525.Az

“LİBRAFF Park Akademiya” kitab mağazası açıldı - Fotolar


 

AVROPA AZƏRBAYCAN CƏMİYYƏTİNİN (TEAS) CÜMHURİYYƏTİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ KİTABLAR SƏRGİLƏNİB

“LİBRAFF Park Akademiya” kitab mağazası açıldı - <b style="color:red">Fotolar</b>

Bu gün Bakıda ən böyük “LİBRAFF” mağazasının açılış mərasimi keçirilib.

Mərasimdə ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Taleh Heydərov rəhbəri olduğu qurum və TEAS Press Nəşriyyatı, “LİBRAFF” mağazalar şəbəkəsi haqqında geniş məlumat verib. Qeyd edib ki,  2017-ci ildə yaradılmış “LİBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LİBRAFF”lar paytaxtımızın əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib: “LİBRAFF” Kitab bölməsi azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir. Mağazalarda yerli və aparıcı dünya nəşriyyatlarının klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin fərdi inkişafına istiqamətlənmiş əyləncə və oxu materialları təqdim olunur. Mövzu zənginliyi, qabıq dizaynı, çap və kağız keyfiyyəti ilə uzun illər şəxsi kitabxananaların ayrılmaz hissəsi

olacaq. “LİBRAFF” mağazaları əslində, yalnız kitab mağazası kimi fəaliyyət göstərməyib, kitabın üstün yer tutduğu çoxfunksiyalı bir məkandır, yeni konsepsiya əsasında yaradılmış sosial-mədəni platformadır. Bu layihə Azərbaycanda kitab ticarətinin inkişaf etdirməklə bərabər ədəbiyyatın və mütaliənin təbliğatı missiyasını daşıyır.

“LIBRAFF”ın flaqman mağazası – “Park Akademiya”nın yerinin seçilməsindən onun dizayn tərtibatına və xidmətin təşkilinədək hər bir məsələ məqsədyönlü xarakter daşıyır. Bu yer Azərbaycan Milli Elmlər Akademiyasının, Bakının çoxsaylı pedaqoji heyəti, tələbə-şagird kontingenti olan universitet və məktəblərin qovşağında yerləşir. İstər zahiri, istərsə də

daxili etibarı ilə kitaba hörmət hissi yaradır. Demək lazımdır ki, “LİBRAFF” adına və məramına uyğun olaraq Azərbaycanda ilk dəfə burada oxucularına satış ilə bərabər, kitabxana xidməti də göstərəcək. Milli Akademiyanın əməkdaşları, universitet tələbələri və şagirdlər, ümumiyyətlə, hər bir müsafir burada ən son nəşrlər ilə nəinki tanış ola biləcək, həmçinin onları mütaliə də edə biləcəkdir. Burada yerli və xarici müəlliflərin imza günləri və təqdimatlar keçiriləcək, kitabsevərlərin iştirakı ilə müzakirələr aparılacaqdır. Oxucular burada dünyanın ən görkəmli nəşriyyatlarının nəşrləri, müasir poliqrafiyanın son nailiyyətləri ilə tanış ola biləcəkdir. Bununla da “LİBRAFF Park Akademiya” elmi-mədəni və kitab mərkəzi kimi formalaşacaqdır. Azərbaycanda xidmət səviyyəsinin yüksəldilməsinə, kitab mədəniyyətinin təbliğinə, inkişafına öz töhfəsini verəcəkdir.

“LİBRAFF”ın yaranması yolunda “TEAS Press” Nəşriyyat Evinin yaradılması mühüm rol oynayıb. Bu gün “TEAS Press”, nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da tanınır. “TEAS Press”, “3 alma” və “Yay” markları ilə çıxan kitablar artıq oxucuların sevimli nəşriyyat brendlərinə çevrilmişdir. “TEAS Press” “LİBRAFF” mağazaları ilə yanaşı, respublikanın digər kitab mağazalarını da ən yeni kitablar ilə təmin edərək Azərbaycanda kitab nəşri və ticarətinə də dəstək verir. İstanbulda fəaliyyət göstərən “TEAS Yayınçılık” Türkiyənin ən qabaqcıl on nəşriyyatı sırasına daxil olub”.

T.Heydərov çıxışında həmçinin, diqqəti Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş nəşrlərinə də çəkib. Deyib ki, bu gün “LİBRAFF Park Akademiya” nın açılışı ilə eyni zamanda, Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş nəşrləri də təqdim olunur.

TEAS da bu tarixi hadisəyə öz töhfəsini hazırlayıb. Bu məqsədlə Azərbaycanda ilk dəfə yeni və əsaslı layihələr həyata keçirilib. Onların içərisində Türkiyə Respublikasının Osmanlı dövrü arxivləri və mətbuatından toplanmış sənəd və materiallardan ibarət 4 toplu mühüm yer tutur. Avropa Azərbaycan Cəmiyyətinin həyata keçirdiyi digər unikal bir layihə 1923-1927- ci illərdə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi və redaktorluğu ilə İstanbulda çıxmış mühacir “Yeni Kafkasya” dərgisinin bütün saylarını əhatə edən dörd cildlik kitabın nəşridir”.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev açılan yeni kitab mağazasını əlamətdar hadisə adlandırıb və bu mağaza da daxil olmaqla mağazalar şəbəkəsindəki kitablara diqqət edərkən TEAS Pressin Azərbaycan tarixi, mədəniyyəti və dövlətçilik ənənələrinin qorunub, saxlanması, bütün dünyada layqincə tanıdılması yolunda nə qədər böyük əmək sərf etdiyini vurğulayıb.

Azərbaycanın yaxın illərə qədər digər ölkələrdə kitaba, mütaliəyə qarşı laqeyd bir ölkə kimi tanındığından sonsuz təəssüf hissi keçirdiyini deyən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev son dövrlərdə açılan kitab mağazalarının cəmiyyətin maariflənməsindəki rolundan danışıb: “Bir xalqın azadlığı da, firavan həyatı, rahat gələcəyi də məhz kitablardan keçir. Kitab oxumayan xalqın gələcəyi ola bilməz. Biz ilk növbədə övladlarımıza kitab sevgisini aşılamalıyıq. Əvvəllər iş adamlarımız başqa sahələrə maraq göstərirdilərsə, indi çox sevindirici haldır ki, Taleh Heydərov kimi ziyalılarımız məhz kitabın təbliğatına maddi, mənəvi diqqət ayırırlar. Ölkəmizdə bu cür kitab mağazaları və TEAS Press kimi işinin peşəkarı nəşriyyalarımız nə qədər çox olarsa, onda biz uğurlu və parlaq gələcəyimizə ümid edə bilərik”.

Tarix elmləri doktoru, professor Kərim Şükürov çıxışında Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycan dövlətçilik tarixinə olan diqqətini Cümhuriyyətin 100 illiyinə həsr olunmuş nəşrlər vasitəsilə aydın görmək olduğunu deyib.

Çıxışlardan sonra qonaqlar yeni mağazanı gəzib, Cümhuriyyətə həsr olunmuş nəşrlərlə tanış olublar.

Şahanə MÜŞFİQ

 





08.06.2018    çap et  çap et