525.Az

Paşinyan yeganə şansını əldən verir


 

ERMƏNİSTANIN BAŞ NAZİRİ ETİRAZ AKSİYALARINI ÖZÜNƏ QARŞI ÇEVİRMƏKLƏ ÖLKƏYƏ RƏHBƏRLİK ETMƏK POTENSİALINA MALİK OLMADIĞINI GÖSTƏRİR

<b style="color:red">Paşinyan yeganə şansını əldən verir</b>

Ermənistanda baş verən etiraz aksiyaları nəticəsində cinayətkar Serj Sarkisyan hakimiyyətinə son qoyulması, muxalif deputat Nikol Paşinyanın hakimiyyətə gəlməsi Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv dialoq mühitinin yaranacağına az da olsa ümid yaratmışdı.

Çünki uzun illərdir, hakimiyyəti əlində saxlayıb işğalçı siyasət həyata keçirən Qarabağ klanını devirən Paşinyan bəyan etdiyi kimi, ölkəni sosial-iqtisadi problemlər girdabında boğulmaqdan xilas etmək üçün tamam fərqli siyasət həyata keçirməliydi. Bu mənada, işğal faktına görə Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid edən Azərbaycanla əlaqələrin bərpası düşmən ölkə rəhbərinə verdiyi vədləri yerinə yetirməyə imkan tanıya bilərdi. Bu, N.Paşinyanın erməni xalqı qarşısında etibarını itirməməsi üçün yeganə şansı idi.

Təsadüfi deyil ki, bugünlərdə müqəddəs Ramazan ayı münasibəti ilə verilən iftar süfrəsində çıxış edən prezident İlham Əliyev Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcəyinə və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcəyinə ümid etdiyini bildirib: “Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.

İlham Əliyev qeyd edib ki, nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən – BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”.

Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir”.

Ancaq Ermənistanın baş naziri bugünədək atdığı səhv addımlarla o qədər də uzağı görə bilmədiyini, siyasətdə təsadüfi adamlardan biri olduğunu nümayiş etdirməkdədir. Xalqın dəstəyi ilə hakimiyyətə gələn N.Paşinyan bu gün etiraz aksiyalarını özünə qarşı çevirməklə ölkəyə rəhbərlik etmək potensialına malik olmadığını göstərir.

Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsiylə bağlı verdiyi bəyanatlar da məntiqdən kənardır, münaqişə tərəfləri arasında yalnız gərginliyi artırmağa xidmət edir. Eyni zamanda, işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış qondarma rejimə qarşı keçirilən aksiyalar da Paşinyanın atdığı yanlış addımların nəticəsi kimi qiymətləndirilməlidir.

Qaş düzəldən yerdə, göz çıxarmaqla məşğul olan düşmən ölkə rəhbəri son olaraq parlamentdə çıxış edərkən bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, qondarma rejimin “parlamenti”, “prezidenti” və “hökuməti” olduğunu qeyd edib, onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb.

Paşinyan deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Halbuki bütün dünya ictimaiyyətinə, o cümlədən, ermənilərin özlərinə də məlumdur ki, Dağlıq Qarabağ bütün dövrlərdə Azərbaycan torpağı olub, ermənilər bu ərazilərə sonradan köçürülüblər. Vətəndaşlıq məsələsinə gəldikdə isə Ermənistana rəhbərlik etmiş Koçaryan-Sarkisyan cütlüyünün sovet dövrünə məxsus pasportlarında göstərildiyi kimi, dinindən, dilindən və milliyətindən asılı olmayaraq, Dağlıq Qarabağda yaşayan hər kəs, o cümlədən, ermənilər Azərbaycan vətəndaşlığını daşıyıblar. İşğal prosesi nəticəsində məcburi köçkün düşən vətəndaşlarımızdan fərqli olaraq, yalnız Dağlıq Qarabağ erməniləri vətəndaşlıqdan çıxan və ya separatçıların təzyiqi altında buna məcbur edilən tərəf hesab oluna bilərlər.

Dağlıq Qarabağ adından danışmağa özündə haqq görməyən N.Paşinyan, deyəsən, işğal olunmuş ərazilərdə Ermənistan hərbi hissələrini yerləşdiyini, orada Ermənistan vətəndaşlarının hərbi xidmət keçdiyini də yaddan çıxarır. Hərçənd, öz oğlunu Dağlıq Qarabağda hərbi ximdətə göndərəcəyini bəyan edən Paşinyanın separatçı rejimin adından çıxış etməyə özündə hüquq tanımaması absurddur.

Əgər həqiqətən də Paşinyan qondarma rejimin adından danışmağa özündə haqq görmürsə, o zaman separatçılara göstərdikləri dəstəkdən - hərbi məsələlərdə iştirakdan da imtina etməlidir. Onsuz da bu dəstək heç bir işə yaramır. 2016-cı ilin Aprel döyüşlərində məğlub olan düşmən yalnız ürək bulandırmaqla məşğul olur.

