525.Az

Ey qəhrəman övladın şanlı Vətəni!


 

Ey qəhrəman övladın şanlı Vətəni!<b style="color:red"></b>

Dünyanın qədim yaşayış məskənlərindən biri olan Azərbaycanımız, bu torpaqlarda zəngin tarixi köklərə bağlanan və əsaslı milli-mənəvi dəyərlərə sahib olan xalqımız da zaman-zaman işğalçıların təcavüzünə, bunun nəticəsində isə dağıntılara, talanlara, qırğınlara və sürgünlərə məruz qalmışdır. Lakin xalqımız tarixin heç bir mərhələsində düşmən istilası altında yaşamaqla barışmamış, yadelli müstəbidlərə, işğalçı fatehlərə boyun əyməmişdir.

Əsrdən əsrə müharibələr, mübarizələr fırtınasından keçmək məcburiyyətində olan xalqımız igidliyi, dönməzliyi, yüksək döyüş qabiliyyəti və güclü iradəsi nəticəsində nəhayət ki, Atabəylər adlı ilk milli dövlətini qurdu. Paytaxtı qədim Naxçıvan olan bu qüdrətli dövlət var olduğu bir əsrdən artıq müddət ərzində Azərbaycan xalqının güclü dövlət qurmaq, yadelli işğalçılara layiqli cavab vermək, zəngin mədəni irsə sahib çıxmaq qabiliyyətini dünyaya nümayiş etdirdi.

Bundan sonra orta əsrlərdə Azərbaycanın Səfəvilər kimi əzəmətli dövləti olmuşdur. Şah İsmayıl Xətainin hakimiyyəti illərindən başlayaraq ölkədə iqtisadiyyat güclənmiş, elm və mədəniyyət inkişaf etmiş, Azərbaycan dili dövlət dili olmuşdur. Təəssüf ki, sonralar böyük imperiyalar tərəfindən Azərbaycanın müstəqilliyi zəiflədilmiş, orta əsrlərin sonlarına doğru yaranmış ayrı-ayrı xanlıqlar bir-bir zəbt olunmuş, ölkənin tarixi əraziləri bölüşdürülmüşdür.

Nəhayət, XX əsrin əvvəlində - 1918-ci il may ayının 28-də elan edilən Azərbaycan Xalq Cumhuriyyəti ölkəyə yenidən müstəqilliyin şirinliyini dadızdırdı. Lakin bu xoşbəxtlik "Türkmənçay  müqaviləsi"lə bölünmüş Azərbaycanın şimal hissəsinə nəsib oldu.           

Müstəqillik Tiflisdə elan edildikdən sonra Xalq Cumhuriyyətinin müvəqqəti paytaxtı Gəncə oldu. 1918-ci il iyun ayının 26-dan müstəqil dövlətimizə məxsus olan Milli Ordumuzun ilk qoşun birləşmələri yaradıldı. Həmin il sentyabrın 15-də Milli Ordu hissələrinin və Türkiyədən yardıma gələn Qafqaz-İslam Ordusunun mütəşəkkil hücumu sayəsində Bakı azad edildi və Azərbaycan Xalq Cumhuriyyətinin paytaxtı elan olundu.

Milli hökumət bir neçə ay müddətində Azərbaycan Xalq Cumhuriyyəti hakimiyyətini bütün respublika ərazisində bərqərar etdi. 1919-cu ilin yanvar-fevral aylarında Qarabağ və Naxçıvan general-qubernatorluqları yaradıldı. Müvafiq olaraq Xosrovpaşa bəy Sultanov və Bəhram xan Naxçıvanski həmin bölgələrin general-qubernatoru təyin edildilər.

1919-cu ilin avqustunda Dağlıq Qarabağın erməni əhalisi bu bölgənin Azərbaycan Xalq Cumhuriyyətinin ayrılmaz hissəsi olması haqqında xüsusi qərar qəbul etdi. Parlamentli dövlət quruluşuna malik olan Azərbaycan Xalq Cumhuriyyəti bütün Şərqdə və türk-islam aləmində ilk demokratik respublika kimi tarixə öz imzasını atdı. "İstiqlal Bəyannaməsi"ndə Azərbaycanda ali hakimiyyətin xalqa məxsus olduğu elan edilmişdir.

