525.Az

Finlandiya təəssüratları


 

Finlandiya təəssüratları<b style="color:red"></b>

Erasmus+ PETRA proyekti çərçivəsində növbəti görüş 28 may - 1 iyun tarixlərində Finlandiyanın Jyvaskyla şəhərində, Jyvaskyla Universitetində təşkil olunmuşdu.

Onu da qeyd edim ki, Azərbaycan, İspaniya, Finlandiya, Türkiyə, Macarıstan və Avstriyadan ümumilikdə  14 universitetin birlikdə əməkdaşlıq etdiyi beynəlxalq PETRA ("Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities") proqramı Azərbaycan universitetlərində ali təhsilin keyfiyyətinin inkişaf etdirilməsi məqsədi daşıyır.  Müxtəlif ölkələrin universitetlərində təşkil olunan mütəmadi görüşlərin əsas məqsədi Azərbaycan universitetlərində Təlim-tədris mərkəzinin Avropanın dəstəyi ilə açılmasıdır. Bu dəfəki görüş xüsusi olaraq,  distant təhsil - elektron təhsil - elekron kitabxana - elektron laboratoriyaların yaradılması, müəllim və tələbələr üçün xüsusi bir portal olaran  "moodle" portalının seçilməsi, dərs materiallarının, qiymətləndirmə meyarlarının, tələbələrin iştirakının hətta müzakirəsinin bu portalda izlənməsi mexanizminin izahatı ilə fərqlənirdi. Beş gün mütəşəkkil formada təşkil olunan görüşlər və seminarlarda universitetlərin apardığı tədqiqat obyektləri, məqsədlər, uğur və nailiyyətlər, gələcək planlar müzakirə olundu. Növbəti görüş üçün hazırlıq planları və strategiya meyarları təqdim olundu.

Finlandiya təhsil sisteminin özəllikləri

Bildiyimiz kimi, Finlandiyanın təhsil sistemi dünyada ən güclü təhsil sistemi hesab edilərək reytinq cədvəlində uzun müddətdir ki, birinci yeri tutur. Bizimçün də Finlandiya təhsil sistemi ve kitabxanalarıyla tanışlıq çox böyük maraq kəsb edirdi. 40 il öncə təhsil sistemində həyata keçirilən irimiqyaslı islahatlardan sonra, ölkənin məktəb-təhsil sisteminin daima beynəlxalq reytinqlərin ilk pillələrində yer almasının səbəbinin çox sadə olduğunu qeyd edir finlər. Onlar, qərb dünyasının əksər ölkələrində qəbul olunmuş və kök salmış mərkəzləşmə modelinə əks gedirlər. Finlərin uşaqları yeddi yaşı çatana qədər məktəbə getmirlər. Uşaqlar məktəbə özləri piyada, ya da velosipedlə gedirlər. Fin mədəniyyəti uşaqların müstəqil yetişməsini vacib sayır. Tədris metodları kifayət qədər bəsitdir. 8-ci sinfə qədər bütün şagirdlərə eyni proqram tətbiq olunur. Yuxarı siniflərdə isə şagirdlər öz maraq və ehtiyaclarına uyğun tədris proqramı formalaşdırırlar. Müəllimlər isə metodologiyada tam sərbəstdirlər. Smartfon və planşetlərdən uşaqların uzaq tutulmasının bəzən qeyri-mümkün olduğunu qəbul edən müəllimlər çox vaxt tapşırıqları, müzakirələri və elektron oyunları da məhz elə smartfon və planşetlər üzərində qururlar. İbtidai sinifdə uşaqlara qiymət verilmir və onlar standart bir sınaq sisteminə tabe deyillər. Onlar nadir hallarda ev tapşırığı edir və yeniyetmə yaşına çatmayana qədər imtahan vermirlər. Finlər hesab edir ki, dərs öyrənməyin yeri məktəbdir. Sınaq stressi yoxdur, özəl kurslar, repetitorlar da onun kimi. Finlandiyada yalnız bir mütləq xarakterli standartlaşdırılmış test var ki, bütün uşaqlar 16 yaşına çatanda bu imtahandan keçirlər.

