525.Az

Neft nəfəsli xatirələr


 

NATİQ ƏLİYEVİN İŞIQLI RUHUNA EHTİRAMLA

Neft nəfəsli xatirələr<b style="color:red"></b>

Biz, adətən zamanı qınayırıq. O zamanı ki, bizdən alıb aparır, bizi talayır, ömrümüzü sovurur, ələyib gedir. Amma zaman bizə həm də elə yadigarlar qoyur, elə xatirələr bəxş edir ki, bunlar bütöv bir canlı həyata dəyər.

Xatirələr, xatırlamalar, təkcə ötənlərin proyeksiyası deyil, həm də aydın düşüncələr, canlı yaddaşdır, yaşam formasıdır. Xoş xatirələr yaddaşlara həkk olunmuş köhnə mahnılar kimidir, heç vaxt unudulmur. Bu, doğmalarımızın, əzizlərimizin, sevdiklərimizin və bizi sevənlərin ruhi pıçıltılarıdır, qulaqlarımızda, ürəklərimizdə əks-səda verir. Bunsuz ömür çox kasad olardı.

Bugünlərdə mən canlı, isti, səmimi xatirələr yuvası olan bir ünvanda oldum: Şüvəlanda, sadə bir bağ evində. Gözəl insan, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın müasir tarixi inkişafında, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli neft strategiyamızın həyata keçirilməsində müstəsna xidmətləri olmuş Natiq Əliyevin köhnə bağ evində. Uzun müddət istifadəsiz qalmış bu ocaq indi tamam başqa statusdadır, fərqli bir missiyanı yerinə yetirir. Natiq müəllim dünyasını dəyişdikdən sonra onun oğlu, öz mədəniyyəti, intellekti, səmimiyyəti və hər şeydən öncə atasına böyük məhəbbətilə çoxlarına nümunə ola biləcək Fərhad Əliyev bu bağ evinə yeni can, yeni nəfəs verərək buranı Natiq Əliyev adına Neftçilərin Qonaq Evi adlandırıb. Az müddətdə burada yaxından-uzaqdan, müxtəlif ünvanlardan dostlar, tanışlar qonaq olub, Natiq Əliyevli ömürlərinin davamını yaşayıblar. Bu bina, bu ünvan həm də oğul Fərhadın ata Natiqə sanki sədaqət abidəsidir.

Düzdür, bura Qonaq Evi adlandırılıb. Lakin mən deyərdim, bu ünvan, ilk növbədə muzeydir - Natiq Əliyev muzeyi, başqa sözlə, neft muzeyi, neftçi əməyinin şərəfinə bir abidə. Muzey bu ünvanın daşıdığı ikinci funksiyadır. Bu ocağın başqa bir missiyası da var - rəsm sərgisi, qalereya...

Muzey son dərəcə orijinal və xoşniyyətli bir ideya daşıyır. Bu ideya Fərhad müəllimin özünə məxsusdur. Həyətə qədəm basdığın ilk andan özünü neft aləmində, buruqlar səltənətində hiss edirsən. Bağ evinin dəmir arakəsmələrinin naxışları belə, neft buruqlarındandır. Təmiz, səliqəli, yaşıllığı və gözəlliyilə göz oxşayan həyətin düz ortasında ilk baxışdan adamı çaşdıran, lakin buradakı ovqatla üst-üstə düşən, ümumi ansamblı tamamlayan neft mancanağı ilə qarşılaşırıq. Təəccübümüzü görən Fərhad müəllim xoş bir təbəssümlə izah edir:

- Belə şeylər burada addımbaşıdır. Hər şey neftə və neftçi peşəsinə işarədir. Bu mancanaq Böyük Vətən Müharibəsinin yadigarıdır. 1941-1942-ci illərdə ən çox neft vuran şöhrətli bir mancanaq olub. Mən bilirdim, bu qurğu istifadəsiz qalıb, harasa gözdən uzaq bir yerə atılıb. Çox axtardım. Axırı, bir tullantı məkanından tapdım. Çatışmayan detallarını yerinə qoyub yenidən təmir elətdirdim, rənglətdim və gördüyünüz kimi həyətin düz mərkəzində qoydurdum. Bu mancanaq tarixi və özünəməxsus şöhrəti olan bir qurğudur. Mənim nəzərimdə o, həm də atamın bir simvoludur. Ona baxanda atamın bir neftçi kimi əbədiyaşarlığı təəssüratını bölüşürəm.

