525.Az

İntiqam Yaşar "Evdə yoxam"ı təqdim etdi


 

İntiqam Yaşar "Evdə yoxam"ı təqdim etdi<b style="color:red"></b>

İyunun 10-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair İntiqam Yaşarın "Evdə yoxam" kitabının təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və M.F.Axundov adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə "Açıq kitabxana" bölməsində baş tutan təqdimat mərasimində tanınmış ziyalılar, söz adamları, gənc yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Ədibə İsmayılova açıb.

O, "Açıq Kitabxana" layihəsi haqqında məlumat verib, bildirib ki, bu layihə hər zaman Azərbaycanın tanınmış ziyalılarına, gənc istedadlarına dəstək və gənclərimiz üçün daha əlverişli mütaliə şəraiti yaratmaq məqsədi daşıyır. Ə.İsmayılova inkişafda olan Azərbaycan ədəbi gəncliyindən söz açıb, İntiqam Yaşarın bu mühitdə özünəməxsus yeri və üslubu olduğunu bildirib. Daha sonra Ədibə İsmayılova tədbirin moderatorluğunu tanınmış yazıçı Kənan Hacıya həvalə edib. Kənan Hacı da öz növbəsində İntiqam Yaşarın imzası ilə tanışlığından danışıb, onu sakit təbiətli şair adlandırıb.

Təqdimatda çıxış edən AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid öncə "Açıq Kitabxana" kimi uğurlu bir layihəyə imza atdıqlarına görə Mədəniyyət naziri Əbülfəs Qarayevə və Milli Kitabxananın direktoru, professor Kərim Tahirova təşəkkürünü bildirib. İntiqam Yaşarın yaradıcılığı ilə çoxdan tanış olduğunu deyən katib, onun yaradıcılığında orijinal misraların yeni dövr ədəbiyyatımızda özünəməxsus izlər buraxdığını xüsusi vurğulayıb. İntiqam Yaşarın öz istedadı və təvazökarlığı ilə yaşıdlarından seçildiyini deyən R.Məcid, çıxışında kitabın adına da diqqət yönəldib: "İntiqam Yaşar imzasını mənə və çoxlarına tanıdan şeirlərdən biri onun "Evdə yoxam" şeiridir. Bu şeir çox sevildi və müəllifinə də böyük uğurlar gətirdi. Düşünürəm ki, İntiqamın bugünkü kitabına məhz bu adı seçməsi də doğru və yerində addımdır".

Daha sonra İ.Yaşar R.Məcidin istəyilə kitabın adını aldığı "Evdə yoxam" şeirini oxuyub.

Xalq artisti Eldost Bayram gənc şairi yeni kitabı münasibətilə təbrik edib, onun kitabda yer alan bir neçə şeirini səsləndirib.

Dünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı İntiqam Yaşarın milli ruhda yazılan şeirlərini ədəbiyyatımızda yeni cığır adlandırıb.

Tədbirdə çıxış edən tanınmış ədəbiyyat nümayəndələrindən Musa Ələkbərli, Süleyman Abdulla, Esmira Məhiqızı, Fərqanə Mehtiyeva, Şahanə Müşfiq, Tural Turan, Ümid Nəccari, Emil Rasimoğlu, Taleh Mansur, Yeqzar Cəfərli, Xəzər Süleymanlı və başqaları müəllifə gələcək yaradıcılığında uğurlar arzulayıb, onun şeirlərindən oxuyublar

Ona göstərilən diqqətə görə müəllif tədbirdə iştirak edən ədəbiyyat və media nümayəndələrinə, təşkilatçılara, oxuculara öz minnətdarlığını bildirib.

Sonda kitabın imzalanma mərasimi keçirilib.

Şahanə MÜŞFİQ

 





12.06.2018    çap et  çap et