Məlum olduğu kimi, hüquqşünas Aslan İsmayılova qarşı cinayət işi qaldırılıb. Onun barəsində cinayət işinin qaldırılmasına 2017-ci ilin oktyabrın 2-də Binəqədi rayon məhkəməsinin inzibati binasında baş vermiş hadisə səbəb olub.
Aslan İsmayılovun məhkəmə heyətinə qarşı kobud hərəkətlərə yol verdiyi deyilir. Məlumata görə, o, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərar qəbul etdiyini öyrəndikdən sonra yüksək səslə buna etiraz edərək iclas zalından hakimin müşavirə otağına keçməsi üçün nəzərdə tutulmuş qapıdan məhkəmənin dəhlizinə keçməyə cəhd edib. Onun cəhdi baş tutmadıqda isə bağlı qapını sındırmağa çalışıb. Zərbələrin şiddətindən qapı çərçivəsinin ətrafındakı boyanın bir hissəsi tökülüb.
Daha sonra A.İsmayılov iclas zalından çıxıb məhkəmənin həyətində ucadan səs-küy salaraq hakim və məhkəmə sədrinin onun qarşısına çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici ifadələr işlədib. Baş verənlərlə bağlı A.İsmayılovun ictimai qaydanı və məhkəmənin iş rejimini pozaraq xuliqanlıq hərəkətləri etməsi barədə Binəqədi rayon məhkəməsinin işçiləri tərəfindən akt tərtib olunaraq müvafiq materiallarla birlikdə Binəqədi rayon prokurorluğuna göndərilib. Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə ünvanlanıb.
Məhkəmə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə görə, baş vermiş hadisə nəticəsində Binəqədi rayon məhkəməsinin əmlakına yüz otuz manat məbləğində maddi zərər dəyib.
Bu il mayın 25-də A.İsmayılova CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 4 iyun, 2018-ci il tarixində isə iş üzrə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.
Ümumiyyətlə, Aslan İsmayılov hüquqşünas olsa da, hüquqi məsələlərdən başqa hər işlə "məşğul olur". Başqa sözlə desək, harda aş varsa, İsmayılov orda başdadır. Özünü gah siyasətçi, gah jurnalist, bloqqer, iqtisadi, tibbi ekspert kimi aparır. Öz sahəsindən başqa, bütün sahələrə müdaxilə edir. Daim hansısa sahələrdə guya çatışmazlıq, korrupsiya, yeyinti halları aşkar edib və sosial şəbəkələrin verdiyi geniş imkandan sui-istifadə edərək şər- böhtan kampaniyası aparır. Məsələn, guya tibb sahəsini tənqid edir, xəstəxanadan videogörüntü paylaşaraq, xəstələrin dərman, müalicə cəhətdən ağır vəziyyətdə olduğunu "göstərir", gah da digər sosial obyektlər haqqında qeyri-dəqiq məlumatlar yayır. Konkret nə iş gördüyünü, nə istədiyini özü belə bilmir. Əslində, hüquqşünas öz davranışı, gördüyü işlər, qanunun aliliyinin müdafiəsində dayanması ilə cəmiyyətə bir nümunə olmalıdır. A.İsmayılov isə öz peşəsini çoxdan unudub. Özü bir tərəfə, görəsən, yaxın ətrafından kimsə ona gördüyü işin adının nə olması barədə sual ünvanlayıbmı? Ümumiyyətlə, nə istədiyini soruşan olub?
Əgər sən yaxşı hüquqşünassansa, niyə öz sahəndə çalışıb, hüquqi yardıma ehtiyacı olan insanlara kömək göstərmirsən? Haqdan, ədalətdən danışan insanın buna ən azı haqqı çatmalıdır, insanların xeyri üçün nə isə etməlidr. A.İsmayılov isə cəmiyyətdə daha çox təxribatçı əməlləri, davakar xisləti ilə tanınıb. Rekert jurnalistlərə xas tərzdə hansısa obyektə izacəsiz daxil olub şantaj xarakterli çəkilişlər edir. Demək olar ki, iki gündən bir kiminləsə sosial şəbəkələrdə dava aparır, bəlkə də ölkənin yarısını məhkəməyə verib.
Külək hansı istiqamətə əsirsə, həmin istiqamətə getməyi adət etmiş A.İsmayılov bir müddət öncə xaricdəki bir qrup "söyüşçü dəstə"nin, antimilli qrupların sosial şəbəkələr üzərindəki kampaniyasından "ruhlanmişdı".
O, hər bir fürsətdən istifadə edərək sosial şəbəkələrdə qəhrəman kimi görünməyə çalışır, hüquq müstəvisində özünü müdafiə etmək əvəzinə, kütləni toplanmağa, ona dəstək verməyə çağırırdı. Yəni, məhkəməyə dəvət edilən hüquqşünas insanları məhkəmə qarşısına çağırıb, prosesdən sonra "odlu-alovlu" çıxışlar edib, bu da növbəti bir təxribat xarakterli hərəkətdir. Azərbaycan hüquqi, demokratik dövlətdir. Bütün hallara hüquq çərçivəsində baxılır. A.İsmayılova qarşı əsaslı sübutlar olduğu halda insanların ora çağırılması nəyi dəyişəcəkdi axı? 5-10 nəfər hakimə, məhkəməyə hansı təsiri göstərə bilərdi?! Hüquqşünas deyilən kəs isə elə özü qanuna siyasi don geyindirməyə çalışır. Bununla həm də yaxşı aktyor olduğunu göstərdi. A.İsmayılov görəndə ki, qanun qarşısında bu variantları keçməyəcək, özündən "qəhrəman" obrazı yaratmaqda davam edir. Sabah qanun qarşısında cavab verməli olduğunu bildiyi üçün özünü sığortalamağa çalışır. Deyirlər, ziyanın yarısından qayıtmaq da gec deyil. Amma İsmayılovu artıq geriyə qaytaracaq yolu yoxdur. Əvvəlki hüquqşünas Aslan İsmayılov da yoxdur. Onun əvəzində radikal, şər-böhtançı, təxribatçı, davakar, hərşeyşünas biri var. Adamın özünü bu yerə çatdırması həm də acı təəssüf doğurur...
AZAD
çap et