Otaqlara girəndə bu ünvan mənə çox munis göründü. Sanki nə vaxtsa burada olmuşdum. Bu hiss daha çox doğma bir ətirlə, rayihə ilə, heç vaxt unuda bilmədiyim sevimli bir qoxu ilə bağlı idi. Neft qoxusu ilə. Mən birinci dəfə kənddən Bakıya gələndə, şəhər haqqında eləcə, ilk təəssüratım da Bayılda hiss etdiyim neft qoxusu oldu. Bakı ilə bağlı bu yaddaşım ömürlük xoş xatirəyə çevrildi. Bu ocaqda da məndə yaranan ilk təəssürat, yəni nə vaxtsa, sanki burada olmağım barədə düşüncələrim də məhz, əbədi sevdiyim, məni həmişə məst edən bu duyğusal neft qoxusundan yaranmışdı. İnanılası deyil. Bu otaqlarda elə bir iqlim  yaradılıb ki, zərif, yüngül neft qoxusu buradakı havanın əbədi bir qatına çevrilib. Bu necə sistemdir ki, otağın havasını daim yüngül neft ətriylə təmin edir? Bu barədə soruşanda Fərhad müəllim gülür və "Sirdir", - deyir. Otaqların dizaynı, memarlıq quruluşu, eksteryer tərtibatı da başdan-başa neft və neftçi peşəsinə aid detallarla süslənmişdir. Tavan yerində kobud dəmir neft çəlləkləri,  çilçıraqlar, qəndillər əvəzinə tavandan asılmış qədim əl fanarları, "İliç lampalarını" əvəz edən kerosin yağla işləyən çıraqlar incə estetik ovqat yaradır. Vanna otağında su kranı yerinə benzindoldurma məntəqələrində işlənən əlcəklərdən istifadə edilməsi, ümumiyyətlə, fantastik bir təəssürat doğurur. Stol və stulların müəyyən hissələrinin borularla calaq edilməsi, ayaq hissələrinin neft rəzələrindən (zadvişkalardan) düzəldilməsi bütün bu mənzərəni qəribə bir ahəngdarlıqla tamamlayır. Bu qədim əşyalar öz ilkinliyini, faktura köhnəliyini qoruyub saxlamaqla yanaşı, retro ovqat yaradır, nostalji hisslər oyadır.

Bu məkana müstəqil Azərbaycanın müasir tarixini əks etdirən muzey desək, səhv etmərik: əşyalar, şəkillər, eksponatlar, xatirə saxlanclarının hər biri dövlətçiliyimizlə bağlı yaddaşın canlı atributlarıdır. Burada hər şey Natiq Əliyevin şərəflə icra etdiyi dövlət vəzifələrinin, elmi tədqiqatların canlı təcəssümüdür. Eksteryer dizaynını ritmik şəkildə tamamlayan geniş divarı büsbütün örtmüş böyük poster tarix kitabı kimi dil açıb danışır: həm Natiq müəllimin keçdiyi həyat yolunun, şərəfli ömrünün səhifələrini an-an nəql edir, həm də müasir həyatımızdan, siyasətimizdən, diplomatiyamızdan, iqtisadi inkişafımızdan, Azərbaycanımızın müasir neft strategiyasından söz açır. Bu vernisajda müasir dövrümüzün ən öncül, ən məşhur, dünyaca tanınmış siyasətçiləri, dövlət xadimləri, iş adamları, Natiq müəllimin dostları, işgüzar münasibətdə bulunduğu insanlar, sanki canlı şəkildə səninlə dialoqa girir. Ən munis, ən isti və doğma epizodlar isə Natiq müəllimin Ulu Öndərimiz Heydər Əliyevlə və  möhtərəm prezidentimiz  İlham  Əliyevlə birgə  şəkilləridir.   Bu görüntülər, ədəbiləşmiş anlar müxtəlif məqamları və ünvanları nişan verir. Mədənlərdə, estakadalarda, iş otaqlarında, təyyarədə... Hər an, hər kadr hansısa bir problemin həlli prosesini əks etdirir, mühüm dövləti məsələlərin müzakirəsi dönəmini özündə yaşadır. Fotolardan biri, ümumiyyətlə, şedevrdir. Bu şəkli görməyən, seyr etməyən kəs, məncə, yoxdur. Burada önəmli bir hadisə, böyük bir tarixi an əbədiləşib: "Əsrin müqaviləsi"nin ilk məhsulunu, şokolad kimi qara, duru nefti əvvəlcə Ümummilli liderimiz üzünə çəkir, sonra isə İlham Əliyev və Natiq Əliyev bunu təkrarlayır. Bunun çox ciddi siyasi mənası var. Ulu öndərimiz Azərbaycanın müasir neft strategiyasının qələbəsini müasir neft sənayesinin Azərbaycan modelini yenilməz təntənə ilə bütün dünyaya bəyan edir. Bu, həm də Natiq Əliyevin əməyinə dahi rəhbərin, qədirşünas insanın böyük qiyməti idi. Bu şəkil otağın girəcəyində asılıb və gələn hər qonağı Ulu öndərin, cənab Prezidentimiz İlham Əliyevin və Natiq Əliyevin qələbə sevincini bütün aləmə car edən gülüşləri qarşılayır. Binanın, otaqların atmosferi də, sanki bu sevinc ovqatı üstündə köklənib. Fərhad müəllim şüşə altındakı əşyaları göstərərək böyük bir şövq və həvəslə məlumat verir:

- Gördüyünüz bu qələmlərin hər biri özündə mühüm bir tarixi yaşadır. Bax, bu qələmlə atam "Əsrin müqaviləsi"nə qol çəkib, bu qələmlə "Şah dəniz"ə, bu qələmlə "Bakı-Ceyhan”a, bu qələmlə... Bu, onun orden-medalları, bu, diplomları, mükafatlarıdır...

O danışır, mən isə xəyallanıram, artıq sövq-təbii heç nə eşitmirəm. Xəyalımda ayrı mənzərələr canlanır. Həyat gözlərimdə, sanki bir kino lenti kimi hərəkət etməyə başlayır. Kadrlar bir-birini əvəz edir.

... Mən Natiq Əliyevi çoxdan tanıyırdım. O vaxt qəzetdə işləyirdim, Natiq müəllim isə Azərbaycan KP MK-nın aparatında. Hamı Natiq müəllimi Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin kadrı bilirdi. Bu isə ona ikiqat məsuliyyət hissi yaşadırdı. Belə bir şəxsiyyətin diqqətinə layiq olmaq, onun etimadını doğrultmaq adamdan ikinci nəfəs tələb edirdi. Natiq müəllim bunu bacardı və Ümummilli liderin ömürlük etimadını qazandı. Tanış olanda ilk baxışdan onu sevdim, hörmət bəslədim. Çünki o, mənim tanıdığım ən işıqlı insanlardan biri idi. Sonralar, fəaliyyət dairəmiz fərqli olsa da, onunla tez-tez görüşür və açığı, bu görüşlər hər dəfə mənə zövq verirdi. Bu isti münasibət onun son günlərinə qədər davam etdi: səngiyən vaxtları da oldu, müntəzəm, davamlı anları da...

Natiq Əliyev həyatın paradoksu kimi gördüyü, hərəkətin, fəaliyyətin, dinamik inkişafın əks qütbü kimi qəbul etdiyi heç nəylə barışmırdı: xüsusən, durğunluq, ətalət, yalan və qeyri-səmimiliklə... Onun həyatı, fəaliyyəti, varlığı, sanki bir permanent vulkan püskürməsiydi. O, bir anlıq, bir dəqiqəlik də olsa belə, sakit dayanıb qala bilmirdi. Daim qaynayırdı, enerjisi aşıb-daşırdı. Bəli, o, daim qaynar və dinamik həyat yaşamışdır. O, sanki yatanda da ayıq beyniylə düşünür, narahat qəlbiylə duyurdu. Onu Allah iş üçün, fəaliyyət üçün, qurub-yaratmaq üçün xəlq etmişdi. Bu, əsl neftçi xarakteri idi: dözümlü, cəsarətli, mübariz, döyüşkən, axtarışla zəngin və entuziazmlarla dolu bir həyat.