Xüsusi olaraq onu vuğulamaq istəyirəm ki, demək olar ki, bütün Avropa universitetlərinin maraq göstərdiyi, faydalanmağa can atdığı Finlandiya təhsil sistemi ilə tanışlıq və Finlandiyada Jyvaskyla Universitetində təşkil olunmuş seminarlara Avropa ölkələri ilə birgə Azərbaycanın, bizim də qatılmağımız çox qürurverici haldır. Bu da ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycan təhsil sisteminə göstərdiyi xüsusi qayğı və diqqətin nəticəsidir ki, digər qonşu dövlətlərdə deyil, məhz Azərbaycan universitetlərində ali təhsilin keyfiyyətinin inkişaf etdirilməsi bu proyektin əsas hədəfi olaraq seçilib. Bu gün biz Finlandiya kimi dünya təhsil statistikası reytinqində birinci yeri tutan ölkənin universitetlərində digər Avropa universitetləri ilə birlikdə müzakirələrdə iştirak edə bildiyimiz üçün ilk öncə cənab İlham Əliyevə, daha sonra təmsil etdiyimiz Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevə minnətdarıq.

Finlandiya mənimçün necə yadda qaldı?

İlkin olaraq, onu qeyd edim ki, digər Avropa ölkələrindən çox fərqlənir. Burada diqqəti cəlb edən xüsusi qədim abidələr, çoxlu heykəllər, tarixi memarlıq binaları o qədər də çox deyil. Xüsusilə də, seminar keçdiyimiz Jyvaskyla şəhəri tərtəmiz içməli suyu olan, sakit-səssiz və yamyaşıl meşələrin, göllərin əhatəsində olan bir şəhərdir. Finlərin dediyinə görə, adətən çox soyuq iqlimi olan, hətta may ayında belə bəzən qar yağması gözlənilən bu şəhər bizi çox isti qarşılamışdı. 20 dərəcə isti finlər üçün əsl cənnətdir. Universitetin və bizim qaldığımız hotelin pəncərələri birbaşa gölə açıldığı üçün səhər tezdən yuxudan qalxanda fərqli-fərqli ötən quşların səsi, gölün həzin, sakit şırıltısı, otların qoxusu və yaşıllığın rəsm tablolarındakı rəngi doğurdan da bizim şüuraltı təsəvvür etdiyimiz cənnət ilə üst-üstə düşürdü. Onu da qeyd edim ki, finlər çox mehriban, qonaqpərvərdirlər, dostluq etməyi, məsləhət verməyi xoşlayırlar. Bizə "yaxın olan" daha bir xüsusiyyətləri isə odur ki, bir az da qeybəetcildirlər, çox rahatlıqla şəxsi və iş münasibətlərini müzakirə etməkdən zövq alırlar. Bütün bunlara baxmayaraq, burada qaydalar daha ciddidir, o dərəcədə ciddidir ki, hətta sən öz övladını "köksən, az ye bir az" deyib danlasan, ona psixoloji sarsıntı yaşatmaqdan günahlandırılaraq dövlət tərəfindən cərimə oluna bilərsən. Təhsil sistemində digər ölkələrdən fərqlənən finlər bütün seçimi uşaqların öz ixtiyarına verirlər. Onlar deyir ki, ölkəyə alim də, fəhlə də, xadimə də, müğənni də, rəssam da lazımdır.

Səfərimizin son gününü isə Helsinkidə keçirtdik. Finlandiyadakı Azərbaycan diasporasının sədri Arzu xanım öz təşəbbüsü ilə bizi qarşıladı. Diasporanın Finlandiyadakı fəaliyyətini bizə həvəslə danışmaqla yanaşı, işlərini bir kənara qoyaraq bütün gününü bizə həsr edib Helsinki şəhəri ilə bizi başdan ayağa tanış etməklə də kifayətlənməyib qısa müddətə bizi adaya da apardı. Adaya ayağımızı qoyar-qoymaz hər tərəfdə olan yasəmən ağaclarının ətri bizi valeh etdi, sanki yasəmən bağçasında idik. Başımızın üstündəki pambıq kimi buludlar aydın səmada bizə elə yaxın dayanmışdı ki, elə bilirdik ki, əlimizi uzatsaq, tuta bilərik onları. Adada rənglər çox şəffaf idi...gömgöy körfəz, yamyaşıl meşələr, qırmızı, sarı, çəhrayı, bənövşəyi çiçəklər, mavi səma...qaradan başqa bütün gözəl rənglər... yaxşı ki, geri qayıtmalı olduğumuzu xəbər verən, bizi nağıllar aləmindən ayıran telefonumuz üstümüzdə idi.

Vüsalə AĞABƏYLİ 
Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakultəsinin dekanı

 





13.06.2018    çap et  çap et