İyun ayının 24-də AXC-nin ilk ağ rəngdə aypara və ağ səkkizguşəli ulduz əks olunan qırmızı parçadan dövlət bayrağı qəbul edildi. Noyabr ayının 9-da isə həmin bayraq mavi, al qırmızı və tünd yaşıl rənglərdən ibarət olan, üzərində yenə də hər ikisi ağ rəngli aypara və səkkizguşəli ulduz əks olunmuş üçrəngli bayraqla əvəz edildi. Müəllifi Əli bəy Hüseynzadə olan bu bayraqda Məhəmmədəmin Rəsulzadənin ifadə etdiyi kimi türk milli mədəniyyəti, müasir Avropa demokratiyası və İslam sivilizasiyası təcəssüm olunmuşdu.

1919-ci il iyunun 26-da Milli Ordunun yaradılması haqqında verilmiş fərmana əsasən hazırkı "Müsəlman korpusu" həmin gündən "Əlahiddə Azərbaycan korpusu" adlandırıldı. Hökumətin qərarı ilə iyulun 11-də hərbi səfərbərlik elan edildi, noyabrın 1-də isə hərbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski hərbi nazir, general Səməd bəy Mehmandarov isə onun müavini təyin olundu. Əvvəlcə Gəncədə təşkil olunmuş hərbi məktəb, sonradan Bakıya köçürüldü. 1918-ci il dekabrın 25-də general-leytenant  Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman bəy Sulkeviç baş qərargah rəisi təyin edildilər.

1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı. İngilislərin Bakını tərk edərkən Azərbaycan milli hökumətinə təhvil verdikləri gəmilər bu donanmanın əsasını təşkil edirdi. Həmin ilin sonunda donanma üçün xaricdən katerlər, sualtı qayıqlar və digər lazımi avadanlıqlar da alınmışdı. Azərbaycan Milli Ordusunun və donanmasının təşkili və formalaşması prosesi demək olar ki, 1920-ci ilin əvvəllərində əsasən yekunlaşdırılmışdı. Yaradılmış 40 min nəfərlik nizami ordunun 30 mini piyada qoşundan, 10 mini suvarilərdən ibarət idi. Gənc müstəqil dövlətin daxili və xarici təhlükələrdən qorunması məqsədilə gec də olsa 1919-cu il iyunun 11-də Əksinqilabla Mübarizə Təşkilatı yaradıldı.

Milli Şuranın qəbul etdiyi "Azərbaycan parlamentinin yaradılması" haqqında Qanuna əsasən, 120 nəfərlik təkpalatalı parlamentə respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ təsbit edilirdi. Beləliklə də Azərbaycan Xalq Cumhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən bir ölkə kimi tanındı. 1919-cu ilin martında dördüncü hökumət kabinetinin proqramına əsasən parlament Ələt-Culfa dəmir yolunun tikintisini bitirmək məqsədilə 250 milyon manat pul ayırmışdı.

AXC-də mədəni quruculuq da diqqət mərkəzində saxlanılır, çox tarixi və xüsusi əhəmiyyətli tədbirlər həyata keçirilirdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan Şöbəsi Qazaxa köçürüldü. Mövcud qız məktəbləri  qız gimnaziyaları adlandırıldı. Oğlanlar üçün isə yeddi gimnaziya açıldı. 1919-cu ilin payızında Azərbaycanın bütün qəzalarında dövlət dilində axşam kursları təşkil olundu. 1919-cu ilin martında Bakıda ilk böyük kitabxana, ilin sonunda isə İstiqlal Muzeyi açıldı. Parlament qərarı ilə həmin il noyabrın 15-də Bakı Universiteti fəaliyyətə başladı. Cümhuriyyət dövründə Bakıda, o cümlədən, böyük şəhərlərdə umumillikdə 89 adda qəzet və jurnallar çap edilirdi. "Azərbaycan" rəsmi dövlət qəzeti idi. Paytaxtda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamış, 1919-cu ildə Rəssamlıq studiyası yaradılmışdı. Hökumət milli kinemotoqrafiyanın inkişafına da xüsusi diqqət yetirirdi.

Bir qədər də AXC dövründə Naxçıvandakı vəziyyət və o illərdə bu diyarda baş verən hadisələri xatırlamaq yerinə düşər. Azərbaycanda Xalq Cumhuriyyəti elan olunan gündən əslində, bu respublikanın vətəndaşları olan naxçıvanlıların əsl mənada birləşmə arzuları vəziyyət ucbatından gerçəkləşə bilmirdi. 1918-ci ilin yayında Naxçıvan daxili və xarici təhlükə ilə qarşılaşmışdı. Naxçıvana köçürülmüş erməni əhalisi bu diyarın Ermənistana birləşdiriləcəyi barədə şayiələrdən ruhlanıb müxtəlif yerlərdə cürbəcür fitnəkarlıqlar törədirdilər. Bir yandan da ingilislərin yardımı ilə Culfanı ələ keçirmiş qaniçən Andronik Ozanyanın daşnak quldurları kəndlərə hücumlar edir, evləri talayır, dinc əhalini qanına qəltan edir, kütləvi qırğınlar törədirdilər.