O, dostlarına, yoldaşlarına, hətta opponentlərinə münasibətdə son dərəcə dözümlü, tolerant və demokratik idi. O, dözümsüzlüyə qarşı çox dözümsüz idi. Və bunda patoloji bir naqislik, mənəvi-əxlaqi natamamlıq görürdü. O, rəhbərliyi altındakı işçilərə nə dərəcədə sadə, səmimiydisə, rəhbərliyi altında fəaliyyət göstərdiyi insanlar qarşısında da eyni duyğularla sədaqətli idi. Təsadüfən demirlər ki, ali hakimiyyət kürsüsünə o insanlar yüksəlir ki, onlar özlərində hamını, hamıda özlərini görürlər. Bu, onunçün həm mənəvi ölçü, əxlaq kodeksi, həm də vəzifə səlahiyyətlərinin icrası üçün qəlbən bağlı olduğu və məmnuniyyətlə yerinə yetirdiyi bir nizamnamə tələbləri mərtəbəsindəydi. Dövlət adamı belə məqamlarda dövlətin sütununa çevrilir, işinin icrasında, fəaliyyət dairəsində fövqəladə istedad və müstəsna müdriklik nümayiş etdirə bilir. Belədə zəhmətkeşliklə entuziazmın vəhdəti insanı uğurlara aparır. Natiq Əliyev məhz belə dövlət adamlarından idi.

İnsan bioloji varlıq olmaqla yanaşı, daha çox sosial hadisədir. Cəmiyyətdəki mövqeyi, sosial statusu insan üçün ən böyük qiymətdir. Cəmiyyətdə yaşayıb ondan kənarda qalmaq olmur. Biz zaman-zaman insan münasibətlərindən qaynaqlanan sosial paradiqmaların təqdimatıyıq. Bu mənada ictimai rəy insan üçün son anda bir güzgüyə çevrilir. Natiq müəllim haqqında hamı həmişə müsbət fikirdə olub, onun səmimiyyətini, xeyirxahlığını, həqiqətsevərliyini və halallığını yüksək qiymətləndirib. Dostları, iş yoldaşları onu daim haqq adamı kimi tanıyıblar. O, sevdiyi insanlarla yanaşı, ən qaba, sərt opponentlərini də həmişə başa düşüb, hətta bədxahlarının da müsbət cəhətlərini axtarıb tapmaq, görüb qiymətləndirmək kimi yüksək mədəniyyətə, əxlaqa, iti ağıla, erudisiyaya, geniş ürəyə malik olub. O, həmişə deyərdi ki, insanlara "pis" yarlığı vurmaq nadanlıqdır. Pis insan, yaxud bacarıqsız işçi yoxdur. İnsanı kəşf eləmək lazımdır. İnsan ən adi iş prosesində də, ekstremal situasiyalarda da xarakterini göstərə, ani momentdə, başqa sözlə, həqiqət anında özünü sübut edib şəxsiyyətini təsdiqləyə bilər. Sadəcə, onu görməyə iti göz, xeyirxah baxış, qiymətləndirmək üçün geniş və isti ürək lazımdır. Belə məqamlarda o, qərəzsiz haqq tərəfdarıydı. Onun üçün paxıllıq, düşmənçilik daxili ziddiyyətlərin, mənfi hiss və həyəcanların ən kobud və zorakı ifadəsi idi. Bəli, daxilən azad, güclü, savadlı, istedadlı, qorxmaz və cəsarətli adamlar, adətən belə olur.

Natiq müəllim təbiətən demokrat idi və həmişə bir kəsin başqası üzərindəki hökmranlığının qətiyyətlə əleyhinə çıxırdı. Uzun illər boyunca işlədiyi yüksək dövləti vəzifələrdə, ali hökumət postlarında bu xarakterini zaman-zaman sübut etmiş, öz işçilərinə dost, yoldaş, bərabərhüquqlu partnyor, əməkdaş kimi yanaşmışdır. Bütün bunlar, həm də onun kübar mədəniyyətindən, elitar təfəkküründən, daxilən də, zahirən də aristokrat təbiətindən qaynaqlanırdı. Daxili mədəniyyət, həm də daxili azadlığın şərtidir. O, bu cəhətləri daim öz simasında yaşadır və ətrafdakılara da təlqin edirdi.

