525.Az

Dağlıq Qarabağdakı proseslər Azərbaycanla hərbi qarşıdurmada Ermənistanın mövqeyini zəiflədəcək


 

Dağlıq Qarabağdakı proseslər Azərbaycanla hərbi qarşıdurmada Ermənistanın mövqeyini zəiflədəcək<b style="color:red"></b>

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış separatçı qurumda baş vermiş etirazlar rusiyalı ekspertlər tərəfindən də şərh olunmaqdadır.

Onlar da hesab edirlər ki, etirazların əsas səbəblərindən baş nazir Nikol Paşinyanın separatçı qurumun lideri Bako Saakyandan və onun ətrafından qurtulmaq cəhdidir. Yəni Paşinyan Qarabağda Sarkisyanın əsas adamlarının olmasını istəmir, hansı ki, bu, istənilən anda ona qarşı bir silaha çevrilə bilər. Paşinyan Qarabağdan gələ biləcək təhlükəni yaxşı başa düşür və hərəkətə keçməkdədir.

Artıq separatçı qurumun "dövlət naziri" Araik Harutyunyan, o cümlədən, "polis şöbəsi"nin rəisi Kamo Ağacanyan istefaya gediblər. Xatırladaq ki, 1 iyun tarixində Xankəndində baş vermiş aksiyalar zamanı hüquq-mühafizə orqanlarının rəhbərlərinin istefası tələb olunurdu. Saakyanın da yaxın günlərdə istefaya gedəcəyi gözləniləndir.

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov mövzunu şərh edərkən bildirib ki, işğal edilmiş Dağlıq Qarabağdakı etirazların səbəbi ilk növbədə, sosial-iqtisadi vəziyyətin doğurduğu narazılıqla bağlıdır. Onun sözlərinə görə, işğal olunmuş ərazilər blokadadır və depressiv bir vəziyyət hökm sürür: "Əlbəttə ki, Ermənistanda baş verən son proseslər də Qarabağdakı əhval-ruhiyyəyə təsirini göstərib. Erməni xalqı Serj Sarkisyanı baş nazir vəzifəsindən uzaqlaşdırdı, Dağlıq Qarabağda da  oxşar hərəkətlərdən ilhamlanıb".

Sergey Markovun sözlərinə görə, işğal olunmuş ərazilərdə müşahidə olunan proseslər Azərbaycanla hərbi qarşıdurmada, danışıqlar məsələsində Ermənistanın mövqeyini zəiflədəcək.

Markov bildirib ki,  xarici işlər naziri Mnatsakanyanın və Ermənistanın digər yüksək vəzifəli şəxslərinin Dağlıq Qarabağ münaqişəsi üzrə separatçıların danışıqlara cəlb edilməsi ideyasını irəli sürmələri danışıqlar prosesini uzatmaq cəhdini güdür: "Ermənistan bununla Azərbaycanı danışıqların başlanğıcına qaytarır. Daha əvvəlki bütün danışıqlarda əldə edilənləri ləğv edir".

S. Markov onu da vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı icmasının və işğal olunmuş digər ərazilərindən qovulmuş şəxslərin danışıqlara qoşulması üçün ciddi şərt irəli sürə bilər".

Lomonosov adına Moskva Dövlət Universitetinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko isə vurğulayıb ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində etirazların baş verməsinin iki səbəbini göstərmək olar: "Birincisi, əlbəttə, bu, Ermənistandakı hadisələrin əks-sədasıdır. Ermənistanda hakimiyyətə yeni rəhbərlik gəlib ki, bu da əvvəlki hökumətin Qarabağdakı tərəfdarlarını dəyişmək istəyir. Nikol Paşinyan Serj Sarkisyanın intiqam almaq üçün Qarabağdan baza kimi istifadə edə bilməsini önləmək üçün separatçı qurumun rəhbəri Bako Saakyanı  dəyişmək istəyir. İkincisi, Dağlıq Qarabağdakı ermənilər sanki yorulublar və həyatlarında yeni bir perspektiv axtarırlar".

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın danışıqlarda guya son söz deməli olmasına dair Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanın sözlərini şərh edən politoloq bunu təhlükəli çağırış adlandırıb. Onun sözlərinə görə, butəhlükəli yanaşmadır və 2016-cı ildə Sankt-Peterburqda Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmanı məhv edir:

"Mnatsakanyanın ifadələrinin arxasında düşünülmüş bir oyun var. Erməni rəhbərliyi aşağıdakıları istəyir: Qarabağ ətrafında idarəedilən bir böhran yaratmaq və Rusiyanın qarşısında Qarabağ üçün mübarizə edəcək və ya etməyəcək məsələsini qaldırmaq. Əgər Rusiya yox deyərsə, onda Ermənistanın məntiqinə əsasən NATO ilə tərəfdaşlıq qurmağa mane qalmayacaq".

Politoloqun sözlərinə görə, Azərbaycan uzun müddət belə ritorikaya dözməyəcək: "Təbii ki, Azərbaycan belə təkliflərə dözməyəcək. Ona sadəcə 25 il bundan əvvəl danışıqlar mərhələsinə qayıtmaq təklif olunur. Ermənistan isə NATO ilə əməkdaşlığı genişləndirmək üçün fürsət axtarır və  bu, sərfəlidir".

Ekspert hesab edir ki, belə bir saziş sülh danışıq prosesinə heç bir şeyə gətirə bilməz. "Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq bəyan edib ki, Ermənistan tərəfinin belə açıqlamaları sülh danışıqlarını dalana dirəyir. Hesab edirəm ki, yekunda 2016-cı il aprelin müharibəsinin ssenarisi inkişaf edə bilər, bu da xoşagəlməz perspektivlər deməkdir".

Fenenko onu da vurğulayıb ki, Gürcüstanda və Ermənistanda etiraz aksiyaları baş verdiyi günlərdə Azərbaycanda sabitlik diqqəti cəlb edir. "Azərbaycan regionda daha sabit siyasi və iqtisadi sistem qurmağa nail olub. Hesab edirəm ki, indi Rusiya Azərbaycanla maksimal dərəcədə əməkdaşlığı inkişaf etdirməyə çalışacaq, hansı ki indi Ermənistanın üzünü Qərbə çevirməsi düşüncələri artmaqdadır".

PƏRVANƏ

 





07.06.2018    çap et  çap et