Randall B.Olson və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin bölmə rəisi xanım Meltem Ersan miqrasiyanın qlobal fenomen olduğunu və bu baxımdan ingilis dili bacarıqlarının inkişaf etdirilməsi üçün laboratoriyanın əhəmiyyətini vurğulayıblar.

Çıxış edənlər Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Sonra dil laboratoriyasının rəmzi açılışını bildirən lent kəsilib. Mərasim iştirakçıları laboratoriyanın fəaliyyəti ilə tanış olublar.

Dil laboratoriyası bir müəllim və 15 dinləyici üçün nəzərdə tutulan kompüter dəsti, proyektor və digər zəruri avadanlıqlarla təchiz olunub.

CEYHUN

 





06.06.2018    çap et  çap et