525.Az

İlham Əliyev Rusiya səfirinin etimadnaməsini qəbul etdi


 

İlham Əliyev Rusiya səfirinin etimadnaməsini qəbul etdi<b style="color:red"></b>

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edib. 

APA-nın məlumatına görə, M. Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. 

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud olan bu münasibətlərin strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdiyini vurğulayıb. Münasibətlərimizin zəngin tarixə malik olduğunu deyən prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirib. 

Səfir Rusiya prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirib. O qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən M. Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını bildirib. 

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 





10.06.2018    çap et  çap et