Heç bir xalqın azadlıq və müstəqillik yolu rahat, aydın, ziqzaqsız olmur: bu, qan-qadalardan, hətta ölüm-itimlərdən keçir. Biz də bir xalq olaraq belə günləri çox yaşamışıq, müstəqillik yollarında əzab-əziyyətdən, qan-qadadan keçmişik. Qarabağ müharibəsinin ağır fəsadları, qaçqın-köçkün ağrıları, 20 Yanvar faciəsi və vətəndaş müharibəsi həddinə gəlib çatmış daxili çəkişmələr. Bu məqamda, söz yox ki, hamımızın xatirinə daha çox 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri gəlir. Xarici düşmənlərin fitvasına uymuş bir qrup qaragüruhun qanuni, legitim dövlətə qarşı qaldırdığı qiyam bu zaman xalq üçün də, dövlət və dövlətçiliyimiz üçün də həqiqət anı, sınaq məqamı idi. Bu, həm də bulanıq suların durulması, kimin kim olmasını aşkarlayan bir proses kimi yadda qalmışdır. Bu zaman bütün gözlər, nəzərlər dövlət başçısı Ulu Öndərimiz Heydər Əliyevə yönəlmişdi. Heydər Əliyev xalq üçün həm döyünən ürək, düşünən beyin, yenilməz ruh, iradə, həm də güc mənbəyi idi. Qorxu, həyəcan və ümidsizliyin tıncıxan nəfəs kimi xalqı boğduğu bir vaxtda Heydər Əliyev ilahi gücü və himayəsilə millətin yeni nəfəs mənbəyinə çevrildi: 1994-cü ilin sentyabr ayının 20-də "Əsrin müqaviləsi"ni gecikmədən, tez bir zamanda, fövrən imzalamaqla dövlətin və Azərbaycan xalqının taleyini xilas etmiş oldu. Bu zaman baş qaldırmış çevriliş cəhdi, sonrakı dövrdə, 1995-ci ilin martında təkan almış onun yeni dalğası böyük öndərin sarsılmaz iradəsi qarşısında pərən-pərən oldu. Heydər Əliyev qələbə çaldı, haqq-ədalət, xalqın arzu və istəyi zəfərə qovuşdu. Bunun əsası isə "Əsrin müqaviləsi" ilə qoyuldu. Bu, təkcə iqtisadi qələbə deyildi, həm də siyasi zəfər idi.

Nə yaxşı ki, bir qrup hakimiyyət hərisinin körüklədiyi bu fitnə ocağı sonadək alışmadı və respublikamızda cərəyan edən hadisələr kütləvi ağılsızlığa, pərakəndəliyə, xaosa, milli nifrətə gətirib çıxarmadı. Ulu Öndərimiz Heydər Əliyevin yenilməz iradəsi, böyük nüfuzu, rəhbər hökmü, titanik gücü bütün bu hüdudsuz, azğın coğqunun, şeytani fəlakətin qarşısını aldı. Belə məqamlarda Natiq Əliyev hər an, hər dəqiqə onun yanındaydı, Ümummilli liderimizlə çiyin-çiyinəydi. Həmin zamanlarda o, böyük dostunu, ağsaqqalını, xalq sərkərdəsini, el atasını, eləcə də özünə də doğma ata bildiyi bu əvəzsiz insanı hətta sinəsiylə qorumağa hazır idi. Siyasi baxışların ayrıntısından xilas ola bilməyən, zəmanənin özü kimi dəyişkən, mütəhərrik, sürüşkən, buqələmun siqlətli insanlardan fərqli olaraq o, xilas yolu kimi nə "sağlar"ın, nə "sollar"ın, nə "ortalar"ın arasında yer aldı, heç bir qrupa və dəstəyə qoşulmadı, mövqeyi aydın və yenilməz oldu. Onun üçün partiya da, ideoloji rupor da, siyasi istingah, dövlət və Vətən də o idi: uğrunda başını belə verməyə hazır olduğu Heydər Əliyev! Bu günlərdə Ulu öndərlə çiyin-çiyinə Natiq Əliyevin də gecəsi-gündüzü yox idi - ikiqat qüvvəylə çalışırdı. Bu da bir əqidə işi, böyük rəhbərə, yenilməz liderə sədaqət andı idi. O, yaxşı bilirdi ki, bu gün neft naminə mücadilə dövlət uğrunda mübarizə ilə ekvivalentləşir. Bu gün bütün döyüş yolları, siyasi xətlər, diplomatik çarpazlaşmalar neftdən keçir. Bu məsuliyyət onu bir an tərk etmirdi. Neft, eləcə bu gün dövlət məfhumunun sinonimi kimi səslənirdi. Neft siyasətinin dövlət siyasətinə çevrilməsi, əslində, Azərbaycan dövlətinin də, xalqın da xilası demək idi, bu siyasətin memarı, yaradıcısı müstəqil Azərbaycanın banisi Heydər Əliyev, onun ən sadiq silahdaşlarından, şagirdlərindən biri isə, heç şübhəsiz, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti kimi Natiq Əliyev idi. Həmin dövrdə Natiq Əliyev də sınaq anlarını yaşadı. O, bu sınaqdan alnıaçıq, üzüağ, kişi kimi mərd-mərdanə çıxdı. Ömrünün sonuna qədər də Heydər Əliyevin yaxın dostu və silahdaşı olaraq qaldı. Həmin dövrü Fərhad Əliyev də həmişə həyəcanla xatırlayır:

- Onlar, çevrilişə cəhd edən destruktiv qüvvələr əsasən onun ailəsini, daha konkret desək, yeganə övladı kimi məni hədəfə almışdılar. Başqa çıxış yolu tapmadı, məni xaricə qaçırmaq məcburiyyətində qaldı. Tamam uşaq idim, nə yaşım vardı ki, cəmi 14... Düz-əməlli pasportum da yox idi; qırmızı pasportla getmişdim. Nə isə, böyük macəralarla, çətinliklərlə üzləşdim... Bu ölkədən o ölkəyə, o şəhərdən bu şəhərə... Çox əziyyətlər çəkdim. Danışmaqla bitib-tükənməz...

Natiq Əliyev uzun illər ərzində eyni sədaqət və məhəbbətlə möhtərəm Prezidentimiz İlham Əliyevlə çiyin-çiyinə işləmiş və həmişə neft sənayesinin inkişafı naminə istedad və bacarığını əsirgəməmişdir. İş və birgə fəaliyyət onları həm də yaxın dostlar kimi birləşdirmişdir. Uzun illər İlham Əliyevin rəhbərliyi altında çalışan Natiq Əliyev bu dönəmdə də Azərbaycan neftinin dünya şöhrəti qazanması yolunda az əmək sərf etməyib: yeni ideyalar verib, təşəbbüslər irəli sürüb. "Günəşli", "Şahdəniz" və başqa yataqların istifadəyə verilməsində, "Bakı-Ceyhan"ın həyata vəsiqə almasında, "TAP", "TANAP" layihələrinin reallaşmasında və başqa onlarla bilib-bilmədiyimiz proyektlərdə onun zəhməti kifayət qədərdir.

Natiq Əliyev Bakıda doğulub. Onun Vətəni bu neft qoxuyan mazutlu çöllər, ilğım kimi qıvrılıb gedən qum təpəli bu hüdudsuz yovşanlı səhralardır. Bir az obrazlı desək, onun doğma Vətəni neftdir. O, neft oğlu kimi doğulub və yaşayıb. Onun həyatı, fəaliyyəti, yüksək dövləti vəzifələri bu və ya digər şəkildə neftlə, neft sənayesi və neftçi əməyi ilə bağlı olub. Neftə məhəbbət, neftçi əməyinə hörmət hər vaxt onu yüksək vəzifələri fonunda qürrələnməkdən çəkindirmişdir. Məhəbbətdə qürrə olmur, sevgi və sədaqət olur. O da sənətini, peşəsini və onun ən yüksək pilləsi olan nazir vəzifəsini mexaniki icra etməmişdir. O, peşəsi kimi ali dövləti vəzifələrini də sevmiş və bu vəzifələri ürəyinin qanıyla boyamış, kamil, mükəmməl intrellekti və coşğun, yenilməz ruhu ilə zənginləşdirmiş, mənalı etmişdir. O, özünü sıravi neftçi hesab edirdi və daşıdığı bütün yüksək vəzifələrə rəğmən, eləcə ruhən və qəlbən sona qədər sıravi neftçi olaraq qaldı.