Həmin günlərdə Kazım Qarabəkir paşanın komandanlığı altında türk diviziyasının Şərur qəzasına daxil olmasından ruhlanan Nehrəm kəndinin sakinləri xalq qoşunu dəstələri təşkil edib Culfadan Naxçıvan şəhərinə doğru hücuma keçən Andronikin quldur dəstəsinin yoluna çıxaraq əks-hücuma keçdi. Labüd məğlubiyyəti görən Andronik bu döyüşdən güclə qurtulan kiçik bir dəstə ilə Qarabağ dağları istiqamətində qaçmağa üstünlük verdi. Bir neçə gündən sonra türk ordusu Naxçıvan şəhərinə daxil oldu. Əmin-amanlıq bərpa edildi, əhali rahat nəfəs aldı.

Lakin Mudros müqaviləsinə əsasən, K.Qarabəkir paşa öz ordusu ilə noyabr ayının 1-də Naxçıvanı tərk etməyə məcbur oldu. Həmin ayda diyarın təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtı Naxçıvan olmaqla Araz-Türk Respublikasının təşkil olunması elan edildi. Onun ərazisi 86.96 kvadrat kilometr, əhalisi 1 milyon nəfər olmaqla tərkibinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Kəmərli, Mehri və digər bölgələr daxil edildi. Məhz bundan sonra Naxçıvanı Ermənistana birləşdirmək istəkləri puça çıxdı.

Yanvarın 8-də AXC Parlamenti Naxçıvanda yaranmış vəziyyəti müzakirə edərək, ciddi tədbirlər görülməsi barədə hökumətə tapşırıqlar verdi. 1919-cu ilin martında Bəhram xan Naxçıvanskinin başçılıq etdiyi Araz-Türk Cumhuriyyətinin nümayəndə heyəti Bakıya xüsusi bir təkliflə səfər etdi. Bu səfərdə Cənub-Qərbi Azərbaycan adı ilə Naxçıvan diyarını AXC ilə birləşdirmək məsələsi irəli sürüldü. Eyni zamanda, maliyyə yardımı, zabit kadrları və digər zəruri məsələlər barəsində xahişlər edildi. Nümayəndə heyətinin qaldırdığı məsələllər parlamentin 10 mart tarixli iclasında müzakirə olundu. Məhz bu danışıqlardan sonra hər iki respublika arasında qarşılıqlı əlaqələr xeyli fəallaşdı.

AXC-nin Baş nazirləri F.Xoyski və N.Yusifbəyli imkanları daxilində Naxçıvana köməklik edir, onun Azərbaycan ərazisi olaraq qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edir və qəhrəman naxçıvanlıların fəaliyyətlərini  yüksək qiymətləndirirdilər.

1920-ci ilin əvvəllərində baş verən ictimai-siyasi hadisələr, Mudros müqaviləsindən sonra Azərbaycanın qardaş Türkiyənin yardımından məhrum olması, Türkiyənin Sovet Rusiyası ilə yaxınlaşması səbəbindən Azərbaycan-Türkiyə münasibətlərinin soyuması, RSFSR hökumətinin Azərbaycanın Denikinə qarşı döyüşə sövq etməsi, Leninin cidd-cəhdlə Bakını ələ keçirmək üçün müxtəlif bəhanələrə əl ataraq AXC-nin süqutuna nail olma istəyi və bu məqsədlə daxildə çevriliş edə biləcək qüvvələr hazırlamasına xüsusi diqqət ayırması, XI Ordunun Azərbaycanın Şimal sərhəddinə yerləşdirilməsi vəziyyəti günbəgün ağırlaşdırırdı. Həmin ilin fevralında Azərbaycan Kommunist Partiyasının yaradılması qarşıdakı fəlakətlərin yaxınlaşdığını xəbər verirdi.

Martın 30-da N.Yusifbəylinin başçılıq etdiyi beşinci hökumət istefa verdi. Yeni hökumətin təşkili M.Hacınskiyə tapşırılsa da, o, bu işə çox laqeyd yanaşaraq kommunistlərin hökumətə daxil olmaqdan imtina etmələrini bəhanə gətirib onun təşkilini bilərəkdən gecikdirdi və yalnız aprelin 22-də yeni hökumət yaratmağın mümkünsüzlüyü barədə parlamentə məlumat verdi. Bu hadisə Azərbaycanda hökumət böhranını pik mərhələyə çatdırdı və partiyalararası qarşıdurmanı xeyli dərinləşdirdi.