Erməni mediası və ekspertləri də təsdiq edirlər ki, bugünə kimi Ermənistan aprel hadisələrinin şokunu yaşayır. Aprel hadisələri aydın göstərdi ki, məhz Azərbaycan tərəfi ölümcül zərbə vurmaq iqtidarında və gücündədir. Ona görə də, N.Paşinyan danışıqlar formatını dəyişdirmək və Ermənistana sərf edən formada danışıqlara getmək niyyətindədir. Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında iddiaları da səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb. Paşinyan həm də danışıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Eləcə də, Paşinyanın ölkə daxilində qanunçuluğu bərpa edəcəyi, “sehrli çubuqla” hər şeyi öz yoluna qoyacağı barədə iddiaları onun dövlət idarəçiliyində hələ çox təcrübəsiz olduğunun göstəricisidir. Bu, Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı formalaşmış formata, ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyinə hörmətsizliyidir.

Məsələ ilə bağlı fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı mövzunu dəyişməyə çalışır: “O bir tərəfdən Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib, digər tərəfdən “danışıqlarda Qarabağ təmsilçiləri də iştirak etməlidirlər, mən onların yerinə qərar verə bilmərəm” deyir”.

E.Şahinoğlu hesab edir ki, Paşinyan bu məsələdə Qərbin, hətta güvəndikləri Rusiyanın dəstəyini ala bilməyəcək: “İllərdir formalaşan format var və Paşinyanın xaricində kimsə bu formatın dəyişməsini istəmir. Paşinyan dediyindən dönməsə, ona qarşı istifadə edəcəyimiz arqument bəllidir. Birincisi, torpaqlarımızı Ermənistan işğal edib, ona görə də yaxalarını kənara çəkə bilməzlər. İkincisi, münaqişənin həllinin sonrakı mərhələsində müzakirələrdə Qarabağ təmsilçilərinin iştirakı istisna olunmur, ancaq bu danışıqlarda Qarabağın erməni icması ilə yanaşı, azərbaycanlı icması da iştirak etməlidir”.

Ermənistanın baş nazirinin “blef”lə məşğul olduğunu deyən politoloqun sözlərinə görə, Paşinyan yəqin bilir ki, onun təklifi keçməyəcək: “Ermənistanın xarici işlər naziri ilə görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyana ümid yeri qoymayıb. “Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair razılığa gəlsə, biz bu qərara hörmətlə yanaşacağıq”, - deyən Lavrovun sözlərindən çıxan nəticə budur ki, Azərbaycan etiraz edirsə, Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı mümkün olmayacaq”.

Mərkəz sədrinin fikrincə, Nikol Paşinyanın məqsədi diqqəti həll prosesindən yayındırmaqdır: “Paşinyanın iqtidarı zəifdir. Ona görə də, o, Qarabağ danışıqlarına hazır deyil, növbədənkənar parlament seçkisinə qədər vaxtı uzatmağa çalışır. Paşinyan indiki kövrək parlamentlə ciddi addımlar atmağa risk etmir”.

E.Şahinoğlu bildirib ki, ermənilər Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək strateji təpəni ələ keçirdiyini günlərdir tirajlayır, şəkillər yayırlar: “Başqa sözlə, itkilərini etiraf edirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla savaşacaq halı yoxdur və ordusuna komanda versə ki, “təpəni geri alın”. Bu hər iki tərəfdən itkiyə, o cümlədən, 2016-cı ilin aprelinin təkrarına səbəb olacaq. Paşinyan daxilən belə bir qərara hazır deyil. Buna baxmayaraq Azərbaycan ordusunun Naxçıvanda ələ keçirdiyi təpə faktoru Paşinyanın əleyhinə işləyir. Çünki bu ciddi başlanğıca səbəb ola bilər. Onsuz da iki ölkə arasında sərhədlərin dəqiq cizgisi bəlli deyil, üstəgəl Dağlıq Qarabağın içindəki və ətrafındakı rayonların onlara aidiyyatı olmadığını özləri də anlayırlar. Demək, Azərbaycan ordusu Naxçıvan təcrübəsini hər yerdə genişləndirə bilər. Bu genişmiqyaslı müharibə deyil, strateji mövqelərin ələ keçirilməsi məqsədilə pozisiya döyüşləridir. Pozisiyalarımızı daima irəli çəkməklə düşmən üzərindəki psixoloji üstünlüyü ələ keçirə bilərik. Onsuz da bu gün Ermənistanda və Dağlıq Qarabağda hakimiyyətlər dayanıqlı deyil və bundan istifadə etmək lazımdır”.

Ceyhun ABASOV

 





08.06.2018    çap et  çap et