525.Az

İki təntənəli yubileyi məktəb-studiyanın şagirdləri qeyd etdilər


 

İki təntənəli yubileyi məktəb-studiyanın şagirdləri qeyd etdilər<b style="color:red"></b>

Ü.Hacıbəyli adına Bakı Musiqi Akedemiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş Orta ixtisas məktəb-studiyasının şagirdlərinin konserti keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən BMA-nın məktəb-studiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova  tariximizin şanlı və qürurverici salnaməsi olan Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyev haqqında məruzə edərək, konserti açıq elan edib.

Daha sonra sənhədə bir-birinin ardınca məktəb-studiyanın şagirdləri maraqlı ifalar səsləndirib. Konsertin proqramında həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərləri yer alıb. Bu əsərlər fortepiano, violin, violonçel, klarnet, fleyta, saksafon, eləcə də vokal sinfində təhsil alan şagirdlərin ifasında müvəffəqiyyətlə ifa olunub.

Konsertin ilk, yaşca ən kiçik iştirakçısı Respublika və Beynəlxalq müsabiqələr laureatı Zərrin Şükürün R.Şumanın "Gənclik albomu"ndan "Kiçik romans" və A.Şmolun "Arzu" əsərini uğurlu ifa etməsi zalda alqışlarla müşayiət olunub. İkinci ifaçı - II sinif şagirdi Ləman Qasımovanın saksafonda ifası eyni müsbət təəssuratı yaradıb. Növbəti dəfə dinləyicilər fortepiano ixtisası üzrə Respublika və Beynəlxalq müsabiqələr laureatı Daniil Tyurinin virtuoz ifasına valeh oldular. Respublika müsabiqəsi laureatı Rəşad Abdullayevin fleytada mükəmməl ifası həm müəlliminin, həm də dinləyicilərin alqışlarına səbəb olub. 

Konsertin növbəti iştirakçıları klarnet ixtisası üzrə Respublika müsabiqə laureatı Samuil Səlimov, violin ixtisası üzrə Respublika və Beynəlxalq müsabiqələr laueratı E.Hüseynov əvvəlki iştirakçılar kimi yenə də uğurlu ifaları ilə diqqəti cəlb edə bildilər. Mark Zençenkonun violonçeldə İ.S.Baxın süitasının ifası isə mükəmməlliyi ilə diqqətəlayiq idi. Fortepianoda Hüseyn Bədəlbəyli, Nurel Kərimova, Rəbiyə Gözəlova, Səriyyə Məmmədovanın həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərlərininin ifaları ilə maraq doğurmağı bacardılar. V.Adıgözəlovun "Bakı" mahnısı vokalçı L.Baxışovanın ifasında qənaətbəxş səslənib.

Konsertdə həmçinin iki skripkaçı - Nuradin Abdullayev və Beynəlxalq müsabiqələr laureatı Xədicə Mehdiyeva V.Montinin "Çardaş" əsərini duet şəklində ifa ediblər.

Konsertin sonu da maraqlı və qeyri-adi təşkil olunmuşdu. Səhnədə sözləri Gülər Əlvanqızı və Qabil Ədalətə, musiqisi isə BMA-nın məktəb-studiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovaya məxsus "Ulu bir sərkərdə, ulu bir öndər" kompozisiyası səsləndi. BMA-nın doktorantı Rüfət Piriyev və müəllifin müşayiətində səslənən kompozisiya - "Heydərimiz" mahnısı dinləyicilər tərəfindən  sürəkli alqışlarla qarşılanıb. Sonda "Ulu bir öndər" mahnısının sədaları altında bütün zal ayağa qalxaraq, səhnəyə gətirilən Azərbaycan Respublikanısının üçrəngli bayrağını alqışlayıblar. Məhz sonuncu kompozisiya ilə yubiley konsertinə bayramsayağı rəng qatılıb.

Aytən MANAFOVA
Musiqişünas

 





08.06.2018    çap et  çap et