Həyatı, adətən intensiv bir məhsuldarlıqla yaşamaq çətin olur. Natiq müəllim isə işlək, ayıq bir beyin, parlaq zəka, narahat ürək və yüksək ruhla yorğunluq, tərəddüd, qeyri-müəyyənliyin nə olduğunu bilmədən son nəfəsinə qədər xalqı, Vətəni, dövləti naminə fədakar mücahid kimi çalışdı. Cürbəcür xəstəliklərə, yorğunluqlara baxmayaraq, öhdəsinə düşən işləri ayıq-sayıq bir əsgər kimi daim layiqincə yerinə yetirdi, fəaliyyət göstərdiyi bütün zamanlarda gənclik eşqi, yaradıcı entuziazmla işlədi. Çünki əqidəli adam idi. Əqidə isə insanı həmişə ayaqda saxlayır, ritmdən düşməyə qoymur, daim gözəgörünməz enerji mənbəyi kimi akkumilyasiya edir.

... Bu qonaq evi-muzeyin üçüncü bir funksiyasından da danışmalıydıq. Bu da onun rəsm qalereyası kimi anlamıdır. Divarlardakı son dərəcə müasir təfəkkürün və zərif istedadın məhsulu olan intellektual məzmunlu, ruhi-emosional mündəricəli rəsmlər bu məkanın ümumi ab-havasını tamamlayır, yeni ovqat təlqin edir. Ciddi, obrazlı, bədi siqlətli, müxtəlif dəsti-xəttin məhsulu olan bu sənət əsərlərinin hamısı dünya şöhrətli sənətkarların əl işləridir. Görkəmli Azərbaycan rəssamlarının, məşhur rus və Avropa fırça ustalarının şəxsən Natiq Əliyevə hədiyyə etdiyi sənət inciləri hər kəsdə zəngin təəssürat yaradır.

Bu impressionist ruhlu rəsmlərdən bir neçəsi Fərhad Əliyevin həyat yoldaşı Səfurə xanımın əl işləridir. Ağ-qırmızı rənglərin parlaq qammasından yaranan bu poetik mənzərələrdə bir-birini tamamlayan işıq - kölgə effekti fonunda neft buruqlarının qarışıq silueti insan-təbiət harmoniyasına yeni çalar qatır. Professional ştrixlərlə canlanan neft buruqları, təbii real dəniz lövhələri və bu mənzərənin iç qatına hopmuş zəhmət nəfəsli işgüzar bir ovqat neftçi əməyinin romantikasına yeni sənətkar baxışı kimi yadda qalır. Buruqlar sanki insan kimi nəfəs alır və tamaşaçı ilə canlı həmsöhbətə çevrilir. Bu tablolar Səfurə xanımın Natiq müəllimə sağlığında hədiyyələri idi.

Baş otaqda Natiq müəllimin unikal bir portreti asılıb: başdan-ayağa gülüşlə dopdolu. Səmimi gülüşlər, sanasan, çərçivədən çıxıb aşıb-daşır, otağa yayılır. Bu, əbədiyyət barədə sanki bir mesajdır. Bu, insanın, insanlığın və insan ruhunun ölməzliyinə işarədir. Eləcə bu gülüşün xoş aurasında otağı tərk eləyirik. Həyətdə isə bizi göylərə can atan qoşa evkalipt ağacının sıx yarpaqlarının həzin pıçıltıları yola salır. Yadıma düşür ki, həyətə ilk dəfə qədəm basanda həmin nəhəng qoşa evkalipt mənə yanaşı dayanmış ata və oğulu xatırlatmışdı. Bəli, bu bir cüt evkalipt sanki Natiq Əliyevlə Fərhad Əliyevin simvoludur. Əbədi birlik və məhəbbət simvolu - bir-birinin həvəsinə səmanın ənginliklərinə boy atırlar...

 





08.06.2018    çap et  çap et