525.Az

Həmsədrlərin İrəvan səfəri necə nəticələnəcək?


 

MÜBARİZ ƏHMƏDOĞLU: "NİKOL PAŞİNYAN SERJ SARKİSYANLA GÖRÜŞÜB MÜZAKİRƏ ETMƏK İSTƏDİYİ YEGANƏ MƏSƏLƏNİN DAĞLIQ QARABAĞ PROBLEMİ OLDUĞUNU ETİRAF EDİB"

<b style="color:red">Həmsədrlərin İrəvan səfəri necə nəticələnəcək?</b>

Ötən ay Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşən ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) bu dəfə Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparmaq üçün İrəvana yollanmağa hazırlaşırlar.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan səfərin iyunun 13-də baş tutacağını bildirib.

Həmsədrlər Azərbaycan və Ermənistanda keçirilən seçkilərdən sonra danışıqları bərpa etmək istiqamətində addımlar atmağa başlayıblar. Lakin düşmən ölkənin yeni baş naziri Nikol Paşinyanın verdiyi bəyanatlardan görünən odur ki, münaqişənin həlli istiqamətində danışıqlar asanlıqla bərpa olunmaya bilər. Son olaraq, Ermənistanın danışıqlar prosesində işğal olunan Dağlıq Qarabağdakı separatçı rejimin ayrıca tərəf olaraq iştirakını şərt kimi irəli sürməsi qoşunların təmas xətti və Azərbaycan-Ermənistan sərhədində, xüsusilə, Naxçıvan istiqamətində gərginliyin artmasına səbəb olmuşdu. Ona görə də Minsk qrupunun bu fəallığının nəticəsinin necə olacağı sual doğurur.

Məsələ ilə bağlı “525”ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun həmsədrlərin İrəvan səfərindən çox böyük gözləntiləri var: "Bu, əslində, danışıqların bərpası istiqamətində ən önəmli səfərdir. Çünki hazırda Ermənistanda hakimiyyətdə olan komandanın Dağlıq Qarabağ münaqişəsinə münasibətində 2 istiqamət aydın görünür. Birincisi, bunlar nadandırlar, Dağlıq Qarabağ münaqişəsinin tarixini bilmirlər. Bu, onların davranışında, verdiyi bəyanatlarda özünü göstərir. Təsadüfi deyil ki, Nikol Paşinyan Serj Sarkisyanla görüşüb müzakirə etmək istədiyi yeganə məsələnin Dağlıq Qarabağ problemi olduğunu etiraf edib. İkincisi, düşmən ölkənin yeni hakimiyyəti elə başa düşür ki, onlar üstün vəziyyətdədirlər və ona görə də hesab edirlər ki, indiyədək münaqişə ilə bağlı razılaşdırılmış bir sıra məsələrə yenidən baxılmasına nail olacaq, dünya birliyini bu addımları atmağa indandıra biləcəklər. Eyni zamanda, bunlar mitinqlə hakimiyyətə gəldikləri üçün xalqdan da qorxurlar, populist bəyanatlarla vətəndaşları rahatlatmağa çalışırlar".

M.Əhmədoğlu bildirib ki, belə bir vəziyyətdə Minsk qrupu həmsədrlərinin regiona səfərinin əhəmiyyəti artır: "Bununla Ermənistandakı nadan, populist komanda Dağlıq Qarabağ tənzimlənməsində reallığın nədən ibarət olduğunu biləcək".

Politoloq hesab edir ki, Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə qoşula bilərlər: "Bunda bizim üçün heç bir təhlükəli yoxdur. Ancaq bir şərtlə: Dağlıq Qarabağ erməniləri danışıqlara Dağlıq Qarabağ azərbaycanlıları ilə birlikdə qoşula bilərlər. Bu isə Ermənistan hakimiyyətinin maraqlarına uyğun gəlmir".

Mərkəz sədri bildirib ki, həmsədrlərin İrəvan səfəri ilə Ermənistanın yeni komandasının Dağlıq Qarabağ danışıqlarına münasibətinin necə olduğu müəyyənləşəcək: "Həm Azərbaycana, həm də həmsədrlərə agah olacaq ki, Ermənistan real tənzimləmələrlə məşğul olmaq fikrindədir, yoxsa baş aldatmağa çalışır".

Politoloqun fikrincə, Nikol Paşinyan üçün tarixi şans yaranıb: "Onlar Dağlıq Qarabağ problemini həll etsələr, yüngülcə sirkələnmə ilə hakimiyyətdə qala biləcəklər. Yox, əgər Dağlıq Qarabağ məsələsiylə bağlı daha sərt ritorika nümayiş etdirsələr, danışıqlardan yayınsalar, qısa müddət ərzində erməni xalqlı onları hakimiyyətdən uzaqlaşdıracaq".

M.Əhmədoğlu qeyd edib ki, Nikol Paşinyanı ABŞ hakimiyyətə gətirib: "Birləşmiş Ştatların əsas məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Bunun üçün Ağ Ev Ermənistanı enerji və pul mənbəyi ilə təmin etməlidir".

ABŞ-ın Gürcüstanı Azərbaycan vasitəsilə dolandırdığını deyən politoloq bildirib ki, Gürcüstanın ən böyük ticarət tərəfdaşı Azərbaycandır: "Bu ölkənin enerji ilə təminatında Azərbaycan önəmli rol oyanıyır. Dövlətimiz Gürcüstanda həm də böyük investisiya layihələri həyata keçirir".

M.Əhmədoğlunun sözlərinə görə, bu sxemi vaxtilə Birləşmiş Ştatlar qurub: "İndi isə ABŞ Azərbaycan vasitəsilə Ermənstana bu sxemi tətbiq etmək istəyir".

Ağ Evin mövqeyinin şəffaf və aydın olduğunu deyən mərkəz sədri bildirib ki, Bakı ilə İrəvan arasında əlaqələrin bərpa olunması üçün Dağlıq Qarabağ münaqişəsi hökmən ədalətli şəkildə həllini tapmalıdır: "ABŞ-ın Ermənstandakı səfiri Riçard Millz əmindir ki, düşmən ölkəyə 8 milyard dollar investisiya qoyaraq enerji layihələri reallaşdıra bilərlər. Ağ Ev Ermənistanı Rusiyadan qoparıb Türkiyə və Azərbaycanla yaxınlaşdıraraq, məqsədinə nail olmaq istəyir. Bunun üçün ilk növbədə Ermənistan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi addımlar atmalıdır".

M.Əhmədoğlu əlavə edib ki, həmsədrlərin İrəvan səfəri bütün bu məsələlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından Minsk qrupunda Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





08.06.2018    çap et  çap et