Moskvanın biləvasitə razılığı ilə quldur daşnak dəstələrinin Xankəndi şəhərindəki Azərbaycan Ordusunun qarnizonuna martın 22-də -  Novruz bayramı günündə xəyanətkarcasına hücumu nəticəsində Gəncə və Qazaxda da qiyam baş verməsi ucbatından  AXC hökumətinin qərarı ilə Dağıstan sərhəddindəki ordunun Dağlıq Qarabağa və erməni qiyamı baş verən bölgələrə göndərilməsi səbəbindən şimal sərhədləri müdafiəsiz qaldı. Yaranmış vəziyyətdən istifadə edən XI Ordu AXC sərhədlərini keçdi. Azərbaycan hərbçilərinin Yalama stansiyasındakı iki saatlıq qeyri-bərabər döyüşü məğlubiyyətlə nəticələndi.

Beləliklə, Azərbaycan yenidən işğal olundu.

Ümummilli liderimiz Heydər Əliyev AXC-nin 80 illiyinin keçirilməsi haqqında imzaladığı 30 yanvar 1998-ci il tarixli sərəncamda onun fəaliyyətini belə dəyərləndirmişdir: "Azərbaycan Xalq Cumhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızı tarixində böyük iz buraxmışdır... Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir..."

Burada xatırlamaq yerinə düşər ki, məhz Heydər Əliyevin sədrliyilə Naxçıvanda, Ali Məclisin ilk sessiyasında - 1990-cı il noyabr ayının 17-də AXC-nin Ay-ulduzlu, üçrəngli bayrağı 70 illik fasilədən sonra yenidən parlamentdə qaldırılaraq muxtar respublikanın dövlət bayrağı elan olunmuşdur.

Azərbaycanda rəhbərliyə tarixi qayıdışdan sonra Ulu öndər dəfələrlə vurğulamışdır ki, müasir müstəqil Azərbaycan Şərqdə 23 ay fəaliyyət göstərmiş ilk demokratik respublikanın - AXC-nin hüquqi varisidir. Bəli, bu gün müstəqil Azərbaycan Respublikası AXC-nin bayrağını, gerbini və himnini şərəflə qəbul edərək qürurla istifadə etməkdədir. Bu il xalqımız, müstəqil dövlətimiz və azad ölkəmizin bütün vətəndaşları AXC-nin 100 illiyini böyük fəxrlə və sevinclə qeyd edir. İyunun 26-da isə yenə də AXC-nin varisi olan Milli Ordumuzun 100 illiyi təntənəli şəkildə qeyd olunacaqdır.

Bu gün böyük iftixar hissilə bütün dünyaya bəyan edirik ki, müasir, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Cumhuriyyətimizlə yaşıd olan Milli Ordumuz da xalqımızın qürur mənbəyidir. İndi bizim qüdrətli Ordumuz regionun ən güclü ordusu hesab olunur və o, hər hansı bir təxribatı dəf etməyə, düşmənin istənilən mövqeyini qurudan, sudan və havadan məhv etməyə qadirdir.

Bizim kursantlar da gələcəkdə zabitləri olacaq rəşadətli Ordumuzla fəxr edir, özlərini sələflərimizin - AXC general və zabitlərinin xələfləri hesab edirlər. Onlar gələcəkdə harada, Silahlı Qüvvələrimizin hansı növ hərbi hissəsində qulluq edəcəklərindən asılı olmayaraq daim Vətənə sədaqətlə xalqa xidmət edəcəklərinə, düşmənə nifrət bəsləyəcəklərinə, müstəqil dövlətimizi layiqincə qoruyacaqlarına and içirlər.

AXC-dən bizlərə bugünkü müstəqil respublikamıza miras qalan  müqəddəs, Ay-ulduzlu, üçrəngli dövlət bayrağımızın rənglərini belə də yozmaq olar: Aydın səma, al şəfəqli üfüq və yamyaşıl, bərəkətli yer. Bayrağımız nüfuzlu beynəlxalq təşkilatlarda, təntənəli mərasimlərdə, dünyanın idman arenalarında, dövlət bayrağı meydanlarında möhtəşəmcəsinə ucaldığı kimi yaxın zamanlarda yenidən cənnətə dönəcək doğma Qarabağımızın aydın səmalı hər bir zirvəsində qürurla dalğalanacaq.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı məqsədyönlü, uğurlu daxili və xarici siyasət bizləri günbəgün o Böyük Zəfərə yaxınlaşdırmaqdadır.

Mehri QASIMOVA
Heydər Əliyev adına Hərbi Liseyin  tarix müəllimi

 





08.06.2018    çap et  çap et