Türkiyənin Əskişəhər vilayətinin 2013-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması tədbirləri çərçivəsində bu vilayətdə TÜRKSOY-un XVI rəssamlar görüşü keçirilir.
Türkiyənin mətbuat orqanlarında yayılan məlumata görə, rəssamlar görüşündə 18 ölkədən 19 fırça ustası iştirak edir.
Azərbaycanı bu tədbirdə istedadlı rəssam Məhsəti İbrahimova təmsil edir. Tədbirdə hər sənətçi vilayətin ən az dörd yerinin rəsmini çəkəcək və həmin əsərlərdən üçü TÜRKSOY-a, biri isə Əskişəhərə hədiyyə olunacaq. Görüşün iştirakçısı olan rəssamlar öz əsərlərini iyulun 14-dən 17-dək qiymətləndirilmək üçün sənətsevərlərə təqdim edəcəklər. TÜRKSOY-un rəssamlar görüşləri türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 1997-ci il toplantısında qəbul olunmuş qərar əsasında ənənəvi olaraq hər il keçirilir. Bu görüşlərdə türk dünyasının hər bir guşəsindən tanınmış və istedadlı rəssamlar iştirak edirlər.
S.ABDULLAYEVA
çap et